Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə xalqın müxtəlif təbəqəsi ilə görüşdəki çıxışı

بسم الله الرّحمن الرّحیم و الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة الله فی الارضین

Rəhman və Rəhim Allahın adı ilə. 
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salam olsun ağamız və peyğəmbərimiz Əbul-Qasim Muhəmməd Mustafaya və onun çox pakizə, pak, seçilmiş Əhli-beytinə, xüsusilə də Yer üzündə qorunub saxlanılan Bəqiyyətullaha.

Bu gün öz isti nəfəsi və iştirakı ilə bu hüseyniyyəni bərəkətləndirən və nurlandıran bütün qardaş və bacılarıma xoş gəlmisiniz deyirəm. 12 Bəhmənlə bağlı bir neçə cümlə qeyd edəcəyəm; 12 Bəhmən çox mühüm bir gündür. Daha sonra bir-iki həftə əvvəl baş vermiş fitnə ilə bağlı bir neçə cümlə deyəcəyəm; o nə hadisə idi, nə baş verdi, bu barədə izah vermək istəyirəm. Amerika barədə də qısaca bir neçə cümlə qeyd edəcəyəm. Əziz qardaş və bacılarımla bölüşmək istədiyim bu məqamları özüm üçün burada qeyd etmişəm. 

12 Bəhmənə gəlincə, 12 Bəhmən həqiqətən də müstəsna bir gündür. İl ərzində elə günlər var ki, siz həmin günlərdə hansısa bir hadisənin baş verdiyini, onların mühüm, böyük bir gün olduğunu bilirsiniz. Belə günlər əlamətdar bir hadisə, mühüm bir olay kimi tarixin yaddaşında qalır. Lakin bəzi günlər də var ki, insan onların sadəcə tarixi səciyyə daşımadığını görür. Bunlar tarixin yazıldığı günlərdir; 12 Bəhməndə baş verən hadisə əslində tarixin axarını dəyişmişdi. 12 Bəhmən bu qəbildən olan günlərdəndir. 

İmam (r.ə) Tehrana onu dörd bir yandan təhlükə gözlədiyi şəraitdə gəldi; onun üçün dörd bir yandan təhlükə vardı! Siz gənclər o günləri görməmisiniz. O günlər Amerika təhlükəsi var idi, hakim rejimin təhlükəsi var idi, terrorçuların təhlükəsi var idi. Onların İmam (r.ə) üçün nə planlar qurduğu sonradan məlum oldu. Bütün bu risklərə rəğmən İmam (r.ə) cürət və qüdrətlə Tehrana gəldi; Tehrana girdi və xalq hamılıqla İmamı (r.ə) qarşıladı. Mənim bildiyim qədər tarixdə, elə bizim öz müasir dövrümüzdə də heç bir lider İmamın (r.ə) 12 bəhmən günü qarşılandığı şəkildə qarşılanmayıb; baxmayaraq ki, hazırda əhali çoxdur, imkanlar genişdir, həmin gün xalqımız İmamı (r.ə) çox möhtəşəm bir tərzdə qarşılamışdı!

Bəli, həmin gün bir rəhbərin, böyük bir şəxsiyyətin, bir imamın cəmiyyətə daxil olması və cəmiyyətin də ona qucaq açması mühüm bir hadisə idi. Amma İmam (r.ə) o misilsiz qarşılamanın sadəcə bir formallıq səviyyəsində qalmasına imkan vermədi. Belə hadisələr bəzən formallıq çərçivəsində qalır; insanlar gəlib kiməsə ehtiram ifadə edirlər və sonra aralarında təfriqə yaranır və dağılışıb çıxıb gedirlər. O lider də çıxıb gedir, insanlar da. İmam (r.ə) o böyük hadisənin bir formallıq olaraq keçirilməsinə imkan vermədi. O, elə ilk saatlardan işə başladı. 

Əvvəla, İmam (r.ə) elə Tehrana daxil olduğu ilk gün rejimin – monarxiyanın süqutunu elan etdi. İmam (r.ə) “Beheşt-e Zəhra”da milyonlarla insan qarşısında etdiyi çıxışda bir neçə min il tarixi olduğu deyilən monarxiya rejiminin ölkədə süqut etdiyini, öz yerini önəmli və ali xüsusiyyətlərə malik yeni bir rejimə, yeni bir hökumət sisteminə verdiyini elan etdi. İmamın (r.ə) Tehrana daxil olduğu ilk gün, 12 bəhmən günü müjdəsini verdiyi o yeni hakimiyyət quruluşunun özünə məxsus çoxsaylı xüsusiyyətləri var idi; onlardan bəzisinə yəqin ki, mən söhbət əsnasında toxunacağam. Lakin İmamın (r.ə) çıxışlarına əsasən demək olar ki, bu hökumət sistemi iki əsas və mühüm xüsusiyyətə malikdir: Birincisi, bu yeni rejim fərdi və istibdada əsaslanan monarxiyanı xalqın hakimiyyətinə çevirirdi, hansı ki, bu çox mühümdür. Bu vaxta qədər ölkədə xalq heç kim idi; hətta nazirlər, hökumət nümayəndələri və s. də heç kim idi. Hər şey, bütün işlər müəyyən dairələrdə, sarayda hazırlanır və icra olunurdu. Belə bir hökumət xalq hökumətinə çevrildi; yəni xalqa rəyini bildirmək, seçim etmək ixtiyarı verildi.

İkinci xüsusiyyət, ölkədə hakim olan anti-din cərəyanının dini, İslami cərəyana çevrilməsi idi. Pəhləvi hakimiyyəti zamanı, yaxud ondan sonra o dövrün siyasi fiqurlarının qələmə aldığı xatirələri oxusaq, görərik ki, onlar İranı tamamilə dinə zidd bir istiqamətə aparıblar; ölkəni elə məcraya salmışdılar ki, orada İslamdan, dindən, Qurandan heç bir əsər-əlamət yox idi. Ölkə tədricən bu istiqamətdə irəliləyirdi. İmam (r.ə) həmin kursu 180 dərəcə dəyişdi; əlbəttə ki, böyük bir ölkəni birdən-birə yüz faiz dinə uyğunlaşdırmaq mümkün deyil, lakin dini tendensiya əsas götürüldü və tədricən din istiqamətində hərəkət başladı. Əgər biz rəsmilər İmamın (r.ə) təyin etdiyi vəzifələrə düzgün riayət etsəydik, indiyə qədər bu çoxdan reallaşmışdı; yəni ölkə həqiqətən də dini bir ölkə olmuşdu. Bizlər – bəzi rəsmilər, bəzi hökumət nümayəndələri, bəzi səlahiyyətli şəxslər – həqiqətən də səhlənkarlıq etmişik, görməli olduğumuz bəzi işlər vardı ki, onları görməmişik, görməməli olduğumuz bəzi işlər vardı ki, onları görmüşük. Lakin buna baxmayaraq, ölkədə rəhbər tutulan əsas tendensiya İmamın (r.ə) əsasını qoyduğu tendensiya idi; yəni biz dini-İslami yöndə inkişaf etmişik. 

Ölkədə qurulmuş bu yeni rejimin, İmamın (r.ə) çıxışlarında vurğulanan digər bir xüsusiyyəti də var idi. İmperializmi çaşbaş qoyan və İmamın (r.ə) qeyd etdiyi xüsusiyyətlər sırasında çox mühüm yer tutan həmin o xüsusiyyət Amerikanın əlini İrandan kəsməkdən ibarət idi. İmam (r.ə) ilk gündən öz çıxışlarında Amerikanın İranda nüfuz və müdaxiləsinə son qoyulduğunu elan etdi. Söhbətimin sonlarına doğru mən bu barədə bir neçə cümlə əlavə edəcəyəm. Amerikalıları çaşbaş edən məhz həmin bu xüsusiyyət idi. İlk saatlardan onları hər şeydən çox çaşqınlığa uğradıb narahat edən, təlaşa salan, düşmənçiliyə vadar edən bu idi ki, Amerikanın ölkəmizə nüfuz və müdaxiləsini qadağan edirdi; İslam İnqilabı elan edir ki, ölkə İran xalqına məxsusdur və ölkə ilə bağlı qərarları xalq özü və onun seçdiyi şəxslər verməlidir. 

İnqilabın və hökumətin xalqa məxsus olmasına gəlincə – qeyd etdik ki, İslam rejiminin özünəməxsus cəhətlərindən bir də bu idi – İmamın (r.ə) bu sahədə gördüyü iş bundan ibarət idi ki, İran xalqını onun potensialı, onun dəyərləri ilə tanış etdi. İmamın (r.ə) güclü natiqlik qabiliyyəti var idi; onun dediyi sözlər insanların qəlbinə yol tapırdı. İmam (r.ə) İran xalqının diqqətini tamamilə necə böyük imkanlara sahib olduğuna yönəltdi. “Biz bacararıq” ifadəsi çox əhəmiyyətlidir. 

İnqilabdan əvvəl,  hətta mübarizə aparan bizlər belə, hamımız doğrudan da inanırdıq ki, İran insanının əlindən heç bir iş gəlmir! “Bacarmarıq” düşüncəsi bütün xalqın şüuruna hakim kəsilmişdi. İmam (r.ə) gəlib bu düşüncəni büsbütün alt-üst etdi, “biz bacararıq” deyə,  elan etdi. Xalqı onun dəyərləri, potensialı, onun qabil və qadir olduğu şeylərlə tanış etdi. 

Pəhləvi və Qacarlar dövründə xalqımız alçaldılmış bir xalqa çevrilmişdi. O cür tarixi, mədəni, elmi keçmişə, görkəmli alimlərə, böyük və möhtəşəm kitabxanalara sahib olmuş İran xalqı Qacarlar hakimiyyətinin əvvəllərindən Pəhləvi dövrünün sonlarına qədər təhqir olunmuş, geridə qalmış bir xalqa çevrilmişdi; elmdə, texnologiyada, siyasətdə və s. geridə qalmışdıq. Regional siyasətdə İranın heç bir təsiri yox idi, qlobal siyasətdən isə heç danışmağa da dəyməz!

Vaxtı ilə belə görüşlərin birində mən bir əhvalat (1) danışmışdım: Birinci Dünya Müharibəsindən sonra dünya ölkələri beynəlxalq problemlərlə bağlı qərar qəbul etmək üçün Paris konfransına dəvət olunmuşdu. İrandan böyük bir heyət həmin konfransda iştirak etmək üçün Parisə yollanmışdı; lakin onların iştirakına icazə verilməmişdi! İran nümayəndə heyətinin günlərlə gözləməsinə baxmayaraq, onları iclasa buraxmamışdılar. Əzəmətli, qədim sivilizasiyaya malik, bir vaxtlar dünyada elmin, fəlsəfənin və s. beşiyi olmuş, hamının faydalandığı İranı buraya gətirib çıxarmışdılar; bu cür təhqir etmiş, cılızlaşdırmışdılar! İran xalqı Pəhləvi və Qacarlar dövründə elmdə, texnologiyada, siyasətdə, həyat tərzində, beynəlxalq nüfuzda, regional qərarların verilməsi və s. bu kimi sahələrdə geridə qalmış və alçaldılmışdı. Nə bir ixtira, nə diqqətəlayiq bir iş, nə önəmli bir hərəkat ortaya qoya bilirdi. 

İmam (r.ə) xalqı bu geriliyə qarşı həssaslaşdırdı. O, istəyirdi ki, xalq: “Nəyə görə biz geridə qalmalıyıq, nəyə görə özümüz istehsal etməməliyik, qurub-yaratmamalıyıq, özümüz ortaya bir şey çıxarmamalıyıq, nəyə görə biz dünyada söz sahibi olmamalıyıq? Nə üçün?” deyə, düşünsün və bunu ürəkdən hiss etsin. İmam (r.ə) xalqı bu cəhətdən həssaslaşdırdı. İmam (r.ə) İran xalqında bacarıq və potensial hissini yenidən canlandırdı. Dahi İmam (r.ə) xalqa özünəinamı yenidən aşıladı. Bu gün İran xalqında özünəinam hissi var. Bu gün artıq siz hansısa Avropa xalqı, hətta Amerika xalqı qarşısında özünüzü zəif, cılız hiss etmirsiniz. “Biz bacararıq, biz edərik” deyirsiniz və etmisiniz də! Bu qırx neçə il ərzində ölkəmizdə böyük işlər görülüb, hansı ki, İnqilaba qədər onlar haqqında düşünmək belə mümkün deyildi, amma hazırda o işlər reallaşıb. Elə bu gün də böyük işlər görülməkdədir. Əlbəttə ki, xaricilər bunu gizlədirlər; bizim özümüzün də təbliğatımız zəifdir. Bu gün gənclərimizin qurduğu və özlərinin də çalışdığı minlərlə şirkət var; mühüm qurumlar var, böyük işlər həyata keçirilir. Bəzi qurumlar ölkəmizin tələbələrini götürüb aparıblar, təkcə Tehranda yox, ölkəmizin bölgələrində sənaye sahəsində həyata keçirilmiş bəzi işlərlə tanış ediblər, həmin tələbələr təəccübləniblər inanmayıblar! Kim inanardı ki, günlərin bir günü İran elə bir silah istehsal edəcək ki, hətta Amerika onu kopyalayacaq? (2) Kimin ağlına gələrdi? Amma bu oldu, bu baş verdi. İmam (r.ə) xalqa bu özünəinam, ümid, yüksəliş ruhiyyəsini təlqin etdi. 

İmam (r.ə) özü də bu ümidin təzahürü idi; bütün varlığı ilə bu ümidi təzahür etdirirdi. Onun qarşısında əsla heç bir əngəl, maneə yox idi. “Xürrəmşəhr fəth olunmalıdır” – deyirdi. Biz özümüz oradaydıq, ordu hər tərəfdən Xürrəmşəhri mühasirəyə almışdı. İmamsa bir kəlmə dedi: “Xürrəmşəhr azad olunmalıdır”. Yəni bu işin reallaşmasının mümkün olduğuna qəti surətdə əmin idi. Bunu əminliklə deyirdi, gənclər də öz növbəsində əzmkarlıq göstərirdi və həmin iş həyata keçirdi. Özü o ümidin təcəssümü idi və xalqı da o ümidə tərəf aparırdı. Bu gün də əgər o xəbis şeytanların vəsvəsələri olmasa – həqiqətən də xəbisdirlər – eynilə o günkü kimi olar. Bəziləri daxildən, bəziləri xaricdən daim vəsvəsə edirlər ki, İran gəncinin gələcəyi yoxdur, heç bir ümidi yoxdur və s. Xeyr, qoy elə sizə göz dağı olsun: İran gəncinin ümidi də var, gələcəyi də var, gələcəyini də qurur, irəli də gedir. 

22 Bəhməni də məhz 12 Bəhmən yaratdı. O möhtəşəmlikdəki 22 Bəhməni ortaya çıxaran məhz 12 Bəhmən olmuşdu. 12 Bəhmən olmasaydı, İmamın (r.ə) gəlişi olmasaydı, xalqın o möhtəşəm qarşılaması olmasaydı, 22 Bəhmən baş verməzdi. İslam Respublikasının yaranma günü olan 12 fərvərdini də 12 Bəhmən yaratmışdı; bu ölkənin bütün tərəqqi və inkişafını 12 Bəhmən yaradıb. 12 Bəhmən tarixin yazıldığı mühüm bir gündür. Bu gün ildönümü olan 12 Bəhmən günü həqiqətən də tarixin yazıldığı bir gündür. Bunu unutmayaq. Allah-Taalanın dahi İmama (r.ə) lütf və bərəkəti sayəsində bu baş verdi və Allaha şükürlər olsun ki, bu günə qədər də davam edir. Əlbəttə ki, 12 Bəhmən bu bərəkətli nəticələr ilə yanaşı Amerikanın düşmənçiliyinə də yol açmışdı. Amerikanın ədavəti 12 Bəhmən günündən etibarən əvvəlkindən də çox aşkara çıxdı, nümayiş olundu və dilə gətirildi. 12 Bəhməndə bu da vardı. Bir qədər sonra bu barədə yenə danışarıq. 12 Bəhmənlə bağlı bu qədər. 

Son həftələrdə baş vermiş fitnəyə - dey ayının 18 və 19-da (red: 08.01.2026) baş verən fitnəyə gəlincə. Əvvəla, onu demək istəyirəm ki, bu Amerika və sionizmin fitnəsi idi. Bundan əvvəl də mən görüşlərin birində (3) qeyd etmişdim ki, iğtişaşçılar iki qrupa ayrılırdı: aparıcı fiqurlar olan “dəstə başçıları” və əlbuyruqçusu olan “piyadalar”; yəni (4) «هَمَجُ الرَّعاع». Dəstə başçıları təlim görmüşdülər, pul almışdılar, öyrədilmişdilər, onlara nəyi necə etmək, hücuma keçmək, haralara hücum etmək və gəncləri necə başlarına toplamaq, onlarla necə danışmaq lazım olduğu əvvəlcədən öyrədilmişdi. Bütün bunları dəstə başçılarına öyrətmiş, təlim keçmişdilər. O dəstə başçılarının çoxu tutulub, həbs olunub, bu şeyləri etiraf ediblər. Digər bir qrup da impulsiv gənclərdən ibarət idi ki, hay-küyə çölə çıxıb ortalığa düşmüşdülər. Onlarla bağlı elə də problemimiz yoxdur. Fitnə Amerikanın fitnəsi idi; plan Amerikanın planı idi; təkcə Amerikanın yox, hətta sionizmin. İsrail rejimi də bu işdə ortaq idi. “Amerika” deyirik, bu, təkcə bir iddia deyil, nə də bu məlumatlar bizə məxfi təhlükəsizlik kanalları vasitəsi ilə gəlib çatmayıb. Əlbəttə, təhlükəsizlik orqanlarının əldə etdiyi detallı məlumatlar da var, amma baş verənlərin Amerikanın əli ilə idarə olunduğunu açıq-aydın sübut edən elə Amerikanın prezidentinin öz çıxışlarında səsləndirdiyi fikirlərdir. (5) Əvvəla, o, iğtişaşçılara açıq-aşkar “İran xalqı” deyə,  səslənirdi. 22 dey günü Tehran və digər şəhərlərdə hakimiyyətə dəstək üçün küçələrə çıxmış bir neçə milyon insan İran xalqı deyil, amma o bir neçə min insan İran xalqıdır?! Amerika prezidenti onlara “İran xalqı” deyə, xitab edir və ardınca da: “İrəli gedin, irəli gedin, mən də gəlirəm!” deyirdi. (6) Hə, demək ki, fitnə Amerikanın fitnəsi idi. 

Bir məsələyə diqqət etmək lazımdır ki, bu fitnə Tehranda baş verən ilk fitnə deyildi, sonuncu da deyil. Bundan sonra da belə hadisələrin şahidi olacağıq. İlk fitnə deyildi, sonuncu da olmayacaq. Belə hadisələr bundan sonra da baş verə bilər. Nəticə etibarı ilə biz yeni bir ideyaya, yeni yola sahib olan bir ölkəyik, dünyanı çapıb talayanlarla mənafeyimiz üst-üstə düşmür, onlarla qarşıdurmadayıq. Belə şeyləri həmişə gözləməliyik. Bəs bunlar nə vaxta qədər davam edəcək? O vaxta qədər ki, İran xalqının səbatı, mətanəti, möhkəmliyi və işləri kontrol etmə səviyyəsi düşməni məyus edəcək. Əlbəttə ki, biz məhz belə bir səviyyəyə çatmalıyıq və çatacağıq da. 

Bundan əvvəl də Tehran küçələri olayların, cinayətlərin şahidi olub; 1360-cı il xordad ayının 30-da (red: 20.06.1981) elə bu Tehran küçələrində maket bıçağı ilə bəsicilərin üstünə hücum etmişdilər. Biz belə hadisələri çox görmüşük; bu, birinci deyildi, sonuncu da deyil. Bütün bu hadisələrdə yadların əlinin olduğunu görmək mümkündür. Xüsusilə bu son hadisələrdə Amerikanın, sionist rejimin əli açıq-aydın görünürdü. 

Əlbəttə, bu son fitnə zamanı həmçinin bundan əvvəl baş vermiş hadisələr zamanı rəsmilərimiz – polislər, Bəsic, Keşikçi Korpus və digər qurumların səlahiyyətli rəsmiləri – öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdilər, lakin bu fitnənin alovunu tam söndürən məhz xalq oldu; bu dəfə də belə oldu, 1388-ci ildə də bu belə olmuşdu, digər bütün hallarda da bu həmişə belə olub. Xalq meydana girib qərarını verəndə alovları söndürür, şölələri soyuq külə çevirir. Bu dəfə də belə oldu, bundan sonra da ölkəmiz hansısa problemlə üzləşsə, Allahın köməyi ilə, Allah-Taala xalqı o hadisələrin qarşısında durmaq üçün vəzifələndirəcək və son sözü xalq deyəcək. 

Bu fitnənin bir neçə xüsusiyyəti var idi ki, mən onlardan iki-üçünü qeyd etmək istəyirəm: 

Birincisi, iğtişaşçılar bazarlarda ticarətlə məşğul olan vətəndaşlarımızın dinc etirazlarının arxasında gizləndilər. Bu fitnənin xüsusiyyətlərindən biri bu idi. Yəni əslində bazarlarda çalışan insanları özlərinə sipər etdilər; məsələn, dünyanın bəzi şəhərlərində, bəzi yerlərində müəyyən cinayətkar insanlar güc strukturları ilə üz-üzə qalanda qadın və uşaqları öz qarşılarına alıb, onların arxasında gizlənirlər. Fitnəni törədənlər bazar əhlinin arxasında gizləndilər. Bazarlarda çalışan insanların müəyyən etirazları var idi; aralarından mağazasını bağlayıb küçələrə çıxanlar da olmuşdu – o dəfə mən elə belə görüşlərdən birində qeyd etdim ki, o insanlar haqlı etiraz bildirir, məntiqli sözlər danışırdılar (7) – fitnəkarlar tanınmamaq üçün onların arxasında gizləndilər. Lakin bazar əhli də ayıq-sayıq idilər, məsələni dərhal anladılar. Elə ki, baş verənlərin iğtişaş olduğunu, dinc aksiya keçirmək əvəzinə küçələrdə polislərə hücum etdiklərini görəndə onların iğtişaşçı olduğunu başa düşdülər, dərhal onlardan uzaqlaşdılar və iğtişaşçıları meydanda tək qoydular. 

Bu fitnənin digər bir xüsusiyyəti o idi ki, baş verən proses dövlət çevrilişinin simulyasiyası idi. Yəni dünya miqyasında da bəziləri baş verən bu fitnəni dövlət çevrilişi kimi xarakterizə etdilər. “İranda dövlət çevrilişi start götürmüşdür, əlbəttə ki, yatırıldı, amma çevrilişə cəhd idi” – dedilər. Bunun nəyi dövlət çevrilişi idi? Təxribatların hədəfi ölkə administrasiyasının aparıcı, strateji mərkəzləri idi. Polisə hücum etdilər, Keşikçi Korpusun inzibati binalarına hücum etdilər, bəzi hökumət binalarına, banklara hücum etdilər. Fiziki təxribat hədəfləri bunlar idi. Bunlardan başqa məscidlərə, Qurana hücum etdilər; mənəvi təxribat hədəfləri də bunlar idi. Ölkəni idarə edən bu elementlərdir. Bunlara hücum etdilər. “Çevriliş” bu idi. 

Baş verən bu fitnə ilə bağlı diqqət yetirməli olduğumuz bir məqam da var ki, onu da qeyd etsək, yerinə düşər: Bu fitnənin layihəsi və planı ölkə daxilində deyil, xaricdə hazırlanmışdı. Düzdür, bu fitnə və iğtişaşlara start verənlər daxildən bir qrup idi, amma plan xaricdən çəkilmişdi. Xaricdən gələn göstərişlərlə idarə olunurdu, yəni onlar xaricilərlə təmasda idilər; əlbəttə ki, mən az öncə qeyd etdiyim dəstə başçılarını nəzərdə tuturam. Dəstə başçıları xariclə təmasda idi, onlardan birbaşa göstəriş alırdılar, hansı məqamda nə etmək, hara hücum etmək, hansı küçədə yerləşmək barədə daim xarici qüvvələrdən göstərişlər alırdılar. Bu şeyləri onlara xaricilər deyirdilər və peyk və s. texnoloji imkanlardan istifadə edərək məlumat əldə edirdilər və bunları yönləndirirdilər. 

Mənə belə bir məlumat gəlib çatıb: Amerikanın nüfuzlu hökumət adamlarından biri iranlı həmkarına deyib ki, İranda baş vermiş bu son olaylar zamanı Amerikanın CİA və sionist rejimin Mossad təşkilatı bütün imkanlarını səfərbər edib! Bunu bir amerikalı etiraf edib, deyib ki, adlarını çəkdiyim bu iki mötəbər və fəal təhlükəsizlik qurumu, yəni CİA və Mossad bütün imkanlarını səfərbər edib ortaya qoymalarına baxmayaraq, məğlub olublar. Plan ölkə sərhədlərindən kənarda çəkilmişdi, proseslər kənardan təlimatlandırılır və idarə olunurdu. 

Bu fitnənin digər bir xüsusiyyəti o idi ki, təlim görmüş o dəstə başçılarına qırğınlar, qətillər törətmək tapşırılmışdı. Bəzi insanlarla heç bir xüsusi düşmənçilikləri olmasa belə, qırğınlar törətməli idilər. Buna görə də polis məntəqələrinə və hərbiçilərə silahlı hücumlar edirdilər, özlərinə məxsus son model şəxsi silahları ilə hücum edirdilər ki, qarşı tərəfdən də reaksiya verilsin və bir qrup insan qətlə yetirilsin. Təkcə bununla da kifayətlənmirdilər; hətta özlərinin təbliğatla meydana çəkib gətirdikləri əlbuyruqçusu olan “piyadaları” nı da arxadan vururdular! Mənə məlumat veriblər ki, baş verən hadisə zamanı yaralanmış bəzi insanlara arxadan xəsarət yetirilib. Yəni hətta öz adamlarına belə, rəhm etmirdilər. Nəyə görə? Nə üçün? Qətlə yetirilənlərin sayı artsın deyə. Təəssüflər olsun ki, bu məqsədlərinə çatırdılar da. Əlbəttə ki, düşmən bundan daha artıq insanın qətlə yetirilməsini istəyirdi. Say istədikləri qədər olmadı, amma iddia edirlər. Onların dilindən belə yalanlar heç də gözlənilməz bir şey deyil. Qətlə yetirilənlərin sayını on dəfələrlə çox, bəlkə daha da artıq təqdim edirlər. 

Düşmənin məqsədi ölkədə sabitliyi pozmaqdır; birinci növbədə ölkədə qarışıqlıq yaratmaq, təhlükəsizlik və sabitliyi pozmaq istəyirlər. Sabitlik və təhlükəsizlik yoxdursa, heç nə yoxdur. Ölkədə sabit mühit olmayanda istehsal da olmur, çörək də olmur, təhsil də olmur, məktəblər də fəaliyyət göstərmir, araşdırmalar da olmur, elm də olmur, inkişaf da olmur. Bütün bunlar təhlükəsizlik sayəsində həyata keçirilir. Ölkədə sabitlik və təhlükəsizliyi qoruyan insanlara bizim, bütün xalqımızın can borcu var. Bu gün küçəyə çıxan övladlarımız əgər gedib məktəbə çata bilirsə, bu sabitlik sayəsində mümkün olur. Sabitlik və təhlükəsizlik olmasa, övladlarınız məktəbə belə gedə bilməz, özünüz də mağazaya, iş yerinizə gedə bilməzsiniz. Elmi təhqiqatla məşğul olan bir gənc gündəlik elmi fəaliyyətlə məşğul ola bilməz. Xalqı hakimiyyətlə üz-üzə qoymaq istəyirdilər. Xoşbəxtlikdən, xalq onların ağzının üstündən vurdu və 22 dey günü milyonlarla insan küçələrə çıxdı, var olduğunu göstərdi və “İran xalqı budur” – dedi və fitnəkarlara qarşı şüarla çıxış etdi. Rəsmilərimiz bu xalqın qədrini bilməlidirlər; həqiqətən də ölkə rəsmiləri belə bir xalqın qədrini bilməlidirlər. 

Əlbəttə, onu da qeyd edim ki, bu fitnəni – istər təsadüfi olsun, istərsə də əvvəlcədən hesablanmış olsun; bunu dəqiq deyə bilmərəm – elə bir vaxtda törətdilər ki, ölkə rəsmilərimiz, hökumət nümayəndələrimiz, Prezident (8) və digərləri ölkə üçün iqtisadi tədbirlər paketi hazırlamaqda idi. Hazırda ölkə iqtisadiyyatı ilə bağlı tədbirlər planı hazırlanır, müəyyən addımlar atılır, vəziyyəti yaxşılaşdırmaq, işləri irəli aparmaq üçün əməli tədbirlər görülür. Belə bir vaxtda bu fitnəni ortaya çıxartdılar. Bunun təsadüfi bir hal, yoxsa əvvəlcədən hesablanmış bir plan olduğunu isə mən iddia edə bilmərəm. 

Bu fitnənin digər bir xüsusiyyəti də aqressivlik idi. Eyni ilə İŞİD kimi. İŞİD-i kim yaratmışdı? Amerikanın hazırkı prezidenti ilk dəfə prezident seçilərkən açıq-aşkar demişdi ki, İŞİD-i biz yaratmışıq, amerikalılar, Amerikanın xarici işlər naziri ortaya çıxarıb. Həmin o qadın xarici işlər naziri (9) də bunu etiraf etmiş və öz xatirələrində qeyd etmişdir ki, İŞİD-i İraq və Suriyanı işğal etmək məqsədi ilə biz yaratmışıq. 

Bu İŞİD-i də onlar yaratmışdılar. Bu da İŞİD-in başqa bir forması idi, törətdikləri əməllər eynilə onlarınkına oxşayırdı. O gün də demişdim: İŞİD insanları dinsizlikdə ittiham edərək məhv edirdi, bunlar da insanları dindar olmaları bəhanəsi ilə məhv edirlər; fərqləri təkcə budur, yoxsa ikisi də eyni qoşundandır. Bunlar da İŞİD kimi insanlara od vurub yandırırlar! Baxın, nə qədər qəddar olmaq lazımdır ki, insana diri-diri od vurub yandırasan! Yandırıblar, məhv ediblər, başlarını kəsiblər! Bunlar da eyni ilə İŞİD-in gördükləri işləri gördülər. Aqressiya – onların özünəməxsus cəhətlərindən biri də bu idi. (10) 

Bu şüarı səsləndirdiniz, Amerikanın adını çəkdiniz yeri gəlmişkən mən də Amerika mövzusuna keçim. Son olaraq Amerika haqqında danışmaq istəyirəm. Amerika ilə İranın arasındakı problem nədir? Qırx neçə ildir ki, İran və Amerika arasında düşmənçiliyə səbəb olmuş, bu iki dövləti qarşı-qarşıya qoymuş məsələ nədir? Zənnimcə, o problemin mahiyyətini iki kəlmə ilə ifadə etmək mümkündür: Amerika İranı mədəyə ötürmək istəyir, rəşadətli İran xalqı və İslam Respublikası isə buna mane olur. Bir məsəl var, deyərlər: “Elçiliyə getdik, hər şeydə razılaşdıq, bir məsələdə ilişib qaldıq; mən deyirəm qızınızı istəyirik, onlar deyir ki, qələt edirsiniz!” (11) İndi İran xalqı da qarşı tərəfə “qələt edirsiniz” deyib. Yəni İran xalqının təqsiri budur. Dava bunun üstündədir. 

Sizin İranınızın, sizin ölkənizin cəlbedici tərəfləri çoxdur: İranın nefti, qazı, zəngin faydalı qazıntıları, strateji, coğrafi mövqeyi – bütün bunlar cəlbedicidir. Digər çoxsaylı xüsusiyyətləri də var. İran elə bir ölkədir ki, hər hansı bir təcavüzkar və hegemon bir güc təbii olaraq ona tamah salar. İran belə bir ölkədir. Bu ölkədə bir vaxtlar olduğu kimi, yenə də ağalıq etmək istəyirlər. Amerikalılar 30 ilə yaxın İranda olublar, İranın resursları əllərində olub – nefti, siyasəti, təhlükəsizliyi, beynəlxalq əlaqələri və s. hər şey onların əllərində olub. 30 il ürəkləri istəyən hər şeyi ediblər, indi əlləri kəsilib, Pəhləvi dövründə olan vəziyyəti geri qaytarmaq istəyirlər. İran xalqı da sinəsini sipər edərək, qarşılarında möhkəm durub, onlar üçün əngəl törədir. Ədavətin səbəbi bax budur, dava bunun üstündədir. Qalan söhbətlər, insan haqları və onların bu kimi iddiaları boş sözlərdir. Problemin mahiyyəti budur. Onun ölkəmizə tamahı var, İran da möhkəm durub, möhkəm də duracaq və inşallah, qarşı tərəfi xalqımızın əzmini qırmaq cəhdlərindən məyus edəcək. 

Gördüyünüz kimi, hərdən müharibədən də söhbət salıb: “Filan təyyarə ilə gəlib, filan cür hava hücumu edəcəyik” – deyirlər, bu söhbətlər də təzə deyil. Bundan əvvəl də amerikalılar dəfələrlə ölkəmizi hədələyib: “Bütün seçimlər masa üzərindədir” deyirdilər. “Bütün seçimlər” deyərkən, müharibə variantını da nəzərdə tuturdular. Bunu həmişə deyiblər də: “Bütün seçimlər masa üzərindədir”. İndi bu hazırkı prezidentləri də durmadan iddia edir ki, İran yaxınlığına hərbi gəmi gətirmişik, bilmirəm nələr etmişik! Zənnimcə, İran xalqını belə şeylərlə qorxutmaq lazım deyil. İran xalqı belə sözlərin təsirinə düşmür və haqlı mübarizədən qorxmur. Başlayan biz deyilik, biz heç kimə zülm etmək, heç bir ölkəyə hücum etmək niyyətində deyilik, amma tamahlanıb bizə hücum etmək və əziyyət vermək istəyən kəsə İran xalqı möhkəm yumruqla cavab verəcək. Əlbəttə, amerikalılar bunu da bilsinlər ki, əgər bu dəfə müharibəyə başlasalar, bu, regional miqyaslı bir müharibə olacaq. 

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.

_____________________________

(1) 05.09.1403 (red: 25.11.2024) “Bəsicilərlə olan görüşdəki çıxış”
(2) İranın “Şahed 136” dronu əsasında hazırlanmış ABŞ-ın “Lukas” dronu
(3) 27.10.1404 (red: 17.01.2026) “Xalqın müxtəlif təbəqəsi ilə görüşdəki çıxış”
(4) “Nəhcül-bəlağə”, 147-ci hikmət
(5) Donald Tramp
(6) İştirakçıların gülüşü
(7) 13.10.1404 (red: 03.01.2026) “Əmirəl-möminin Əlinin (ə) mövludu günü və şəhid Süleymaninin şəhadətinin ildönümündə edilən çıxış” 
(8) Dr. Məsud Pezeşkian
(9) Hillari Klinton
(10) “Ölüm olsun Amerikaya” şüarı
(11) İştirakçıların gülüşü