Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Hökumət həftəsi münasibətilə ölkə başçısı və nazirlərlə görüşü zamanı etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم والحمدلله ربّ العالمین والصّلاة والسّلام علی سیّدنا محمّد و آله الطّاهرین و لعنةالله علی اعدائهم اجمعین

Möhtərəm prezident, cənab nazirlər, xanımlar və bugünkü görüşümüzdə iştirak edən digər şəxslər, hamınızı Qədir-Xum bayramı münasibətilə təbrik edirəm. Ümidvaram, böyük ilahi nemət olan bu bayram Allahın Əmirəlmöminin Əlinin (ə) imamətində qoyduğu və bizim də faydalandığımız xeyir və bərəkətlərin mənşəyi olacaq, inşallah.

Qədir-Xum hadisəsi, Əmirəlmöminin Əlinin (ə) İslam ümmətinin başçısı və Peyğəmbərin (s) canişini kimi tanıtdırılması, həqiqətən də, Allahın böyük nemətlərindən biridir. Yəni risalət və peyğəmbərliyin özü Allahın böyük bir neməti olduğu kimi – belə ki Quranda da buyurulur:

لَقَد مَنَّ اللهُ عَلَی المُؤمِنینَ اِذ بَعَثَ فیهِم رَسولًا مِن اَنفُسِهِم

“Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi”.  (“Ali-İmran” surəsi, 164-cü ayə)

– Əmirəlmöminin Əlinin (ə) vilayəti də, həqiqətən, böyük bir lütf və nemət olmuşdur:

(1) خَلَقَکُمُ‌ اللهُ‌ اَنوَاراً فَجَعَلَکُم بِعَرشِهِ مُحدِقینَ حَتّی مَنَّ اللهُ عَلَینا بِکُم فَجَعَلَکُم فی بُیُوتٍ اَذِنَ اللهُ اَن تُرفَع‌

Həqiqətən, böyük bir nemətdir. Vilayət məsələsi, Əmirəlmöminin Əlinin (ə) vilayəti Quranın bir yerində kafirlər üçün məyusedici bir hadisə kimi dəyərləndirilir:

اَلیَومَ یَئِسَ الَّذینَ کَفَروا مِن دینِکُم

“Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər”. (“Maidə” surəsi, 3-cü ayədən)

Quranın açıq deyiminə əsasən, vilayət məsələsinin gündəmə gətirildiyi gün kafirlərin məyus olduğu gündür. Mərhum Əllamə Təbatəbayi “Əl-Mizan” təfsirində bu məyusluğun hansı formada olduğunu və hansı məntiqə əsasən yarandığını çox gözəl və geniş bir şəkildə açıqlamışdır. Həmin surənin başqa bir yerində isə bu mübarək ayə gəlir:

وَمَن یَتَوَلَّ اللهَ وَ رَسولَه وَ الَّذینَ ءامَنوا فَاِنَّ حِزبَ اللهِ هُمُ الغّْلِبون

“Hər kəs Allahı, Onun peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir (Allahı özünə hami və dost seçən şəxslərdir)”. (“Maidə” surəsi, 56-cı ayədən)

Bu ayədə “الَّذینَ ءامَنوا” – “iman gətirənlər” və ondan əvvəlki ayədə də “وَهُم راکِعون” deyilərkən (2) (rüku ayəsidir; rüku halında sədəqə verən şəxsdən söhbət açır) Əmirəlmöminin Əli (ə) nəzərdə tutulur; bu ayədə, yəni “اِنَّما وَلِیُّکُمُ الله” ayəsindən sonrakı ayədə işlənən “ءامَنوا” – “iman gətirənlər” ifadəsi də eynilə Əmirəlmöminin Əliyə (ə) işarədir. Ayədə daha sonra bu imanın, bu hərəkatın ardıcılları olan “حِزبَ الله” – “Allahın dəstəsi”ni  “غالبون” – “qələbə qazananlar” kimi tanıtdırır; yəni bir yerdə kafirlərin məyusluğundan, digər bir yerdə isə haqq əhlinin qələbəsindən söhbət açılır. İslam ümmətinin, müsəlman toplumunun, xüsusilə də şiələrin inkişaf və yüksəlişinə zəmin yarada biləcək, onlara güc, qüdrət və qələbə qazandıracaq, kafirləri məyus edəcək  amillər bunlardır və bunlar bizim ixtiyarımızdadır.

Bizim İslam dövləti və İslam hökuməti olaraq daim diqqətdə saxlamalı olduğumuz məqamlardan biri budur ki, biz Əlinin hakimiyyətini özümüz üçün meyar bilməli, öz fəaliyyətimizə Əlinin hakimiyyəti əsasında qiymət verməliyik. O hökumətdən nə qədər uzağıqsa, bunu özümüzün geriliyimiz hesab etməliyik. Yaxşı işlər görür, mənəvi cəhətdən inkişaf edir, islami dəyərlərə əsasən qürurverici sayılan işlərə imza atırıqsa, onların əhəmiyyətini şişirtməməliyik. Özümüzü Əlinin hakimiyyəti ilə müqayisə edərək bizimlə onun arasında nə qədər məsafə olduğuna baxmalıyıq. Əlinin hakimiyyətində əsas göstəricilər bunlardır: birincisi, ədalət, ikincisi, dindarlıq və saf mənəviyyat, üçüncüsü, xalqa yaxın olmaq. Əlinin hakimiyyəti budur. Əmirəlmömininin (ə) həyatı başdan-başa ədalətin, dindarlığın, xalqa yaxın olmanın və saf həyat tərzinin təzahürüdür. Biz də bunları özümüz üçün meyar etməli, bu istiqamətdə, həqiqətən də, irəliləməyə çalışmalıyıq. Demirəm ki, eynilə Əmirəlmöminin (ə) kimi olaq, bu heç mümkün də deyil, amma zirvəni nəzərdə tutub, o zirvəyə doğru gedək. Ola bilsin ki, kimsə zirvəyə çata bilməyə, amma o istiqamətdə hərəkət edək. Bu bizim vəzifəmizdir. İslam hökumətində mənim kimi bu hökumətin bir parçası, təmsilçisi olan insanların borcu, doğrudan da, daim ədalətli olmağa çalışmaq, dindarlığımız və saf mənəviyyatımız, xalqa kömək etmək, təmiz yaşamaq barədə düşünməkdir. Ümumilikdə rəhbər tutduğumuz tendensiya bu olmalıdır. İnşallah, bu bayram sizin hamınız və ailə üzvləriniz üçün bərəkətli olar. 

Hökumət həftəsi münasibətilə də hamınızı təbrik edirəm. Hökumət həftəsi hər il o iki əziz şəhidimizin – Şəhid Rəcayi və Şəhid Bahonərin şanlı və unudulmaz adlarını bizə xatırladır, həqiqətən də, böyük və görkəmli şəxsiyyətlər olan o iki insanı gözlərimiz önündə canlandırır. Lakin bundan əlavə, Hökumət həftəsinin özünün də bərəkətləri var. Həmin bərəkətlərdən biri budur ki, bu əlamətdar həftə dördillik müddətin bir mərhələsinin artıq geridə qaldığının göstəricisidir. Hakimiyyətə gələn hər bir administrasiyanın dörd il fürsəti, möhləti olur. Hökumət həftəsi onu göstərir ki, o dörd ilin bir mərhələsi artıq geridə qalmışdır və bu, dövlət rəsmilərinə – xüsusilə də bu gün bura təşrif gətirmiş cənablar kimi yüksək ranqlı rəsmilərə – o vaxta qədər olan fəaliyyətlərini, gördükləri işləri dəyərləndirmək şansı yaradır. Çünki biz öz içimizdə özümüzü dəyərləndirərkən gəldiyimiz nəticələr bəzən başqalarına bildirmək, göstərmək istədiklərimizdən fərqli olur. Bu daxili dəyərləndirmə bəzən bizi, həqiqətən də, sevindirir, bəzən isə özümüzü tənbeh etməyimizə, yol verdiyimiz nöqsanları çalışıb kompensasiya etmək barədə düşünməyimizə səbəb olur. Qısası, Hökumət həftəsi bizim üçün belə bir fürsət də yaradır. 

Hökumət həftəsinin digər bir cəhəti də var, o da bundan ibarətdir ki, bu günlərdə ölkə rəsmilərinə: “Allah işinizə qüvvət versin!” – deyib dəstək olmaq olar. Dövlətin fəaliyyəti ilə bu və ya digər şəkildə qarşılaşan hər kəsin hökumət rəsmilərinə: “Allah işinizə qüvvət versin!” – deməsi, doğrudan da, yerinə düşər. Onlar böyük bir iş görürlər; hökumətin öhəsinə düşən iş çox ağırdır. Hökumətin, yəni başdan aşağıya qədər hər bir nümayəndəsi daxil olmaqla bütövlükdə icraedici hakimiyyətin çiyinlərinə geniş spektrli vəzifə və məsuliyyətlər düşür; siyasi və iqtisadi məsələlərdən tutmuş, elm və mədəniyyətə, sosial məsələlərə, nəqliyyat, enerji və sair bu kimi infrastruktur məsələlərinə, əhaliyə göstərilən xidmətlərə qədər. Dövlət müxtəlif işlərin nəhəng bir məcmusunu həyata keçirmək məsuliyyətini daşıyır, hökumətdə yuxarıdan aşağıya bir neçə min nəfər təmsil olunur, işləyir və onların arasında, həqiqətən də, var gücü ilə çalışan, işini yüksək səviyyədə təhvil verə bilmək üçün, bəlkə də, onlardan gözləniləndən, tələb olunandan da çox səy göstərən insanlar heç də az deyil, çoxdur. Belə insanlara insafla: “Allah işinizə qüvvət versin!” – demək lazımdır. Ölkəmiz kimi 80 milyon əhalisi, geniş ərazisi olan böyük bir ölkədə bütün bu sahələri idarə etmək böyük bir işdir, asan bir məsələ deyil, çox çətin və önəmli bir işdir. İşin içində olanlar bunu hamıdan yaxşı başa düşürlər. Meydanın çölündə duran insan başqa cür fikirləşə, başqa cür mühakimə yürüdə bilər, amma meydanın içində olanda tam olaraq anlayırsan ki, nə qədər problem və çətinliklər var; mən özüm də illərlə icraiyyə işləri ilə məşğul olmuşam. Hətta hazırda istəmədən üzləşdiyimiz bu problemlər – xəbis düşmənçiliklər olmasaydı belə, bütöv bir ölkəni idarə etmək çox çətin və müşkül bir işdir. Əziz qardaşlar, əziz bacılar, mən öz növbəmdə sizin hamınıza: “Allah qüvvət versin!” – deyirəm. Sizə uğurlar arzu edirəm, Allah köməyiniz olsun, qarşıya məqsəd qoyduğunuz və həyata keçirmək istədiyiniz bütün işləri reallaşdırmağı sizə nəsib etsin, inşallah. 

Hökumət həftəsində güclü və zəif cəhətləri də görmək lazımdır; bu, əsasən də, elə rəsmilərin özlərinə aiddir. Güclü və zəif cəhətləri paralel surətdə nəzərdən keçirmək lazımdır. Bəzi insanlar var ki, zəif cəhətləri görür, güclü cəhətləri isə görmürlər. Bunun təhlükəli tərəfi odur ki, insanı pessimizmə və ümidsizliyə sövq edir. Təkcə zəif cəhətləri görüb, mövcud olan güclü cəhətlərə diqqət yetirməmək eyibdir; həm rəsmi şəxsin özü üçün eyibdir –  belə bir yanaşmaya yol vermiş olduğu zaman ümidsizliyə qapılıb əli işdən soyuduğuna görə – həm də kənardan baxıb fikir yürüdən hər bir kəs üçün. Eynilə əksinə; əgər təkcə güclü cəhətləri görüb, zəif cəhətləri görməzliyə vursan, başqa problemlər ortaya çıxar. Zəif cəhətlər üst-üstə qalanıb qalar, insan doğru yolla getməz, hədəfinə çatmaz. Odur ki həm güclü, hə də zəif cəhətləri görmək lazımdır. Güclü cəhətləri daha da gücləndirmək, daha da artırmaq, zəif cəhətləri isə özün üçün qeyd edərək mümkün olduğu qədər bir-bir azaltmaq lazımdır. Hər bir işdə eynilə bu cürdür; şəxsi məsələlərdə də.

Sevindirici haldır ki, hazırkı – 12-ci hökumətin, həqiqətən də, sadalanmağa, qeyd olunmağa layiq olan güclü cəhətləri var. Fəaliyyətdə olduğu bu bir il ərzində – hərçənd onun da bir hissəsi hökumət kabinetinin təşkilinə, nazirlərin seçiminə və bu sahədəki problemlərə sərf olunub – yenə də çox yaxşı işlər görülüb, yaxşı hadisələr baş verib; cənab prezident öz çıxışında onların mühüm bir hissəsinə toxundu. İqtisadiyyat sahəsində 4.6 faizlik artım yaxşı bir göstəricidir, heç də pis nailiyyət deyil; hərçənd bizim iqtisadi siyasətlərdə nəzərdə tutduğumuz 8 faizdən xeyli azdır, lakin hər halda, bu şəraitdə 4.6 faiz də yaxşıdır, hökumət üçün məqbul bir irəliləyişdir. Bəzi sferalarda, misal üçün, kənd təsərrüfatı və enerji sahəsində istehsal göstəriciləri yaxşı olub. Elə cari ilin bu rübündə ölkənin ixracatı 20 faiz artıb, idxalat 5 faiz azalıb. Bunlar yaxşı göstəricilərdir, diqqətəlayiq, xalqa, soruşanlara, ictimaiyyətə təqdim edilməyə layiq olan statistikadır. Bütün bunlara görə, həqiqətən də, Allaha şükür etmək lazımdır. Ümidvarıq, inşallah, qeyri-neft məhsullarının ixracı və idxalın azalması istiqamətində müşahidə olunan bu tendensiya ilin sonuna qədər davam edəcək; yəni işləri davam etdirərək bu sahədə bütün lazımi tədbirləri görmək lazımdır ki, inşallah, buna nail olaq. Başqa sahələrdə də yaxşı işlər görülüb; bu həftə ərzində siz mətbuata bu barədə geniş məlumat verirsiniz, mən də bəzən müşahidə edirəm, görürəm ki, çox yaxşıdır. Əlbəttə, bir şeyi qəbul və etiraf etməliyik ki, bizlər təbliğat işinə o qədər də bələd olan insanlar deyilik – həm dövlət, həm bizlər, hamımız – təbliğatımız o qədər də güclü, media ilə əlaqələrimiz o qədər də peşəkar deyil. Amma yaxşı olar ki, ən azından, görülən işlər barədə xalqa məlumat verilsin.

Bu gün mən 3 mövzu ətrafında danışmaq istəyirəm: birincisi, günümüzün əsas problemi olan iqtisadi məsələlər; ikincisi, xarici məsələlər, xarici siyasət; üçüncüsü, az öncə cənab prezidentin də toxunduğu daxili birlik və həmrəylik məsələsi.

İqtisadiyyat məsələsi ilə bağlı bu ilin əvvəlindən bəri, həmçinin ötən illərdə bizim rəsmilərimizlə bir neçə dəfə iclaslarımız olub, mən önəmli hesab etdiyim müəyyən məqamları vurğulamışam, dəfələrlə qeyd etmişəm, onları yenidən təkrarlamaq istəmirəm. İqtisadiyyata dəstək məqsədi ilə hakimiyyətin 3 qolunun başçıları arasında keçirilmiş koordinasiya iclasının da xeyli faydası, bərəkəti olub. Yəni o iclas ümumi vəziyyətə təsir göstərib; daha böyük, daha müsbət təsirə də malik ola bilər, davamı olmalıdır. Cənablar! Adətən iki adam bir araya gələndə onların fikir və mövqeyində ortaq cəhətlər də olur, fərqli cəhətlər də. Fərqli cəhətlərə əsaslanaraq ortaq cəhətləri yaddan çıxarmaq olmaz. Hazırda beynəlxalq danışıqlar mövzusu gündəmdədir, “filan dövlətlə, filan ölkə ilə danışıqlara gedək” deyirlər. Yaxşı, əgər düşmənlərlə, əleyhimizə olanlarla belə danışıqlara getməkdən söhbət gedirsə, dostlarımızla, özümüzünkülərlə birinci növbədə danışığa getməli, müzakirələr etməliyik. Müzakirə olunmalıdır; hansısa məsələ fikir ayrılığına səbəb olursa, qoy müzakirə olunsun, bir kəlmə siz deyərsiniz, bir kəlmə o biri deyər, sonda bir nəticə əldə olunar. Bu koordinasiya iclası məsələsi çox lazımlıdır və davam etdirilməlidir.

İqtisadiyyat sahəsində güclü və genişmiqyaslı bir iş görmək lazımdır. Dostlar, baxın! Düşmən bütün diqqətini iqtisadiyyat üzərində cəmləyib, səbəbi də odur ki, bizim iqtisadiyyat sahəsində, belə deyək, müəyyən boşluqlarımız olub, zəifliyimiz olub, hərbi terminlə desək, radarlara görünməyən bəzi kor nöqtələrimiz olub, düşmən də onlardan yararlanaraq içimizə nüfuz etməyi bacarıb. Biz həmin kor nöqtələri qapamalı, zəif cəhətlərimizi düzgün müəyyən edərək aradan qaldırmalıyıq. Biz bunu bacara bilərik; biz görməli olduğumuz işlərin hamısını – bir azdan mən bəzilərini qeyd edəcəyəm – həyata keçirməyə qadirik. Ölkə iqtisadiyyatını idarə etməyin yolu var; biz çıxmaza dirənmiş vəziyyətdə deyilik; çıxış yolları var və bu yolları qüdrətlə irəliləyərək qət etmək olar, inşallah. Siz bunu etməlisiniz, qolunuzu çırmayıb işə girişməlisiniz, genişhəcmli və keyfiyyətli işlər görməlisiniz. İqtisadiyyat sferasının rəsmilərinin gecəsi-gündüzü olmamalıdır.

Müqavimət iqtisadiyyatından, bu iqtisadiyyatın siyasətlərindən danışıldı; müqavimət iqtisadiyyatının siyasətləri ilk növbədə daxili istehsala əsaslanır; əsas məsələ budur. Bu siyasətlər həm düşmənin qarşısında müdafiə səngəri qurmaq mahiyyəti daşıyır – yəni əgər bu siyasətlər, həqiqətən də, mükəmməl və dəqiq surətdə icra olunsa, səngər yaradar, müdafiə səngəri qurar – həm də inkişafımızı gücləndirməyə xidmət edəcək. Başqa sözlə, müqavimət iqtsadiyyatının siyasətləri həm müdafiə, həm də hücum xarakterlidir, onların mehvəri isə istehsaldır. Elə buna görə də mənim hətta hakimiyyətin 3 qolunun başçıları arasında keçirilən o koordinasiya iclasından da gözləntim budur ki, həmin iclaslarda vurğuladıqları, gündəmdə müzakirəyə çıxardıqları, əməkdaşlıq etdikləri ekspert və mütəxəssislərin diqqətini cəlb etdikləri məsələlər sırasında istehsal məsələsi də önə çəkilsin. Ölkədə daxili istehsalın üzləşdiyi problemlərin hansılar olduğunu nəzərdən keçirək və müxtəlif metodlarla onların həlli yollarını axtarıb tapaq. Mən iqtisadçı deyiləm, ancaq iqtisadçıların dediklərini oxuyuram. Sizin əksəriyyətinizin qəbul etdiyi iqtisadçı ekspertlər çıxış yollarını göstərir. Çıxış yolu yox deyil; ölkədə milli istehsalı xilas etmək olar, yolları var.

Digər bir məsələ isə əhalinin məişət rifahının yaxşılaşdırılması məsələsidir ki, bu da yenə elə milli istehsalla bağlıdır. Yəni əgər biz əhalimizin dolanışığını yaxşılaşdırmaq, məişət rifahını yüksəltmək istəyiriksə, həqiqətən də, daxili istehsalın üzərində ciddi durmalıyıq; belə ki hazırda məişət problemləri əhalini sıxır, camaatın böyük bir hissəsi dolanışıqda çətinlik çəkir. Zavod və fabriklərin dayandırılmasının, yaxud potensialından aşağı səviyyədə çalışmasının qarşısını almaq üçün hərtərəfli tədbirlər görülməli, səy göstərilməlidir.

İqtisadi problemlərlə bağlı qeyd etməyi lazım bildiyim digər bir mühüm məqam isə iqtisadiyyatın idarə edilməsidir. Dövlət ölkənin iqtisadiyyatını idarə etməlidir. İdarəetməni hökmranlıqla qarışıq salmaq lazım deyil. Dövlətin iqtisadiyyat sahəsində hökmranlığı bütünlüklə öz üzərinə götürməsi ölkənin ziyanına tamamlanır; inqilabdan sonra biz bunun əməli surətdə şahidi olmuşuq və bilirik ki, dövlətin iqtisadiyyat üzərində məsuliyyət və nəzarəti bütünlüklə öz üzərinə götürməsi müsbət bir hal deyil. Elə Konstitusiyanın 44-cü maddəsinin prinsipləri də belə bir vəziyyətin yaranmamasına xidmət edir. Deməli, o köhnə idarəetmə modelini bütünlüklə fikrimizdən çıxarmalıyıq; mənim dediyim idarəetməni iqtisadiyyatda dövlətin mütləq hökmranlığı ilə qarışıq salmaq lazım deyil.

İqtisadiyyatın idarə olunmasının iki başlıca dayağı var: birincisi, meydanı sağlam iqtisadi subyektlərin fəaliyyəti üçün açmaq; onlara meydan vermək və kömək etmək lazımdır; qoy iqtisadçı ekspertlər oturub düşünsünlər, fəal iqtisadi subyektlərə kömək etməyin yollarını – hər halda, bunun yolları var – onların sağlam fəaliyyətinə və inkişafına mane olan əngəllərin hansılar olduğunu araşdırsınlar; o əngəlləri aradan qaldırsınlar; mən də bir neçəsini misal çəkəcəyəm. İqtisadiyyatı idarə etməyin birinci dayağı budur, ikinci dayağı isə hökumətin zərərli iqtisadi fəaliyyətlərə şüurlu şəkildə, gözüaçıq, tədbirli, sayıq və ehtiyatlı yanaşmasıdır. Yəni zərərli fəaliyyət göstərən iqtisadi subyektlərə diqqət yetirilməli, onlar barədə lazımi ölçü götürülməli, korrupsiyanın ayaq açıb yeriməsinin qarşısı vaxtında alınmalıdır. İqtisadiyyatı idarə etmək bu deməkdir, bunun hökmranlıq etməklə heç bir əlaqəsi yoxdur.

Misal üçün, dediyim o birinci dayaqla, yəni fəal iqtisadi subyektlərə dəstək olmaqla bağlı mən elə bu son günlərə aid olan bir məsələni qeyd etmək istəyirəm; əlbəttə ki, misallar çoxdur, ölkədə iqtisadi hərəkata start vermək istəyən insanlar var, onlara kömək etmək lazımdır. “Son günlərə aid olan məsələ” dediyim isə elə məktəb və ofis ləvazimatları məsələsidir. Ölkədə məktəb və ofis ləvazimatlarının istehsalı ilə məşğul olan bir neçə əzmkar gənc var. Bu ləvazimatların satışı önəmli bir rəqəmi əks etdirir. Görün dəftərxana ləvazimatlarının – qələm, kağız, dəftər və sair bu kimi malların istehlakı necə böyük həcmdədir?! Biz bu şeylərin əksəriyyətini xaricdən gətiririk, bu isə bizim üçün həm mədəni, həm də iqtisadi cəhətdən yükdür. Bir-iki il, ya bilmirəm, neçə müddət bundan əvvəl – dəqiq yadımda deyil – bir neçə gənc ortaya çıxıb, əzm nümayiş etdirib, dəftərxana ləvazimatlarını ölkə daxilində istehsal etmək istəyib; yaxşı, indi bunların köməyə ehtiyacı var axı; bunlara kömək etmək lazımdır; amma kömək olunmur; hətta belə görünür ki, əksinə, işlərinə pəl vururlar. İşə pəl vuran hansısa dövlət adamı, yaxud nazir olmaya da bilər; ola bilsin, dövlət adamının, nazirin məsələdən heç xəbəri də yoxdur, amma o gənclərin işinə əngəl olan başqa adamlar var. Bunun qarşısı alınmalıdır. Bir müddət əvvəl həmin gənclərdən bir neçəsi mənim yanıma gəlmişdi; baxırsan, başdan-ayağa həvəslə, stimulla doludurlar, işləməyə həvəsləri, güc və bacarıqları var, təşəbbüskardırlar da, amma maliyyə imkanları zəifdir, köməyə ehtiyacları var. Onların ehtiyacı olan məbləğ də bizdəki o bank gecikdirmələri kimi trilyonlarla pul deyil ki; bir adamın trilyonlarla borcu var. Onlara o qədər lazım deyil, qat-qat az məbləğə ehtiyacları var. Kiçik bir dəstəklə, bir balaca irəli itələməklə onlara yardım etmək olar. Belə fəallarımız çoxdur. Baxın, mən ölkənin iqtisadi və icraiyyə məsələlərinə aidiyyəti olmayan bir rəsmi şəxs olsam da, mənə müraciətlər çox olur. Bilirəm ki, insanlar rəsmilərin, nazirlərin də əksəriyyətinə müraciət edirlər. Belə sahibkarlar çoxdur, onlara kömək etmək lazımdır. Mən çox rastlaşmışam – “çox” deyirəm, yəni dəfələrlə, sayı-hesabı yoxdur – gəliblər, şikayət ediblər, bəzən mən də tapşırıq vermişəm. Görüləsi işlərdən biri də budur; belə hallar çoxdur.  

Fəallar üçün meydan açmaq, yəni biznes mühitini daha da əlverişli vəziyyətə gətirmək mühüm məsələlərdən biridir. Bu yaxınlarda mənə bir məlumat çatdı; təfərrüatları yadımda deyil, amma yadımda qalanı və diqqət çəkəni budur ki, qısa müddət əzində, misal üçün, 2-3 ay içərisində konkret mövzu ilə bağlı rəsmilər tərəfindən 30 sirkulyar qərar verilib! Yaxşı, belə olan halda sahibkarlar öz gələcəyini necə planlaşdırmalıdırlar? Bu sferada iş görmək istəyən biri öz fəaliyyət planını necə qurmalıdır? Bir mövzu ilə bağlı ard-arda sirkulyarlar, bəzi hallarda isə ziddiyyətli olan qərarlar verilir! Bu şeyləri aradan qaldırmaq lazımdır; yəni bunlar işə mane olan şeylərdir; sahibkarların qanunvericilikdə ehtiyacı olan sabitliyi təmin edin. Odur ki, qeyd etdiyim kimi, iqtisadiyyatı idarə etməyin vacib əsaslarından biri özəl sektorda aktiv olan sahibkarlara yardım etməyimiz, meydan verməyimiz, yolları üzərindəki maneələri aradan qaldırmağımızdır. Bir dəfə mən burdakı görüşlərimizdən birində qeyd etmişdim; özəl sektorun sahibkarlarından bir neçəsi bizə məlumat vermişdilər ki, iqtisadi fəaliyyətləri ilə bağlı xırda bir məsələ üçün aylarla ayaq döyməli, ora-bura qaçmalı olurlar; iki-üç il bundan əvvəlin söhbətidir, indi dəqiq yadımda deyil, o vaxt ətraflı açıqlamışdım; tutalım, bir quşçuluq fermasında nə isə düzəltmək üçün. Bu şeyləri azaltmaq lazımdır; yol açmaq lazımdır ki, camaat iş görə bilsin. Bu, birinci şərt.

İkinci şərt isə korrupsiyaya, korrupsiyanın özünə yol tapmasına qarşı mübarizə aparmaqdır; rəhbər şəxslər gözüaçıq olmalıdır; ehtiyacımız olan şey budur. Baxın, elə bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyi bizə bir hesabat göndərmişdi, mən həmin hesabatı gözdən keçirdim, gördüm ki, 1396-cı ilin aban ayından 1397-ci ilin tir ayına qədər MTN tərəfindən iqtisadi korrupsiya ilə bağlı müxtəlif dövlət qurumlarına 56 dəfə xəbərdarlıq edilib. MTN-in gördüyü bu tədbirlər çox yaxşıdır; indi mən bilmirəm, o hallardan neçəsi araşdırılıb, neçəsi araşdırılmayıb, amma diqqət çəkən, önəmli məqam budur ki, MTN bir neçə ay ərzində bu qədər böyük bir rəqəmlə qarşılaşıb; yəni MTN 56 korrupsiya halını qeydiyyata götürərək bu barədə xəbərdarlıq edib. Elə bu son vaxtlar baş verən hadisələr də; bayaq cənab prezident qeyd etdi, səbəblərini açıqladı, çox da düzgün şəkildə əsaslandırdı; intəhası burda da məsələnin mahiyyəti bundan ibarətdir ki, bütün o səbəblərlə yanaşı, rəhbərlik tərəfindən müəyyən səhlənkarlığa, diqqətsizliyə də yol verilib. Valyutanı hər hansı bir dəlillə –  bunu lazım bilərək, valyutanın qiymətinin aşağı düşməsi ilə nəticələnəciyini düşünərək bazara yeritmək istəyiriksə, bu işi gözümüzü dörd açaraq görməliyik ki, bu çətin vəziyyətimizdə bir neçə milyard dollar pul bir qrup sui-istifadəçi adamın əlinə düşməsin, onlar da aparıb onu qaçaq yolla İraq Kürdüstanında satmayalar, daxili bazarda nağd pula çevirməyələr, yaxud turizm adı ilə götürüb başqa hərəkət etməyələr – bu söhbətlərdən hamının xəbəri var – və ya hansısa məhsulu gətirmək adı ilə qeydiyyata saldırıb, başqa bir məhsul gətirməyələr. Rəhbər şəxslər diqqətli olub bütün bu məsələlərə nəzarət edə bilərlər. Cənab prezidentlə bu barədə bizim daha əvvəl də müzakirələrimiz olub. Hər kəsin başının üstünə bir polis də qoymaq olmaz ki, necə işlədiyinə nəzarət edəsən; yox, bu da düzgün deyil, amma hazırda bu işin öz üsulları, müasir metodları var və bu şeyləri kontrolda saxlamaq mümkündür. Kontrol etmək, yəni açıq gözlə nəzarət etmək lazımdır. İqtisadiyyatı idarə etmək budur.  Mənə belə gəlir ki, siz bunu edə bilərsiniz, dövlətimiz bu işi həyata keçirməyə qadirdir. Bu, qeyri-mümkün, yaxud fövqəladə dərəcədə müşkül bir məsələ deyil; bunun üçün, sadəcə olaraq, əzmkarlıq lazımdır, təpərlə, cihad əzmi ilə meydana girmək lazımdır. Və siz bunu edə bilərsiniz.

Kimsə pulu götürür ki, tutalım, hansısa lazımlı malı, aralıq məhsulu və ya dərman vasitəsini ölkəyə gətirsin, siz də ona bunun icazəsini verirsiniz, o isə həmin pulu başqa bir işə xərcləyir. Və ya misal üçün, 44-cü maddədə demişik ki, dövlətin zavod və fabrikləri camaata satılsın? Camaat onları alıb nə eləməlidir? İşini dayandırıb, qapısını bağlamalıdır, yoxsa iş görməlidir? İnsanlar zavodları alıb, içindəki avadanlıqları, burda istehsal olunmuş, yaxud xaricdən idxal edilmiş, min bir zəhmətlə daşınıb gətirilərək o sexlərdə quraşdırılmış dəzgahların dəmirini metal qırıntısı kimi satır, ərazisində də ticarət mərkəzi tikir! Yaxşı, bu nəyə görə belə olur? Bunun qarşısını kim almalıdır? Bunu təkcə məhkəmə hakimiyyətindən gözləmək olmaz. Burda rəhbər şəxslər baxmalıdırlar ki, o zavodu kimə verirlər. 44-cü maddədə zavodların camaata verilməsi o məqsədlə nəzərdə tutulur ki, onlar qalsın, öz işini davam etdirsin, məhsul istehsal etsin,  daha ticarət mərkəzinə çevrilərək yox olub aradan getməsin. Hazırdasa bu baş verir; özü də bu təkcə sizin kabinetinizə aid deyil; belə işlər sizdən əvvəl də olub. Hər halda, iqtisadiyyatı idarə etmək dedikdə bu şeylər nəzərdə tutulur və bunlara diqqət yetirilməlidir.

Əlbəttə, mən burada iki məqamı da qeyd etmişəm; elə hallar olur ki, korrupsiyaya yol verən insanın məqsədi heç hansısa mənfəət əldə etmək olmur, bunu sadəcə sabotaj üçün edir. Misal üçün, görürsən ki, Tehranda və başqa böyük şəhərlərdə birdən-birə uşaq geyimləri tapılmır! Belə bir hal, həqiqətən də, olub, fərziyyə deyil. Uşaq paltarıdır, insanlar tapa bilməyəndə, əziyyət çəkəndə sinirləri pozulur. Axı qarşı tərəf – yəni düşmən də elə camaatın dövlətə, hökumətə qarşı əsəbiləşməyini, aqresivləşməyini istəyir; buna nail olmağın yollarından biri budur; geyim! Və ya tutalım, bayram axşamı – evlərdə hər şeyin yuyulub-təmizləndiyi, təmizlik işləri aparıldığı bir vaxtda qəflətən yuyucu vasitələr qıtlaşır, tapılmır. Bax bu işlər sabotajdır. Bunları açıq gözlə izləmək lazımdır; mühüm məsələlərdən biri budur.

İqtisadi problemlərlə bağlı ikinci bir mühüm məsələni də vurğulamaq istərdim: ölkəmizin iqtisadi potensialı böyükdür, bu baxımdan ölkəmiz yüksək səviyyədədir; bizim iqtisadi imkanlarımız çox yaxşıdır. Əgər bu imkan və potensialdan istifadə etməsək, həqiqətən də, nemətə qarşı küfr etmiş olarıq. Allah-taala buyurur:

اَلَم تَرَ اِلَی الَّذینَ بَدَّلوا نِعمَتَ اللهِ کـُفرًا

“Məgər Allahın nemətini küfrə dəyişənləri (Allaha nankor olan Qüreyş kafirlərini) və ümmətini ölüm yurduna sövq edənləri görmürsənmi?” (“İbrahim” surəsi, 28-ci ayə)

Allahın nemətini küfrə çevirməməliyik. Bizim fövqəladə dərəcədə böyük imkan və potensialımız var. Elə o Beynəlxalq Valyuta Fondu və sair bu kimi beynəlxalq qurumlar tərəfindən bəzi araşdırmalar aparılıb, bu barədə məlumat bizə də gəlib çatıb; deyirlər ki, İran ümumdaxili məhsuluna görə (ümumdaxili məhsul isə elə ölkənin həqiqi və faktiki potensialıdır; yəni faktiki olaraq reallaşmış potensialdır) dünya üzrə 18-ci yerdədir; yəni iki yüz neçə ölkə arasında biz ümumdaxili məhsul baxımından 18-ci yeri tuturuq. Ümumdaxili məhsulun həcmi isə sizin ölkənin imkanlarından hansı səviyyədə bəhrələndiyinizi, onları nə dərəcədə reallaşdırdığınızı göstərir. Bu, çox önəmli bir faktdır, beynəlxalq səviyyəli bir araşdırmadır.

Bundan əlavə, Beynəlxalq Bankın 2013-cü ildə apardığı bir araşdırma da var; həmin araşdırmanın hesabatında isə deyilir ki, istifadə olunmamış daxili potensialına görə İran dünya üzrə birinci yeri tutur. Bunu eşidəndə siz hansı hisləri keçirirsiniz? Bu da ölkə daxilində hansısa iqtisadçının dediyi bir söz deyil ki, başqa mənaya yozula. Beynəlxalq miqyaslı bir mərkəz ölkəmizin imkan və potensialını – coğrafi imkanlarını, insan resurslarını, iqlim şəraitini, mədən resurslarını, yeraltı sərvətlərini və sairi nəzərdən keçirərək deyir ki, bu ölkənin istifadə olunmamış potensialının məcmusu həddən ziyadə nəhəngdir; belə ki bu baxımdan biz dünya üzrə birinci yerdəyik. Bu, 1392-ci –   miladi təqvimlə 2013-cü ilə aid olan bir açıqlamadır.

Odur ki mövcud imkan və potensialdan istifadə olunmaması önəmli bir məsələdir. Əlbəttə ki, mən müxtəlif söhbətlərimdə bunu dönə-dönə vurğulamışam, həmin imkanlardan bəzilərinin adlarını da qeyd etmişəm, bu şeyləri burda bir daha təkrarlamağa lüzum görmürəm. Bu barədə xüsusi iclaslarda danışmaq daha lazımlı və önəmlidir; istifadə olunmamış potensial imkanlarımız uzun bir siyahını təşkil edir; bu, bir məsələ. Bundan başqa, pis istifadə məsələsi də var; bizim problemlərimizdən biri də imkanlardan pis istifadə etməkdir. Bayaq cənab Ruhani qeyd etdi ki, ola bilsin, bizim benzin idxalına ehtiyacımız qalmaya. Düzdür, bu, yaxşı bir xəbərdir, amma bizim dünyanın böyük neft hasilatçılarından biri ola-ola benzini ölkəmizə kənardan idxal etməyimizin özü çox pis bir xəbərdir. Bu nəyə görə baş verir? Ümumiyyətlə biz nəyə görə nefti xam şəkildə ixrac edirik? Qazı nəyə görə məhsula, maye qaza çevirmirik? Nefti nəyə görə benzinə çevirib ixrac etmirik? Bizim qarşımızda duran suallardan biri budur; imkanlardan pis istifadə etmək bax budur. Mən hələ illər öncə – bəlkə, 15-16 il bundan qabaq – əvvəlki hökumətlərin dövründə ölkə daxilində neft emalı müəssisələrinin sayının artırılması, müxtəlif neft məhsullarının istehsalı məsələsini dönə-dönə vurğulamışam. Bu işi həyata keçirmək lazımdır. Cənab Ruhani “Fars Körfəzinin ulduzu” adlanan neft emalı zavodunun iki fazasının açılışında iştirak etmişdi; həmin müəssisə ölkədə neft məhsullarının istehsalını əhəmiyyətli dərəcədə artırıb. Bu, mühüm bir məsələdir. Biz bu tendensiyanı davam etdirməliyik. Nəyə görə biz benzini ölkəyə kənardan idxal etməliyik? Elə illər olub ki, ölkəyə benzin idxal etmək üçün bir neçə milyard pul vermişik. İrihəcmli neft mənbələri olan və özü neft ixrac edən bir ölkə ola-ola neftdən alınan benzini kənardan niyə almalıyıq? Çox qəribədir. Bu məsələlərin üzərində durmaq, işləmək lazımdır və işləmək olar da! Eynilə, qeyd etdiyim kimi, qaz məsələsi də. 

Zənnimcə, mövcud imkanlardan pis istifadə etmək baxımından ölkə daxilində üzləşdiyimiz böyük problemlərdən biri də ölkədə benzindən həddən artıq çox istifadə olunmasıdır. O gün mənə məlumat verdilər ki, ölkədə gündəlik 105 milyon litr benzin istifadə olunur. Başqa bir hesabatda isə mən oxumuşdum ki, daha çoxdur, 120 milyon litrdir. Olsun lap 105 milyon litr! Nəyə görə? Biz nəyə görə bu qədər benzin işlətməliyik? Müəyyən dövrdə rəsmilər bu göstəricini təxminən 65 milyon litrə, yəni bundan da bir qədər aşağı endirə bilmişdilər; bu olmuşdu; düzdür, sonradan elə özləri də işləri korlamışdılar, amma göstərmişdilər ki, bunu etmək mümkündür, olar, yolları var; o yollarla gedib qüdrətlə irəli addımlayın. Ola bilsin, bəziləri – beş avtomobil sahibi olan və benzindən çox istifadə edən adamlar və ya ailələr – narahat olacaqlar. Qoy olsunlar! Gün ərzində o 105 milyon litrdən nə qədəri əhalinin, xalqın əksəriyyətinin əlinə düşür? Düşünürəm ki, bunlar önəmli məsələlərdir; qarşısını alın, imkan verməyin. Bu işin böyük bir qismi Neft Nazirliyinin, habelə bütövlükdə hökumətin öhdəsinə düşür. Bu sahədə qətiyyətli qərarlar vermək, qarşısını almaq lazımdır. Dövlətin iqtisadiyyatı idarə etməsi önəmli mövzulardan biridir və qeyd etdiklərim hamısı bu idarəetmənin müxtəlif aspektləridir. Bu barədə deyiləsi sözlər çoxdur, amma mən daha söhbəti uzatmaq istəmirəm.

Bizim mühüm iqtisadi məsələlərimizdən biri də özəl sektorun potensialıdır. Biz özəl sektorun potensialından istifadə etmirik. Az öncə qeyd etdiyim kimi, bəzən Konstitusiyanın 44-cü maddəsinin tələblərinə uyğun olaraq, zavodları naşı adamların əlinə veririk, amma ümumilikdə götürdükdə özəl sektoru həqiqi mənada və geniş miqyasda işə cəlb etmir, əhalinin sərmayəsindən düzgün istifadə etmirik. Ticarət Palatasının üzvləri Ali Təhlükəsizlik Şurasının katibi ilə görüşərək ətraflı söhbət edib; mən orada aparılan müzakirələr barədə oxumuşam. Məncə, siz də oxuyun, görün, nə deyiblər, nə eşidiblər? Çox düzgün fikirlərdir. Biz özəl sektorun imkanlarından istifadə etməliyik; özəl sektor buna hazırdır. Elə bil, hökumət kabinetlərinin – cənab Ruhaninin hazırkı administrasiyasının da, ondan əvvəlkinin də – Konstitusiyanın 44-cü maddəsini lazımınca icra etməyə, necə deyərlər, ürəkləri gəlmir. (3) 44-cü maddəni reallaşdırın, özəl sektorun imkanlarını işə salın.

Kömək edə biləcək şəxslər təkcə ticarətçilər deyil – ticarətçilər özəl sektorun yalnız bir hissəsidir – onlardan başqa, istehsalçılar, sənayeçilər də var. Tutalım, hazırda Enerji və ya Neft Nazirliklərində – misal üçün – sizin çoxlu sayda detala ehtiyacınız var. Oturun, detal istehsal edən özəl müəssisələrin sahibləri ilə danışın; ölkəmizdə çox yaxşı detal istehsalçıları var. Bir vaxtlar – əlbəttə ki, illər öncə – cənab Bitərəf (4) Enerji Naziri olanda ona hansısa qurğunun bir qanadı lazım idi. Mən ona söylədim ki, siz özünüz Əmir Kəbir Universitetinin məzunusunuz, burdan Əmir Kəbir Universitetinə qədər iki addımlıq yoldur, gedin, oturun, onlarla söhbət edin, sizin üçün istehsal etsinlər. Təsadüfən o zaman Hava Qüvvələrinin hərbçiləri həmin detalı başqa bir məqsədlə və əlbəttə ki, daha böyük qabaritlə istehsal etdirmişdilər. Deməli, özəl sektorun sənayeçiləri dövlətə müxtəlif sahələrdə yardım edə bilərlər. Bəzən detal çatışmazlığına görə hansısa məhsulun istehsal zənciri bütövlükdə yatıb qalır; o detalı da xaricdən bizə vermirlər və ya problemlər yaradırlar. Gəlin onu ölkə daxilində istehsal edək! Biz bunu edə bilərik; ölkə daxilində hansı işin arxasınca düşmüşüksə, üstündə təkidlə durmuşuqsa, bir az xərc-filan qoymuşuqsa, o işi başa gətirməyə müvəffəq olmuşuq. Buna nümunə olaraq Müdafiə Nazirliyini qeyd etmək olar; orada bu sahədə çox yaxşı işlər həyata keçirilib. 

İqtisadiyyatla bağlı qeyd edəcəyim digər – dördüncü mühüm məsələ isə ölkədə likvidliyin idarə olunmasıdır. Cənab prezident bu mövzuya toxundu. Birincisi, bizim likvidliyin artımına icazə verməyimiz özü əvvəldən səhv idi; buna imkan verməməli idik; gərək əvvəldən likvidliyin artmasının qarşısını alaydıq. Elə indi də likvidliyi başlı-başına buraxıb, istədiyi tərəfə hücum edərək oranı viran qoymasına imkan vermək ikinci bir böyük səhv olar. Likvidliyi idarə etmək lazımdır. “Likvidliyin çarəsi yoxdur, heç nə etmək olmaz”, – deyə düşünmək yanlışdır; xeyr, belə deyil; likvidliyi kontrolda saxlamaq, idarə etmək mümkündür. Əlbəttə ki, bunun üçün 24 saat çalışan bir kollektivə ehtiyac var; 24 saat. Bir müddət əvvəl deputatlar möhtərəm prezidentdən xahiş etmişdilər ki, iqtisadçılardan ibarət bir komanda yaradılsın. Lap yaxşı, istəsəniz, lap hazırda mövcud olan qurumun tabeliyində də bir komanda yaratmaq olar – struktur dəyişiklikləri və sair bu kimi məsələlərə mən heç vaxt qarışmamışam, qarışmıram da – əsas odur ki, bu işi gecə-gündüz, cihad əzmi ilə çalışan, yəni həqiqətən də, işləmək istəyən, gecə-gündüz bilməyən, təşəbbüskar kadrların təmsil olunacağı bir kollektivə tapşırıb: “Likvidliyi idarə edin”, – deyin. Siz bunu edə bilərsiniz. Bizim, bəzi məlumatlara görə, 400, bəzi digər məlumatlara görə isə 600 trilyon tümənlik yarımçıq layihələrimiz var. Özəl sektoru cəlb edə biləcək şərtlər yaradın ki, likvidlik bu istiqamətə yönəlsin. Bu işləri həyata keçirmək mümkündür. İmtiyazlar verin, maraqlandırın. Elə olub ki, biz neftimizi sata bilmək üçün qiymətdə müəyyən güzəştə getmişik, tutalım, kimin üçünsə endirim etmişik. Nə olacaq, qoy bunu ölkə daxilində də edək; özəl sektoru işə cəlb etsək, önəmli işlər görmək olar. O gün, deyəsən, elə o hökumət nümayəndələri ilə olan iclasda mən söylədim ki, deyirsiniz, hazırda Rusiyada 30 meqavatlıq elektrik stansiyaları quraşdırılır (mən elə bilirdim ki, bizdə 100 meqavatdan aşağı elektrik stansiyası yoxdur; məlum oldu ki, yox, 50, 30 meqavatlıq stansiyalarımız da var); onların qiyməti də bir o qədər yüksək olmamalıdır; gəlir gətirən bir işdir; özəl sektoru təşviq edin, maraqlandırın, qoy gedib onlardan 10 dənə, 20 dənə gətirsinlər, müxtəlif yerlərdə quraşdırsınlar. Həm enerjidir, həm likvidlərin cəlb olunmasıdır, həm suyu şirinləşdirir, həm də bir sıra digər faydaları var. Mən əsasən likvidlərin cəlb olunmasını nəzərdə tuturam; hazırda mövcud olan irihəcmli likvidlik böyük bir təhlükədir. İqtisadçılar bizdən daha yaxşı bilirlər ki, bu likvidlik hara üz tutsa, oranı xaraba qoyacaq. Gah sikkə və valyutaya sarı axın edəcək – hazırda baş verdiyi və müşahidə etdiyimiz kimi – gah da mənzil bazarına sarı üz tutub, orda da bir başqa arzuolunmaz vəziyyət yaradacaq. Buna imkan vermək olmaz, idarə etmək lazımdır; yəni likvidliyi başlı-başına buraxmaq olmaz. “Həddən artıq çoxalıb, artıq bununla heç nə etmək mümkün deyil”, – demək olmaz. Xeyr, bunu kontrol etmək, başını yığmaq olar və lazımdır da.                       

Bayaq banklarla bağlı ortaya çıxan problemə də toxunuldu. Əlbəttə ki, bu var; yəni banklar Mərkəzi Bankı iki qeyri-məqbul seçim qarşısında qoyurlar; bunun da əlacı var. Özünü idarə edə bilməmiş, insanları qapısında növbəyə düzmüş bankların lisenziyasını ləğv edin. Əvvəla, Mərkəzi Bankın banklar üzərində həyata keçirdiyi nəzarət belə bir vəziyyətin yaranmasının qarşısını ala bilər – əlbəttə ki, əgər əvvəldən ardıcıl nəzarət olsa – yox əgər vəziyyət gəlib bu yerə çatıbsa, hər halda, həmin banklar barədə tədbir görmək lazımdır. Bir bu qədər özəl bank var! Banklar nəyə görə likvid vəsait problemi ilə üzləşir? Ona görə ki öz adamlarını dolandırmaq üçün şöbələrinin sayını artırırlar. Bir dəfə mən bunu cənab prezidentə də danışmışdım: Tehranda maşınla bir yerdən keçirdik, biz getdikcə yolun kənarında qurtarmaq bilməyən bir hasar uzanırdı. Mən bu böyüklükdə mülkün kimə aid olduğunu soruşdum. Möhtəşəm bir kompleks idi! Dedilər ki, filan bankındır. O bank qələt edir belə bir iş görür; o boyda kompleks onun nəyinə lazımdır? Yəqin ki, əyləncə mərkəzi, ya da buna bənzər təyinatla istifadə olunan bir məkan idi. Banklar sahibkarlıqla məşğul olur. Bir dəfə mən elə burda, belə bir iclasda söyləmişdim ki, bankların sahibkarlıq fəaliyyətinin qarşısını almaq lazımdır. (5) Banklar sahibkarlıq üçün deyil ki; camaatın pulları belə yerlərə sərf olunur. Mərkəzi Bank bankları düzgün idarə edə bilib, onlar üzərində güclü nəzarət həyata keçirsə, iş bu yerə gəlib çatmaz ki, bu şəkildə iki qeyri-məqbul seçim qarşısında qala: verir, bir cür problem yaranır, pulu və likvidləri artırmır, bir başqa cür arzuolunmaz vəziyyətlə qarşılaşır. Hər halda, önəmli olan məsələlər sırasına bu da daxildir. Zənnimcə, bankların, likvidliyin vəziyyətinə ciddi əhəmiyyət verib, bu məsələlərlə məşğul olmalı, bu sahədə zəruri olan tədbirləri həyata keçirməlisiniz.

Bəli, iqtisadiyyat mövzusunda deyiləsi sözümüzü dedik, mövzunu bundan artıq uzatmağa lüzum görmürəm, odur ki keçirəm ikinci mövzuya – yəni xarici siyasət məsələsinə; əlbəttə, ikinci mövzu bu qədər uzun olmayacaq, qısaca qeydlərimi edəcəyəm; əziz dostumuz cənab Zərif də burdadır.

Əvvəla, mən qonşu ölkələrlə əlaqələrimizin günbəgün daha da artırılması məsələsini vurğulamaq istəyirəm. 14-15 qonşumuz var, əksəriyyəti elə ölkələrdir ki, onlarla kifayət qədər yaxşı əlaqələr qura bilərik. Fürsətlərdən istifadə etmək lazımdır. Mən sizə (6) Pakistanla bağlı tapşırıq vermişdim; bildirdiniz ki, lazımi hazırlıqlar görülür. İraq var, Türkiyə var, Pakistan var, Qərbi Asiya ölkələri var, digər yerlər var; hər halda, qonşu ölkələrin bu böyük məcmusu ilə müxtəlif məsələlərdə birgə iş görə bilərik. Qonşularla güclü diplomatik əlaqələrin yaradılması bizim iqtisadiyyatımız üçün də faydalı ola bilər. Mənə belə məlumat verdilər ki, biz həmin ölkələrin iqtisadi fəaliyyətinin 10 faizi həcmində onlarla iş görə bilsək, bu bizim üçün çox yüksək bir rəqəmdir; 10 faiz bir o qədər çox da deyil. Bir məsələ budur. 

Digər bir məsələ isə Avropa məsələsidir. Mən bundan əvvəl də demişəm, indi də deyirəm ki, Avropa ilə əlaqələri davam etdirmək lazımdır. Əlbəttə, Avropanın hamısı eyni deyil, müxtəlif yerləri müxtəlif cürdür, müəyyən cəhətlərdən ortaq, müəyyən cəhətlərdən isə fərqlidirlər, fərqli metodları var. Hər halda, bütövlükdə Avropa ilə – Avropa cəmiyyəti ilə yox, Avropa ölkələri ilə əlaqələri davam etdirməliyik, amma ümidimizi onlardan üzməliyik; Avropadan ümidinizi üzün. Avropa bizim müxtəlif məsələlərimiz, o cümlədən nüvə anlaşması və iqtisadi problemlərimizlə bağlı ümid bağlayıb, üz tuta biləcəyimiz bir yer deyil. Onlar bizim üçün heç bir iş görməyəcəklər; ümidinizi üzün. “Ümidinizi üzün” deyəndə mən bunu nəzərdə tutmuram ki,  əlaqələri də kəsin, heç bir mövzuda danışıqlar aparmayın. Demək istəyirəm ki, qərarlarınızı başqa prinsiplər əsasında verin, onların vədlərinə şübhə ilə yanaşın; verdikləri vədlərə şübhə ilə, tərəddüdlə baxın. Hazırda da ki, oyun çıxarırlar. Fikrimcə, onlar bu Birgə Kompleks Tədbirlər Planı və sanksiyalar məsələsində bizimlə zarafat edirlər.  Faktiki olaraq, hazırda onlar bizə qarşı ciddi və adekvat münasibət nümayiş etdirmirlər.

Bir şeyi də deyim ki, Birgə Kompleks Tədbirlər Planı hədəf deyil, sadəcə olaraq vasitədir. BKTP bizim hədəfimiz deyil ki, onu mütləq qoruyub saxlamağımız vacib olsun; BKTP bizim milli mənafeyimizin qorunması üçün bir vasitədir. Nə vaxtsa bu anlaşmanın milli mənafeyi təmin edə bilmədiyi qənaətinə gəlsəniz, onu bir kənara qoyun, heç əhəmiyyət də verməyin; baxın, görün milli mənafe nəyi tələb edir. Hərdən mənə də sual verirlər ki, “Nüvə anlaşmasını yandıraram”, – demişdiniz, nəyə görə yandırmadınız? Ona görə yandırmadıq ki, ola bilsin, milli mənafeyin onun vasitəsilə təmin oluna biləcəyini düşündük. Yoxsa ki milli mənafeyin heç bir şəkildə təmin olunmadığını anlasaq, əlbəttə, yandırarıq, necə yandırmaq lazım olduğunu bilmirik məgər? İntəhası bizimlə oynamasınlar; bu məsələ ilə ciddi surətdə məşğul olmalısınız.

Əlbəttə, eşitdiyimə görə, bu yaxınlarda o Avropa rəsmilərinə yaxşı bir məktub da yazıb göndərmisiniz; yaxşıdır. Bu cür məktubların yazılması yaxşıdır; əlbəttə, onlar bilməlidirlər ki, bu məktubların arxasında bir qətiyyət, qərarlılıq, müəyyən tədbirlər dayanır; bunu hiss etməlidirlər. Onlar bunu həm Xarici İşlər Nazirinin, ölkə başçısının və digər rəsmilərin bəyanatlarından, həm də cənab Salehinin görməli olduğu bəzi tədbirlərdən hiss etməlidirlər; indi mən bilmirəm, cənab Salehi həmin tədbirləri nə dərəcədə həyata keçirir, yaxud keçirmir. Bu da bir məsələ.

Ölkəmizin xarici siyasətində digər bir məsələ isə Amerikadır. Hazırda bəzi adamlar mızıldanmağa başlayıblar ki, “BMT Baş Assambleyasının iclası çərçivəsində danışıqlar baş tuta bilər”. Bu, qəti surətdə mümkün deyil; yəni heç bir mənası yoxdur. Onlar o cür ikiüzlülük etdilər, bizimlə o şəkildə davrandılar. Onlar o utanmazlıqları, o həyasızlıqları, o açıq-aşkar hiylə və düşmənçilikləri edən adamlardır; onlarla nə danışıq aparacağıq? Qətiyyən mənası yoxdur. Ölkə prezidentimiz ki, heç, Xarici İşlər Nazirinin, nazirliyin digər rəsmilərinin də onlarla hansısa danışıqlarda iştirak etməsinin əsla anlamı yoxdur. Əlbəttə, siz də bilirsiniz və yəqin, məndən də yaxşı bilirsiniz ki, Amerikanın İslam Respublikası ilə danışıqlara ehtiyacı var.  Amerika administrasiyalarının – hazırkının da, bundan öncəkinin də, ondan əvvəlkilərin də – hamısının İslam Respublikası kimi bir ölkəni danışıqlar masasına çəkib gətirə bildiklərini nümayiş etdirməyə ehtiyacları var. Bu onların ehtiyacı olan bir şeydir. Obama cənab Dr. Ruhani ilə telefonla danışmağa müvəffəq olduğu gün onlar orda bayram edibmişlər; sonradan müəyyən kanallar vasitəsilə xəbəri gəlib bizə çatdı. Onların buna ehtiyacı var, bizim onların bu ehtiyacını qarşılamağımızasa heç bir lüzum yoxdur. Bizim nəyə görə danışıqların əleyhinə olduğumuz barədə də mən bundan əvvəl danışmışam, dəlillərini demişəm, daha təkrar etmirəm.                

Üçüncü məsələ birlik məsələsidir. Ölkəni idarə edən rəsmilər arasında birlik və həmrəylik həmişə lazımdır, bu gün isə həmişəkindən daha vacibdir; cənab Ruhaninin sözlərini mən də təsdiqləyirəm. Hakimiyyətin 3 qolunun başçıları, müxtəlif sferaların rəsmiləri bir-birinin arxasında durmalıdırlar. Bu o demək deyil, istənilən məsələdə eyni fikirdə olmalıdırlar; yox, əks fikirdə də ola bilərlər, amma birincisi, əməldə bir-birinə kömək etməlidirlər (xüsusilə də hazırda; hökumət meydanın ortasında olduğuna, daha əvvəl də qeyd etdiyim kimi, mühüm işlər hökumətin öhdəsinə düşdüyünə görə özəlliklə icraedici hakimiyyətə hamı dəstək olmalıdır) ikincisi isə, fikir ayrılıqlarını mediaya daşımamalıdırlar; bu da çox önəmlidir. Tutalım, rəsmilərdən ikisi arasında hansısa məsələdə fikir ayrılığı var; bunun KİV-də səsləndirilməsinə nə ehtiyac var? Nə mənası var? Bundan kimə nə xeyir gəlir? Sizin bu cür mövqe tutmağınız haradasa, vəzifədən getmiş 3-4 siyasətçinin xoşuna gələcək deyə bunu etməyə dəyməz. Rəsmilər arasında fikir ayrılığı ictimaiyyətin fikrini qarışdırır, camaatı narahat edir, həyəcanlandırır. Hətta mən hərdən nazirlərin də bir-birinin əleyhinə danışdığının şahidi oluram! Siz ki Nazirlər Kabinetində bir masa arxasında oturursunuz, cənab prezident də o masanın başında əyləşir; nə davanız var, orada edin, fikir ayrılıqlarınızı orda müzakirəyə qoyun. Daha nəyə görə məsələni media tribunalarına çıxarırsınız? Bir nazir bir şey deyir, o biri nazir gəlib onun sözünü təkzib edir; çox qəribə bir şeydir; mediada aparılan bu qarşıdurmalar, doğrudan da, çox mənfi bir haldır.

Parlamentin dünənki iclası isə, fikrimcə, İslam Respublikasının iqtidarını nümayiş etdirirdi. Dünən İran İslam Respublikasının səbat və iqtidarını müştərək surətdə nümayiş etdirdikləri üçün ölkə başçısının və qanunverici hakimiyyətin təmsilçilərinin Allah xeyrini versin! Bu çox önəmli bir məqamdır. Parlamentarilər 23 milyondan çox səs toplayıb seçilmiş prezidenti sorğu-suala çəkir, prezident də əsla çəkinib imtina etmədən gəlib o sualları soyuqqanlılıqla dinləyir və mətanətlə cavablandırır; bunlar çox yaxşı əlamətlərdir. Mənim ölkəmizdə mövcud olduğunu dediyim dinə əsaslanan xalq hakimiyyəti də elə budur; yəni öhdələrinə düşən vəzifələrə əməl edirlər, təşviş və narahatlıq keçirmədən sorğu-sual, hesabat qarşısına çıxırlar, danışırlar, özlərini dartmırlar; bunlar çox önəmlidir; dünən bu baş verdi. Tutalım, əgər dünən deputatlardan hansısa uyğun olmayan bir tonla danışsaydı və ya ölkə başçısı parlamentarilərə uyğun münasibət göstərməsəydi, görün bu, İslam Respublikası üçün nə qədər pis, nə qədər ziyanlı olardı?! Amma yox, onlar hörmətlə suallarını verdilər, cənab prezident də mətanətlə, soyuqqanlılıqla o sualları cavablandırdı. İndi, əlbəttə ki, onların istək və gözləntiləri ilə mövcud reallıqlar arasında müəyyən məsafə var, boşluq var və şübhəsiz ki, bu boşluq doldurulmalıdır, amma bunun heç bir eybi yoxdur. Əsas odur ki, baş tutan o iclas, zənnimcə, İslam Respublikasının iqtidarını, səbatını, dövlət rəsmilərimizin özünəinamını çox möhtəşəm bir şəkildə nümayiş etdirdi. Parlament özünə olan inamını bir cür nümayiş etdirdi, ölkə başçısı və hökumət də bir başqa cür; düşünürəm ki, bu, çox yaxşı bir şey idi. 

Əlbəttə ki, düşmən bunun heç də belə olmasını istəmir; düşmən məsələni başqa bir formada qələmə verməyə çalışır, amma reallıq dediyim kimidir və başqaları da bu reallığı görür, dərk edirlər. Eynilə ölkə daxilində də xalq görür ki, yox, heç nə bir-birinə dəymədi, heç bir problem yaranmadı, gedib qarşılıqlı hörmət və mətanətlə suallarını verdilər, verilən sualları cavablandırdılar, çıxıb gəldilər. Zənnimcə, bu, çox yaxşı bir iclas idi, qanunverici və icraedici hakimiyyətlər müştərək surətdə çox böyük bir işə imza atdılar. Bu həm ölkə başçısını və parlamenti gücləndirəcək, həm də inşallah, daha sıx əməkdaşlıq, rəy və reallıqların bir-birinə daha da yaxınlaşması üçün zəmin yaradacaq.

Əlbəttə ki, bizim bu gün verdiyimiz tövsiyələrə, toxunulan məqamlara da diqqət yetirilməlidir, həmin mövzularda inkişafa nail olmaq lazımdır. O cümlədən dəfələrlə vurğulanan o məsələ: həmin o mühüm problemlərin bir-birinin ardınca həll olunması üçün fəal, işgüzar, dinamik, hazırlıqlı bir qurum yaradılmalıdır.

Hakimiyyətin 3 qolu arasında keçirilmiş o iclaslara gəlincə, əlbəttə ki, cənab Dr. Ruhaninin qeyd etdiyi məsələlər hamısı doğrudur, yaxşı bir koordinasiyaya nail olmaq lazımdır. Mən də tapşırmışam, yenə də tapşıracağam, intəhası diqqətli olmaq lazımdır ki, digər qüvvələrin öz vəzifələri arxa plana keçməsin. Mən bundan əvvəl də cənab prezidentlə bu barədə söhbət etmişəm; elə olsun ki, aranızda koordinasiyaya nail olasınız. Bəli, döyüşün komandiri olmalıdır – bir müddət döyüşlərdə iştirak etmiş biri kimi bunu mən də bilirəm – amma komandir də qərargahda məşvərət keçirir. Heç vaxt heç bir komandir qərargahda məşvərət etmədən, eləcə: “Getdik!” – deyib, döyüşçüləri arxasınca salıb aparmır. Qərargahları olur, oturub söhbət edirlər, məsləhətləşib iş görürlər, bəzən də qərargah üzvləri ilə keçirdiyi o məşvərətdən sonra komandirin fikri tamamilə dəyişir. Yəni birgə iş prosesində təbii norma kimi qəbul olunmuş müəyyən qayda və davranışlar var; onlara riayət olunmalıdır. Biri budur ki, aramızda məşvərət etməli, düşünməli, başqalarının hüquqlarını nəzərə almalı və əlbəttə ki, ardınca da: 

فَاِذا عَزَمتَ فَتَوَکَّل عَلَی الله‌

“... qəti qərara gəldikdə isə Allaha təvəkkül et!” (“Ali-İmran” surəsi, 159-cu ayə)

– Allaha təvəkkül etməliyik.

Yaxşı, hamınıza işlərinizdə uğurlar arzu edirəm. Allah sizdən razı olsun, Allah yardımçınız olsun ki, öhdənizə düşən mühüm vəzifələri yerinə yetirə biləsiniz. Deyəsən, söhbətimiz uzun çəkdi; (7) Allah sizi qorusun.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_________________________

(1) Mən lə yəhzuruhul-fəqih, c.2, səh. 613; “Camieye-kəbirə” ziyarəti 
(2)  “Maidə” surəsi, 55-ci ayə 
(3) Ali Məqamlı Rəhbər bu sözləri deyərkən gülür.
(4) Həbibullah Bitərəf 
(5) Ölkə prezidenti və nazirlərlə görüş (04.06.1396)
(6) Xarici İşlər Nazirinə xitab olunur
(7) Ölkə prezidenti: “Allah nəfəsinizə qüvvət versin, çox bəhrələndik”, – deyir.