Yüklə:
XÜMSÜN HÖKMLƏRİ
- Müqəddimə
Müqəddimə
“Furuiddin”in bəndlərindən biri olan “xüms” İslam dinində vacib əmlak vergisidir. Xüms İslam dinini yaymaq və ehtiyaclı təbəqənin ehtiyaclarını aradan qaldırmaq istiqamətində İslam hökumətinə mühüm iqtisadi dəstəkdir. Şəri vəzifəni yerinə yetirmək niyyətilə xüms ödəmək həm İlahi mükafata layiq görülür, həm də xüms ödəyən şəxsin malının və ruhunun maddiyyat çirkindən təmizlənməsinə səbəb olur. İslam dininə görə şəri vəzifə daşıyan hər bir şəxs öz gəlirinin beşdə birini qarşıdakı məsələlərdə açıqlanacaq qaydada lazımi ünvana ödəməlidir. Bu vəsait İslamın və müsəlmanların mənafeyi istiqamətində sərf edilir.
Xüms barəsində olan ayə və hədislərə nəzər salaq. “Tövbə” surəsinin 103-cü ayəsində buyurulur:
خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَ تُزَکِّیهِمْ بِهَا وَ صَلِّ عَلَیْهِمْ إِنَّ صَلَاتَکَ سَکَنٌ لَهُمْ وَاللهُ سَمِیعٌ عَلِیمٌ.
“Onların mallarından sədəqə al və bununla onları pak edib təmizlə. Onlar üçün dua et, çünki sənin duan onlar üçün aramlıqdır. Allah eşidəndir, biləndir”.
Əhli-beytin (ə) hədislərinə istinadən bu ayənin şamil olduğu hallardan biri İmama (ə) verilən hədiyyə və bəxşişdir (yəni xümsdür).
İmam Sadiq (ə) buyurub:
مَا أُرِیدُ بِذٰلِکَ إِلَّا أَنْ تُطَهِّرُوا
“Sizin dirhəminizi almaqda mənim yeganə məqsədim sizi paklamaqdır”.
İmam Sadiq (ə) başqa bir hədisdə buyurub ki, xüms vermək malın təmizlənməsinə səbəb olur:
یُؤَدِّی خُمْسَنَا وَ یُطَیِّبُ لَهُ
“Xümsümüzü verin və bununla malınızı təmizləyin”.
Məhəmməd ibn Zeyd Təbəri nəql edir ki, İmam Rzanın (ə) ardıcıllarından olan bir fars tacir o Həzrətə məktub yazıb xüms verməmək üçün icazə istədi. İmam Rza (ə) onun məktubunun cavabında yazdı: “Rəhman və rəhim Allahın adı ilə. Həqiqətən də Allah bolluq verən və çox bəxş edəndir. Yaxşı əmələ savab verəcəyinə zamindir. Amma yaxşı əməli yerinə yetirməkdən özünü məhrum edən şəxsi qəm-qüssəyə düçar edir. Allahın halal etdiyi yoldan qeyri bir yolla əldə edilən mal halal deyildir.”
O Həzrət sözünün davamında xümsün təsirlərinə toxunaraq buyurdu:
1- Dini gücləndirmək:
إِنَّ الْخُمْسَ عَوْنُنَا عَلَی دِینِنَا
“Həqiqətən xüms dinimizə olan köməyimizdir”.
2- Dostlara köməklik:
إِنَّ الْخُمْسَ عَوْنُنَا عَلَی عِیَالَاتِنَا، إِنَّ الْخُمْسَ عَوْنُنَا عَلَی مَوَالِینَا
“Xüms qohumlara və dostlara köməkliyimiz üçün bir vasitədir”.
3- Müxaliflər qarşısında heysiyyəti qorumaq:
مَا نَبْذُلُهُ وَ نَشْتَرِی مِنْ أَعْرَاضِنَا مِمَّنْ نَخَافُ سَطْوَتَهُ
“Xüms vasitəsilə biz özümüzün və ardıcıllarımızın heysiyyətini müxaliflərin təhdidləri qarşısında qoruyuruq”.
4- İmamın (ə) duası:
وَ لَا تَحْرِمُوا أَنْفُسَکُمْ دُعَاءَنَا مَا قَدَرْتُمْ عَلَیْهِ
“Bacardığınız qədər özünüzü bizim duamızdan məhrum etməyin”.
5- Ruzi açarı:
فَإِنَّ إِخْرَاجَهُ مٍفْتَاحُ رِزْقِکُمْ
“Xüms vermək ruzinizin açarıdır”.
6- Günahların kəffarəsi və axirət azuqəsi:
فَإِنَّ إِخْرَاجَهُ ... تَمْحِیصُ ذُنُوبِکُمْ وَ مَا تَمْهَدُونَ لِأَنْفُسِکُمْ لِیَوْمِ فَاقَتِکُمْ
“Malın xümsünü vermək günahların bağışlanması səbəbidir, Qiyamət gününün və ehtiyaclı olduğunuz günün azuqəsidir”.
7- Vəfadarlıq nişanəsi:
اَلْمُسْلِمُ مَنْ یَفِی اللهَ بِمَا عَهِدَ إِلَیْهِ وَ لَیْسَ الْمُسْلِمُ مَنْ أَجَابَ بَاللِّسَانِ وَ خَالَفَ بَالْقَلْبِ، وَ السَّلَامُ
“Həqiqi müsəlman o kəsdir ki, İlahi əhd-peymana vəfadar olsun. Dildə müsbət cavab verib, ürəkdə isə mənfi cavab verən kəs, əslində, müsəlman deyildir”.
Ayətullah Xameneinin fətvaları əsasında tərtib edilən bu kitab xüms mövzusu barəsində lazımlı məsələləri özündə ehtiva edir. Kitab “İslam İnqilabı Nəşriyyatı”nda hazırlanıb və çap edilib. “Şəri suallara cavab” adlı kitabda yer alan sual-cavablardan əlavə, bu kitabda yeni sual-cavablar da qeyd edilib. Xüms düşən mallar, xüms düşməyən mallar, xümsün hesablanması və ödənilməsi, xümsün sərf edildiyi yerlər, xümsün müxtəlif məsələləri bu kitabı təşkil edən fəsillərdir. Kitab hamının istifadə edə biləcəyi bir üslubda hazırlanıbdır. Qeyd edək ki, Ayətullah Xameneinin “Şəri sualların cavablandırılması” ofisi bu kitabı təsdiqləmiş və ona əməl etməyin yetərli olduğunu bildirmişdir.
Mütəal Allah bizi İslam dininin göstərişlərinə əməl etmək, Qurani-Kərimə söykənmək və Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) sünnəsinə tabe olmaqda müvəffəq etsin.
İslam İnqilabı Nəşriyyatı
- BİRİNCİ FƏSİL: XÜMS DÜŞƏN MALLAR
- İş gəliri
- Sərmayə
- 1- Dövriyyədə olan sərmayə
1- Dövriyyədə olan sərmayə
Sual 1. Mağazada satışa qoyulan malların xümsünü vermək vacibdirmi?
Cavab: Əgər bu mallar iş gəliri ilə alınıbsa, onların xümsünü vermək vacibdir.
Sual 2. Pərakəndə satış edən mağaza sahibi xüms ilinin və dövriyyədəki sərmayəsinin hesabatı üçün mağazanın mallarını hansı meyarla qiymətləndirməlidir? Günün topdan satışdakı alış qiyməti, yoxsa günün topdan satışdakı satış qiyməti, yoxsa günün razılaşdırılmış (yəni ən aşağı qazanc ilə olan) satış qiyməti, yoxsa günün pərakəndə satış qiyməti meyar götürülməlidir? Qeyd edək ki, xüms ilinin sonunda malın qeyd edilən şəkillərdə satılaraq nağd pula çevrilməsi mümkündür. Məsələn, bir qutu peçenyeni həm aşağı qiymətlə qutu şəklində satmaq mümkündür, həm də yuxarı qiymətlə pərakəndə satmaq mümkündür. Hansı qiyməti meyar götürmək lazımdır? Yaxud məsələn, paltaryuyan maşını həm razılaşdırılmış qiymətlə, yəni aşağı qiymətlə satmaq mümkündür, həm də pərakəndə satış qiymətilə satmaq, yəni nisbətən yuxarı qiymətə satmaq mümkündür. Hansı qiymət meyar götürülməlidir? Demək olar ki, pərakəndə satışın gəliri sonrakı ilin gəliri olacaqdır. Mal mağazada qaldığı üçün topdan satış qiymət və ya razılaşdırılmış qiymət meyar götürülməlidir?
Cavab: Malın xüms ilinin sonunda topdan satışının mümkün olduğu qiymət meyar götürülür.
Sual 3. Mən bağ sahibiyəm və ağac əkirəm. Təbii olaraq, birillik ağac taxta kimi istifadəyə bir o qədər də yararlı deyildir. Uzun müddət (ən azı bir neçə il) keçdikdən sonra bu ağaclar istifadəyə yararlı olur. Suallarım budur:
a) Belə olduğu halda, bu illər ərzində ağacın artımına xüms düşürmü?
b) Bir neçə illik ağacları satdığım zaman – əvvəlki illərin xümsünü verdiyim və ya vermədiyim təqdirdə – mənim vəzifəm nədir?Cavab:
a) Əgər əsas sərmayənin xümsü verilibsə, ağacların əkildiyi xüms ilinin sonunda ağacların artımı “gəlir” adlandırıldığı və maddi dəyəri olduğu təqdirdə, bu gəlirin xümsü inflyasiya miqdarı çıxılaraq verilir. Sonrakı illər üçün də hökm eynidir.
b) Ağacların satış pulundan xümsü verilən əsas sərmayə və onun inflyasiya miqdarı çıxılır, bundan sonra qalan məbləğ satış ilinin gəliri hesab olunur. Əgər əvvəlki illərdə ağacın artımına görə olan gəlirin xümsü verilibsə, bu məbləğ də inflyasiya miqdarı hesablanaraq çıxılır. Yox əgər xümsü verilməyibsə, pulun dəyərdən düşməsi miqdarı da hesablanaraq dərhal xümsü ödənilir. - 2- Sabit sərmayə
2- Sabit sərmayə
• İş məkanı
Sual 4. Təxminən iyirmi il öncə mən bir mağaza aldım və o zaman mənim xüms ilim yox idi. Əgər mən bu mağazanın alış pulunun xümsünü versəm, kifayət edirmi? Yoxsa mağazanın bugünkü qiymətinin xümsünü verməliyəm?
Cavab: Mağazanın alındığı xüms ilinin sonunda ona qoyulan qiymətin xümsü, inflyasiya miqdarı da hesablanaraq ödənilməlidir.
Sual 5. İyirmi il öncə ucuz qiymətə alınan və hazırda qiyməti dəfələrlə artan “xümsü verilməmiş” əkin sahəsinin hökmü nədir?
Cavab: Əgər əkin sahəsi iş gəliri və ya maaşla alınıbsa, alındığı xüms ilinin sonunda ona qoyulan qiymətin xümsü, inflyasiya miqdarı da hesablanaraq ödənilməlidir.
Sual 6. Mənim bir ticarət obyektim var və orada ticarətlə məşğul oluram. Şəri vəzifəmə əməl etməkdən ötrü özümə xüms ili təyin etmişəm. Amma yaşayış üçün ehtiyacım olan evin alışına görə borcum vardır. Ümid edirəm ki, ticarət obyektimin xümsünü ödəməkdən məni azad edərsiniz, yaxud da onun xümsünü uzunmüddətli kredit şəklində ödəməyimə icazə verərsiniz.
Cavab: Ticarət obyektinin xümsünü vermək vacibdir. Amma əgər ticarət obyektinin xümsünü ödədiyiniz təqdirdə əlinizdə qalan pul sizin ürfi şəninizə uyğun olan yaşayışınızı təmin etməyə yetməyəcəksə, bu halda onun xümsünü vermək sizə vacib olmur.
• İş avadanlıqları
Sual 7. İş üçün istifadə edilən avadanlığa xüms düşürmü?
Cavab: İş avadanlığı sərmayə hesab olunur. Buna görə də, bu avadanlıqlar iş gəliri ilə alındığı təqdirdə, alındığı xüms ilinin sonundakı qiymətinin xümsü ödənilməlidir. Bundan sonra həmin avadanlıqlar satılmayanadək onlara xüms düşmür. Satıldıqdan sonra isə onun qiymət artımı – əlbəttə, inflyasiya miqdarı çıxıldıqdan sonra – satış ilinin gəliri hesab olunur.
Sual 8. İş yerində olan əşyalara, o cümlədən masa, oturacaq, şkaf, tablo, kondisioner və sairəyə xüms düşürmü?
Cavab: Əgər bu əşyalar iş gəliri ilə alınıbsa, onlara xüms düşür.
Sual 9. Fərz edin ki, mən bir dəzgah düzəltmişəm və onu işlədərək gəlir əldə edirəm. Dəzgahın xümsünü hesablamaq üçün mən bu surətlərdən hansı birini meyar götürməliyəm: Dəzgahın düzəldilməsi üçün işlətdiyim fəhlənin zəhmət haqqını da hesablayaraq çəkilən xərcləri meyar götürməliyəm, yoxsa fəhlənin zəhmət haqqını hesablamadan çəkilən xərcləri meyar götürməliyəm? Yoxsa bu aparata bazarda verilən qiyməti meyar götürməliyəm?
Cavab: Aparatın düzəldildiyi xüms ilinin sonunda onun satışının mümkün olduğu qiymət meyar götürülür.
• Kredit şəklində əldə edilən iş avadanlığının və sərmayənin xümsü
Əgər sərmayə – istər iş avadanlığı, istərsə də mülk – kredit şəklində əldə edilərsə, hər xüms ilinin sonunda krediti ödənilən hissənin xümsü günün qiyməti ilə hesablanaraq verilməlidir. Məsələn, əgər sərmayənin dörddə birinin krediti ödənilibsə, bu hissənin xüms ilinin sonundakı qiymətinin xümsü verilməlidir.
Sual 10. Əgər avtomobil taksi xidməti məqsədilə kredit şəklində alınsa və xüms ilinin sonunda onun kreditlərinin yarısı iş gəliri ilə ödənilsə, bu avtomobilin xümsü necə hesablanmalıdır?
Cavab: Avtomobilin xüms ilinin sonundakı qiymətinin yarısının xümsü veriləcəkdir.
Sual 11. Mən pensiyaya çıxan bir müəlliməyəm. Bir neçə il öncə bir mənzil aldım. Mənzilin pulunun yarısını pensiya mükafatı ünvanında verilən pul ilə ödədim və bu pula xüms düşmədiyini bilirəm. Pulun yarısını isə bankdan pul krediti götürdüm və on il müddətində hər ay kreditləri ödəməliyəm. Bu mənzili almaqda məqsədim onu övladlarımın istifadəsinə vermək idi. Hal-hazırda da övladlarım o mənzildə yaşayırlar. Ödənilən kreditlərə xüms düşürmü?
Cavab: Əgər siz bu mənzili övladlarınıza bağışlamısınızsa və ya bu mənzil sizin məişət ehtiyacınızdırsa, mənzili almaq üçün götürdüyünüz pul kreditinin aybaay ödənilən məbləğinə xüms düşmür. Amma əgər siz bu mənzili övladlarınıza bağışlamamısınızsa və ya bu mənzil sizin məişət ehtiyacınız hesab olunmursa, bu mənzilin yarısının qiymətinin xümsü hər xüms ilinin sonunda ödənilən kreditlər nisbətində verilməlidir.
Sual 12. Bir şəxs ticarət məqsədilə pul krediti götürüb qoyun alıbdır və onun gəliri ilə aylıq kreditləri ödəyir. Bu şəxs xümsü necə hesablamalıdır?
Cavab: Xüms ilinin sonunda qoyunun qiymətinin xümsü ödənilən kreditlərin nisbətində verilməlidir.
• Xüms düşməyən sərmayə
Əgər sərmayənin xümsü verildiyi təqdirdə qalan məbləğ yaşayış xərclərini təmin etmək üçün yetərli olmazsa və ya yetərli olması sual altında olarsa, bu sərmayəyə xüms düşmür, baxmayaraq ki, şəxs sərmayənin xümsünü kreditlərə bölüb ödəyə bilər.
Sual 13. Əsas sərmayəyə xüms düşürmü?
Cavab: Əgər əsas sərmayə iş gəliri ilə əldə edilibsə, bu sərmayəyə xüms düşür. Amma əgər sərmayənin xümsü verildiyi təqdirdə şəxs qalan məbləğ ilə yaşayış xərclərini öz ürfi şəninə və ictimai mövqeyinə münasib şəkildə təmin edə bilməyəcəksə, bu halda sərmayəyə xüms düşmür.
Sual 14. Bilirik ki, əgər sərmayənin xümsü verildiyi təqdirdə qalan məbləğ məişət ehtiyaclarını təmin etmək üçün yetərli olmazsa, bu halda sərmayəyə xüms düşmür. Görəsən, bu hökm aşağıdakı iki hala da şamil olurmu?
a) Qalan məbləğin məişət ehtiyaclarını təmin edib-etməməsi sual altındadır və buna şəkk olunur;
b) Şəxs sərmayənin xümsünü tədricən və kreditlərə bölərək vermək imkanına malikdir.Cavab: Hər iki halda sərmayəyə xüms düşmür.
Sual 15. İllər sonra bir yük maşını ala bilmişəm və onunla işləyirəm. Mən bu maşının xümsünü verə bilməmişəm. Hal-hazırda mövcud qanunlara görə maşını dəyişmək məcburiyyətindəyəm. Daha yeni model almalıyam və təbii ki, bunun üçün əlavə xərc çəkməliyəm. Nəzərə alsaq ki, maşınla işləyib əldə etdiyim gəlir yaşayış xərclərimi, kreditlərimi və xümsümü vermək üçün kifayət etmir və mən maşının xümsünü verə bilmirəm, bu halda maşının xümsünü vermək mənə vacibdirmi?
Cavab: Əgər maşının qiymətinin xümsünü verdiyiniz təqdirdə başqa bir maşın – belə ki, həmin maşınla işləyib əldə etdiyiniz gəlir ilə yaşayış xərclərinizi təmin edə biləcəksiniz – ala bilməyəcəksinizsə, maşının xümsünü vermək vacib olmur.
Sual 16. Kreditlə aldığım bir evim var və hazırda onun kreditlərini ödəyirəm. Bir ticarət obyektim də var və orada ticarətlə məşğulam. Şəri vəzifəmə əməl etmək üçün özümə xüms ili təyin etmişəm. Ümid edirəm ki, mənə lütfkarlıq göstərib, evin xümsünü verməkdən məni azad edərsiniz. Amma ticarət obyektinin xümsünü hissə-hissə ödəmək imkanına malikəm.
Cavab: Yaşadığınız evə xüms düşmür, ticarət obyektinin xümsünü vermək isə vacibdir. Amma əgər ticarət obyektinin xümsünü verdiyiniz təqdirdə qalan məbləğ ilə yaşayış xərclərinizi öz ürfi şəninizə münasib şəkildə təmin edə bilməyəcəksinizsə, bu halda ona xüms düşmür.
• Malın qiymətinin artması
Sual 17. İnflyasiyaya görə malların artan qiyməti mənfəət hesab olunurmu?
Cavab: Əgər qimətlərin artması inflyasiyaya görə olarsa, yəni pulun dəyəri aşağı düşərsə və bütün mallar daha çox pul ilə alğı-satqı edilərsə, bu, qiymət artımı hesab olunmur və xümsün hökmləri bu qiymət artımına şamil olmur.
• İnflyasiya miqdarının çıxılması
Ümumiyyətlə, borc alan şəxs borcu qaytararkən borc verən şəxs pulun dəyərdən düşən miqdarını ondan tələb edə bilər. Amma bəzi hallar istisnadır, məsələn, ev kirayəsi zamanı verilən girov pul. Bu halda pulun dəyərdən düşən miqdarının verilməyəcəyi, hətta “irtikazi şərt”[1] şəklində şərt edilsə belə, pulun sahibi onu tələb edə bilməz.
Sual 18. Mən bina tikib, mənzillərini satıram. Xüms də verirəm. Torpaq sahəsi alıram və orada bina tikib, mənzillərini satıram. Satışdan əldə edilən pul üç hissəni əhatə edir: əsas sərmayə (bunun xümsü verilib), inflyasiya və gəlir. Mən xümsü necə hesablamalıyam? Əsas sərmayə və inflyasiya çıxılmalı, yalnız gəlirin xümsü verilməlidirmi?
Cavab: Tikinti üçün çəkilən əsas xərclər, yəni xümsü verilən əsas sərmayə və onun inflyasiyası mənzilin satış qiymətindən çıxılır. Qalan məbləğ gəlir və mənfəət hesab olunur və onun xümsü verilməlidir.
• İnflyasiyanı nəzərə alaraq bankların ödədiyi faiz
Sual 19. Bankların inflyasiyanı nəzərə alaraq depozit qoyan müştərilərə ödədiyi faiz faktiki olaraq pulun dəyərdən düşməsini kompensasiya etmək hesab olunur. Bunu nəzərə alaraq, bu faizə xüms düşürmü?
Cavab: Əgər depozit qoyulan pulun xümsü verilibsə və faiz də inflyasiya miqdarından çox deyildirsə, bu pula xüms düşmür.
• Xümsü verilən malın mənfəəti və artan dəyəri
Xümsü verilən malın və ya xüms düşməyən pul ilə (məsələn, hədiyyə və ya irsin pulu ilə) alınan malın artan dəyəri aşağıdakı qisimlərdən birinə daxildir:
a) Mal məişət ehtiyacı üçün sərf edilib: Bu halda malın artan dəyərinə xüms düşmür.
b) Mal ticarət məqsədilə deyil, pulun dəyərini qorumaqdan ötrü alınıb: Bu halda həmin mal satılmamışdan qabaq onun artan dəyərinə xüms düşmür, amma satıldıqdan sonra inflyasiyadan artıq olan miqdar satış ilinin gəliri hesab olunur.
c) Mal sabit sərmayədir: İkinci bəndin hökmü buna da aiddir.
ç) Mal dövriyyədə olan sərmayədir: Hər xüms ilinin axırında malın müştərisi olan qiymətindən inflyasiya miqdarı çıxıldıqdan sonra artan dəyərə xüms düşür.Sual 20. Qiymətlərin qalxacağından qorxub, on iki kvadrat metrlik bir xalçanı münasib qiymətə aldım, halbuki bu xalça mənim məişət ehtiyacım deyildi və anbarda istifadəsiz olaraq qalır. Xalçanı aldığım xüms ilinin sonunda onun xümsünü verdim. Xalçanı aldığım ikinci ildə onun artan dəyərinə xüms düşürmü?
Cavab: Sualda qeyd olunanları nəzərə alaraq, xalça pulun dəyərini qorumaqdan ötrü alındığına görə alındığı birinci ildə onun xümsü çıxarılır, sonra isə bu xalça satılmayanadək onun qiymətinin yenidən hesablanmasına ehtiyac yoxdur. Amma satıldığı zaman inflyasiya miqdarı çıxıldıqdan sonra əldə edilən gəlir satış ilinin gəliri hesab olunur.
Sual 21. Xüms düşməyən pul ilə iş yerim üçün bir taxta kəsən dəzgah almışam. Onun artan dəyərinə xüms düşürmü?
Cavab: Bu dəzgah satılmayanadək ona xüms düşmür. Amma satıldığı zaman inflyasiya miqdarı çıxıldıqdan sonra onun artan dəyəri satış ilinin gəliri hesab olunur.
Sual 22. Əgər pulun dəyərini qorumaqdan ötrü bir xalçanı xümsü verilən pul ilə müəyyən qiymətə alsam və bir müddətdən sonra onu bir qədər baha qiymətə satsam, xümsü verilən pula əlavə olunan məbləğ iş gəliri hesab olunurmu və ona xüms düşürmü?
Cavab: Xalçanın artan dəyəri inflyasiya miqdarı çıxıldıqdan sonra satış ilinin gəliri hesab olunur. Əgər bu gəlir ilin sonunadək məişət ehtiyaclarına sərf edilməzsə, onun xümsü verilməlidir.
Sual 23. Bir şəxs bir torpaq sahəsini xümsü verilən pul ilə alıb və məqsədi, qiymətlər qalxdıqdan sonra onu satmaqdır. Xüms ilinin sonunda torpaq sahəsini satmaq fikri olmadığı təqdirdə, onun xümsünü vermək vacibdirmi? Əgər vacibdirsə, onun xümsünü alış qiyməti ilə hesablamalıdır, yoxsa hazırkı qiymətlə hesablamalıdır?
Cavab: Hər xüms ilinin sonunda bu torpaq sahəsinin satıla biləcəyi qiymət əldə edilməli və inflyasiya miqdarı çıxıldıqdan sonra onun artan dəyərinin xümsü verilməlidir.
Sual 24. Əkin sahəsinin və orada işlənən vasitələrin xümsü necə hesablanır?
Cavab: Əgər onlar iş gəliri ilə alınıbsa, alındığı xüms ilinin sonunda onların xümsü hesablanıb verilməlidir. Bundan sonra əkin sahəsi və ya həmin vasitələr satılmayanadək onlara xüms düşmür. Amma satıldığı zaman onun artan dəyəri inflyasiya miqdarı çıxıldıqdan sonra satış ilinin gəliri hesab olunur.
• Səhmlər və qiymətli kağızlar
Əgər səhmlər pulun dəyərini qorumaq və ya səhmlərin illik gəlirindən istifadə etmək məqsədilə iş gəliri ilə alınsa, alındığı xüms ilinin sonunda günün məzənnəsi ilə onun xümsü hesablanıb verilməlidir. Bundan sonra bu səhmlər satılmayanadək, onlara xüms düşməyəcək. Amma satıldığı zaman onun artan dəyəri inflyasiya miqdarı çıxıldıqdan sonra satış ilinin gəliri hesab olunur. Belə ki, əgər bu gəlir xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilməzsə, bu halda ona xüms düşəcək.
Əgər səhmlər qiymətlərin artması nəticəsində gəlir əldə etmək məqsədilə alınarsa, alındığı xüms ilinin sonunda günün məzənnəsi ilə onun xümsü hesablanıb verilməlidir. Bundan sonra hər xüms ilinin sonunda onun artan dəyərinin xümsü inflyasiya miqdarı çıxıldıqdan sonra verilməlidir.
Sual 25. Səhmlərin və qiymətli kağızların xümsü necə hesablanmalıdır? Qeyd edək ki, şəxs xüms ilinin sonunda bir neçə şirkətin səhmlərinə malikdir və adətən, onlardan bir qisminin nominal dəyəri məlum səbəblərə görə, məsələn, hesabatın aparıldığına görə dayandırılır və nə vaxt, hansı qiymətə açılacağı məlum deyildir. Yaxud da bəzən bu səhmlərin alıcısı yoxdur və gələcək günlərdə alıcısı olan qiymət həddində ucuzlaşacağını gözləmək lazımdır ki, səhmlərin həqiqi qiymətini hesablamaq mümkün olsun.
Cavab: Əgər səhmlər iş gəliri ilə alınıbsa, yaxud mənfəət ünvanında həvalə olunubsa, onlara xüms düşür. Xüms ilinin axırında qiymət təyin olunduqdan sonra onun xümsü hesablanıb verilməlidir.
• “Ədalət” səhmləri
Sual 26. “Ədalət” səhmlərinin həvalə olunmasının məqsədini nəzərə alaraq – belə ki, bu alğı-satqı nisyə şəklində baş tutur və səhmlərin pulu kreditlərə bölünərək səhmlərdən əldə olunan gəlir ilə ödənilir – aşağıdakı sualları cavablandırardınız:
a) Bu səhmlərə xüms düşürmü? Əgər xüms düşürsə, nə zaman xüms düşür?
b) Dövlət maddi imkanı aşağı olan təbəqə (birinci və ikinci onluq) üçün səhmlərin qiymətini endirimlə hesablayır və qiymət fərqini öz mənbələrindən təmin edir. Bu təbəqə üçün də başqaları kimi səhmlərin ümumi qiymətinə xüms düşür? Yoxsa yalnız gəlir ilə kreditləri ödənilən hissəsinə xüms düşür?
c) Səhmlərin azad edilməsindən öncə hasil olan və fərdlərə ödənilən və ya ödənilməyən mənfəətin xümsünün hökmü nədir?Cavab:
a) “Ədalət” səhmləri azad olduqdan sonra ilk xüms ilinin sonunda bu səhmlərin satışa qabil hissəsinin alıcısı olan qiymətinə xüms düşür və onun xümsü verilməlidir.
b) Bu halda səhmlərin yarısına xüms düşür və digər yarısı hədiyyə hökmündədir, ona xüms düşmür.
Bu iki bəndi nəzərə alaraq, əgər dolanışıq üçün bu səhmlərə və onlardan əldə edilən gəlirə ehtiyacı olan şəxslər səhmlərin xümsünü verdikləri təqdirdə, qalan gəlir onların şəninə uyğun olan dolanışıq üçün kifayət etməyəcəkdirsə, səhmlərin xümsünü vermələri vacib deyildir.
c) Sözügedən gəliri hansı ildə əldə etmək mümkün olarsa, bu gəlir həmin ilin gəliri hesab olunur, baxmayaraq ki, şəxs bu gəliri təhvil almamışdır. Bu halda əgər gəlirin əldə edildiyi xüms ilinin sonunadək bu gəlir istifadə edilməzsə, onu təhvil aldıqda dərhal xümsü verilməlidir.• Birjada ucuzlaşan səhmlər
Sual 27. Mən iki il öncə on min manat məbləğində pul krediti götürdüm və bu pul ilə səhmlər aldım. Amma mən səhmləri aldıqdan sonra onların qiyməti ucuzlaşdı və mənim aldığım səhmlərin qiyməti təxminən yeddi min manat oldu. Mən götürdüyüm pul kreditini tam ödədim. Sualım budur ki, indi mən on min manatın xümsünü verməliyəm, yoxsa yeddi min manatın?
Cavab: Xüms ilinin sonunda səhmlərin real qiymətinin xümsünü verməlisiniz.
• Nisyə və ya kredit satışdan əldə edilən gəlir
Əgər müəyyən bir mal və ya əkinçilik məhsulu nisyə şəklində satılarsa və onun pulu xüms ili başa çatdıqdan sonra verilərsə, malın alğı-satqı zamanı nağd qiyməti satış ilinin gəliri, nisyə satışdan əldə edilən gəlir isə pulun təhvil alındığı ilin gəliri hesab olunacaqdır.
Sual 28. Mən səyyar satış edirəm. Belə ki, müxtəlif malları, o cümlədən parça, ev əşyalarını və s. şəhərin müxtəlif məhəllələrində həm nağd, həm də nisyə şəklində satıram. Əgər mən parçaları nisyə şəklində satsam, xüms ilimin sonunda onların xümsünü necə hesablamalıyam?
Cavab: Malın alğı-satqı zamanı nağd qiyməti satış ilinin gəliri, nisyə satışdan əldə edilən gəlir isə pulun təhvil alındığı ilin gəliri hesab olunacaqdır.
Sual 29. Mən üç il öncə xümsü verilmiş mallarla bir mağaza açdım. Mənim xüms ilimin sonu şəmsi ilin sonudur, yəni Novruz bayramı axşamıdır. İndiyədək mən xüms ilimin sonunda apardığım hesabat nəticəsində görmüşəm ki, bütün sərmayəm nisyə satışa görə camaatın öhdəsində borc şəklindədir və eyni zamanda özümün də böyük məbləğdə borcum var. Xahiş edirəm, xüms barəsində şəri vəzifəmi mənə izah edəsiniz.
Cavab: Əgər xüms ilinin sonunda sizin sərmayənizdə artım olmayıbsa, xüms vermək sizə vacib olmur. Amma əgər sərmayənizdə artım olubsa, sizin camaatdan alacağınız pul malın nisyə satışından əldə edilən gəlir olduğu üçün bu pulu xüms ilinin sonunda almağınız mümkün olduğu təqdirdə, sərmayənin özünü və onun inflyasiya miqdarını çıxdıqdan sonra qalan məbləğin xümsünü verməlisiniz. Yox əgər bu pulu xüms ilinin sonunda almağınız mümkün deyildirsə, bu gəlir pulu aldığınız ilin gəliri hesab olunacaqdır. Əgər sözügedən pulun bir hissəsi il ərzində əldə edilən gəlir olubsa və onunla mal alınaraq nisyə şəklində satılıbsa, bu hissənin xümsü pulu alan kimi dərhal ödənilməlidir.
• Gecikdirilən əmək haqqı
Əgər gecikdirilən maaşı və əlavə iş saatlarının əmək haqqısını xüms ilinin sonunda almaq mümkün deyildirsə, bu maaş və əmək haqqı hansı ildə alınarsa, həmin ilin gəliri hesab olunacaq. Bu halda əgər bu gəlir həmin ilin sonunadək məişət ehtiyaclarına sərf edilərsə, ona xüms düşməyəcək. Amma əgər gecikdirilən maaşı və əlavə iş saatlarının əmək haqqısını xüms ilinin sonunda almaq mümkün olarsa, onun xümsünü vermək vacib olur, baxmayaraq ki, xüms ilinin sonunda şəxs onu hələ almayıbdır.
Sual 30. İşçisi olduğum müəssisə neçə illərdir ki, mənə müəyyən məbləğ pul borcludur və indiyədək onu ödəməyib. Bu pul ödənilən kimi ona xüms düşəcək, yoxsa xüms ili başa çatdıqdan sonra ona xüms düşəcək?
Cavab: Müəssisənin əmək haqqı ünvanında sizə borclu olduğu pulu xüms ilinin sonunadək ala bilmədiyiniz təqdirdə, bu pul onu aldığınız ilin gəliri hesab olunacaqdır. Bu halda əgər bu pul həmin ilin sonunadək məişət ehtiyaclarına sərf edilərsə, ona xüms düşmür.
Sual 31. Mənim xüms ilim sentyabr ayının əvvəli başlanır. Universitetlərdə və orta məktəblərdə imtahanlar, adətən, iyun və iyul aylarında keçirilir və imtahan günlərində işlədiyimiz əlavə saatların əmək haqqısı altı aydan sonra ödənilir. Xahiş edirəm ki, izah edəsiniz, əgər xüms ili ərzində işlədiyimiz işin əmək haqqını xüms ili başa çatdıqdan sonra alırıqsa, ona xüms düşəcəkdirmi?
Cavab: Əgər bu pulu xüms ilinin sonunadək almaq mümkün olmazsa, bu pul onu aldığınız ilin gəliri hesab olunacaq. Bu halda əgər bu gəlir həmin ilin sonunadək məişət ehtiyaclarına sərf edilərsə, ona xüms düşmür.
• Borc vermək
İş gəlirini bir şəxsə və ya banka borc vermək bu pula xüms düşməməsinə səbəb olmur.
Sual 32: Əgər aldığım maaşı və ya əldə etdiyim gəliri bir şəxsə borc versəm və o da mənim xüms ilim başa çatdıqdan sonra mənə olan borcunu qaytarsa, bu pulu aldıqda ona dərhal xüms düşürmü?
Cavab: Bəli, pulu alan kimi onun xümsünü dərhal ödəməlisiniz.
Sual 33. Banka iki il müddətinə qoyduğum depozitə xüms düşürmü?
Cavab: Əgər bu pul maaş və iş gəlirindən olarsa, ona xüms düşür və xümsü verilməlidir.
Sual 34. Mən bir şəxsə müəyyən məbləğ pul borc vermişdim və o, borcu mənim xüms ilim başa çatdıqdan sonra qaytaracaqdı. Sizin nəzərinizə görə, mən bu pulu aldığım zaman onun xümsünü verməliyəm. Amma borc alan şəxs ilə belə razılaşdıq ki, mənə pulun əvəzinə bir əşya (məsələn, şəxsi istifadə üçün bir avtomobil) versin. Bu əşyanın xümsünün hökmü nədir? Onun xümsünü dərhal ödəməliyəm, yoxsa müəyyən bir vaxtda ödəyəcəyəm?
Cavab: Onun xümsünü dərhal ödəməlisiniz.
• Borc almaq
Sual 35. Əgər bir şəxsin əlində olan pul başqa bir şəxsdən aldığı borc və ya bankdan götürdüyü pul krediti olarsa, bu şəxsin xüms ili başa çatdıqda həmin pula xüms düşürmü?
Cavab: Borc alınan pula xüms düşmür. Amma əgər sözügedən pulun hamısı məişət ehtiyaclarına sərf edilməsə və ya sərmayəyə çevrilsə və əldə qalan məbləğ borcun (və ya bank kreditlərinin) ödənilməyən hissəsindən çox olsa, bu halda əldə qalan məbləğ ilə borcun ödənilməyən hissəsi arasındakı fərqə xüms düşür. Məsələn, bir şəxs bankdan on min manat pul krediti götürüb və indi onun əlində beş min manat pul mövcuddur, bu beş min manat pulun dörd min manatının krediti ödənilməyibdir. Bu halda min manat pula xüms düşür, yəni iki yüz manat xüms ödəməlidir.
• Tanışlar arasında yaradılan “qərzül-həsənə” büdcəsi və ya “qərzül-həsənə” müəssisəsi
Sual 36. Bir qrup ailə üzvü və ya tanış şəxslər hər ay müəyyən məbləğ pulu bir yerə toplayır və hər ay növbə ilə onlardan biri pulu borc ünvanında götürür. Bu şəxslərin bu pul barəsində vəzifəsi nədir?
Cavab: Əgər onlar bu pulu iş gəlirindən ödəyirlərsə, bu pula xüms düşür. Hər bir şəxs öz xüms ilinin sonunda ödədiyi pulu ala bildiyi təqdirdə, həmin məbləğin xümsünü ödəməlidir. Amma əgər xüms ilinin sonunda bu pulu ala bilmirsə, bu pulu ala bildiyi zaman xüms ili tamamlanan məbləğin xümsünü ödəməlidir.
Sual 37. “Qərzül-həsənə” müəssisəsinin sərmayəsindən əldə edilən gəlirin hökmü nədir? Bu gəlirə xüms düşürmü? Bu gəlirin xümsünü kim ödəməlidir?
Cavab: Əgər müəssisənin sərmayəsi ayrı-ayrı şəxslərin əmlakı olarsa, sərmayədən əldə edilən gəlir hər bir üzvün payı nisbətində onların əmlakıdır. Hər bir üzvün payının xümsü onun öz öhdəsindədir. Amma əgər müəssisənin sərmayəsi şəxs və ya şəxslərin əmlakı olmazsa, məsələn, sərmayə “ümumi vəqf” və bu kimi əmlakdan olarsa, sərmayədən əldə edilən gəlirə xüms düşmür.
Sual 38. İyirmi nəfər mömin şəxs belə razılaşıblar ki, onların hər biri hər ay, məsələn, əlli manat pulu bir yerə qoysunlar və hər ay onlardan biri püşk əsasında bu pulu götürsün. Beləliklə, iyirmi aydan sonra növbə axırıncı nəfərə çatır. Əgər bir şəxs, məsələn, on beşinci ayda bu pulu götürsə, ona xüms vermək vacib olurmu, yoxsa bu pul onun məişət ehtiyacı hesab olunacaq?
Cavab: Şəxsin götürdüyü pul, əslində, üç hissəyə ayrılır: ötən ilin gəliri ilə qarşılığını ödədiyi məbləğ, hazırkı ilin gəliri ilə qarşılığını ödədiyi məbləğ və qarşılığını ödəmədiyi məbləğ. Birinci hissəyə bu pulu alan kimi xüms düşür. İkinci hissə xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edildiyi təqdirdə, ona xüms düşmür. Amma əgər xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilməzsə, onun da xümsü verilməlidir. Üçüncü hissə isə borc sayılır və ona hələ xüms düşmür.
• Uzunmüddətli depozit
Sual 39. Mən bankda işləyirəm. Bankda işə başlamağımın tələbi olaraq beş yüz manat pul banka depozit qoymuşam. Bu pul mənim adıma olan uzunmüddətli bank hesabındadır və hər ay onun faizi mənə ödənilir. Bu pula xüms düşürmü?
Cavab: Bu pul sərmayə hökmündədir və ona xüms düşür. Bu pulun xümsü inflyasiya miqdarı (günün məzənnəsi ilə) nəzərə alınaraq ödənilməlidir.
• Öncədən ödənilən zəhmət haqqı
Sual 40. Əgər mən öhdəmə götürdüyüm işin zəhmət haqqısını əvvəlcədən alsam, amma işi ümumiyyətlə yerinə yetirməmiş olsam və ya işin bir hissəsini yerinə yetirməmiş olsam, bu pula xüms düşürmü?
Cavab: Bu pulun hansı miqdarı qarşılığında iş görmüsünüzsə, həmin miqdara xüms düşür.
• İlkin ödənişlər
Sual 41. Mən səyahət şirkətinə gəzinti turunun və hotel xərclərinin müəyyən məbləğini ilkin ödəniş olaraq ödəmişəm. Amma hələ səfərin vaxtı çatmayıb, mənim xüms ilim isə başa çatıb. İlkin ödəniş ünvanında ödədiyim bu pul mənim məişət ehtiyacım hesab olunacaq, yoxsa mənim mülkiyyətimdə olan pul hesab olunacaq?
Cavab: Əgər ilkin ödəniş etmək ürfə görə lazımlı hesab olunursa, bu pul ödəniş etdiyiniz ilin məişət ehtiyacı hesab olunur və ona xüms düşmür.
Sual 42. Mən Məşhədə getmək üçün təyyarə bileti almışam, amma Məşhədə getməmişdən qabaq mənim xüms ilim başa çatdı. Mən təyyarə bileti üçün ödədiyim pulun xümsünü verməliyəmmi?
Cavab: Əgər səfər elə bir vaxta təsadüf etsə ki, bileti öncədən almaq ürfə görə lazımlı hesab olunarsa, bu halda təyyarə biletinin puluna xüms düşmür.
• Avtomobil alışı üçün ödənilən ilkin ödəniş
Sual 43. Əgər avtomobil alışı üçün növbəyə dayanmaqdan ötrü avtomobil istehsalı zavoduna müəyyən məbləğ pul ödəsəm və avtomobili təhvil almamışdan qabaq mənim xüms ilim başa çatsa, ödədiyim pula xüms düşürmü?
Cavab: Əgər növbəyə dayanmaq şəriklik və sərmayə yatırımı şəklində olarsa, belə ki, bu pulun üzərinə faiz gələrsə, bu halda həmin pula və ona verilən faizə (əlbəttə, bu faizi xüms ilinin sonunda almaq mümkün olduğu təqdirdə) xüms düşür. Amma əgər növbəyə dayanmaq sırf alış üçün olarsa və avtomobilə də şəxsi istifadə üçün ehtiyac olarsa, eləcə də avtomobil almaq sizin ürfi şəninizə uyğun olarsa, bu halda həmin pula xüms düşmür.
Sual 44. Mən avtomobil alışı üçün ilkin ödəniş etmişdim, amma avtomobil təhvil verilən zaman tam ödənişə pulum çatmadığı üçün alışı atama yönləndirdim və atam avtomobili aldı. İndi həmin vaxtdan bir il ötüb və mənim ilkin ödəniş ünvanında ödədiyim pulu atamın mənə qaytarmağa imkanı vardır. Mən həmin pulu alıb ev kirayələmək üçün ev sahibinə depozit ünvanında vermək istəyirəm. Bu pulun xümsünü ayrıca verməliyəmmi?
Cavab: Əgər həmin pul il ərzindəki gəlirdən olubsa və xüms ilinin sonunadək istifadə olunmayıbsa, ona xüms düşür.
• Xüms ili başa çatdıqdan sonra avtomobili təhvil almaq
Sual 45. Əgər ilin gəliri olan pul ilə xüms ili başa çatmamışdan qabaq avtomobilin pulunu ödəsəm, amma xüms ili başa çatdıqdan sonra avtomobili təhvil alsam, ödədiyim pula xüms düşürmü?
Cavab: Əgər avtomobili almaq məqsədilə pulu ödəmisinizsə və onu şəxsi istifadə üçün alırsınızsa, bu pula xüms düşmür.
• Həcc ziyarəti üçün ödənilən pul
Sual 46. Həcc ziyarətinə getmək üçün banka müəyyən məbləğ pul köçürüb növbəyə yazılmaq lazımdır. Bu pul müraciətçinin adına olan bank hesabına depozit qoyulur və bu puldan əldə edilən gəlir həmin hesabda yığılır. Müraciətçinin həccə getmək növbəsi çatdıqda hesabdakı bütün məbləğ “Həcc ziyarəti müəssisəsi”nə ödənilir. Bu pulun gəlirini almağın iradı vardırmı? Hesaba qoyulan pula və onun gəlirinə xüms düşürmü?
Cavab: Bankdan şəri müqavilələrin biri əsasında alınan faiz iradsızdır. Bank hesabına yatırılan pulun özünə gəlincə, əgər bu pul xümsü verilməmiş iş gəlirindən olarsa, ona xüms düşür. Həmçinin əgər bu pulun faizini almaq mümkün olarsa, ona da xüms düşür. Amma əgər pulun faizini almaq mümkün olmazsa, bu faizi almaq mümkün olan zaman bu pulun həcc ziyarətinin təşkili üçün “Həcc ziyarəti müəssisəsi”nə ödənildiyini nəzərə alaraq, ona xüms düşməyəcəkdir.
Sual 47. Həcc və ya umrə ziyarəti üçün kənara qoyularaq yığılan pula xüms düşürmü?
Cavab: Əgər bu pul iş gəlirindən olarsa, ona xüms düşür.
• Mərhumun həcc qəbzi
Sual 48. Bir şəxs müstəhəb həccə getmək üçün “Həcc ziyarəti müəssisəsi”nə müəyyən məbləğ pul ödəyib, qəbz almışdır. Amma o, Allah evinin ziyarətinə getməmişdən qabaq dünyasını dəyişmişdir. Bu pulun hökmü nədir? Bu pulu mərhum üçün “niyabi-həcc”ə sərf etmək vacibdirmi? Bu pula xüms düşürmü?
Cavab: “Həcc ziyarəti müəssisəsi”nə ödənilən pulun qarşılığında verilən həcc qəbzi indiki qiyməti ilə mərhumun irsi sayılır. Əgər mərhumun boynunda həcc yoxdursa və onun üçün həcc yerinə yetirməyi də vəsiyyət etməyibsə, bu pulu mərhum üçün “niyabi-həcc”ə sərf etmək vacib deyildir. Əgər pulun xümsü verilməyibsə, suala əsasən, onun xümsü verilməlidir.
• Pensiya pulu
Sual 49. Pensiyaya çıxan şəxs il ərzində aldığı pensiya pulunun xümsünü verməlidirmi?
Cavab: Pensiya puluna xüms düşür.
• İl ərzində istifadə edilməyən mal
Sual 50. İstifadə edilməyən ev əşyalarının xümsü necə hesablanmalıdır?
Cavab: Əgər ev əşyalarına (məsələn, qab-qacaq və yataq vasitələrinə), həmçinin geyimlərə xüms ili başa çatmamışdan qabaq ehtiyac olubsa və onların evdə olması lazımlı olubsa, onlara xüms düşmür, baxmayaraq ki, onlardan hələ istifadə edilməyibdir. Amma əgər bu əşyalara ehtiyac olmayıbsa, onların xüms ilinin sonunda olan qiymətinə xüms düşür.
Sual 51. Ərzaqların, yuyucuların və bu kimi malların (başqa sözlə, “istifadəsi zamanı aradan gedən mallar”ın) xümsü necə hesablanmalıdır?
Cavab: Əgər xüms ilinin sonunda ərzaq, yuyucu və bu kimi mallardan artıq qalarsa, onların “mal kimi dəyəri” olduğu təqdirdə, xüms ilinin sonunda olan qiymətinə xüms düşür.
Qeyd : Əgər bir mal bazarda satışa qabil olmazsa və bir mal kimi dəyəri olmazsa, yaxud çox az dəyəri olduğuna görə satın alınmazsa (məsələn, ağzı açılmış bir qutu tomat pastası), bu mala xüms düşmür.
• Qızıl sikkə
Sual 52. Bir şəxsin qızıl sikkəsi vardır. Onun xümsünü verməlidirmi?
Cavab: Əgər qızıl sikkəni iş gəliri və maaş ilə alıbsa, sikkəni aldığı xüms ilinin sonunda ona xüms düşür.
Sual 53. Qiyməti daim dəyişən qızıl sikkənin xümsü necə hesablanmalıdır?
Cavab: Sikkənin xüms ilinin sonundakı qiyməti meyar götürülür.
Sual 54. Mən ticarət məqsədilə bir neçə ədəd qızıl sikkə almışam. Xüms ilinin sonunda bu sikkələrin beşdə birini xüms olaraq vermək istəyirəm. Məqsədim də budur ki, sikkələrin özündən xüms verdiyim üçün sonrakı illərdə sikkələrin artan qiymətinə xüms düşməsin. Bu iş düzgündürmü?
Cavab: Suala əsasən, bu qızıl sikkələr “dövriyyədə olan sərmayə”dir (ticarət malıdır) və ona görə də xümsü sikkələrin özündən vermək onların hər il artan qiymətinə xüms düşməməsinə səbəb olmur. Əksinə, onların artan qiymətinə inflyasiya miqdarı çıxıldıqdan sonra xüms düşür.
• Qızılı saxlamaq və ya depozit qoymaq
Sual 55. Əgər bir şəxs qızılı sərmayə ünvanında saxlasa və ya banka depozit qoysa, bu qızılın hökmü nədir?
Cavab: Əgər qızıl maaş və iş gəliri ilə alınıbsa, onun xümsü verilməlidir.
• Sərqufli
Sual 56. Bir mağaza uzun illərdir “sərqufli”dir[2]. İndi isə mağaza sahibinin tələbi ilə obyekti boşaldıb geri qaytarmaq üçün məhkəmədə sərqufliyə qiymət təyin edilibdir. Sərquflinin pulu icarəçi şəxsə ödənilib. Sərquflinin satışından əldə edilən pula aşağıdakı iki halda xüms düşürmü?
1- İcarəçi şəxs mağazanı icarəyə götürdüyü və sərquflini aldığı xüms ilinin sonunda sərquflinin xümsünü günün məzənnəsi ilə ödəmişdir;
2- İcarəçi şəxs əvvəllər sərquflinin xümsünü ödəməmişdir.Cavab:
1- Sərquflinin satışından əldə edilən puldan əvvəllər ödənilən xüms məbləği və onun inflyasiya miqdarı çıxılır, bundan sonra qalan məbləğ pulun əldə edildiyi ilin gəliri hesab olunur.
2- Sərquflinin alındığı ilin sonunda günün məzənnəsi ilə onun qiymətinə düşən xüms inflyasiya miqdarı da hesablanaraq ödənilir, daha sonra artan qiymət sərquflinin satış pulunun əldə edildiyi ilin gəliri hesab olunur. Belə ki, əgər bu məbləğ satış ilinin sonunadək məişət ehtiyaclarına sərf edilməzsə, ona xüms düşəcək.Sual 57. Mən uzun illər öncə iş obyektimi il ərzindəki iş gəlirim ilə sərqufli şəklində əldə etmişəm. Sərqufliyə xüms düşürmü?
Cavab: Sərqufli sərmayə hesab olunur. Suala əsasən, sərquflinin alındığı xüms ilinin sonunda ona xüms düşür və inflyasiya miqdarı da hesablanaraq onun xümsü verilməlidir.
• Əkinçilik məhsulları
Sual 58. Əkinçilik məhsullarının xümsü necə hesablanır?
Cavab: Əgər xüms ili başa çatmamışdan qabaq əkinçilik məhsullarının yığımı mümkün olarsa, onlara xüms düşür, baxmayaraq ki, hələ yığım olmamış və ya məhsul satışa çıxarılmamışdır. Amma əgər bu məhsulların yığımının vaxtı hələ çatmayıbdırsa, bu məhsullar “qazanc” adlandırıldığı və “mal dəyəri” olduğu təqdirdə, onlara xüms düşəcəkdir.
Sual 59. Əvvəlki sualı nəzərə alaraq, əgər xüms ilinin sonunda əkinçilik məhsullarının hələ alıcısı və müştərisi olmasa, onun xümsü verilməlidirmi? Yoxsa satış baş tutanadək gözləmək və həmin vaxt xümsü vermək mümkündür?
Cavab: Ehtiyat-vacibə görə, sahibkar imkan daxilində başqa malından onun xümsünü versin.
Sual 60. Əgər düyü əkənlər düyü yığımından sonra onun bir miqdarını satıb dolanışıq xərclərinə sərf etsələr, bir miqdarını isə öz illik istifadələri üçün saxlasalar, illik istifadə üçün yaydan bəri saxlanılan düyüyə xüms düşürmü?
Cavab: Xüms ilinin sonunda düyüdən artıq qalan və istifadə olunmayan miqdara xüms düşür.
Sual 61. Anam ona irs çatan bağın gəlirindən banka müəyyən məbləğ pul depozit qoymuşdur. Bu depozitə hər ay faiz verilir. Faiz xərclənilib və ondan heç nə qalmayıbdır, amma depozit qoyulan məbləğ bankdadır. Bu məbləğə xüms düşürmü?
Cavab: Bu pul sərmayə hesab olunur və ona xüms düşür. Onun xümsü verilməlidir. Amma əgər sərmayənin xümsü verildiyi təqdirdə qalan məbləğ yaşayış xərclərini təmin etmək üçün kifayət etməyəcəksə, onun xümsünü vermək vacib olmur.
• İstifadə olunan toxum və gübrə
Sual 62. Əkinçi xümsü verilməyən toxumu əkmişdir. Yığımdan sonra xüms yalnız məhsula düşürmü, yoxsa toxumun da xümsü hesablanmalıdır?
Cavab: Toxumun da xümsünü inflyasiya miqdarını hesablayaraq verməlidir.
Sual 63. Əkinçi il ərzindəki gəliri ilə gübrə alır və əkin sahəsinə səpir. Bizim bölgədə ürf budur ki, gübrə səpildikdən sonra həmin əkin sahəsi bir dəfə əkildiyi və orada əkilən məhsul gübrədən istifadə etdiyi təqdirdə həmin gübrə “istifadə olunmuş” hesab edilir. Odur ki, əkin sahəsinə səpilən və istifadə edilməyən gübrə bir mal ünvanında hesab olunur. Bunun dəlili isə gübrə səpilərək icarəyə verilən əkin sahəsinin qiymətinin səpilən gübrənin qiymətindən ayrı hesablanmasıdır. Sualım budur ki, səpilən bu gübrəyə xüms düşürmü?
Cavab: Əgər gübrə ürfə görə “istifadə olunmuş” hesab edilməsə, həmçinin gübrə il ərzindəki gəlir ilə alınıbsa, ona xüms düşür.
• Qeyri-müsəlmanlardan əldə edilən gəlir
Sual 64. Qeyri-müsəlman ölkəsində işləyib qeyri-müsəlmanlardan alınan maaşa xüms düşürmü?
Cavab: Bəli, bu maaşa xüms düşür. Belə ki, əgər bu pul xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilməzsə, onun xümsünü vermək vacibdir.
• Dini işlərdən əldə edilən gəlir
Sual 65. Əgər bir şəxs məddahlıq etmək, əcir namazı qılmaq, başqası üçün Quran oxumaq və bu kimi işlərlə gəlir əldə etsə, bu pula xüms düşürmü?
Cavab: Bəli, bu pula xüms düşür. Belə ki, əgər bu pul xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilməzsə, ona xüms düşür.
• Zaminliyə görə maaşdan çıxılan pul
Sual: Mən bankdan pul krediti götürən bir şəxs üçün zamin dayanmışdım. O, bir neçə ayın kreditini ödədikdən sonra qalan kreditləri ödəmədi və buna görə də onun kreditləri mənim maaşımdan çıxıldı. Suallarım bunlardır:
1- Əgər pul krediti götürən şəxs mənim maaşımdan çıxılan məbləği xüms ilim başa çatdıqdan sonra mənə qaytarsa, bu pula xüms düşürmü? Qeyd edim ki, maaşımdan çıxılan məbləğ mənim əlimə çatmamışdan qabaq kredit verən bankın hesabına köçmüşdür?
2- Əgər mən pul kreditinə görə başqa əlavə məbləğlər ödəməkdən, məsələn, faiz və ya cərimələr ödəməkdən azad olmaq üçün həmin şəxsin qalan kreditlərini bir yerdə ödəsəm, kredit götürən şəxs də həmin pulu mənim xüms ilim başa çatdıqdan sonra mənə qaytarsa, bu pula xüms düşürmü?Cavab: Suala əsasən, sizin maaşınızdan çıxılan və xüms iliniz başa çatdıqdan sonra sizə qaytarılan pulun xümsünü onu aldığınız zaman ödəməlisiniz.
• Xüms ili başa çatmamışdan qabaq gəliri qızıl sikkəyə və ya mala çevirmək
Sual 67. Əgər bir şəxs gələcəkdə məişət ehtiyaclarına sərf etməkdən ötrü öz gəlirini müəyyən bir mala və ya qızıl sikkəyə çevirsə, bu gəlirin xümsü onun boynundan götürülürmü?
Cavab: Bu gəlirin xümsü onun boynundan götürülmür. O, bu gəlirin xümsünü verməlidir.
• Gələcək məişət ehtiyacı üçün pul yığmaq
Sual 68. Təmir işləri görmək üçün böyük xərc tələb olunur və bu xərci birdəfəyə ödəmək bizim üçün çətindir. Odur ki, biz təmir işləri üçün bir büdcə yaratmışıq və hər ay gəlirimizdən müəyyən məbləğ pulu orada yığırıq. Müəyyən məbləğ pul yığıldıqda onu təmir işlərinə sərf edirik. Yığdığımız bu pula xüms düşürmü?
Cavab: Əgər hər bir şəxsin büdcəyə qoyduğu pul onun il ərzindəki iş gəlirindən olarsa və bu pul təmir işlərinə sərf edilənədək onun mülkiyyəti hesab olunarsa, xüms ili başa çatdıqda bu pulun xümsünü ödəməlidir.
• Bankda dondurulan pul
Sual 69. Mən bir bankdan pul krediti götürmüşəm. Bank kredit verdiyi zaman onun müəyyən məbləğini kredit tam ödənilənədək mənim hesabımda saxlayaraq dondurur. Kreditin tam ödənilməsi, adətən, bir il çəkir. Kredit tam ödənildikdən sonra bank həmin məbləği aktivləşdirir. Bu pula xüms düşürmü?
Cavab: Əgər aylıq kreditləri iş gəliriniz və maaşınızla ödəmisinizsə, sözügedən pula xüms düşür. Belə ki, xüms ilinin sonunadək bu pulun hansı miqdarının aylıq kreditlərini ödəmisinizsə, onu əlinizə aldıqda xümsünü verməlisiniz.
• Sərmayə edilən şəri əmlak vergiləri
Sual 70. Mədəniyyət sahəsində fəaliyyət göstərən bir müəssisədə gələcək maddi ehtiyacların təmin edilməsi üçün ticarət işləri aparan bir şöbə yaradılmışdır. Ticarət işlərinin sərmayəsi isə şəri əmlak (məsələn, xüms və ya zəkat) vergilərindəndir. Bu sərmayənin gəlirinin xümsü verilməlidirmi? Çıxarılan xümsü müəssisə üçün sərf etmək olarmı?
Cavab: Əgər şəri əmlak vergilərinin müəssisəyə sərf edilməsi icazəli və düzgün olarsa, müəssisə şəxs və ya şəxslərin əmlakı olmadığı təqdirdə, əldə edilən gəlirə xüms düşmür. Amma əgər şəxsi əmlak olarsa, əldə edilən gəlirin xümsünü ödəmək əmlak sahibinin öhdəsindədir. Çıxarılan xümsü müəssisəyə sərf etmək isə əmlak sahibinin mərcəyi-təqlidinin icazəsi ilə olmalıdır.
• Kirayə verilən ev
Sual 71. Üç qardaş üçmərtəbəli bir ev alıbdır. Onlar evin bir mərtəbəsində məskunlaşmış və digər iki mərtəbəni kirayə veriblər. Kirayə verilən bu iki mərtəbəyə xüms düşürmü?
Cavab: Əgər onlar bu evi yaşayış üçün alıblarsa, amma məcburiyyət üzündən evin iki mərtəbəsini kirayə veriblərsə, bu mərtəbələrə xüms düşmür. Amma əgər elə əvvəlcədən bu mərtəbələri kirayə vermək məqsədilə evi alıblarsa, evin alındığı xüms ilinin sonunda günün qiyməti ilə onun xümsü verilməlidir.
• Dövlət müəssisələri işçilərinin maaşından çıxılan müəyyən məbləğlər
Sual 72. Dövlət müəssisələrində çalışan işçilərin maaşından “ehtiyatda yığılan pul”, “gələcək xərclər üçün yığılan pul” və s. ünvanlar altında çıxılan və əmək fəaliyyəti başa çatdıqda, yəni işçi pensiyaya çıxdıqda birdəfəyə ödənilən məbləğlərə xüms düşürmü?
Cavab: Əgər bu məbləğlərin maaşdan çıxılması işçinin ixtiyarında deyildirsə, işçi bu məbləğləri hansı ildə alarsa, bu pul həmin ilin gəliri hesab olunacaq və ilin sonunadək məişət ehtiyaclarına sərf edilmədiyi təqdirdə, ona xüms düşəcəkdir. Lakin əgər bu məbləğlər işçinin razılığı ilə onun maaşından çıxılarsa və işçi onu istədiyi vaxt ala bilərsə, hər xüms ilinin sonunda, bu pulun xümsü verilməlidir. Amma əgər istədiyi vaxt onu ala bilmirsə, aldığı zaman pulun hansı miqdarı əvvəlki xüms illərinə aiddirsə, onun xümsünü dərhal verməlidir. Amma hazırkı ilə aid olan məbləğ həmin ilin gəliri hesab olunur.
• Kənara qoyulan “rəddi-məzalim”[3]
Sual 73. Mən müəyyən məbləğ pulu “rəddi-məzalim” üçün kənara qoymuşam. Xüms ilim başa çatmışdır, amma mən bu pulu mərcəyi-təqlidə hələ də təhvil verməmişəm. Bu pula xüms düşürmü? Əgər bu pulu banka depozit qoysam, verilən faizə də xüms düşəcəkmi?
Cavab: Bu pulu mərcəyi-təqlidə təhvil vermədiyiniz və bu pul sizin mülkiyyətinizdə olduğu müddətdə ona xüms düşür. Bu pula aid olan gəlir də sizin əmlakınız sayılır və ona da xüms düşür.
• Sərmayədə şəriklik
Xüms “həqiqi şəxs”ə vacib olur, “hüquqi şəxs”ə, məsələn, dövlətə, müəssisəyə, banka və s. xüms vacib olmur. Deməli, həqiqi sahibi olmayan “hüquqi şəxs”in gəlirlərinə xüms düşməyəcəkdir. Amma əgər müəssisənin, bankın və s. bir və ya bir neçə şərikli sahibi olarsa, hər bir şəxs onun payına düşən gəlirin xümsünü hesablamalıdır.
Sual 74. Bir neçə şəxs şərikli şəkildə özəl orta məktəb açmışdır. Məktəbin xərclərini təmin etməkdən ötrü bankdan pul krediti də götürüblər və aylıq kreditləri şəriklər ödəməlidir. İlkin sərmayəyə və götürülən pul kreditinə xüms düşürmü? Əgər gəlir əldə olunarsa, onun xümsünün hökmü nədir?
Cavab: Hər bir şərik ilkin sərmayədən, ödənilən kreditlərdən və əldə edilən gəlirdən öz payının xümsünü verməlidir.
Sual 75. Biz bir neçə şəxs şərikli şəkildə bir şirkət qurmuşuq. Şəriklər sərmayədən və gəlirdən olan paylarının xümsünü vermirlər. Mən şirkətin idarə heyətinin direktoru olaraq gəlirdən hər bir şərikin payını ayırmamışdan qabaq, onlara məlumat vermədən, onların xümsünü verə bilərəmmi?
Cavab: Başqasının malından onun razılığı olmadan istifadə etməyə, hətta onun xümsünü vermək məqsədilə olsa belə, icazə verilmir. Amma siz şəriklərin xəbəri olmadan belə, öz malınızdan onların xümsünü verə bilərsiniz və bu halda xüms onların öhdəsindən götürüləcəkdir.
• Müzaribə məqsədilə verilən pul
Sual 76. Mən öz gəlirimdən müəyyən məbləğ pulu bir il müddətinə müzaribə ünvanında bir şəxsə vermişəm. Bu müddət əsnasında mənim xüms ilim başa çatır. Mən öz xüms ilimin sonunda müzaribə müqaviləsini pozmalı və bu pulu geri alıb, onun xümsünü verməliyəmmi?
Cavab: Müqaviləni pozmaq lazım deyildir. Amma xüms ilinizin sonunda, hətta başqa pulunuz ilə olsa belə, həmin pulun xümsünü verməlisiniz.
Sual 77. Əgər bir şəxs pulunu müzaribə müqaviləsi əsasında banka qoysa və ya başqa bir şəxsə versə və onun xüms ili başa çatdıqda həmin pul mala çevrilmiş şəkildə olsa, o, pulunun xümsünü verməlidirmi?
Cavab: Xüms ilinin sonunda bu pulun xümsü verilməlidir.
• İlin sonunda əldə olan puldan borcun çıxılması
Sual 78. Bir şəxs bankdan əlli min manat məbləğində “murabihə pul krediti” götürüb. Belə ki, o, bu pul ilə mal almalı və bu malı üç illik nisyə şəklində özünə altmış beş min manata satmalıdır. Daha sonra on min manatı banka verməlidir və bank da kreditlər tam ödənilənədək bu pulu dondurur. Bu şəxs müqaviləyə əsasən, əlli min manata işlənməmiş qızıl alır və onu otuz altı aylıq nisyə şəklində özünə satır. Bu alğı-satqıdan sonra o, bu qızıldan on min manat miqdarında satır və pulunu banka verir. Bank da kreditlər tam ödənilənədək bu pulu dondurur. Bir müddət sonra bu şəxs qalan qızılları altmış min manata satır. Xüms günündə bu pul onun əlində olur. O, bankdan borcun miqdarı barəsində soruşur. Bank cavab verir ki, borc birdəfəyə ödənildiyi təqdirdə, əlli beş min manat, amma kreditlər şəklində ödənildiyi təqdirdə altmış beş min manatdır. Bu şəxsin xüms barəsində vəzifəsi nədir? O, qızılları ümumilikdə yetmiş min manata satmışdır. Bu məbləğdən əlli beş min manat çıxmalıdır, yoxsa altmış beş min manat? Yaxud da bankdan aldığı məbləği, yəni əlli min manatı çıxmalıdır?
Cavab: Ümumiyyətlə, ilin sonunda mövcud olan pula borcun hansı miqdarı aiddirsə, bu miqdar o puldan çıxılır. Beləliklə, əgər bu şəxs müqaviləyə əsasən banka altmış beş min manat ödəməlidirsə, yetmiş min manat pulun yalnız beş min manatı gəlirdir. O, beş min manatın xümsünü verməlidir.
[1] “İrtikazi şərt” odur ki, bu şərt müqavilənin tərəflərinin zehnində mövcuddur, baxmayaraq ki, həmin vaxt onlar bu şərti diqqətdə saxlamayıblar.
[2] Sərqufli – obyekti icarəyə götürməkdə birincilik hüququ və öz ticarət məkanında işini davam etdirmək baxımından tacirin malik olduğu mənəvi haqdır. Sərqufli “tabeli daşınmaz əmlak”ın bir hissəsidir.
[3] “Məzalim” sözü ərəb dilində “məzləmə” sözünün cəm formasıdır. “Məzləmə” sözü “başqasından haqsızcasına alınan mal” mənasını bildirir, məsələn, qəsb edilən və ya oğurlanan mal. Beləliklə, “rəddi-məzalim” ifadəsi “haqqı haqq sahibinə geri qaytarmaq” mənasını bildirir.
-
- Harama qarışan mal
Harama qarışan mal
Sual 79. Əgər bir şəxsin malına haram mal qarışsa, onun vəzifəsi nədir?
Cavab: Əgər malına haram malın qarışdığına bu şəxsin yəqinliyi olsa, amma haram malın miqdarını bilməsə və sahibini də tanımasa, ümumi malın xümsünü verdiyi təqdirdə, mal halal olur və ondan istifadə edə bilər. Amma əgər malına haram malın qarışdığına dair onun sadəcə şəkki olsa, üzərinə heç bir vəzifə gəlmir.
Sual 80. Əvvəlki sualı və cavabı nəzərə alaraq, əgər şəxs təxmini bilsə ki, onun malına qarışan haram mal ümumi malın beşdə birindən çoxdur, bu halda vəzifəsi nədir?
Cavab: Ehtiyata görə, o, ümumi malın xümsünü çıxarmalı, eləcə də xüms miqdarından əlavə olaraq başqasına aid olduğunu yəqinliklə bildiyi məbləği şəri-hakimə verməlidir. Şəri-hakim də onu həm xüms, həm də sədəqə hesab olunan yerlərə sərf etməlidir.
Sual 81. Əgər gəlirimin bir hissəsi – belə ki, ona xüms düşürdü – haram mal ilə qarışsa, mən də nə öz malımın, nə də haram malın miqdarını bilməsəm, eyni zamanda haram malın sahibini də tanımasam, xümsü necə hesablamalıyam?
Cavab: Əvvəlcə malın halal olması üçün halal və haramın qarışdığı ümumi malın xümsünü verməlisiniz. Məsələn, əgər halal və haramın qarışdığı ümumi mal yüz milyon tüməndirsə, iyirmi milyon tümən xüms verməlisiniz. Beləliklə, mal halal olur və ondan istifadə edə bilərsiniz. Daha sonra sözügedən gəlirinizə düşən xümsü vermək üçün iki üsuldan biri əsasında əməl edə bilərsiniz:
1- Əgər halallığına əmin olduğunuz malın xümsü əlinizdə qalan malın (səksən milyon tümənin) xümsündən az olsa, yəni on altı milyondan az olsa, halallığına əmin olduğunuz malın xümsünü verin.
2- Əgər halallığına əmin olduğunuz malın xümsü əlinizdə qalan malın xümsü ilə eyni olsa və ya ondan çox olsa (başqa sözlə, ən azı on altı milyon tümən olsa), əlinizdə qalan malın xümsünü verin.Haram sərmayədən əldə edilən malın halallığa çıxarılması
Sual 82. Əgər bir şəxsin əsas sərmayəsi haram maldan olarsa və bu şəxs əmlakını halallığa çıxarmaq istəyərsə, nə etməlidir?
Cavab: Əgər o, haram malın sahiblərini tanıyırsa, onların razılığını əldə etməlidir. Amma əgər onları tanımırsa və ya onlarla əlaqə yarada bilmirsə, haram malın miqdarını bildiyi təqdirdə, bu mal “sahibi məlum olmayan mal” hökmündədir və onu şəri fəqirə[1] sədəqə verməlidir. Bunun üçün şəri-hakimdən icazə almaq ehtiyat-müstəhəbə müvafiqdir. Amma əgər haram malın miqdarını bilmirsə və onun sahiblərini də tanımırsa, haram sərmayənin və ondan əldə edilən gəlirin xümsünü çıxarmalıdır.
[1] Şəri fəqir o şəxsə deyilir ki, özünün və ailəsinin xərclərini öz şənlərinə uyğun həddə (birdəfəyə və ya tədricən) verməyə imkanı yoxdur.
- Mədən
Mədən
Əgər mədəndən faydalı qazıntı çıxarılsa, onun dəyəri çıxarılma və saflaşdırma xərcləri çıxıldıqdan sonra on beş misqal qızıla[1] bərabər olduğu təqdirdə xümsü verilməlidir. Yox əgər onun dəyəri bu miqdardan az olsa, ona xüms düşmür.
Mədənin yerin altında və ya yerin üstündə olmasının, həmçinin şəxsi mülkdə və ya müəyyən sahibi olmayan bir ərazidə olmasının fərqi yoxdur.
Əgər iki və ya daha çox şəxs birlikdə mədəndən faydalı qazıntı çıxartsalar, çəkilən xərclər çıxıldıqdan sonra onlardan hansı birinin payının dəyəri “nisab həddi”nə (yəni on beş misqal qızıla) çatarsa, həmin şəxs öz payının xümsünü verməlidir.
Qeyd: Yuxarıdakı şərtlər mövcud olduğu təqdirdə, mədənin xümsü dərhal verilməlidir və şəxsin xüms ili ilə əlaqəsi yoxdur.
Sual 83. Birjadan aldığım səhmlər bir mədənin səhmləridir. Bu səhmlərə “mədən” ünvanında xüms düşürmü?
Cavab: Mədən səhmlərinin “mədən” hökmündə olması sübuta yetməyibdir. Odur ki, bu səhmlərə “mədən” ünvanında xüms düşmür.
- Dəfinə
Dəfinə
Əgər bir şəxs ürfə görə “dəfinə” adlanan bir şey tapsa və onun dəyəri iyirmi qızıl dinara və ya iki yüz gümüş dirhəmə bərabər olsa, bu şəxs dərhal və öz xüms ilini nəzərə almadan həmin dəfinənin xümsünü verməlidir. Qeyd etməliyik ki, dəfinənin tapılması barəsində ölkənin müəyyən qanunları mövcuddur. Ona görə də müəyyən qanunların mövcud olduğu hallarda bu qanunlara əməl olunmalıdır.
Dəfinənin hansı ərazidə tapılmasının fərqi yoxdur. Belə ki, müəyyən qanunlar mövcud olmadığı təqdirdə, dəfinə onu tapanın əmlakıdır və xümsünü verməlidir. Amma əgər bir şəxs dəfinəni aldığı və ya ona hədiyyə verilən mülkdə taparsa, dəfinənin mülkün əvvəlki sahibinə aid olduğunu ehtimal etdiyi təqdirdə, dəfinə tapdığını ona bildirməlidir. Əgər dəfinə ona aid olmazsa, mülkün ondan əvvəlki sahibinə bunu bildirməlidir. Əgər dəfinə ona da aid olmazsa, ondan əvvəlki sahiblərinə – onlardan kimi tanıyırsa və ya dəfinənin onlardan kimə aid olduğunu ehtimal edirsə – bildirməlidir. Əgər onlardan heç birinə aid olmazsa, bu halda dəfinə onu tapan şəxsin əmlakı olacaqdır və xümsünü verməlidir.
- Dalğıclıq vasitəsilə əldə edilən cəvahirat
Dalğıclıq vasitəsilə əldə edilən cəvahirat
Əgər bir şəxs dənizin dibinə enib, mirvari və mərcan kimi dənizin dibinə enməklə əldə edilən qiymətli daşları çıxartsa, bu iş üçün çəkilən xərclər çıxıldıqdan sonra əldə edilən cəvahiratın ümumi dəyəri on səkkiz “noxud qızıl” dəyərində və ya daha çox olduğu təqdirdə, onun xümsü verilməlidir. Dənizdən çıxarılan cəvahiratın eyni növ və ya bir neçə növ olmasının, həmçinin birdəfəyə və ya bir-birinə yaxın müddətdə bir neçə dəfəyə çıxarılmasının fərqi yoxdur. Ehtiyat-vacibə görə, böyük çaylar, o cümlədən Nil, Fərat və ya Karun çayları “dəniz” hökmündədir.
Əgər bir şəxs dənizin dibinə enmədən hər hansı bir vasitə ilə cəvahiratı dənizdən çıxartsa, çəkilən xərclər çıxıldıqdan sonra cəvahiratın ümumi dəyəri on səkkiz “noxud qızıl”a çatdığı təqdirdə, ehtiyat-vacibə görə, onun xümsü verilməlidir.
Əgər cəvahirat öz-özünə dənizin daxilindən çıxsa və şəxs onu suyun üzərindən və ya dənizin sahilindən götürsə, ona xüms düşmür. Amma əgər bu, onun işi olsa, bu halda əldə edilən cəvahirat “iş gəliri” hesab olunur və iş gəlirinin hökmü əvvəlki məsələlərdə açıqlandı.
-
-
- İKİNCİ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
- ÜÇÜNCÜ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ
- DÖRDÜNCÜ FƏSİL: XÜMSÜN SƏRF EDİLDİYİ YERLƏR
DÖRDÜNCÜ FƏSİL: XÜMSÜN SƏRF EDİLDİYİ YERLƏR
Xüms iki bərabər paya ayrılır. Bir pay İmamın (ə), bir pay da seyidlərindir. Xümsün istifadəsi aşağıdakı məsələlərdə açıqlanacaqdır. Qeyd edək ki, xüms mərcəyi-təqlidin ofisinə və ya onun vəkilinə təhvil verilməlidir.
Xüms işləri başçısı
Xüms, hətta başqa bir şəxsin vasitəsilə olsa belə, xüms işləri başçısına təhvil verilməli və onun möhürü ilə möhürlənmiş qəbz alınmalıdır. Bu hökm baxımından İmam (ə) payı ilə seyid payı arasında fərq yoxdur, yəni hər iki pay xüms işləri başçısına təhvil verilməlidir. Ümumiyyətlə, xüms – istər İmam (ə) payı, istərsə də seyid payı – xüms işləri başçısının icazəsi ilə istifadə olunmalıdır.
Xümsün xüms işləri başçısından qeyri bir şəxsə verilməsi
Sual 272. İmam Xomeyninin (r.ə), sizin və bəzi fəqihlərin nəzərinə görə, xüms “müsəlmanların başçısı”na verilməlidir. Əgər xüms ondan qeyri bir şəxsə verilərsə, hökm nədir?
Cavab: Əgər hər bir şəxs öz mərcəyi-təqlidinin fətvasına müvafiq şəkildə xümsünü ödəyərsə, öz vəzifəsinə əməl etmişdir.
Həyatda olan mərcəyi-təqlidin icazəsi
Sual 273. Əgər bir şəxsin xümsü təhvil almağa dair bizim əvvəlki mərcəyi-təqlidimizdən icazəsi var idisə, indi o Ayətullah Xameneidən bu iş üçün icazə almalıdırmı?
Cavab: Bəli, icazə almalıdır.
İmam (ə) payı
Sual 274. İmam (ə) payını xeyriyyə işlərinə, məsələn, din elmləri mərkəzinə və ya yetimlər evinə sərf etmək üçün şəxs öz mərcəyi-təqlidindən icazə almalıdırmı, yoxsa başqa mərcəyi-təqlidlərdən icazə alması kifayət edir? Ümumiyyətlə, mərcəyi-təqliddən icazə almaq vacibdirmi?
Cavab: Ümumiyyətlə, xümsün (həm İmam (ə) payının, həm də seyid payının) istifadəsi xüms işləri başçısının ixtiyarındadır. Xümsdən hər hansı bir şəkildə istifadə etmək onun icazəsi əsasında olmalıdır.
Sual 275. Şəxs xümsün hamısını və ya bir hissəsini fəqirlərə – istər seyid fəqirə, istərsə də qeyri-seyid fəqirə – verə bilərmi?
Cavab: O, öz mərcəyi-təqlidindən icazə almadan bu işi görə bilməz.
Sual 276. Şəri əmlak vergisi (xüms, məzalim[1], zəkat) hökumət işlərindəndirmi, yoxsa yox? Öhdəsində xüms olan şəxs seyid payını fəqir seyidə verə bilərmi? Yaxud şəxs məzalimi və zəkatı haqq sahibinə verə bilərmi?
Cavab: Şəxsin özü zəkatı dindar və iffətli yoxsula verə bilər. Məzalimi isə şəri-hakimin izni ilə verməsi ehtiyat-müstəhəbə müvafiqdir. Amma xümsü bizim nümayəndəliyimizə və ya nümayəndələrdən birinə təhvil verməli, yaxud da xümsün istifadəsi üçün icazə almalıdır.
Sual 277. Bəzi şəxslər mərcəyi-təqliddən icazə almadan seyidlərin su pulu və işıq pulu qəbzini ödəyirlər. Bu məbləği xümsdən hesab edə bilərlərmi, yoxsa hesab edə bilməzlər?
Cavab: Bu iş üçün bizim nümayəndəliyimizin və ya vəkilimizin icazəsi olmalıdır. Əvvəlki ödənişlərin məbləğini “Şəri əmlak vergiləri” şöbəsinə açıqlayın.
Sual 278. Xümsü dövlət məktəblərinə sərf etmək olarmı?
Cavab: Bu kimi işlər üçün xeyriyyəçilərin ianələrindən və möminlərin maddi köməkliklərindən istifadə olunsun.
Sual 279. İmam (ə) payını dini kitabların alınıb paylanmasına sərf etmək olarmı?
Cavab: Ümumiyyətlə, xümsün istifadəsi xüms işləri başçısının icazəsi əsasında olmalıdır.
Sual 280. Mənim boynumda müəyyən məbləğ İmam (ə) payı vardır və onu sizə təhvil verməliyəm. Digər tərəfdən də köməyə ehtiyacı olan bir məscid vardır. Bu pulun məscidin tikintisi və təmirinə xərclənməsi üçün onu məscidin imam-camaatına verməyimə icazə verirsinizmi?
Cavab: Bu kimi işlər üçün möminlərin maddi köməkliklərindən istifadə olunsun.
Sual 281. Biz belə ehtimal edirik ki, atamız həyatda ikən öz malının xümsünü tam ödəməyibdir. O, vəfat etdikdən sonra biz onun torpaq sahələrindən birini xəstəxana tikintisi üçün bağışladıq. Bu torpaq sahəsini mərhumun malının xümsü olaraq hesab edə bilərikmi?
Cavab: Bu, xüms ünvanında hesab olunmur.
Seyid payı
Sual 282. Mən xümsümün seyid payını tanış seyidlərə vermək üçün sizin vəkilinizdən icazə almışam. Seyid payını hansı seyidə verməliyəm? Xahiş edirəm ki, izah edəsiniz.
Cavab: Seyid payı aşağıdakı xüsusiyyətlərə malik olan seyidə verilməlidir:
1- Bu şəxs sizin himayənizdə olan, başqa sözlə, dolanışıq xərcləri sizin öhdənizdə olan şəxs olmamalıdır;
2- Seyid “şəri fəqir” olmalıdır, yəni onun illik gəliri xərclərini ödəmir. Əgər onun fəqir olmadığı sonradan məlum olarsa, verilən xüms kifayət etmir və yenidən fəqir seyidə verilməlidir.
3- Seyid payı olan pulun özü fəqir seyidə təhvil verilməlidir, bu pul ilə hansısa bir malı alıb ona verməyə icazə verilmir. Amma əgər xümsü vermək istədiyiniz fəqir seyid buna icazə verərsə, bu halda bu işi görməyin maneəsi yoxdur.
4- Xüms verilən fəqir seyid on iki imam şiəsi olmalıdır.Sual 283. Əgər seyid şəxsin işi və qazancı vardırsa, xüms almaq haqqına malikdirmi, yoxsa xüms ala bilməz?
Cavab: Əgər işi və qazancı olmasına rəğmən, yenə də xərclərini təmin edən və şəninə uyğun olan qazancı yoxdursa və fəqir sayılırsa, o, xüms almaq haqqına malikdir.
Qeyd: Kəffarələri, məzalimləri və sədəqələri (istər müstəhəb sədəqə olsun, istərsə də vacib sədəqə olsun, məsələn, nəzir, vəsiyyət və bu kimi səbəblərə görə vacib olan sədəqələri) fəqir seyidlərə vermək olar.
Sual 284. Seyid payını xeyriyyə işlərinə, məsələn, seyidlərin izdivacına sərf etmək olarmı?
Cavab: Əgər seyid payını seyidlərə verməyə icazəniz vardırsa, seyid payı olan pulu nağd şəkildə fəqir seyidə verməlisiniz. Əlbəttə, əgər seyid payını vermək istədiyiniz seyid sözügedən işləri görmək üçün sizə vəkalət verərsə, onu görməyinizin maneəsi yoxdur.
Sual 285. Xüms işləri başçısından icazə alaraq seyid payını əri və övladları olan, amma əri seyid olmayan seyidə qadına vermək olarmı? Bu qadın həmin pulu öz övladlarına və ərinə xərcləyə bilərmi?
Cavab: Əgər seyidə xanım fəqirdirsə, xüms işləri başçısının və ya onun vəkilinin icazəsi ilə seyid payını ona vermək olar. O, bu pulu övladlarına və ərinə xərcləyə bilər.
Sual 286. Bir seyidə qadının əri vəfat etmişdir və onun atası ailənin dolanışıq xərclərini təmin etməkdə səhlənkarlıq göstərir. Halbuki həmin məntəqənin əhalisi bu qadının atasını imkanlı, amma eyni zamanda ailəsinə qarşı xəsis şəxs kimi tanıyırlar. Seyid payından qadının vacib dolanışıq xərcləri məbləğində ona pul vermək olarmı? Fərz edək ki, əgər onun atası: “Mənə ancaq yemək və geyim xərclərini vermək vacibdir. Başqa xərcləri, məsələn, qadınlara aid əşyaları almaq və ya uşaqların gündəlik xərcliklərini vermək mənə vacib deyildir” – desə, ehtiyaclarını təmin edəcək məbləğdə pulu seyid payından ona vermək olarmı?
Cavab: Hər bir halda, əgər bu xanım fəqirdirsə, xüms işləri başçısının və ya onun vəkilinin icazəsi ilə seyid payını ona vermək olar. O, bu pulu adi dolanışıq xərclərinə sərf edə bilər.
Xümsü fəqir ata-anaya və ya övlada vermək
Şəxs öz xümsünü onun himayəsində olan, başqa sözlə, dolanışıq xərcləri onun öhdəsində olan şəxslərə, məsələn, valideynlərinə, babalarına, övladlarına və ya nəvələrinə verə bilməz.
Sual 287. Mən iyirmi beş yaşında bir gəncəm və idarə işçisiyəm. Subayam və ata-anamla birlikdə yaşayıram. Atam yaşlıdır və gəliri də yoxdur. Dörd ildir ki, dolanışıq xərclərini mən təmin edirəm. Mənim elə bir maddi imkanım yoxdur ki, həm illik gəlirimin xümsünü verim, həm də dolanışıq xərclərini təmin edim. Hətta əvvəlki illərin gəlirindən doqquz yüz manat xüms borcum vardır və mən onu bir yerə qeyd etmişəm ki, sonradan ödəyim. Sualımı cavablandırmağınızı xahiş edirəm. Mən ilin gəlirinin xümsünü atama və anama verə bilərəmmi?
Cavab: Ata və ananızın dolanışıq xərcləri sizin öhdənizdə olduğuna görə siz xümsünüzü onlara verə bilməzsiniz. Sizin maddi imkanınız olduğuna görə xüms ili ərzində onların dolanışıq xərclərini təmin etməlisiniz.
Sual 288. Seyid olan bir şəxs öz xümsünü köməklik məqsədilə övladlarına verə bilərmi?
Cavab: Seyid bir şəxs onun himayəsində olan, yəni dolanışıq xərcləri onun öhdəsində olan şəxsə öz xümsünü, hətta qeyri-vacib xərclər üçün belə, verə bilməz.
[1] Məzalim – insanın boynunda olan, amma sahibi bilinməyən və ya sahibi əlçatmaz olan mala deyilir.
- BEŞİNCİ FƏSİL: XÜMSÜN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
BEŞİNCİ FƏSİL: XÜMSÜN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
Xüms düşən malın istifadəsi
Sual 289. Xümsü verilməyən bir mal irs qalmışdır. Varis şəxs bu malın xümsünü verməlidirmi?
Cavab: Ümumiyyətlə, mərhumun borclu qaldığı və ödəmədiyi xüms irs bölünməmişdən qabaq ödənilməlidir.
Sual 290. Atam həyatda ikən bir torpaq sahəsini rəsmi sənədlə mənim adıma keçirib və o, vəfat etdikdən sonra bu torpaq sahəsi mənə irs çatıbdır. Atam vəsiyyətnaməsində yazmışdır ki, onun əmlakının xümsü verilsin. Mən bu torpaq sahəsinin xümsünü verməliyəmmi?
Cavab: Əgər sizin atanız vəsiyyətnaməsində bu torpaq sahəsinin xümsünü verməyi qeyd edibdirsə, ilk öncə vəsiyyətə əməl olunmalıdır. Bundan sonra bu torpaq sahəsi sizin mülkiyyətinizə keçir. Amma əgər atanız həyatda ikən sözügedən torpaq sahəsini sizin mülkiyyətinizə keçiribsə və siz də onu təhvil almısınızsa, eyni zamanda bu torpaq sahəsinə xüms düşürdüsə, verilən hədiyyə düzgündür. Amma bu torpaq sahəsinin xümsü mərhumun digər borcları kimi, onun irsi bölünməmişdən qabaq verilməlidir.
Sual 291. Bir şəxs vəfat etmişdir və onun boynunda xüms borcu vardır. Bəzi varislər atanın xümsünün verilməsinə mane olur və irsin bölünməsini tələb edirlər. Bizim vəzifəmiz nədir?
Cavab: Əgər mərhumun özü xüms borcu olduğunu vəsiyyət edibdirsə və ya varislərin buna yəqinliyi vardırsa, mərhumun xüms borcu verilməyənədək varislər irsdən istifadə edə bilməzlər. Yalnız o halda istifadə edə bilərlər ki, mərhumun xüms borcunu səhlənkarlıq göstərmədən verməyi ciddi şəkildə qərara alıblar.
Sual 292. Əgər varis şəxs mərhumun boynunda xüms borcu olduğunu və irs bölünməmişdən qabaq xümsün ödənilmədiyini bilsə, onun vəzifəsi nədir? Əgər o, xümsü verməmişdən qabaq maldan istifadə etsə və ya onunla alğı-satqı həyata keçirsə, hökm nədir?
Cavab: Bu şəxs irsdən ona çatan pay nisbətində mərhumun xüms borcunu ödəməlidir. Məsələn, əgər mərhumun əmlakının onda biri ona irs çatıbdırsa, mərhumun xüms borcunun onda birini ödəməlidir. Xümsü verməmişdən qabaq maldan etdiyi istifadələrin iradı yoxdur və alğı-satqı da düzgündür.
Xüms verməyən şəxs ilə ünsiyyət
Xüms verməyən şəxs ilə ünsiyyətdə olmaq onun əməlinə haqq qazandırmaq hesab olunmadığı təqdirdə, iradsızdır. Əlbəttə, əgər “pis işlərdən çəkindirmək” şəri vəzifəsinin şərtləri mövcud olarsa, onu bu işdən çəkindirmək lazımdır. Hətta əgər “pis işlərdən çəkindirmək” şəri vəzifəsini yerinə yetirmək onunla müvəqqəti olaraq əlaqələri kəsməyə bağlı olarsa, bu işi etmək lazımdır.
Xüms verməyən şəxsin malından istifadə etməyin iradı yoxdur. Hətta əgər bu şəxsin malından istifadə edən bir şəxs istifadə etdiyi mala xüms düşdüyünü yəqinliklə bilsə, ondan istifadə etməsinin iradı yoxdur.
Əgər ailə başçısı xüms vermirsə, ailə üzvlərinin onun malından istifadə etmələrinin iradı yoxdur, baxmayaraq ki, ailə başçısı xüms vermədiyinə görə günah edir.
Sual 293. Mən atamın xüms vermədiyinə əminəm. Ona bu barədə bir söz deyəndə, deyir ki, bizim özümüzə xüms verilməlidir, bizə xüms vermək vacib deyildir. Atanın aldığı ev əşyalarından və ərzaqlardan ailə üzvlərinin istifadə etməsinin iradı vardırmı?
Cavab: Ümumiyyətlə, xüms verməyən şəxsin malından başqalarının istifadə etməsinin iradı yoxdur.
Sual 294. Dini göstərişlərə əməl etməyən, xüsusilə də namaz qılmayan və xüms verməyən müsəlmanlarla ünsiyyətdə olmağın hökmü nədir? Onların evində yemək yeməyin iradı vardırmı? Əgər iradı vardırsa, onların evində bir neçə dəfə yemək yeyən şəxsin vəzifəsi nədir?
Cavab: Ümumiyyətlə, xüms verməyən şəxslərin malından istifadə etməyin iradı yoxdur. Amma əgər onlarla ünsiyyətdə olmaq onların əməllərini dəstəkləmək hesab olunarsa və ya “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” şəri vəzifəsini yerinə yetirmək onlarla ünsiyyəti kəsməyə bağlı olarsa, onlarla ünsiyyətdə olmaqdan çəkinmək lazımdır.
Xüms verməyən şəxs ilə alğı-satqı etmək
Xüms verməyən şəxs ilə alğı-satqı etmək və onunla şərik olmağın iradı yoxdur, alğı-satqı və şəriklik düzgündür. Əlbəttə, “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” şəri vəzifəsinin şərtləri mövcud olduğu təqdirdə, bu şəri vəzifəni yerinə yetirmək vacibdir.
Sual 295. Biz xüms verməyən və xüms ili olmayan şəxslərlə alğı-satqı edirik, onlarla görüşürük və bir süfrədə əyləşib yemək yeyirik. Bu məsələnin hökmü nədir?
Cavab: Sizin üzərinizə “yaxşı işlərə dəvət etmək” və “pis işlərdən çəkindirmək” şəri vəzifəsini yerinə yetirməkdən qeyri bir vəzifə düşmür.
Sual 296. Əgər müştəri aldığı mala xüms düşdüyünü və satıcının bu malın xümsünü ödəmədiyini bilsə, müştəri bu maldan istifadə edə bilərmi?
Cavab: İstifadə edə bilər.
Sual 297. Əgər mənim şəriklərimin xüms ili yoxdursa, mənim vəzifəm nədir?
Cavab: Şəriklərin hər biri öz payının hesabatını aparmalı və xümsünü ödəməlidir, bu vəzifə hər bir şərikin öz öhdəsindədir. Bu baxımdan başqalarının üzərinə heç bir vəzifə düşmür.
Sual 298. Əgər bir neçə şəxs şərik olsalar, onların hər biri öz gəlirinin xümsünü ayrıca olaraq verməlidir, yoxsa xüms ümumi büdcədən verilməlidir?
Cavab: Hər bir şərik öz payının gəlirinin xümsünü hesablayıb ödəməlidir.
Əvvəlki mərcəyi-təqlidin fətvasına əsasən xüms düşən mal
Sual 299. Əvvəlki mərcəyi-təqlidimin fətvasına əsasən, hədiyyələrə, bayramlıqlara xüms düşür. Mən o zaman aldığım hədiyyələr və bayramlıqların xümsünü verməmişəm. İndi sizə təqlid edirəm. Mən onların xümsünü verməliyəmmi?
Cavab: Onların xümsünü verməyiniz vacib deyildir.
Sual 300. İmam Xomeyninin (r.ə) nəzərinə görə, məişət ehtiyacı olan bir şey satıldığı zaman onun xümsü dərhal verilməlidir. Mən İmam Xomeyniyə (r.ə) təqlid etdiyim illərdə bu məsələni bilməmişəm və ona əməl etməmişəm. İndi illərdir ki, sizə təqlid edirəm. Həmişə xüms ilim olubdur və malımın xümsünü tam şəkildə ödəməyə çalışmışam. Sizdən xahiş edirəm ki, İmam Xomeyniyə (r.ə) təqlid etdiyim illərdə əgər həmin məsələyə əməl etməmişəmsə, mənim üzərimdən vəzifəni götürəsiniz.
Cavab: Bu baxımdan sizin üzərinizdə heç bir vəzifə yoxdur.
Artıq ödənilən məbləğin xüms borcu əvəzinə hesablanması
Sual 301. Mən xüms düşməyən malın səhvən xümsünü vermişəm. Verdiyim bu məbləği hal-hazırda xüms düşən malımın xümsü ünvanında hesab edə bilərəmmi?
Cavab: Siz “Şəri əmlak vergiləri və şəri sualların cavablandırılması” şöbəsinə müraciət edib, vəzifənizi öyrənə bilərsiniz.
Sual 302. Əgər bir şəxs bu il xüms məbləğindən əlavə, bir qədər artıq məbləğ ödəsə, o, artıq ödədiyi məbləği sonrakı illərdə xüms ünvanında hesablaya bilərmi?
Cavab: Bu şəxs “Şəri əmlak vergiləri və şəri sualların cavablandırılması” şöbəsinə müraciət edib, vəzifəsini öyrənə bilər.
Ödənilən xümsü geri almaq
Sual 303. Əgər bir şəxs mərcəyi-təqlidin icazəsi ilə müəyyən məbləğ xümsü müəyyən bir yerə və ya şəxsə ödəsə, hansısa bir səbəbə görə onu geri istəyə və ala bilərmi?
Cavab: Mərcəyi-təqlidin icazəsi olmadan onu geri ala bilməz.
Sual 304. Mən xüms ünvanında müəyyən məbləğ pul ödəmişəm, amma sonradan malıma xüms düşmədiyini və səhvən xüms ödədiyimi başa düşmüşəm. Mən bu pulu geri istəyə və ala bilərəmmi?
Cavab: Müxtəlif hallar mövcuddur. Siz mərcəyi-təqlidinizin ofisinə və ya vəkilinə müraciət edin.
Qəsdi-qürbət etmədən xüms ödəmək
Sual 305. Bir şəxs xümsünü verərkən qəsdi-qürbət etməyib (yəni Allaha yaxınlaşmaq niyyəti etməyib). Bu halda o, xüms borcundan çıxmış sayılırmı?
Cavab: Şəxs qəsdi-qürbət etmədən belə, xümsünü ödədiyi təqdirdə xüms borcundan çıxır.
Başqasının xümsünü vermək
Sual 306. Bir şəxs başqa bir şəxsin xümsünü verə bilərmi?
Cavab: Bunun maneəsi yoxdur.
Xümsün ödənilməsi üçün başqa şəxsi vəkil etmək
Sual 307. Bir şəxs öz torpaq sahələrini övladları arasında bölüşdürmüş və onlara demişdir ki, mən bu torpaq sahələrinin xümsünü ödəməmişəm. Odur ki, hər biriniz aldığınız torpaq sahəsinin xümsünü ödəyin. Övladlar da bu şərti qəbul edərək torpaq sahələrini alıblar. Əgər övladlar torpaq sahələrinin xümsünü ödəməsələr, bu şəxsin boynunda xüms borcu vardırmı?
Cavab: Bu şəxsin boynunda xüms borcu vardır.
Sual 308. Mənim müəyyən məbləğ borcum vardır. Borc verən şəxs mənə tapşırdı ki, ona olan borcumu onun xümsü ünvanında mərcəyi-təqlidin ofisinə ödəyim. Hal-hazırda borcu qaytarmağa mənim maddi imkanım yoxdur. Mən bu pulu tədricən və imkan yarandıqca ödəyə bilərəmmi?
Cavab: Borc verən şəxs öz xümsünü imkan daxilində yubatmadan və ilk fürsətdə ödəməlidir. O, borcunu ödəməyə maddi imkanı olmayan bir şəxsə onun xümsünü ödəməsini tapşıra bilməz. Əks halda, xüms borc verən şəxsin boynundadır və xüms ödənilməyənədək, o, borcdan çıxmamışdır.
Xümsün bank vasitəsilə ödənilməsi
Sual 309. Mən xümsümü hesablayıb kənara qoymuşam. Bu pulun özünü sizə və ya ofisinizə çatdırmaq bir qədər çətindir. Bu pulu bank vasitəsilə sizə göndərə bilərəmmi? Amma qeyd edim ki, sizin bankdan təhvil alacağınız pul mənim banka ödədiyim pulun özü deyildir.
Cavab: Bunun iradı yoxdur.
Xümsün bağışlanması və müsalihə edilməsi
Sual 310. Hansı hallarda xüms bağışlana bilər?
Cavab: Xüms bağışlanmır.
Sual 311. Mən izdivac etmək istəyirəm. Gəlir əldə etmək üçün müəyyən məbləğ pulumu universitetə yatırım etmişəm. Bu pulun xümsünü müsalihə etmək mümkündürmü?
Cavab: Vacib olan xüms bağışlanmır və müsalihə edilmir.
Ödənişi üçün möhlət alınan xüms borcu
Sual 312. Belə deyirlər ki, mərcəyi-təqlidin hansı ofisində xüms hesablanıb və ödənişi üçün möhlət alınıbsa, sonradan xümsü həmin ofisə ödəmək lazımdır. Xüms borcunu sizin bölgələrdə yerləşən istənilən ofisinizə ödəyə bilərikmi?
Cavab: Xümsü istənilən ofisimizə ödəsəniz, kifayət edir.
Xümsün vasitəçi şəxsin əlində tələf olması
Sual 313. Əgər bir şəxs müəyyən məbləğ xüms pulunu başqa bir şəxsə versə ki, onu mərcəyi-təqlidin ofisinə çatdırsın, amma yolda bu pul itsə və ya oğurlansa, kim bu pulu ödəməlidir? Bu halda xüms verən şəxsin boynundan xüms borcu götürülürmü?
Cavab: Əgər vasitəçi şəxs pulu qorumaqda səhlənkarlıq etməyibsə, bu pulu borclu deyildir və onu öz tərəfindən ödəməsi lazım deyildir. Əgər vasitəçi şəxs mərcəyi-təqlidin vəkili deyildirsə, xüms borcu xüms verən şəxsin boynundan götürülmür və o, xümsü ödəməlidir.
Xüms ödənildiyi təqdirdə həcc üçün müstəti olmaqdan xaric olmaq
Sual 314. Bir şəxs həcc üçün müstəti olubdur, amma təməttu həcci üçün ödəniş etməmişdən qabaq onun xüms ili başa çatıbdır. Əgər o, xümsünü ödəsə, bu halda həcc ziyarətinin ödənişi üçün kifayət qədər pulu qalmayacaqdır. Onun malına xüms düşürmü? Bu şəxs müstəti olmaqdan xaric olurmu?
Cavab: Xüms ili başa çatdıqda xümsü ödəmək vacibdir. Əgər ötən illərdə bu şəxsə həcc vacib olmayıbsa və hal-hazırda xümsü verdiyi təqdirdə müstəti olmayacaqdırsa, həcc ona vacib olmur.