Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • TƏQLİD MƏSƏLƏLƏRİ
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
    Çap versiyası  ;  PDF
     
    Musiqi və ğina

     

    Sual 1128: Halal musiqinin haram musiqidən ayırd etməyin meyarı nədir? Klassik musiqilər halaldırmı? Bu meyarı açıqlamağınızı xahiş edirəm.
    Cavab: Ürfə görə eyş-işrət məclislərinə uyğun olub Allah yolundan azdıran hər bir musiqi haram musiqi hesab olunur. Bu baxımdan musiqinin klassik, yoxsa qeyri-klassik musiqi olmasının bir fərqi yoxdur. Məsələni müəyyən etmək də mükəlləfin ürfi nəzərinə həvalə olunur. Əgər musiqi qeyd edilən xüsusiyyətlərə malik olmazsa, öz-özlüyündə maneəsi yoxdur.
     
    Sual 1129: İslam Təbliğatı Təşkilatı və ya başqa bir islam təbliğatı müəssisəsi tərəfindən icazə verilən musiqi disklərini dinləməyin hökmü nədir? Musiqi alətlərində, məsələn, kaman, skripka və fleytada ifa etməyin hökmü nədir?
    Cavab: Musiqi disklərini dinləyə biləcəyini mükəlləfin özü müəyyən edir. Belə ki, əgər mükəlləf musiqi disklərinin ğinanı, eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqiləri, həmçinin səhv məzmunlu musiqiləri ehtiva etmədiyini müəyyən edərsə, onları dinləməyin maneəsi yoxdur. Buna görə də, İslam Təbliğatı Təşkilatı və ya başqa bir islam təbliğatı müəssisəsi tərəfindən musiqi disklərinə icazə verilməsi, bu musiqilərin mübah olunması üçün təklikdə şəri dəlil deyildir. Musiqi alətlərində eyş-işrət və günah məclislərinə uyğun musiqiləri ifa etməyə icazə verilmir. Amma məntiqi hədəflər üçün musiqi alətlərindən halal istifadənin maneəsi yoxdur. Məsələni müəyyən etmək də mükəlləfin öz nəzərinə həvalə olunur.
     
    Sual 1130: Eyş-işrət məclislərinə uyğun musiqilər dedikdə, hansı musiqilər nəzərdə tutulur? Belə musiqiləri müəyyən etməyin meyarı nədir?
    Cavab: Eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqilər, malik olduğu xüsusiyyətlərə görə insanı Mütəal Allahdan və müsbət əxlaqi kefiyyətlərdən uzaqlaşdıran, əxlaqsızlığa və günaha sövq edən musiqilərdir. Məsələni müəyyən etməyin mənbəyi, ürfdür (camaatın nəzəridir).
     
    Sual 1131: İfaçının şəxsiyyəti, musiqinin ifa edildiyi məkan və ya musiqinin ifa edilməsində məqsədin musiqinin hökmünə təsiri vardırmı?
    Cavab: Haram musiqi, eyş-işrət və günah məclislərinə uyğun olan Allah yolundan azdıran musiqidir. Bəzən ifaçının şəxsiyyəti, yaxud musiqi ilə birgə oxunan sözlər, yaxud musiqinin ifa edildiyi məkan və başqa şərtlər, onun eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran haram musiqi adını və ya başqa haram adlar almasında rol oynayır. Məsələn, qeyd edilən şərtlər nəticəsində musiqi fəsada səbəb yaradır.
     
    Sual 1132: Musiqinin haramlığı meyarı yalnız onun eyş-işrət və günah məclislərinə uyğun olmasıdırmı, yoxsa dinləyicini həyəcanlandırması da musiqinin haramlığında rol oynayır? Əgər musiqi dinləyicinin kədərlənməsinə və ağlamasına səbəb olarsa, hökmü nədir? Qəzəlləri musiqilə oxumağın və dinləməyin hökmü nədir?
    Cavab: Burada musiqinin ifa edilmə qaydası və bütün xüsusiyyətləri nəzərə alınmalıdır. Əgər musiqi öz mahiyyəti etibarilə eyş-işrət və günah məclislərinə uyğun bir musiqidirsə, haramdır: istər dinləyicini həyəcanlandırsın və ya həyəcanlandırmasın, istər dinləyicidə kədər və digər hisslər yaratsın və ya yaratmasın. Əgər musiqilə birlikdə oxunan qəzəllər ğina və eyş-işrət məclislərinə uyğun musiqi şəklini alarsa, onları oxumaq və dinləmək haramdır.
     
    Sual 1133: Ğina nədir? Ğina təkcə insan səsinə şamil olur, yoxsa musiqi alətlərindən yayılan sədalara da şamil olur?
    Cavab: Ğina insan səsinə şamil olur və eyş-işrət məclislərinə uyğun avazlarda edilən boğazlardır. Bu tərzdə oxumaq və belə musiqini dinləmək haramdır.
     
    Sual 1134: Toy məclislərində qadınların qab-qazan və musiqi aləti olmayan digər vasitələri çalmalarına icazə verilirmi? Əgər səs ətrafa yayılarsa və kişilər eşidərsə, hökmü nədir?
    Cavab: Bu işin icazə verilməsi ifanın necəliyinə bağlıdır. Əgər qədim toy məclislərində çalındığı tərzdə çalınarsa və eyş-işrət məclislərinə uyğun musiqi hesab olunmazsa, habelə, fəsad yaratmazsa, maneəsi yoxdur.
     
    Sual 1135: Toy məclislərində qadınların dəf çalmasının hökmü nədir?
    Cavab: Eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqiləri çalmaq üçün musiqi alətlərindən istifadə etməyə icazə verilmir.
     
    Sual 1136: Evdə ğinaya qulaq asmaq olarmı? Əgər ğina bir şəxsə təsir etmirsə, bunun hökmü nədir?
    Cavab: Ğinaya qulaq asmaq birmənalı olaraq haramdır: istər evdə tək başına qulaq asasan və ya başqa insanların əhatəsində qulaq asasan, yaxud istər ğina insana təsir qoysun və ya təsir qoymasın.
     
    Sual 1137: Şəri vəzifə yaşına yeni çatan bəzi gənclər musiqinin ümumiyyətlə haram olduğuna - hətta islam dövlətinin radio və televiziyasından yayımlanan musiqilərin belə haram olduğuna - fətva verən müctəhidlərə təqlid edirlər. Bu məsələnin hökmü nədir? Əgər vəliyi-fəqih halal musiqiyə qulaq asmağa icazə verirsə, hökumət məsələlərinə görə onun halal musiqiyə icazə verməsi, halal musiqiyə qulaq asmağın icazəli olması üçün kifayət edirmi? Yoxsa bu gənclər təqlid etdikləri müctəhidin fətvasına əməl etməlidirlər?
    Cavab: Musiqini dinləməyə icazə verilməsi və ya icazə verilməməsinə dair fətva, hökumət məsələlərindən deyildir. Bu məsələ, şəri və fiqhi bir məsələdir və hər bir mükəlləf təqlid etdiyi müctəhidin fətvasına müvafiq əməl etməlidir. Amma əgər musiqi eyş-işrət və günah məclislərinə uyğun bir musiqi deyilsə və fəsad yaratmırsa, onun haram olması üçün bir dəlil mövcud deyildir.
     
    Sual 1138: Musiqi və ğina dedikdə, nə nəzərdə tutulur?
    Cavab: Ğina - eyş-işrət məclislərinə uyğun avazlarda edilən boğazlardır. Ğina günahdır və oxuyana və dinləyənə haramdır. Musiqi - musiqi alətlərinin ifasından yayılan sədalardır. Əgər musiqi eyş-işrət və günah məclislərinə uyğun bir şəkildə ifa edilərsə, həm musiqini ifa edənə, həm də dinləyənə haramdır. Amma əgər bu şəkildə olmazsa, öz-özlüyündə maneəsi yoxdur və buna icazə verilir.
     
    Sual 1139: Mənim işlədiyim yerin sahibi həmişə ğina disklərinə qulaq asır. Mən də bunu eşitmək məcburiyyətindəyəm. Mən bu işdə işləyə bilərəm, yoxsa yox?
    Cavab: Əgər disklərdə ğina və eyş-işrət və günah məclislərinə uyğun olan musiqilərdirsə, bu disklərə qulaq asmaq olmaz. Amma əgər siz həmin yerdə olmaq məcburiyyətindəsinizsə, ora getməyiniz və orada işləməyinizin sizin üçün bir maneəsi yoxdur. Amma ğinaya qulaq asmamalısınız, baxmayaraq ki, qeyri-ixtiyari olaraq onu eşidirsiniz.
     
    Sual 1140: İslam dövlətinin radio və televiziyasından yayımlanan musiqinin hökmü nədir? İmam Xomeyninin (r.ə) musiqini ümumiyyətlə halal elan etməsi barədə danışılanlar düzdürmü?
    Cavab: İmam Xomeyninin (r.ə) musiqini ümumiyyətlə halal elan etməsi barədə danışılanlar onun adından deyilən bir yalan və iftiradır. İmam Xomeyni (r.ə) günah məclislərinə uyğun olan musiqiləri haram bilirdi və bizim də nəzərimiz elə budur. Amma mükəlləflər arasındakı fikirayrılığı, məsələnin müəyyən edilməsindən qaynaqlanır. Çünki məsələni müəyyən etmək, mükəlləfin öz nəzərinə həvalə olunur. Bəzən ifaçının nəzəri dinləyənin nəzəri ilə fərqli olur. Belə olduğu təqdirdə, əgər bir musiqi mükəlləfin nəzərinə görə eyş-işrət və günah məclislərinə uyğurdursa, onun bu musiqiyə qulaq asması haramdır. Şübhəli qalan musiqilər isə halal hökmündədir. Musiqinin radio və televiziyadan yayımlanması, onun mübah və halal olması üçün öz-özlüyündə şəri dəlil hesab olunmur.
     
    Sual 1141: Radio və televiziyadan yayımlanan bəzi musiqilər mənim nəzərimə görə eyş-işrət və günah məclislərinə uyğun olan musiqilərdir. Mən bu musiqilərə qulaq asmaqdan çəkinməliyəmmi və başqalarını da ona qulaq asmaqdan çəkindirməliyəmmi?
    Cavab: Əgər siz bu musiqiləri eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqilər hesab edirsinizsə, onlara qulaq asa bilməzsiniz. Amma başqalarını “nəhy ənil-munkər” ünvanında bu musiqilərə qulaq asmaqdan o təqdirdə çəkindirə bilərsiniz ki, onların da həmin musiqiləri haram musiqi bildikləri sizə aydındır.
     
    Sual 1142: Qərb ölkələrinin ğina və haram musiqilərini dinləmək və yaymağın hökmü nədir?
    Cavab: Eyş-işrət və günah məclislərinə uyğun olan musiqilərin dinlənilməsinə icazə verilməməsi, musiqinin hansı dildə olmasının və ya hansı ölkəyə aid olmasının bir fərqi yoxdur. Buna görə də, ğina və haram musiqilərin disklərinin alış-satışına, onları dinləməyə və yaymağa icazə verilmir.
     
    Sual 1143: Kişi və ya qadının ğina tərzində oxumasının – istər disklərdə səsyazma olsun və ya radiodan yayımlansın, yaxud istər musiqi ilə birgə olsun və ya birgə olmasın – hökmü nədir?
    Cavab: Ğina haramdır və ğina tərzində oxumağa və ona qulaq asmağa icazə verilmir: istər kişi oxusun və ya qadın oxusun, yaxud istər birbaşa yayımlansın və ya disklərdə səsyazma olsun, yaxud da istər musiqi alətlərinin ifası ilə birgə olsun və ya birgə olmasın.
     
    Sual 1144: Müqəddəs bir məkanda, məsələn, məsciddə məntiqi və halal bir məqsəd üçün musiqi çalınmasının hökmü nədir?
    Cavab: Eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqiləri çalmağa birmənalı olaraq icazə verilmir, hətta məsciddən qeyri bir məkanda və məntiqi və halal bir məqsədlə olsa belə. Amma inqilab marşlarının və bu kimi musiqilərin müqəddəs məkanda və müəyyən bir münasibətlə əlaqədar çalınmasının maneəsi yoxdur. Bu şərtlə ki, həmin məkanın hörmətinə zidd olmasın və məscid kimi məkanlarda olduğu təqdirdə namaz qılanlar üçün maneəçilik yaratmasın.
     
    Sual 1146: Bədii qiraət şəklində şeir deyən və ya bir mətn oxuyan qadını dinləməyin – dinləyici istər gənc olsun və ya gənc olmasın, yaxud istər kişi olsun və ya qadın olsun - hökmü nədir? Əgər qadın məhrəmlərdən olarsa, hökm nədir?
    Cavab: Əgər qadın şeiri ğina tərzində oxumursa və dinləyici onun səsini “ləzzət” və “reybə” məqsədilə dinləmirsə, habelə, bunun başqa bir fəsadı yoxdursa, onu dinləməyin maneəsi yoxdur və yuxarıda qeyd edilən surətlər arasında fərq yoxdur.
     
    Sual 1147: İranın mədəni irsi sayılan milli musiqilər haramdır, yoxsa haram deyildir?
    Cavab: Ürfə görə eyş-işrət və günah məclislərinə uyğun olan musiqilər birmənalı olaraq haramdır və bu baxımdan musiqinin İran, yoxsa başqa bir ölkənin musiqisi olması, yaxud milli və ya qeyri-milli musiqi olmasının bir fərqi yoxdur.
     
    Sual 1148: Bəzən ərəb radiolarından bəzi musiiqlər yayımlanır. Ərəb dilini dinləməyi sevdiyinə görə mükəlləf bu musiqiləri dinləyə bilərmi?
    Cavab: Eyş-işrət və günah məclislərinə uyğun olan musiqiləri dinləmək birmənalı olaraq haramdır və ərəb dilini dinləməyi sevmək bu musiqiləri dinləmək üçün şəri icazə hesab olunmur.
     
    Sual 1149: Şeiri avazla, amma musiqi səslənmədən oxumaq və təkrarlamaq olarmı?
    Cavab: Ğina, hətta musiqi alətinin müşayiəti ilə birgə olmasa belə, haramdır. Ğina dedikdə, eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran bir tərzdə boğazlar edərək oxumaqdır. Amma sırf şeiri təkrarlamağın maneəsi yoxdur.
     
    Sual 1150: Musiqi alətlərinin alış-satışının hökmü nədir? Onlardan hansı hüdudda istifadə etmək olar?
    Cavab: Haram olan və haram olmayan musiqilərin ifası üçün müştərək şəkildə istifadə edilən musiqi alətlərinin alış-satışının maneəsi yoxdur.
     
    Sual 1151: Quran və dua oxuyarkən, azan deyərkən ğina etmək olarmı?
    Cavab: Ğina - eyş-işrət məclislərinə uyğun avazlarda edilən boğazlardır. Ğina - hətta Quran və dua oxuyarkən, azan və mərsiyə deyərkən - birmənalı olaraq haramdır.
     
    Sual 1152: Hazırkı dövrdə bəzi xəstəliklərin, o cümlədən, ruh düşgünlüyü, iztirab, cinsi problemlər və qadınların soyuqtəbiətliyinin müalicəsində musiqidən istifadə olunur. Bunun hökmü nədir?
    Cavab: Əgər mütəxəssis və etibarlı həkimin nəzərinə görə xəstəliyin müalicəsi musiqidən istifadə etməyə bağlıdırsa, müalicə üçün tələb olunan həddə musiqidən istifadə etməyin maneəsi yoxdur.
     
    Sual 1153: Əgər ğinaya qulaq asmaq insanın öz həyat yoldaşına meylinin artmasına səbəb olarsa, bunun hökmü nədir?
    Cavab: Sırf insanın öz həyat yoldaşına meylinin artması, ğinaya qulaq asmaq üçün şəri icazə hesab edilmir.
     
    Sual 1154: Qadının qadınlar üçün konsert proqramı verməsinin – belə ki, ifaçılar da qadınlardır – hökmü nədir?
    Cavab: Əgər konsert ğinadan və Allah yolundan azdıran və günah məclislərinə uyğun olan musiqilərdən ibarət olarsa, haramdır.
     
    Sual 1155: Əgər musiqinin “haram musiqi” hesab olunması üçün meyar onun eyş-işrət və günah məclislərinə uyğun olmasıdırsa, onda bəzi insanlarda, hətta müməyyiz olmayan uşaqlarda şadlıq hissi yaradan avazların və mahnıların hökmü nədir? Əgər qadın müğənnilərin ğina tərzində oxuduqları avazlar insanda şadlıq hissi yaratmazsa, onları dinləmək olarmı? Ümumi sərnişin marşurutlarının sürücüləri əksər hallarda bayağı musiqi diskləri oxutdururlar. Bu marşurutlara minən sərnişinlərin vəzifəsi nədir?
    Cavab: Əgər bir musiqi və ya boğazlarla yanaşı olan bir avaz tərz və ya məzmun baxımından, yaxud da musiqi alətini ifa edərkən ifaçının və ya oxuyarkən müğənninin xüsusi vəziyyəti baxımından ğina olarsa və ya eyş-işrət və günah məclislərinə uyğun olan bir musiqi olarsa - hətta bu avaz və ya musiqi öz mənfi təsirini insanda qoymasa belə - ona qulaq asmaq haramdır. Əgər ümumi sərnişin marşurutlarında və ya başqa maşınlarda ğina və ya günah məclislərinə uyğun olan musiqi diskləri oxutdurulursa, sərnişinlər buna qulaq asmamalı və nəhy ənil-munkər etməlidirlər.
     
    Sual 1156: Kişi öz zövcəsindən cinsi ləzzət almaq məqsədilə naməhrəm qadının ğinasına qulaq asa bilərmi? Qadın öz əri və ya kişi öz zövcəsi üçün ğina tərzində oxuya bilərmi? Bu söz düzdürmü ki, şəriət sahibi ğinanı eyş-işrət və günah məclislərinə uyğun olduğuna və bu ikisinin bir-birindən ayrılmadığına görə haram buyurmuşdur? Başqa sözlə, ğinanın haram olması belə məclislərin haram olmasından qaynaqlanırmı?
    Cavab: Ğinaya qulaq asmaq birmənalı olaraq haramdır. Qeyd olunduğu kimi, ğina eyş-işrət məclislərinə uyğun avazlarda edilən boğazlardır. Hətta qadının öz əri üçün və ya kişinin öz zövcəsi üçün ğina tərzində oxuması haramdır. İnsanın öz həyat yoldaşından cinsi ləzzət almaq məqsədi, ğinanı mübah etmir. Ğina və bu kimi işlərin haramlığı şəriətin birbaşa göstərişidir və şiə fiqhinin dəyişməz hökmüdür. Ğinanın haramlığına fərzi meyarlar, psixoloji və ictimai təsirlər əsasında fətva verilməyibdir. Ğina haram hökmünü daşıdığı müddətədək haramdır və ondan çəkinmək birmənalı olaraq vacibdir.
     
    Sual 1157: Müəllimlər universitetinin tələbələri ixtisas fənləri mərhələsində “inqilab mahnıları və melodiyaları” fənnində iştirak etməlidirlər. Onlar bəzi musiqi parçalarını öyrənir, müsiqilərlə ümumi şəkildə tanış olurlar. Bu musiqiləri əsasən sintizator vasitəsilə öyrənirlər. Əsas fənlərdən olan bu fənni öyrənməyin hökmü nədir? Sintizator almaq və ondan istifadə etməyin hökmü nədir? Xüsusilə də, verilən tapşırıqları kişilərin qarşısında icra etmək xüsusunda qadınların vəzifəsi nədir?
    Cavab: İnqilab mahnılarının, dini proqramların, mədəni və tərbiyəvi fəaliyyətlərin icrası üçün musiqi alətlərindən istifadə etməyin öz-özlüyündə maneəsi yoxdur. Sözügedən işlər üçün musiqi alətlərini alıb-satmağın, musiqi öyrətmək və öyrənməyin də maneəsi yoxdur. Xanımlar vacib hicaba və şəri qaydalara riayət edərək bu dərsdə iştirak edə bilərlər.
     
    Sual 1158: Bəzi mahnılar zahirdə inqilabi mahnılardır və ürf də onları inqilabi mahnılar hesab edir. Amma müğənninin məqsədinin inqilabi, yoxsa eyş-işrət mahnıları oxumaq olduğunu bilmirik. Müğənninin müsəlman olmadığını, amma oxuduğu mahnıların vətənpərvərlik, işğal əleyhinə mübarizə və müdafiə məzmunu daşıdığını nəzərə alaraq, bu mahnılara qulaq asmağın hökmü nədir?
    Cavab: Əgər dinləyənin nəzərinə görə bu mahnılar ürfdə eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran mahnılar deyildirsə, onlara qulaq asmağın maneəsi yoxdur. Müğənninin məqsədinin və oxuduğu mahnının məzmununun bu xüsusda rolu yoxdur.
     
    Sual 1159: Bir gənc bəzi idmanların beynəlxalq məşqçisi və hakimi peşəsi üzrə işləyir. Peşəsinin tələbinə görə, o, bəzən ğina və haram musiqi yayımlanan idman klublarına getmək məcburiyyətində qalır. Nəzərə alsaq ki, bu işin gəliri ilə o öz dolanışıq xərclərinin bir qismini təmin edir və onun yaşadığı yerdə iş yerləri azdır, o, belə idman klublarına gedə bilərmi?
    Cavab: Onun bu peşə üzrə işləməsinin maneəsi yoxdur. Amma ğinaya və eyş-işrət musiqilərinə qulaq asması haramdır. Məcburiyyət hallarında ğina və haram musiqi məclisinə daxil olmaq olar, amma belə mahnılara və musiqilərə qulaq asmaqdan çəkinmək lazımdır. Qeyri-ixtiyari olaraq insanın belə musiqiləri eşitməsinin maneəsi yoxdur.
     
    Sual 1160: Musiqiyə ancaq “qulaq asmaq” haramdır, yoxsa musiqini “eşitmək” də haramdır?
    Cavab: Ğinanı və eyş-işrət musiqilərini eşitmək, onlara qulaq asmaq hökmündə deyildir. Əlbəttə, bəzi hallarda onları eşitmək, ürfdə elə qulaq asmaq hesab olunur.
     
    Sual 1161: Quranın qiraəti musiqi ilə müşayiət oluna bilərmi? Belə ki, bu musiqi adətən eyş-işrət məclislərində istifadə edilən musiqi alətlərindən qeyri alətlərdə ifa olunacaqdır?
    Cavab: Qurani-Kərimi onun şəninə uyğun bir tərzdə gözəl səslə oxumağın maneəsi yoxdur, hətta bu, bəyənilən bir əməldir. Əlbəttə, bu şərtlə ki, haram ğina həddinə çatmamalıdır. Amma Quranın qiraətinin musiqi ilə müşayiət olunmasının şəri əsası yoxdur.
     
    Sual 1162: Mövlud şənliklərində və başqa məclislərdə təbil çalmağın hökmü nədir?
    Cavab: Musiqi və çalğı alətlərindən eyş-işrət və günah məclislərinə uyğun tərzdə istifadə etmək birmənalı olaraq haramdır.
     
    Sual 1163: Məktəblərdə şagirdlərdən ibarət mahnı qruplarının musiqi alətlərindən istifadə etmələrinin hökmü nədir?
    Cavab: Ürfdə halal və haram məclislər üçün müştərək şəkildə istifadə oluna bilən musiqi alətlərindən eyş-işrət məclislərinə uyğun olmayan bir tərzdə halal məqsədlər üçün istifadə etmək olar. Amma ürfə görə eyş-işrət məclislərinə xas olan musiqi alətlərindən istifadə etmək olmaz.
     
    Sual 1164: Musiqi aləti olan santuru düzəltmək və bir peşə kimi bu yolla qazanc əldə etmək olarmı? Bu musiqi alətini düzəltmək sənətini genişləndirmək və təkmilləşdirmək, musiqiçiləri santur çalmağa təşviq etmək məqsədilə santur musiqi alətinin düzəldilməsinə maddi dəstək olmaq olarmı? Klassik musiqiləri yaymaq və yaşatmaq məqsədilə qədim iran milli musiqilərini öyrənmək və öyrətmək olarmı?
    Cavab: Eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqilər həddinə çatdırmadan milli və ya inqilabi musiqiləri ifa etmək, yaxud hər hansı bir halal və faydalı məqsəd üçün musiqi alətlərindən istifadə etməyin maneəsi yoxdur. Həmçinin sözügedən məqsədlər üçün musiqi öyrənmək və öyrətmək, musiqi alətlərini düzəltməyin maneəsi yoxdur.
     
    Sual 1165: Hansı musiqi alətləri eyş-işrət məclislərinə uyğun musiqi alətləri hesab olunur və onlardan istifadə etməyə əsla icazə verilmir?
    Cavab: Adətən eyş-işrət məclislərində istifadə olunan və onlar vasitəsilə halal qazanc əldə edilməyən musiqi alətləri nəzərdə tutulur.
     
    Sual 1166: Haram musiqi disklərinin üzünü köçürmək müqabilində pul almaq olarmı?
    Cavab: Dinlənilməsi haram olan musiqilər diskinin üzünü köçürmək və bunun müqabilində pul almaq olmaz.

     

  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • İhtikar və israf
  • Alğı-satqı və müamilənin ehkamı
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /