Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
    Çap versiyası  ;  PDF
     
    Naməhrəmin videogörüntüsü və fotoşəkli

     

    Sual 1183: Naməhrəm qadının hicabsız görüntüsünə baxmağın hökmü nədir? Televizorda görüntülənən qadının üzünə baxmağın hökmü nədir? Bu baxımdan müsəlman qadın ilə qeyri-müsəlman qadın arasında, həmçinin birbaşa yayım ilə birbaşa olmayan yayım arasında fərq vardırmı?
    Cavab: Naməhrəm qadının görüntüsünə baxmaq naməhrəm qadının özünə baxmaq hökmündə deyildir. Beləliklə, əgər kişi naməhrəm qadının görüntüsünə ləzzət üzündən baxmazsa və günaha düşmək qorxusu mövcud olmazsa, həmçinin müsəlman qadının görüntüsü olduğu təqdirdə, bu görüntüyə baxmaq müsəlman qadının hörmətini sındırmaq hesab olunmazsa, ona baxmağın maneəsi yoxdur. Ehtiyat-vacibə görə, televizorda birbaşa yayımda görüntülənən naməhrəm qadına baxmaq olmaz. Amma əgər televizorda birbaşa olmayan yayımda görüntülənən naməhrəm qadına baxmağın günaha düşmək qorxusu mövcud olmazsa, ona baxmağın maneəsi yoxdur.

     

    Sual 1184: Peyk antenaları vasitəsilə yayımlanan televiziya kanallarına baxmağın hökmü nədir? Əgər Fars körfəzi ölkələrinə qonşu olan rayonların sakinləri həmin ölkələrin televiziya kanallarını izləsələr, bunun hökmü nədir?
    Cavab: Qərbin peyk vasitəsilə yayımlanan televiziya kanalları, həmçinin qonşu ölkələrin əksəriyyətinin televiziya kanalları azğın düşüncələri təlim və haqqı təhrif etdiyinə, fəsad və əxlaqsızlığı təbliğ etdiyinə görə, habelə, bu kanalları izləmək əksər hallarda azğınlığa, fəsada və haram işlərin yerinə yetirilməsinə səbəb olduğuna görə bu kanallara baxmaq olmaz.

     

    Sual 1185: Radio və televiziyadan komediya proqramlarını dinləmək və ya izləməyin maneəsi varmı?
    Cavab: Komediya proqramlarını və gülməli teatrları dinləmək və izləməyin maneəsi yoxdur, əlbəttə, bu şərtlə ki, mömin bir şəxsə qarşı hörmətsizlik olmamalıdır.

     

    Sual 1186: Toy məclisində mənim bir neçə fotoşəklimi çəkdilər və mən bu fotoşəkillərdə kamil hicabda deyildim. İndi bu fotoşəkillər mənim dostlarımda və qohumlarımdadır. Bu fotoşəkilləri onlardan almaq mənə vacibdirmi?
    Cavab: Əgər bu fotoşəkillərin başqalarında olmasının bir fəsadı yoxdursa, yaxud bu fotoşəkilləri başqalarından almağın sizə böyük çətinliyi və əziyyəti vardırsa, bu barədə sizin üzərinizə bir vəzifə düşmür.

     

    Sual 1187: İmam Xomeyninin (r.ə) və şəhidlərin fotoşəklini öpməyin biz qadınlar üçün maneəsi vardırmı, nəzərə alaraq ki, onlar biz qadınlara naməhrəmdirlər?
    Cavab: Ümumiyyətlə, insanın fotoşəkli onun özü hökmündə deyildir. Ona görə də günaha düşmək qorxusu mövcud olmadığı təqdirdə, ehtiram və sevgi göstərmək məqsədilə fotoşəkli öpməyin maneəsi yoxdur.

     

    Sual 1188: Kinofilmlərdə və başqa videogörüntülərdə tanımadığımız qadınların çılpaq və yarıçılpaq görüntülərinə baxmaq olarmı?
    Cavab: Naməhrəmin videogörüntüsünə və fotoşəklinə baxmaq, onun özünə baxmaq hökmündə deyildir. Beləliklə, əgər mükəlləf naməhrəmin videogörüntüsünə və fotoşəklinə şəhvət üzündən baxmazsa və harama düşmək qorxusu olmazsa, həmçinin fəsadı olmazsa, bunun şəri baxımdan maneəsi yoxdur. Amma nəzərə alsaq ki, çılpaq qadın görüntüsünə baxmaq şəhvəti təhrik edir və bu görüntülərə, adətən, şəhvət ilə baxılır, buna görə də, günah işlətmək üçün bir başlanğıc olur, bu baxımdan belə görüntülərə baxmaq haramdır.

     

    Sual 1189: Qadın ərinin icazəsi olmadan toy məclislərində fotoşəkil çəkdirə bilərmi? Əgər çəkdirə bilərsə, kamil hicaba riayət etməlidirmi?
    Cavab: Fotoşəkil çəkdirmək üçün ərin icazəsi lazım deyildir. Amma əgər qadın ehtimal versə ki, naməhrəm kişi onun fotoşəklini görə bilər və kamil hicaba riayət etməmək fəsadla nəticələnər, kamil hicaba riayət etmək vacibdir.

     

    Sual 1190: Qadınlar kişilərin güləşini izləyə bilərmi?
    Cavab: Əgər güləş meydanında iştirak edərək izləyərlərsə, yaxud ləzzət almaq məqsədilə izləyərlərsə, yaxud da günaha və fəsada düşmək qorxusu mövcud olarsa, buna icazə verilmir. Əgər televizayadan birbaşa yayımda izləyərlərsə, ehtiyata görə, icazə verilmir. Bundan qeyri hallarda isə, maneəsi yoxdur.

     

    Sual 1191: Əgər toy məclisi gecəsi gəlin başına açıqrəngli və nazik örtük atarsa, naməhrəm kişi onun fotoşəklini çəkə bilərmi?
    Cavab: Əgər bu iş naməhrəm qadına haram baxış ilə yanaşı olarsa, bu işi görmək olmaz. Əks təqdirdə, maneəsi yoxdur.

     

    Sual 1192: Qadının öz məhrəmləri ilə hicabsız fotoşəklini çəkməyin hökmü nədir? Əgər ehtimal verilsə ki, fotoşəkillər çıxarılarkən naməhrəm bir kişi onları görəcəkdir, bunun hökmü nədir?
    Cavab: Əgər bu qadına baxan və onun fotoşəklini çəkən fotoqraf bu qadının məhrəmlərindən olarsa, qadının fotoşəklini çəkməyin maneəsi yoxdur. Qadını tanımayan fotoqrafın bu fotoşəkilləri çıxarmasının da maneəsi yoxdur.

     

    Sual 1193: Bəzi gənclər əxlaqa zidd görüntülərə baxır və bu işləri üçün əsassız üzrlər gətirirlər. Bunun hökmü nədir? Əgər bu görüntülərə baxmaq insanın şəhvətini müəyyən qədər sakitləşdirərsə və harama düşməyin qarşısının alınmasında təsirli olarsa, hökmü nədir?
    Cavab: Əgər şəxs bu görüntülərə cinsi ləzzət almaq məqsədilə baxarsa, yaxud bu görüntülərə baxdıqda şəhvətinin təhrik olacağını bilərsə, yaxud günaha və fəsada düşmək qorxusu mövcud olarsa, bu təqdirdə bu görüntülərə baxmaq haramdır. Amma başqa bir harama düşməməsi üçün insanın bu görüntülərə baxması məsələsinə gəlincə, bu məsələ şəri baxımdan haram olan bir işi görməyi icazəli etmir.

     

    Sual 1194: Musiqi çalınan və rəqs edilən şənlik məclislərində video çəkiliş etmək üçün iştirak etməyin hökmü nədir? Kişinin kişi məclislərindən və qadının qadın məclislərindən video çəkiliş etməsinin hökmü nədir? Toy məclisinin video çəkilişini kişi montajçının – istər toy sahibinin ailəsini tanıyan, istərsə də tanımayan bir montajçının – montaj etməsinin hökmü nədir? Həmçinin bu işi qadın montajçının etməsinin hökmü nədir? Bu video yazılarda musiqilərdən istifadə etmək olarmı?
    Cavab: Ğinaya və ya haram musiqiyə qulaq asmaq, yaxud hansısa bir haram işi görmək ilə yanaşı olmadığı təqdirdə, şənlik məclislərində iştirak etməyin, həmçinin kişinin kişi məclislərindən və qadının qadın məclislərindən video çəkiliş etməsinin maneəsi yoxdur. Amma kişinin qadın məclislərindən və ya qadının kişi məclislərindən video çəkiliş etməsinə gəlincə, əgər günaha düşmək qorxusu olan baxış ilə yanaşı olarsa, yaxud hər hansı bir fəsadı olarsa, bu işə icazə verilmir. Həmçinin video yazılarda eyş-işrət və günah məclislərinə uyğun olan musiqilərdən istifadə etmək haramdır.
     
    Sual 1195: İslam hökuməti televiziyasından yayımlanan kinofilmləri (istər xarici, istər daxili kinofilmlər) və musiqiləri izləmək və dinləməyin hökmü nədir?
    Cavab: Əgər dinləyici və ya izləyici müəyyən etsə ki, radio və televiziyadan yayımlanan musiqi eyş-işrət və günah məclislərinə uyğun musiqidir, yaxud televiziyada nümayiş etdirilən kinofilmi izləməyin fəsadı vardır, o, bu musiqini dinləyə və ya bu kinofilmi izləyə bilməz. Bu musiqi və ya kinofilmin radio və televiziyadan yayımlanması, onu dinləmək və ya izləməyin icazəli olmasına şəri dəlil hesab olunmur.

     

    Sual 1196: Dövlət müəssisələrində divara vurmaq üçün Həzrət Peyğəmbər (s), Əmirəl-möminin Əli (ə) və İmam Hüseynə (ə) aid edilən təsvirləri almağın və satmağın hökmü nədir?

     

    Cavab: Bu işin öz-özlüyündə şəri baxımdan maneəsi yoxdur, bu şərtlə ki, ürfə görə hörmətsizlik hesab olunan cəhətlərə şamil olmamalı və o həzrətlərin şəninə zidd olmamalıdır.

     

    Sual 1197: Şəhvətin təhrik olunmasına səbəb olan əxlaqa zidd kitabları və şeirləri oxumağın hökmü nədir?
    Cavab: Onlardan çəkinmək gərəkdir.

     

    Sual 1198: Peyk antenaları vasitəsilə yayımlanan televiziya kanallarında bəzi ictimai proqramlar göstərilir ki, qərb cəmiyyətinin ictimai məsələlərini əks etdirir və azğın düşüncələri yaymaq, o cümlədən, kişi və qadın arasında məsafənin olmamasına təşviq etmək və qeyri-qanuni cinsi əlaqələri təbliğ etmək xarakteri daşıyır. Belə ki, bu proqramlar bəzi möminləri də öz təsiri altına almışdır. Təsir altına düşməsi ehtimal verilən şəxslərin bu proqramları izləməsinin hökmü nədir? Bu hökm, bu proqramları təhlil edib onların mənfi cəhətlərini aşkarlamaq və camaata bu proqramlara baxmamaq üçün öyüd-nəsihət etmək məqsədilə baxan şəxslər barəsində dəyişirmi?
    Cavab: Əgər bu proqramlar cinsi ləzzət almaq məqsədilə izlənilərsə, yaxud təsir altına düşmək və fəsad qorxusu mövcud olarsa, onları izləmək olmaz. Amma bu proqramların təsiri altına və fəsada düşməyəcəyinə əmin olan səlahiyyətli şəxslərin bu proqramları təhlil etmək və camaatı onların təhlükələri və mənfi cəhətləri barədə məlumatlandırmaq məqsədilə onları izləməsinin maneəsi yoxdur. Əlbəttə, əgər bu zəmində müəyyən qanunlar mövcud olarsa, onlara riayət olunmalıdır.

     

    Sual 1199: Bəzənmiş və başı-sinəsi açıq televiziya aparıcısının saçlarına baxmaq olarmı?
    Cavab: Əgər ləzzət almaq məqsədilə olmazsa və harama, fəsada düşmək qorxusu mövcud olmazsa, habelə, birbaşa və canlı yayım olmazsa, maneəsi yoxdur.

     

    Sual 1200: Ailəli şəxs şəhvəti təhrik edən filmləri izləyə bilərmi?
    Cavab: Əgər bu filmləri şəhvətinin təhrik olunması məqsədilə izləyərsə, yaxud bu filmləri izləmək şəhvətin təhrik olunmansına səbəb olarsa, onları izləyə bilməz.

     

    Sual 1201: Harama düşməyə səbəb olmadığı təqdirdə, evli kişinin hamilə qadın ilə düzgün qaydada cinsi əlaqədə olmağı təlim edən videoçarxları izləməsinin hökmü nədir?
    Cavab: Bu videoçarxları izləmək hər zaman şəhvəti təhrik edən baxış ilə birgə olduğuna görə, onları izləmək olmaz.

     

    Sual 1202: İcazəli olan kinofilmləri, dərgiləri, nəşriyyatları, audio diskləri müəyyən etmək məqsədilə Dini Maarif Nazirliyinin nəzarət məsullarının müxtəlif kinofilmləri, dərgiləri, nəşriyyatları və audio diskləri izləmələri və dinləmələrinin hökmü nədir?
    Cavab: Qanuni vəzifələrini yerinə yetirərkən Dini Maarif Nazirliyinin nəzarət məsullarının bu materialları zəruri miqdarda izləmələri və dinləmələrinin maneəsi yoxdur. Amma ləzzət almaq niyyətindən və harama düşmək qorxusu olan baxışdan çəkinməlidirlər. Həmçinin nəzarət və araşdırma işinə təyin edilən şəxslər fikri və ruhi baxımdan müşavir məsulların nəzarəti altında olmalıdırlar.

     

    Sual 1203: Azdırıcı səhnələrini kəsib montaj etdikdən sonra izləyicilər arasında yaymaqdan ötrü belə səhnələri olan kinofilmləri izləməyin hökmü nədir?
    Cavab: Əgər bu kinofilmləri izləməkdə məqsəd, fəsad yaradan və azdırıcı səhnələri kəsib montaj etmək olarsa, onları izləməyin maneəsi yoxdur. Bu şərtlə ki, bu işi görən şəxs harama düşməkdən amanda olmalıdır.

     

    Sual 1204: Ər və arvad evdə porno filmləri izləyə bilərlərmi? Beldən aşağı iflic olan şəxs şəhvətinin təhrik olunması və öz həyat yoldaşı ilə cinsi əlaqədə olmağa qabil olması məqsədilə belə filmləri izləyə bilərmi?
    Cavab: Porno filmləri vasitəsilə şəhvətin təhrik edilməsinə icazə verilmir.

     

    Sual 1205: Fəsadı olmadığı təqdirdə, İslam dövlətinin qanunlarına görə qadağan olunmuş filmləri və görüntüləri gizli şəkildə izləməyin hökmü nədir? Gənc ər və arvad üçün bunun hökmü nədir?
    Cavab: Əgər qadağan olunmuş filmlər və görüntülərdirsə, onları izləməyin maneəsi vardır.

     

    Sual 1206: İslam hökümətinin ali dəyərlərinə və Ali Dini Liderə hörmətsizliyi ehtiva edən videoçarxları izləməyin hökmü nədir?
    Cavab: Onları izləməkdən çəkinmək lazımdır.

     

    Sual 1207: İslam inqilabından sonra İranda istehsal olunan bəzi kinofilmlərdə aktrisalar naqis hicabdadırlar və bunun bəzən mənfi təsirləri olur. Belə kinofilmləri izləməyin hökmü nədir?
    Cavab: Əgər izləyici bu kinofilmləri ləzzət almaq niyyətilə və ya harama düşmək qorxusu olan baxış ilə izləməzsə, həmçinin fəsadın yaranmasına səbəb olmazsa, onları izləməyin öz-özlüyündə maneəsi yoxdur. Amma kinematoqraflar İslamın dəyərli təlimlərinə zidd olan kinofilmləri istehsal etməkdən çəkinməlidirlər.

     

    Sual 1208: Dini Maarif Nazirliyinin təsdiqlədiyi kinofilmləri yaymağın hökmü nədir? Həmçinin Dini Maarif Nazirliyinin təsdiqlədiyi audio diskləri universitetlərdə yaymağın hökmü nədir?
    Cavab: Əgər mükəlləfin nəzərincə həmin kinofilmlər və ya audio disklər ürfə görə ğinanı, yaxud eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqiləri ehtiva edirsə, mükəlləf onları yaya, həmçinin izləyə və dinləyə bilməz. Əgər məsələnin təyin edilməsində mükəlləfin nəzəri bəzi aidiyyatı qurumların təsdiqi ilə ziddiyyət təşkil edirsə, bu qurumların təsdiqi sözügedən məsələnin mükəlləf üçün icazəli olmasına şəri dəlil hesab olunmayacaq.
     
    Sual 1209: Naməhrəm qadınların şəkli dərc olunan və geyim seçmək üçün istifadə edilən qadın geyimləri dərgilərini alıb-satmağın və saxlamağın hökmü nədir?
    Cavab: Bu dərgilərdə sırf naməhrəm qadınların şəklinin dərc olunması, onları alıb-satmağa və geyim seçmək üçün onlardan istifadə etməyə maneə yaratmır. Əlbəttə, bu şərtlə ki, həmin şəkillər fəsada səbəb olacaq bir tərzdə olmamalıdır.

     

    Sual 1210: Videokamera almaq və satmaq olarmı?
    Cavab: Haram işlərdə istifadə etmək məqsədilə olmadığı təqdirdə videokamera almağın və satmağın maneəsi yoxdur.

     

    Sual 1211: Əxlaqa zidd filmlərin disklərini, həmçinin video aparatı (DVD) alıb-satmağın və icarəyə verməyin hökmü nədir?
    Cavab: Əgər filmlər şəhvəti təkrik edən və azğınlıq və fəsada səbəb olan əxlaqa zidd səhnələrə şamil olarsa, yaxud ğinaya və ya eyş-işrət məclislərinə uyğun olan və Allah yolundan azdıran musiqilərə şamil olarsa, onları hazırlamaq, alıb-satmaq və icarəyə vermək olmaz. Həmçinin bu kimi filmləri izələmək və musiqiləri dinləmək üçün video aparatını (DVD) icarəyə verməyə icazə verilmir.

     

    Sual 1212: Xarici radioların xəbərlərini və elmi-mədəni proqramlarını dinləmək olarmı?
    Cavab: Azğınlığa və fəsada səbəb olmadığı təqdirdə, dinləmək olar.

     

  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /