Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • TƏQLİD MƏSƏLƏLƏRİ
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • İhtikar və israf
  • Alğı-satqı və müamilənin ehkamı
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
    Çap versiyası  ;  PDF
     
    Vəsiyyət
     
    Sual 1829: Bəzi şəhidlər vəsiyyət etmişlər ki, onların irsinin üçdə biri müqəddəs müdafiə cəbhələrinə yardım üçün xərclənsin. Hal-hazırda ölkə müharibə şəraitində olmadığına görə, bu vəsiyyətə əməl etmək mümkün deyildir. Bu vəsiyyətlərin hökmü nədir?
    Cavab: Əgər vəsiyyətə əməl etmək mümkün deyildirsə, irsin üçdə bir hissəsi də varislərə çatır. Əhvət budur ki, bu mal varislərin icazəsi ilə xeyriyyə işlərinə xərclənsin.
     
    Sual 1830: Qardaşım vəsiyyət etmişdir ki, irsinin üçdə biri xüsusi bir şəhərin müharibə didərginlərinə xərclənsin. Amma hal-hazırda həmin şəhərdə heç bir müharibə didərgini yoxdur. Vəzifə nədir?
    Cavab: Əgər “müharibə didərginləri” dedikdə, qardaşınızın hal-hazırda həmin şəhərdə yaşayanları nəzərdə tutduğu məlum olsa, hal-hazırda onlar müharibə didərgini olmadıqlarına görə, bu mal qardaşınızın varislərinə çatır. Bundan qeyri halda, bu pul həmin şəhərdə yaşamış müharibə didərginlərinə verilməlidir, baxmayaraq ki, hal-hazırda oradan köçüb getmişlər.
     
    Sual 1831: İnsan öz irsinin yarısının onun yas məclisinə xərclənməsini vəsiyyət edə bilərmi? Yoxsa bu miqdarı müəyyən etməyə icazə verilmir? Çünki İslam dini bu iş üçün xüsusi hüdud müəyyən etmişdir?
    Cavab: İnsanın öz irsindən onun yas məclisi üçün xərclənməsini vəsiyyət etməsinin maneəsi yoxdur və bunun şəriət baxımından xüsusi bir hüdudu da yoxdur. Amma mərhumun vəsiyyəti yalnız onun irsinin üçdə biri xüsusunda keçərlidir və irsin üçdə birindən çoxunun xərclənməsi varislərin icazəsinə bağlıdır.
     
    Sual 1832: Vəsiyyət etmək vacibdirmi? Yəni insan əgər vəsiyyət etməzsə, günah işlətmişdirmi?
    Cavab: Əgər insanın yanında başqalarının əmanəti vardırsa, həmçinin boynunda “həqqünnas” və “həqqüllah” vardırsa və həyatda ikən bu borcları ödəyə bilməyibdirsə, bunlar barəsində vəsiyyət etməsi vacibdir. Əks təqdirdə, vəsiyyət etmək vacib deyildir.
     
    Sual 1833: Bir kişi əmlakının üçdə birindən azını öz həyat yoldaşına vəsiyyət edir və böyük oğlunu özünə vəsi[1] təyin edir. Amma digər varislər bu vəsiyyətə etiraz edirlər. Bu halda vəsinin vəzifəsi nədir?
    Cavab: Əgər irsinin üçdə birini və ya bundan azını vəsiyət edibdirsə, digər varislərin etirazının heç bir əsası yoxdur. Əksinə, vəsiyyətə əməl etmələri vacibdir.
     
    Sual 1834: Əgər varislər vəsiyyəti ümumiyyətlə inkar etsələr, vəzifə nədir?
    Cavab: Vəsiyyətin mövcud olduğunu iddia edən şəxs bu iddianı şəri yollarla sübuta yetirməldir. Vəsiyyətin mövcud olduğu sübuta yetdiyi təqdirdə, əgər irsin üçdə birinə və ya bundan azına vəsiyyət edilibsə, ona əməl etmək vacibdir. Varislərin inkar və etirazının heç bir təsiri yoxdur.
     
    Sual 1835: Bir şəxs bir neçə etibarlı şəxsin, o cümlədən, oğullarından birinin qarşısında vəsiyyət etmişdir ki, xüms, zəkat və kəffarə kimi boynunda olan şəri haqların ödənilməsi, həmçinin namaz, oruc və həcc kimi boynunda olan vacib ibadətlərin yerinə yetirilməsi üçün əmlakının bir hissəsi onun irsindən çıxılsın. Amma varislərdən bəziləri bu məsələni inkar edir və atalarının əmlakından heç nə çıxılmadan əmlakın varislər arasında bölüşdürülməsini tələb edirlər. Bu barədə vəzifə nədir?
    Cavab: Vəsiyyətin mövcud olduğu şəri dəlillərlə və ya varislərin iqrarı ilə sübuta yetdikdən sonra vəsiyyət edilən əmlak irsin üçdə birindən çox olmadığı təqdirdə, varislərin bu əmlakın onlar arasında bölüşdürülməsini tələb etmək haqları yoxdur. Əksinə, onlar bu əmlakı mərhumun vəsiyyət etdiyi şəri haqlara və vacib ibadətlərə sərf edib, vəsiyyətə əməl etməlidirlər. Hətta əgər şəri yollarla və ya varislərin etirafı ilə sübuta yetsə ki, mərhum camaata borclu imiş, yaxud xüms, zəkat və kəffarə kimi şəri haqlar, yaxud da maddi-mənəvi ibadət olan həcc kimi bir ibadət onun boynunda var imiş, hətta mərhum bu borclar barəsində vəsiyyət etməsə belə, varislər mərhumun irsindən onun bütün borclarını qaytarmalıdırlar. Bundan sonra qalan irs onların arasında bölüşdürülməlidir.
     
    Sual 1836: Bir əkin sahəsinə sahib olan şəxs bu əkin sahəsinin məscidin təmirinə sərf edilməsini vəsiyyət etmişdir. Amma onun varisləri bu əkin sahəsini satıbdırlar. Mərhumun vəsiyyəti keçərlidirmi? Varislərin bu əmlakı satmaq haqları vardırmı?
    Cavab: Əgər vəsiyyətin məzmunu əkin sahəsinin satılıb məscidin təmirinə sərf edilməsi olarsa, əkin sahəsinin qiyməti irsin üçdə birindən çox olmadığı təqdirdə vəsiyyət keçərlidir və onun satılmasının maneəsi yoxdur. Amma əgər vəsiyyət edən şəxs əkin sahəsindən əldə edilən gəlirlərin məscidin təmirinə sərf edilməsini nəzərdə tutubdursa, varislərin bu əkin sahəsini satmaq haqları yoxdur.
     
    Sual 1837: Bir şəxs vəsiyyət etmişdir ki, onun torpaq sahələrindən biri boynunda olan namaz və orucun yerinə yetirilməsinə, həmçinin xeyriyyə işlərinə sərf edilsin. Bu torpaq sahəsini satmaq olarmı? Yoxsa vəqf hesab olunur?
    Cavab: Əgər dəlil və əlamətlərdən onun məqsədinin bu torpaq sahəsinin olduğu kimi qalması və torpaq sahəsinin gəlirlərinin ona sərf edilməsi olduğu başa düşülməzsə, əksinə, torpaq sahəsinin ona sərf edilməsini vəsiyyət etdiyi məlum olarsa, bu vəsiyyət vəqf hökmündə deyildir. Buna görə də, əgər torpaq sahəsinin qiyməti irsin üçdə birindən çox olmazsa, onu satıb pulunun mərhumun vəsiyyətinə sərf edilməsinin maneəsi yoxdur.
     
    Sual 1838: Ölümündən sonra onun özünə sərf edilsin deyə, insan öz əmlakından müəyyən qədərini irsin üçdə biri ünvanında kənara qoya, yaxud bir şəxsin yanında əmanət qoya bilərmi?
    Cavab: Bu işin maneəsi yoxdur, bu şərtlə ki, ölümündən sonra həmin malın iki misli qədər onun varisləri üçün qalmış olmalıdır.
     
    Sual 1839: Bir şəxs öz atasına vəsiyyət etmişdir ki, boynunda olan bir neçə ay qəza namazı və orucun yerinə yetirlməsi üçün əcir tutsun. Hal-hazırda isə bu şəxs itkin düşmüşdür. Onun qəza namazı və orucunun yerinə yetirilməsi üçün əcir tutmaq ataya vacibdirmi?
    Cavab: Vəsiyyət edən şəxsin öldüyü şəri dəlil və ya vəsinin əldə etdiyi məlumat vasitəsilə sübuta yetməyənədək, onun qəza namazı və orucunun yerinə yetirilməsi üçün atanın əcir tutması düzgün deyildir.
     
    Sual 1840: Atam öz torpaq sahəsinin üçdə birini məscidin tikilməsinə vəsiyyət etmişdir. Amma bu torpaq sahəsinin yaxınlığında iki məscidin olduğunu və əhalinin məktəb tikilməsinə böyük ehtiyacı olduğunu nəzərə alaraq, həmin torpaq sahəsində məscidin əvəzinə məktəb tikmək olarmı?
    Cavab: Vəsiyyəti dəyişdirib məscid əvəzinə məktəb tikmək olmaz. Amma əgər məscidin məhz həmin torpaq sahəsində tikilməsi nəzərdə tutlmayıbdırsa, həmin torpaq sahəsini satıb, onun pulunu məscidə ehtiyac duyulan başqa bir yerdə məscid tikintisinə sərf etməyin maneəsi yoxdur.
     
    Sual 1841: Bir şəxs vəsiyyət edə bilərmi ki, ölümündən sonra onun cəsədi tibb universiteti tələbələrinin ixtiyarında qoyulsun və cəsədin yarılması və tədris-təlim üçün istifadə edilsin? Yoxsa bu iş müsəlmanın cəsədinin müslə edilməsinə[2] səbəb olması baxımından haramdır?
    Cavab: Bizim fikrimizcə, “müslə”nin və onun kimi işlərin haramlığı dəlilləri başqa bir məsələdən qaynaqlanır. Bu, sualda qeyd edilən məsələyə şamil olmur, çünki cəsədin bu kimi məqsədlərlə yarılmasında mühüm fayda mövcuddur. Əgər müsəlmanın cəsədinə ehtiram göstərilməsi şərti gerçəkləşərsə - belə ki, bu şərt bu kimi məsələlərdə qaçılmazdır – zahirən cəsədin yarılmasının maneəsi olmayacaqdır.
     
    Sual 1842: Əgər bir şəxs ölümündən sonra bəzi əzalarının xəstəxanaya və ya bir şəxsə hədiyyə edilməsini vəsiyyət etsə, bu vəsiyyət düzgündürmü və onu yerinə yetirmək vacibdirmi?
    Cavab: Hansı əzaları cənazədən ayırmaq ölüyə hörmətsizlik hesab olunmursa, həmin əzalar barəsində edilən vəsiyyətin düzgün və keçərli olması da uzaq ehtimal deyildir. Bu vəsiyyəti yerinə yetirməyin maneəsi yoxdur.
     
    Sual 1843: Əgər vəsiyyət edən şəxs həyatda ikən varislər ona irsin üçdə birindən çoxu xüsusunda vəsiyyət etməsinə icazə versələr, bu, vəsiyyətin keçərli olmasına kifayət edirmi? Əgər kifayət edirsə, vəsiyyət edən şəxs vəfat etdikdən sonra varislər verdikləri icazədən dönə bilərlərmi?
    Cavab: Vəsiyyət edən şəxs həyatda ikən varislərin ona irsin üçdə birindən çoxu xüsusunda vəsiyyət etməsinə icazə vermələri, vəsiyyətin keçərli və düzgün olmasına kifayət edir. Vəsiyyət edən şəxs vəfat etdikdən sonra varislərin verdikləri icazədən dönmək haqları yoxdur. Həmçinin verdikləri icazədən dönmələrinin təsiri də yoxdur.
     
    Sual 1844: Bir şəhid qəza namazları və orucları barəsində vəsiyyət etmişdir, amma ondan irs qalmamışdır. Yaxud da ondan qalan irs təkcə bir ev və evdə olan əşyalardır ki, bunları satmaq onun azyaşlı övladlarının sıxıntıya düşmələrinə səbəb olacaqdır. Bu vəsiyyətlə əlaqədar onun varislərinin vəzifəsi nədir?
    Cavab: Əgər bu şəhiddən irs qalmayıbdırsa, onun vəsiyyətinə əməl etmək vacib deyildir. Amma onun böyük oğluna vacibdir ki, şəri vəzifə yaşına çatdıqda atasının qəza namazlarını və oruclarını yerinə yetirsin. Yox əgər ondan irs qalıbdırsa, irsin üçdə birinin onun vəsiyyətinə sərf edilməsi vacibdir. Varislərin ehtiyaclı və azyaşlı olmaları vəsiyyətə əməl etməmək üçün şəri üzr hesab olunmur.
     
    Sual 1845: Vəsiyyət edilən zaman “vəsiyyət olunan şəxs”in (موصی له) həyatda olması əmlak barəsindəki vəsiyyətin düzgün və keçərli olmasında şərtdirmi?
    Cavab: Əmlak barəsindəki vəsiyyətdə vəsiyyət edilən zaman “vəsiyyət olunan şəxs”in (موصی له) həyatda olması şərtdir, hətta ana bətnində döl şəklində olsa belə, yaxud ruh verilməmiş döl şəklində olsa belə, bu şərtlə ki, uşaq dünyaya diri gəlməlidir.
     
    Sual 1846: Bir şəxs yazılı vəsiyyətnaməsində özünə vəsi təyin etməklə yanaşı, başqa bir şəxsi də ona nəzarətçi təyin etmişdir. Amma nəzarətçi şəxsin səlahiyyətlərini qeyd etməmişdir. Yəni məlum deyildir ki, nəzarətçi şəxsin işi yalnız vəsiyyətə zidd əməl etməsin deyə, vəsinin işlərinə nəzarət etməkdir? Yoxsa vəsinin işləri barəsində fikir bildirməlidir və vəsi onun nəzəri əsasında işləri görməlidir? Bu halda, nəzarətçi şəxsin hansı səlahiyyətləri vardır?
    Cavab: Vəsiyyətin qeyd-şərtsiz olduğunu nəzərə alaraq, vəsinin öz işləri barəsində nəzarətçi şəxs ilə məsləhətləşməsi vacib deyildir, baxmayaraq ki, onunla məsləhətləşməsi əhvətə müvafiqdir. Nəzarətçi şəxsin vəzifəsi, yalnız vəsinin işlərinə nəzarət etməkdir.
     
    Sual 1847: Bir şəxs böyük oğlunu özünə vəsi, məni də ona nəzarətçi təyin etmişdir. Bu şəxs dünyasını dəyişir, ardınca da oğlu dünyasını dəyişir. Mən bu şəxsin vəsiyyətinin yerinə yetirilməsində məsuliyyət daşıyan tək şəxsəm. Amma indiki durumuma görə onun vəsiyyət etdiyi işləri yerinə yetirmək mənim üçün çətindir. Görəsən, vəsiyyəti dəyişdirmək və irsin üçdə birindən əldə edilən gəlirləri xeyriyyə işlərinə sərf etməsi, himayəsində olan ehtiyaclı fərdlərə xərcləməsi üçün səhiyyə idarəsinə vermək olarmı?
    Cavab: Nəzarətçi şəxs mərhumun vəsiyyətlərini - hətta vəsi dünyasını dəyişsə belə - müstəqil şəkildə yerinə yetirə bilməz. Amma əgər vəsiyyət edən şəxs vəsi dünyasını dəyişdiyi təqdirdə nəzarətçini vəsi təyin etdiyini qeyd edərsə, bu hal istisnadır. Əks təqdirdə, vəsi dünyasını dəyişdikdən sonra nəzarətçi şəxs şəri-hakimə müraciət etməlidir ki, şəri-hakim vəsinin yerinə başqa bir şəxsi təyin etsin. Hər bir halda, mərhumun vəsiyyətini dəyişdirməyə icazə verilmir.
     
    Sual 1848: Əgər bir şəxs əmlakının müəyyən hissəsinin Nəcəfdə Quran tilavətinə sərf edilməsini vəsiyyət etsə, yaxud bu iş üçün müəyyən miqdar malı vəqf etsə, amma vəsiyə və ya vəqf qəyyumuna Quran tilavətinə əcir tutmaqdan ötrü bu pulu Nəcəfə göndərmək mümkün olmazsa, onun bu barədə vəzifəsi nədir?
    Cavab: Əgər bu pulu Nəcəfdə Quran tilavətinə – hətta gələcəkdə olsa belə - sərf etmək mümkün olarsa, vəsiyyətə əməl etmək vacibdir.
     
    Sual 1849: Anam dünyasını dəyişməmişdən qabaq vəsiyyət etdi ki, onun qızıllarını cümə gecələri xeyriyyə işlərinə xərcləyim. İndiyə qədər mən onun vəsiyyətini yerinə yetirmişəm. Amma əhalisinin böyük ehtimalla müsəlman olmadığı xarici ölkələrə səfər etdiyim zaman mənim vəzifəm nədir?
    Cavab: Ananızın bu malın hər kəsə - istər müsəlmanlara, istərsə də qeyri-müsəlmanlara – xərclənməsini nəzərdə tutduğu dəqiqləşməyənədək, bu malın ancaq müsəlmanlara aid xeyriyyə işlərinə sərf edilməsi vacibdir. Hətta bu malı müsəlman ölkəsində etibarlı bir şəxsə vermək olar ki, onu müsəlmanlara xərcləsin.
     
    Sual 1850: Bir şəxs vəsiyyət etmişdir ki, onun torpaq sahələrinin bir hissəsi satılıb, pulu əzadarlıq məclislərinə və xeyriyyə işlərinə xərclənsin. Amma bu torpaq sahəsinin varislərdən qeyrisinə satılması varislər üçün çətinliklərin yaranmasına səbəb olacaqdır, çünki bu torpaq sahəsini digər torpaq sahələrindən ayırmaq böyük çətinliklər yaradacaqdır. Varislər bu torpaq sahəsini özləri üçün kredit şəklində ala bilərlərmi? Belə ki, hər il pulun bir hissəsini ödəsinlər və vəsinin və nəzarətçi şəxsin nəzarəti altında vəsiyyət edilən işə sərf edilsin?
    Cavab: Varislərin bu torpaq sahəsini özləri üçün almalarının maneəsi yoxdur. Həmçinin vəsiyyət edən şəxsin bu torpaq sahəsinin nağd satılmasını və pulun elə birinci il vəsiyyət edilən işə sərf edilməsini nəzərdə tutduğu dəqiqləşməyənədək, bu torpaq sahəsini kredit şəklində ədalətli qiymətə almalarının da maneəsi yoxdur. Bu şərtlə ki, vəsi və nəzarətçi şəxs bu işi məsləhətə uyğun görməlidirlər. Kreditlər də elə bir şəkildə olmalıdır ki, vəsiyyətə qarşı səhlənkarlıq göstərilməsi və onun yerinə yetirilməməsi ilə nəticələnməməlidir.
     
    Sual 1851: Ölümlə nəticələnən bir xəstəliyə tutulan şəxs iki şəxsə - vəsi və vəsinin naibi ünvanında vəsiyyət edir. Amma sonra fikrindən dönür və vəsiyyətini ləğv edir, bu barədə vəsiyə və vəsinin naibinə də məlumat verir. O, başqa bir vəsiyyətnamə yazır və onun yanında olmayan qohumlarından birini özünə vəsi təyin edir. Birinci vəsiyyət ləğv edildikdən və dəyişdirildikdən sonra yenə də etibarlı sayılırmı? Əgər ikinci vəsiyyət düzgündürsə və qayib olan şəxs vəsidirsə, vəsilikdən kənarlaşdırılan birinci vəsi və onun naibi mərhumun ləğv etdiyi vəsiyyətə əsaslanıb onu yerinə yetirdikləri təqdirdə onların maldan istifadəsi qəsbkarlıq sayılırmı və maldan xərclədiklərini ikinci vəsiyə qaytarmalıdırlarmı?
    Cavab: Əgər vəsiyyət edən şəxs sağ ikən birinci vəsiyyətini ləğv etsə və birinci vəsini kənarlaşdırsa, vəsilikdən kənarlaşdırıldığını bildikdən sonra onun həmin vəsiyyətə əsaslanmağa və əməl etməyə haqqı yoxdur. Vəsiyyət edilən maldan istifadə etməsi “füzuli”dir və vəsinin icazəsinə bağlıdır. Beləliklə, əgər vəsi buna icazə verməzsə, kənarlaşdırılmış vəsi istifadə etdiyi mala zamindir.
     
    Sual 1852: Bir şəxs vəsiyyət etmişdir ki, onun mülklərindən biri övladlarından birinə verilsin. Amma iki ildən sonra vəsiyyətini bütünlüklə dəyişmişdir. Bu şəxsin öz vəsiyyətini dəyişdirməsi şəriət baxımından düzgündürmü? Əgər bu şəxs xəstədirsə və qulluq və qayğıya ehtiyacı vardırsa, bu işi görmək yalnız onun vəsisinin, yəni böyük oğlunun üzərinə düşürmü? Yoxsa onun bütün övladları bu barədə bərabər şəkildə məsuliyyət daşıyırlar?
    Cavab: Vəsiyyət edən şəxs həyatda olduğu və ağıl sağlamlığına malik olduğu halda vəsiyyətini dəyişdirməsinin şəriət baxımından maneəsi yoxdur. Şəriət baxımından düzgün və etirbarlı sayılan vəsiyyət, sonrakı vəsiyyətdir. Əgər xəstə şəxs öz pulu ilə özünə qulluqçu tutmaq iqtidarında deyildirsə, atalarına qulluq etmək imkanına malik olan övladlar ona qulluq etməkdə bərabər şəkildə məsuliyyət daşıyırlar. Bu barədə vəsi təklikdə məsuliyyət daşımır.
     
    Sual 1853: Bir ata əmlakının üçdə birini özünə vəsiyyət etmiş və məni özünə vəsi təyin etmişdir. İrs bölüşdürülərkən onun üçdə biri kənara qoyuldu. Onun vəsiyyətini yerinə yetirmək üçün kənara qoyulan bu maldan müəyyən qədərini sata bilərəmmi?
    Cavab: Əgər əmlakının üçdə birini onun vəsiyyətinin yerinə yetirilməsinə sərf edilməsini vəsiyyət edibdirsə, irsin üçdə birini irsdən ayırdıqdan sonra onu satmağın və vəsiyyətnamədə qeyd edilən işlərə sərf etməyin maneəsi yoxdur. Amma əgər irsin üçdə birinin gəlirlərini onun vəsiyyətinin yerinə yetirilməsinə sərf edilməsini vəsiyyət edibdirsə, bu halda həmin malın özünü satmağa icazə verilmir; hətta vəsiyyət edilən işlərin yerinə yetirilməsinə sərf edilməsi üçün olsa belə.
     
    Sual 1854: Əgər vəsiyyət edən şəxs vəsini və vəsiyə nəzarət edən şəxsi təyin etsə, amma onların vəzifə və səlahiyyətlərini qeyd etməsə, həmçinin əmlakının üçdə birindən istifadə edilməsini qeyd etməsə, bu halda vəsinin vəzifəsi nədir? O, vəsiyyət edən şəxsin irsinin üçdə birini ayıra və xeyriyyə işlərinə sərf edə bilərmi? Vəsiyyət etmək və vəsi təyin etmək irsin üçdə birinin vəsiyyət edən şəxsin özünə sərf edilməsi haqqını qazanmasına kifayət edirmi? Beləliklə də, irsin üçdə birini ayırmaq və onu vəsiyyət edən şəxsə sərf etmək vəsiyə vacib olurmu?
    Cavab: Əgər əlamətlər və dəlillər, yaxud məntəqənin xüsusi ürfü vasitəsilə vəsiyyət edən şəxsin nəyi nəzərdə tutduğu başa düşülərsə, bu halda vəsi vəsiyyətin nədən ibarət olduğuna və vəsiyyət edən şəxsin nəyi nəzərdə tutduğuna dair bu yolla əldə etdiyi qənaətinə əməl etməlidir. Bundan qeyri halda, nəyin vəsiyyət edildiyi qaranlıq qaldığı və qeyd edilmədiyi üçün vəsiyyət etibarsızdır.
     
    Sual 1855: Bir şəxs belə vəsiyyət etmişdir: “Bütün tikilmiş və tikilməmiş parçalar və bundan qeyri şeylər həyat yoldaşıma çatsın”. Vəsiyyətdə qeyd edilən “bundan qeyri şeylər” ifadəsində mərhumun daşınan əmlakı nəzərdə tutulurmu? Yoxsa parça və paltardan dəyəri az olan əşyalar, məsələn, ayaqqabı və bu kimi əşyalar nəzərdə tutulur?
    Cavab: Vəsiyyətdə qeyd edilən “bundan qeyri şeylər” ifadəsində nəyin nəzərdə tutulduğu məlum olmayanadək və vəsiyyət edən şəxsin bu ifadədə nəyi nəzərdə tutduğu kənar amillər vasitəsilə başa düşülməyənədək, vəsiyyətdəki bu ifadə qaranlıq qaldığına görə icra edilməyə qabil deyildir. Bu ifadəni sualda qeyd edilən ehtimallardan birinə tətbiq etmək varislərin razılığına bağlıdır.
     
    Sual 1856: Bir qadın vəsiyyət edir ki, irsinin üçdə biri ilə onun üçün səkkiz il qəza namazı qılınsın, qalan məbləğ də rəddi-məzalimə, xümsə və xeyriyyə işlərinə sərf edilsin. Amma bu vəsiyyətin yerinə yetirilməsi müqəddəs müdafiə illərinə təsadüf edir ki, bu illərdə cəbhəyə yardım göstərmək daha zəruri idi. Vəsi də əmin idi ki, bu qadının boynunda hətta bir qəza namazı belə yoxdur. Bununla belə, o, bir şəxsi əcir tutur və qadın üçün iki il qəza namazı qıldırır. İrsin üçdə birinin müəyyən hissəsini isə cəbhəyə yardım göstərir, qalan məbləği də xümsün və rəddi-məzalimin ödənilməsinə sərf edir. Vəsiyyətə əməl etmək baxımından vəsinin öhdəsində bir vəzifə qalmışdırmı?
    Cavab: Vəsiyyətə olduğu kimi əməl etmək vacibdir, yəni mərhum necə vəsiyyət edibdirsə, elə də əməl olunmalıdır. Vəsi vəsiyyəti, hətta vəsiyyət edilən işlərin bəzisini tərk edə bilməz. Buna görə də, əgər bu malın müəyyən hissəsini vəsiyyət edilən işlərdən qeyri bir işə sərf edibdirsə, həmin mala zamindir.
     
    Sual 1857: Bir şəxs iki nəfərə vəsiyyət edir ki, ölümündən sonra vəsiyyətnamədə qeyd edilənləri yerinə yetirsinlər. Vəsiyyətnamənin üçüncü bəndində qeyd edilmişdir ki, bütün irs – mərhumun daşınan və daşınmaz əmlakı, nağd pulu və camaatdan alacaqları – bir yerə yığılsın və onun borcu verilsin, sonra irsin üçdə biri ayrılsın və vəsiyyətnamənin dördüncü, beşinci və altıncı bənlərinə müvafiq şəkildə xərclənsin. On yeddi il keçdikdən sonra isə irsin üçdə birindən artıq qalan məbləğ yoxsul varislərə xərclənsin. Amma bu iki vəsi bu şəxsin vəfat etdiyi vaxtdan sözükeçən müddət başa çatanadək irsin üçdə birini ayırmağa müvəffəq ola bilməmişlər və vəsiyyətnamədə qeyd edilən bəndlərə əməl etmək onlar üçün mümkün olmamışdır. Varislər də iddia edirlər ki, vəsiyyətnamə sözükeçən müddət başa çatdıqdan sonra öz etibarını itirir və bu iki vəsinin mərhumun irsinə müdaxilə etmək haqqı yoxdur. Bu məsələnin hökmü nədir? Bu iki vəsinin vəzifəsi nədir?
    Cavab: Vəsiyyət və vəsilik, vəsiyyətin icrasının gecikdirilməsi səbəbilə öz etibarını itirmir. Əksinə, bu iki vəsiyə vəsiyyətə əməl etmək - hətta bu iş uzun müddət çəksə belə - vacibdir. Əgər onların vəsiliyi üçün müəyyən bir müddət təyin edilməyibdirsə, vəsiyyətin icrasında varislərin onlara mane olmaq haqları yoxdur.
     
    Sual 1858: Mərhumun irsi varislər arasında bölüşdürüldükdən və mülkiyyət sənədi onların adına keçdikdən altı il sonra varislərdən biri iddia edir ki, mərhum şifahi şəkildə ona vəsiyyət etmişdir ki, evin bir hissəsi onun oğullarından birinə verilsin. Bir neçə qadın da bu məsələyə şahidlik edirlər. Sözükeçən müddət keçdikdən sonra onun iddiası qəbul edilirmi?
    Cavab: Zamanın keçməsi və irsin bölüşdürülməsinin qanuni mərhələlərinin başa çatması vəsiyyətin icrası üçün maneə hesab olunmur, bu şərtlə ki, qaldırılan iddia şəri dəlillə sübuta yetməlidir. Beləliklə, əgər iddiaçı şəxs öz iddiasını şəri dəlillə sübuta yetirərsə, bütün varislərə ona müvafiq əməl etmək vacibdir. Bundan qeyri halda, hər kim onun iddiasının düzgünlüyünü etiraf edirsə, bu iddiaya müvafiq əməl etməlidir və irsdən olan payı qədər onu yerinə yetirməlidir.
     
    Sual 1859: Bir şəxs iki nəfərə vəsiyyət etmişdir ki, onun torpaq sahələrindən birini satıb onun tərəfindən həcc ziyarətini yerinə yetirsinlər. Bu şəxs öz vəsiyyətnaməsində bu iki nəfərdən birini vəsi, digərini isə ona nəzarətçi təyin etmişdir. Amma üçüncü bir şəxs iddia edir ki, o, vəsidən və nəzarətçi şəxsdən icazə almadan mərhumun tərəfindən həcc ziyarətini yerinə yetirmişdir. Hal-hazırda vəsi dünyasını dəyişmişdir və təkcə nəzarətçi şəxs həyatdadır. Nəzarətçi şəxs o torpaq sahəsinin pulu ilə mərhumun tərəfindən yenidən həcc ziyarətini yerinə yetirməlidirmi? Yoxsa torpaq sahəsinin pulunu mərhumun tərəfindən həcc ziyarətini yerinə yetirdiyini iddia edən şəxsə ücrət ünvanında verməlidir? Yoxsa bu xüsusda onun öhdəsinə heç nə düşmür?
    Cavab: Əgər mərhumun boynunda həcc ziyarəti vardırsa və onun tərəfindən həcc ziyarətinin yerinə yetirilməsini vəsiyyət edərək borcdan çıxmaq istəmişdirsə, sözükeçən üçüncü şəxs də mərhumun tərəfindən həcc ziyarətini yerinə yetiribdirsə, bu, onun üçün kifayət edir. Amma sözükeçən üçüncü şəxsin kimsədən ücrət tələb etməyə haqqı yoxdur. Bundan qeyri halda, vəsi və nəzarətçi şəxs mərhumun vəsiyyətinə əməl etməli və torpaq sahəsinin pulu ilə onun tərəfindən həcc ziyarətini yerinə yetirməlidirlər. Əgər vəsi vəsiyyətə əməl etməmiş dünyasını dəyişərsə, nəzarətçi şəxs vəsiyyətə əməl etmək üçün şəri-hakimə müraciət etməlidir.
     
    Sual 1860: Varislər vəsini vadar edə bilərlərmi ki, mərhum tərəfindən namaz və orucun qəzasının yerinə yetirilməsi üçün müəyyən məbləğ pul versin? Vəsinin bu barədə vəzifəsi nədir?
    Cavab: Mərhumun vəsiyyətlərinə əməl etmək vəsinin vəzifəsidir və bu iş onun öhdəsindədir. O özünün məsləhət gördüyü kimi vəsiyyətə əməl etməlidir. Varislərin bu işə müdaxilə etmək haqları yoxdur.
     
    Sual 1861: Neft anbarları bombardman edilərkən şəxs şəhid olur və vəsiyyətnaməsi onun üstündə olur. Buna görə də, vəsiyyətnamə həmin hadisədə yanır, yaxud itir və kimsə onun məzmunundan xəbərdar deyildir. Hal-hazırda bu şəxsin vəsisi bilmir ki, vəsi təkcə onun özüdür, yoxsa başqa bir vəsi də vardır? Onun vəzifəsi nədir?
    Cavab: Vəsiyyətin mövcud olduğu sübuta yetdikdən sonra o, vəsiyyətdə dəyişdirilmədiyinə əmin olduğu işlərə əməl etməlidir. Başqa bir vəsinin olması ehtimalına etina etməməlidir.
     
    Sual 1862: İnsan öz varislərindən qeyri bir şəxsi özünə vəsi seçə bilərmi? Onun bu işinə qarşı çıxmağa kiminsə haqqı vardırmı?
    Cavab: Vəsiliyə layiq bildiyi şəxslər arasından özünə vəsi seçmək insanın öz rəyinə bağlıdır. İnsanın öz varislərindən qeyri bir şəxsi özünə vəsi seçməsinin maneəsi yoxdur və varislərin ona etiraz etmək haqları yoxdur.
     
    Sual 1863: Varislərdən bəziləri digər varislərlə məsləhətləşmədən, yaxud vəsidən razılıq almadan mərhumun əmlakından qonaqlıq ünvanında onun üçün xərcləyə bilərlərmi?
    Cavab: Əgər bu işi görməkdə onların məqsədi vəsiyyətə əməl etməkdirsə, bu işi görmək vəsinin öhdəsindədir və vəsinin razılığı olmadan, onların özbaşına bu işi görmək haqları yoxdur. Yox əgər onların məqsədi mərhumun irsindən varislərə düşən payın hesabından xərcləməkdirsə, bu işi görmək digər varislərin icazəsinə bağlıdır. Əgər digər varislər razı olmasalar, onların payı nisbətində bu iş qəsb hökmünü daşıyır.
     
    Sual 1864: Bir şəxs vəsiyyətnaməsində qeyd etmişdir ki, filankəs onun birinci vəsisi, Zeyd onun ikinci vəsisi və Əmr onun üçüncü vəsisidir. Bu üç nəfər birlikdə onun vəsisidir, yoxsa təkcə birinci şəxs onun vəsisidir?
    Cavab: Bu məsələ vəsiyyət edən şəxsin nəzərinə bağlıdır. Belə ki, bu üç nəfərin birlikdə, yoxsa ardıcıllıqla vəsi olmalarını nəzərdə tutduğu mövcud dəlillər və əlamətlərdən əldə edilməyənədək, bu üç nəfər vəsiyyətə birlikdə əməl etmək barəsində razılığa gəlməlidirlər.
     
    Sual 1865: Əgər bir şəxs üç nəfəri birlikdə özünə vəsi təyin etsə, amma onlar vəsiyyətə əməl etməyin üslubu barəsində razılığa gəlməsələr, onlar arasındakı ixtilaf necə aradan qaldırılmalıdır?
    Cavab: Bir neçə nəfər vəsi olduğu halda, əgər vəsiyyətə əməl etməyin üslubu barəsində onlar arasında ixtilaf yaranarsa, şəri-hakimə müraciət etməlidirlər.
     
    Sual 1866: Mən atamın böyük oğluyam və şəriətə görə, atamın qəza namaz və oruclarını yerinə yetirməliyəm. Əgər atamın boynunda bir neçə il qəza namazı və orucu olarsa, amma o, onun üçün təkcə bir il qəza namazı və orucu yerinə yetirilməsini vəsiyyət edərsə, mənim vəzifəm nədir?
    Cavab: Əgər mərhum vəsiyyət etsə ki, onun qəza namaz və orucları irsinin üçdə biri ilə yerinə yetirilsin, irsin üçdə biri ilə bu işi görmək üçün bir şəxsi əcir tutmaq olar. Əgər onun boynunda vəsiyyət etdiyindən daha çox qəza namazı və orucu olarsa, bunları yerinə yetirmək sizə vacibdir və bu iş üçün siz öz malınızla bir şəxsi əcir də tuta bilərsiniz.
     
    Sual 1867: Bir şəxs böyük oğluna vəsiyyət etmişdir ki, onun torpaq sahələrindən müəyyən birini satsın və əldə edilən pul ilə onun tərəfindən həcc ziyarətini yerinə yetirsin. Böyük oğlu da atası üçün bu işi görəcəyini öhdəsinə götürmüşdür. Amma “Həcc və Ziyarətlər İdarəsi”ndən həcc ziyarətinə vaxtında icazə ala bilmədiyinə görə ziyarət xərcləri artmışdır. Belə ki, bu torpaq sahəsinin pulu həcc ziyarətini yerinə yetirmək üçün daha kifayət etmir. Buna görə də, böyük oğulun şəxsən özünün həcc ziyarətinə getməsi qeyri-mümkün olmuşdur və o da, atasının tərəfindən həcc ziyarətini yerinə yetirməsi üçün naib tutmaq məcburiyyətində qalmışdır. Amma torpaq sahəsinin satışından əldə edilən pul naiblik ücrəti üçün də kifayət etmir. Atanın vəsiyyətinə əməl etməkdə digər varislərin böyük oğul ilə həmkarlıq etmələri vacibdirmi? Yoxsa bu işi yerinə yetirmək təkcə böyük oğulun vəzifəsidir? Çünki atasının tərəfindən həcc ziyarətini o yerinə yetirməli idi?
    Cavab: Sualda deyilənləri nəzərə alaraq, həcc ziyarətinin xərclərindən hansısa məbləği ödəmək digər varislərə vacib deyildir. Amma əgər vəsiyyət edən şəxsin boynunda həcc ziyarəti vardırsa və onun tərəfindən həcc ziyarətinin yerinə yetirilməsi üçün müəyyən etdiyi torpaq sahəsinin pulu “niyabəti həcc”in xərcləri üçün – hətta “miqat”dan olsa belə - kifayət etmirsə, “miqati həcc”in xərcləri irsin özündən müəyyən məbləğ götürülərək tamamlanmalıdır.
     
    Sual 1868: Əgər “şəri haqlar” (xüms, zəkat və s.) ünvanında mərhumun müəyyən məbləğ pul ödədiyini göstərən qəbz mövcuddursa, yaxud bir neçə şəxs mərhumun hər zaman şəri haqları ödədiyinə şahidlik edirlərsə, mərhumun şəri haqlarını irsdən ödəmək varislərə vacibdirmi?
    Cavab: “Şəri haqlar” ünvanında mərhumun müəyyən məbləğ pul ödədiyini göstərən qəbzin mövcudluğu, yaxud mərhumun hər zaman şəri haqları ödədiyinə şahidlərin şahidlik etmələri onun bu haqları ödəyib borcdan çıxdığına, həmçinin onun malına şəri haqların aid olmadığına dair şəri dəlil hesab olunmur. Beləliklə, əgər o, həyatda ikən və ya öz vəsiyyətnaməsində şəri haqlar ünvanında müəyyən məbləğ borclu olduğunu və ya onun əmlakında müəyyən məbləğ şəri haqların olduğunu etiraf edibdirsə, yaxud da varislər buna əmindirlərsə, mərhumun iqrar etdiyi məbləği və ya özlərinin əmin olduqları məbləği mərhumun irsindən ödəmələri varislərə vacibdir. Bundan qeyri halda, varislərə heç nə vacib olmur.
     
    Sual 1869: Bir şəxs irsinin üçdə birini özünə vəsiyyət etmiş və vəsiyyətnaməsinin haşiyəsində qeyd etmişdir ki, bağda olan ev irsin üçdə birini təmin etməyə sərf edilsin. Dünyasını dəyişdikdən iyirmi il sonra vəsi bu evi satsın və əldə edilən pulu onun üçün sərf etsin. İrsin üçdə biri irsin hamısından – ev və digər mal-mülk də daxil olmaqla – hesablanmalıdırmı? Belə ki, əgər evin qiyməti irsin üçdə birindən az olarsa, mərhumun digər mal-mülkündən götürülərək tamamlanmalıdırmı? Yoxsa irsin üçdə biri elə evin özüdür və irsin üçdə biri ünvanında digər mal-mülk varislərdən alınmayacaqdır?
    Cavab: Əgər bu şəxs vəsiyyət etməklə və ya vəsiyyətnaməsinin hasiyəşində qeyd etməklə təkcə sözügedən evi irsin üçdə biri ünvanında özü üçün təyin etmək istəyibdirsə və mərhumun bocları irsdən ödənildikdən sonra bu evin qiyməti irsin üçdə birindən çox deyildirsə, bu halda təkcə bu ev irsin üçdə biridir və mərhuma aiddir. Eləcə də, əgər irsin üçdə birini özünə vəsiyyət etdikdən sonra onun məqsədi irsin üçdə birini təmin etmək üçün sözügedən evi təyin etmək olubdursa və onun borcları ödənildikdən sonra bu evin qiyməti irsin üçdə biri qədər olarsa, hökm eynidir. Bundan qeyri halda, irsin üçdə birinin tamamlanması üçün irsin müəyyən hissəsi evə əlavə olunmalıdır.
     
    Sual 1870: İrsin bölüşdürülməsindən iyirmi il, mərhumun qızının isə öz irs payını satmasından dörd il keçdikdən sonra ana bir vəsiyyətnamə ortaya çıxarır ki, bu vəsiyyətnaməyə əsasən ərin bütün əmlakı onun həyat yoldaşına aid imiş. Ana həmçinin etitaf edir ki, bu vəsiyyətnamə əri öldüyü vaxtdan onda imiş, amma indiyədək bu barədə heç kimə heç nə deməyibdir. Belə bir vəsiyyətnamə ortaya çıxdığına görə irsin bölüşdürülməsinin və mərhumun qızının öz irs payını satmasının düzgün olmadığına hökm verilirmi? Əgər buna hökm verilirsə, qız ilə ana arasında olan ixtilafa görə alıcının qızdan aldığı rəsmi mülkiyyət sənədinin ləğv olunması düzgündürmü?
    Cavab: Sözügedən vəsiyyət düzgün olsa və mötəbər dəlillə sübuta yetsə belə, nəzərə alsaq ki, əri vəfat etdiyi vaxtdan irs bölüşdürüldüyü vaxtadək ana bu vəsiyyətdən xəbərdar imiş və qızına irsdən pay verildikdə, həmçinin qızı bu payı başqasına satdıqda vəsiyyətnamə ananın əlində imiş, lakin eyni zamanda vəsiyyət barəsində sükut etmiş və vəsiyyətnaməni üzə çıxara bildiyi bir halda qızına irsdən pay verilərkən etiraz etməmişdir, həmçinin qızı öz irs payını satdıqda buna etiraz etməmişdir, elə isə, bütün bunlar ananın qızına irsdən pay çatmasına və qızının öz payını başqasına satmasına razı olması hesab olunur. Bundan sonra ananın irsdən qızına verdiyi payı tələb etməyə haqqı yoxdur. Həmçinin alıcıdan nəyisə tələb etməyə haqqı yoxdur. Qızının etdiyi alğı-satqı düzgündür və satılan mal da alıcının əmlakıdır.
     
    Sual 1871: Bir şəhid öz atasına vəsiyyət etmişdir ki, əgər onun evini satmadan onun borclarını qaytara bilməyəcəkdirsə, evi satsın və əldə edilən pul ilə onun borclarını qaytarsın. Həmçinin vəsiyyət etmişdir ki, pulun müəyyən məbləği xeyriyyə işlərinə xərclənsin, torpağın pulu dayısına verilsin, anası həcc ziyarətinə göndərilsin, onun tərəfindən bir neçə il qəza namazı və orucu yerinə yetirilsin. Sonra şəhidin qardaşı şəhidin həyat yoldaşı ilə izdivac edir. Sözügedən evin bir hissəsini şəhidin həyat yoldaşının aldığını bildiyi halda onun evində məskunlaşır. O, evin təmiri üçün müəyyən məbləğ xərc çəkir və bir qızıl sikkə də evin təmirinə sərf etmək üçün şəhidin övladından alır. Şəhidin qardaşının şəhidin evindən və övladının əmlakından istifadə etməsinin hökmü nədir? Şəhidin övladını böyütdüyünü və onun dolanışıq xərclərini çəkdiyini nəzərə alaraq, şəhid övladına verilən aylıq müavinətdən istifadə etməsinin hökmü nədir?
    Cavab: Şəhidin bütün əmlakı hesablanmalı və onun bütün maddi borcları bu əmlakdan verildikdən sonra qalan əmlakın üçdə biri onun vəsiyyətlərinin icrası üçün – məsələn, onun tərəfindən qəza namazı və orucu yerinə yetirilməsi, anaya həcc ziyarəti xərclərinin verilməsi və s. – sərf edilməlidir. Sonra irsin üçdə ikisi, eləcə də, irsin üçdə birindən artıq qalan məbləğ şəhidin varisləri arasında – yəni atası, anası, övladı və həyat yoldaşı arasında – Kitab və sünnəyə əsasən bölüşdürülməlidir. Şəhidin əmlakından, o cümlədən, evindən və əşyalarından yalnız varislərin və azyaşlı uşağın şəri başçısının icazəsi ilə istifadə etmək olar. Azyaşlı uşağın şəri başçısından icazə almadan şəhidin qardaşının evdə apardığı təmir işlərinin xərcini uşağın əmlakından götürməyə haqqı yoxdur. Həmçinin şəhid övladının əmlakı olan qızıl sikkəni və ona verilən aylıq müavinəti evin təmirinə və öz xərclərinə sərf edə bilməz. Hətta uşağın şəri başçısının icazəsi olmadan bunları uşağın özünə belə xərcləyə bilməz. Əgər xərcləyərsə, bu mala zamindir və onu uşağa qaytarmalıdır. Evin alınması da varislərin və azyaşlı uşağın şəri başçısının icazəsi ilə olmalıdır.
     
    Sual 1872: Bir şəxs vəsiyyətnaməsində belə qeyd etmişdir: “Onun bütün əmlakı – üç hektar olan meyvə bağları bu şəkildə müsalihə edilmişdir (razılaşdırılmışdır) ki, bağın iki hektarı o, vəfat edikdən sonra övladlarından bir neçəsinə verilsin, üçüncü hektar isə onun vəsiyyətlərinin yerinə yetirilməsinə sərf edilsin”. Amma bu şəxs vəfat etdikdən sora məlum oldu ki, onun bağlarının ümumi sahəsi iki hektardan azdır. Birinci sual budur ki, vəsiyyətnaməsində qeyd etdiyi məsələ onun istədiyi şəkildə malın müsalihə edilməsidirmi, yoxsa vəfat etdikdən sonra əmlakı barəsində etdiyi vəsiyyətdir? İkinci sual budur ki, onun bağlarının ümumi sahəsinin iki hektardan az olduğu məlum olduqdan sonra bağın hamısı onun övladlarına aid olacaqdırmı və özünə aid etdiyi bir hektar məsələsi ortadan qalxacaqdırmı? Yoxsa başqa bir şəkildə əməl olunmalıdır?
    Cavab: Bu şəxs həyatda ikən onun tərəfindən müsalihənin düzgün şəri şəkildə həyata keçdiyi – yəni müsalihə edən şəxs tərəfindən malın verilməsi və müsalihə edilən şəxs tərəfindən malın təhvil alınması – dəqiqləşməyənədək, onun qeyd etdikləri vəsiyyət olaraq qəbul edilir. Beləliklə, meyvə bağlarının övladlarından bir neçəsinə və özünə aid olması barəsində etdiyi vəsiyyət, irsin üçdə biri barəsində keçərlidir. İrsin üçdə ikisi barəsində varislərin icazəsinə bağlıdır. Varislər icazə vermədikləri təqdirdə irsin üçdə ikisi onlara çatır.
     
    Sual 1873: Bir şəxs bütün əmlakını oğlunun adına keçirmişdir. Bu şərtlə ki, ata vəfat etdikdən sonra oğul irs payı əvəzinə müəyyən məbləğ nağd pul bacılarının hər birinə verməlidir. Amma ata vəfat etdiyi vaxt bacılardan biri həmin şəhərdə olmadığına görə haqqını ala bilmir. Həmin şəhərə qayıtdıqda isə, öz haqqını qardaşından istəyir. Amma qardaşı ona heç nə vermir. Hal-hazırda bu hadisədən bir neçə il keçdiyi və pulun dəyəri olduqca aşağı düşdüyü bir vaxtda qardaşı həmin pulu ona verə biləcəyini bildirir. Bacı isə bu pulu o vaxtkı dəyəri nisbətində istəyir, qardaş da bu məbləği verməkdən imtina edərək bacını sələm tələb etməkdə ittiham edir. Bu məsələnin hökmü nədir?
    Cavab: Əgər atanın bütün əmlakının oğula verilməsi və qız övladlarına müəyyən məbləğ pul verilməsini vəsiyyət etməsi düzgün şəri qaydada həyata keçibdirsə, bacıların yalnız vəsiyyət edilən pulu almaq haqları vardır. Amma əgər pulun dəyəri pulun verildiyi vaxt ilə atanın vəfat etdiyi vaxtla müqayisədə aşağı düşübdürsə, pulun dəyərinin fərqi barəsində tərəflərin razılığa gəlmələri əhvətə müvafiqdir. Bu, sələm hökmündə deyildir.
     
    Sual 1874: Atam və anam həyatda ikən övladlarının qarşısında bir əkin sahəsini əmlaklarının üçdə biri ünvnında təyin etdilər ki, vəfat etdikdən sonra onların kəfən-dəfn işlərinə, qəza namaz və orucun yerinə yetirilməsinə və bu kimi başqa işlərə sərf edilsin. Bu barədə mənə - ailənin tək oğluna vəsiyyət etdilər. Nəzərə alsaq ki, onlar vəfat edəndə nağd pulları yox idi və bu işlərin xərcini mən öz pulumla ödəmişəm, xərclədiyim məbləği irsin üçdə birindən götürə bilərəmmi?
    Cavab: Əgər məqsədiniz mərhumun vəsiyyətini yerinə yetirmək və sonra xərclədiyiniz pulu irsin üçdə birindən götürmək olubdursa, xərclədiyiniz pulu mərhumun irsinin üçdə birindən götürə bilərsiniz. Bundan qeyri halda, icazə verilmir.
     
    Sual 1875: Bir kişi vəsiyyət etmişdir ki, əgər o, vəfat etdikdən sonra onun həyat yoldaşı izdivac etməzsə, yaşadığı evin üçdə biri ona verilsin. Nəzərə alsaq ki, vəfat iddəsi başa çatdıqdan sonra qadın izdivac etməmişdir və gələcəkdə izdivac etmək fikrində olduğuna dəlalət edən bir nişanə mövcud deyildir, mərhumun vəsiyyətinə əməl etmək xüsusunda vəsinin və digər varislərin vəzifəsi nədir?
    Cavab: Onlar vəsiyyət edilən mülkü hal-hazırda qadına verməlidirilər, amma bu mülk qadının izdivac etməyəcəyi şərtilə ona verilir. Beləliklə, əgər qadın bundan sonra izdivac edərsə, varislərin mülkü geri almaq haqları vardır.
     
    Sual 1876: Atamın irsi ona öz atasından qalmışdır və bu əmlakda biz nənəmiz və əmimiz ilə şərikik, belə ki, onlara da babamızdan irs qalmışdır. Biz bu irsi bölüşdürmək istədikdə, nənəm və əmim babamın yazdığı otuz il öncəyə aid vəsiyyətnaməni göstərdilər. Babam bu vəsiyyətnamədə irsdən nənəmə və əmimə çatan paydan əlavə, onlara müəyyən məbləğdə nağd pul da vəsiyyət etmişdir. Onlar sözügedən məbləği bugünkü dəyəri ilə hesabladılar və nəticədə, vəsiyyət edilən məbləğin bir neçə misli qədər müştərək əmlakdan özlərinə götürdülər. Onların bu işi şəriət baxımından düzgündürmü?
    Cavab: Ehtiyat budur ki, pulun dəyərinin fərqi barəsində bir-birinizlə müsalihə edəsiniz. Əgər bu barədə qanun mövcuddursa, qanuna riayət olunmalıdır.
     
    Sual 1877: Bir şəhid vəsiyyət etmişdir ki, evi üçün aldığı xalçanı Kərbəlada İmam Hüseynin (ə) hərəminə hədiyyə etsinlər. Hal-hazırda əgər bu xalçanı evdə saxlamaq istəsək, xalçanın tələf olacağından qorxuruq. Xəsarət və ziyanın qarşısını almaqdan ötrü bu xalçanı məhəllənin məscidində və ya hüseyniyyəsində istifadə edə bilərikmi?
    Cavab: Əgər vəsiyyətə əməl etmək mümkün olanadək xalçanı qorumaq onu müvəqqəti olaraq məsciddə və ya hüseyniyyədə istifadə etməyə bağlıdırsa, bunun maneəsi yoxdur.
     
    Sual 1878: Bir şəxs vəsiyyət etmişdir ki, bir sıra əmlakının gəlirlərindən müəyyən hissəsi məscidə, hüseyniyyəyə, dini məclislərə, xeyriyyə işlərinə və s. sərf edilsin. Amma onun bu və digər əmlakı qəsb edilmişdir və onu qəsbkar şəxsin əlindən azad etmək üçün xərc tələb olunur. Bu xərcləri vəsiyyət edilən mülkdən götürmək olarmı? Mülkü qəsbdən azad etməyin mümkünlüyü, vəsiyyətin düzgün olması üçün kifayət edirmi?
    Cavab: Əmlakı qəsbkar şəxsin əlindən azad etməyin xərclərini vəsiyyət edilən mülkün gəlirlərindən götürməyin maneəsi yoxdur. Mülk barəsindəki vəsiyyətin düzgünlüyü üçün bu mülkün vəsiyyət edilən yerə istifadə edilməyə qabil olması kifayət edir: hətta onu qəsbkar şəxsin əlindən azad etdikdən sonra olsa belə və bu iş üçün xərc tələb olunsa belə.
     
    Sual 1879: Bir şəxs bütün daşınmayan və daşınmaz əmlakını oğluna vəsiyyət etmişdir və bu vəsiyyəti ilə altı qızını irsdən məhrum etmişdir. Bu vəsiyyət keçərlidirmi? Əgər keçərli deyildirsə, bu əmlak altı qız və bir oğul arasında necə bölüşdürüləcəkdir?
    Cavab: Bu vəsiyyət ümumilikdə düzgündür, amma təkcə irsin üçdə biri barəsində keçərlidir. İrsin qalanı barəsində isə, bütün varislərin icazəsinə bağlıdır. Beləliklə, əgər qızlar buna icazə verməsələr, onların hər biri irsin üçdə ikisindən öz paylarını götürəcəklər. Nəticədə, atanın irsi iyirmi dörd hissəyə ayrılacaqdır və irsin oğula vəsiyyət edilən üçdə bir hissəsi, iyirmi dördün səkkiz hissəsi olacaqdır. İrsin üçdə ikisindən oğula çatan pay, iyirmi dördün dörd hissəsi olacaqdır. Qızların hər birinin payı isə, iyirmi dördün iki hissəsi olacaqdır. Başqa sözlə desək, irsin yarısı oğula aid olacaq və digər yarısı altı qız arasında bölüşdürüləcəkdir.

    [1] Vəsi – vəsiyyəti yerinə yetirməyi öhdəsinə götürən şəxsə deyilir.
    [2] Müslə etmək - əzaları kəsməklə insanı eybəcər hala salmaq.
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /