Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
    Çap versiyası  ;  PDF
     
    Hədiyyə

     

    Sual 1715: Həddi-büluğa çatmayan yetim uşağa verilən hədiyyədən istifadə etmək olarmı?
    Cavab: Onun şəri qəyyumunun icazəsinə bağlıdır.

     

    Sual 1716: İki qardaş bir torpaq sahəsində şərikdirlər. Qardaşlardan biri öz hissəsini böyük qardaşının oğluna “əvəzli hədiyyə” (هبة معوضة) şəklində bağışlamış və ona təhvil vermişdir. Hədiyyə verən şəxs vəfat etdikdən sonra onun övladları bu torpaq sahəsindən həmin hissənin onlara irs çatdığını iddia edə bilərlərmi?
    Cavab: Əgər sübuta yetsə ki, vəfat edən qardaş bu torpaq sahəsində olan hissəsini həyatda ikən öz qardaşı oğluna bağışlamış və ona təhvil verərək onun ixtiyarında qoymuşdur, o vəfat etdikdən sonra onun varislərinin bu torpaq sahəsində heç bir haqları yoxdur.

     

    Sual 1717: Bir şəxs atasının torpaq sahəsində atası üçün ev tikmişdir. Atası həyatda ikən onun icazəsi ilə evin ikinci mərtəbəsini də özü üçün tikmişdir. Nəzərə alsaq ki, atası vəfat etdikdən bir neçə il sonra bu şəxs də vəfat etmişdir və evin ikinci mərtəbəsinin hədiyyə olduğuna və ya hansı şəkildə istifadə ediləcəyinə dəlalət edən bir vəsiyyət, yaxud bir sənəd mövcud deyildir, ikinci mərtəbə bu şəxsin mülkü hesab olunurmu və o vəfat etdikdən sonra varislərinə çatırmı?
    Cavab: Əgər övlad ikinci mərtəbənin tikintisinin xərcini çəkibdirsə və atası həyatda ikən heç bir ixtilaf olmadan evin ikinci mərtəbəsi onun ixtiyarında olubdursa, şəri baxımdan onun mülkü olduğuna hökm verilir. O vəfat etdikdən sonra onun irsi sayılır və varislərinə çatır.

     

    Sual 1718: Mənin on bir yaşım olanda atam öz evlərindən birini rəsmi şəkildə mənim adıma keçirdi. Həmçinin bir torpaq sahəsini və bir evin yarısını qardaşımın adına, evin digər yarısını isə anamın adına keçirdi. Atam vəfat etdikdən sonra digər varislər iddia etdilər ki, atamın mənim adıma keçirdiyi ev şəri baxımdan mənim mülküm deyildir. Onlar iddia etdilər ki, atam evin müsadirə olunmasının qarşısını almaqdan ötrü o evi mənim adıma keçirmişdir. Eyni zamanda isə etiraf edirlər ki, qardaşımın və anamın adına keçirdiyi əmlak qardaşımın və anamın mülküdür. Atamın vəsiyyət etmədiyini və bu məsələyə bir şahidin olmadığını nəzərə alsaq, məsələnin hökmü nədir?
    Cavab: Əgər ata həyatda ikən öz əmlakından bəzi varislərinə hədiyyə verərsə və hədiyyəni onlara təhvil verərsə, eləcə də, bu məsələnin təsdiqlənməsi üçün hədiyyə etdiyi mülkün rəsmi sənədini onların adına keçirərsə, bu mülk onların mülküdür və digər varsilərin onlara maneəçilik törətmək haqqı yoxdur. Amma əgər digər varislər etibarlı bir yol ilə sübuta yetirsələr ki, ata həmin mülkü həmin varisə bağışlamamışdır və rəsmi sənədi onun adına keçirməsi formal xarakter daşıyırmış, sözügedən mülk həmin varisin mülkü olmayacaqdır.

     

    Sual 1719: Ərim evi tikərkən mən ona kömək edirdim və bu, evin tikintisinə çəkilən xərclərin azalmasına və evin tikintisinin tamamlanmasına səbəb oldu. Ərim dəfələrlə demişdi ki, mən bu evdə onunla şərikəm və evin tikintisi başa çatdıqdan sonra evin üçdə birini mənim adıma keçirəcəkdir. Amma o, bu işi görməmişdən qabaq vəfat etdi və indi mənim əlimdə iddiamı sübuta yetirən bir sənəd və vəsiyyət yoxdur. Bu məsələnin hökmü nədir?
    Cavab: Evin tikintisinə kömək etməyiniz, yaxud sizi evə şərik edəcəyinə ərinizin vəd verməsi evin mülkiyyətində şərik olmağınıza səbəb olmur. Buna görə də, əriniz həyatda ikən evin bir hissəsini sizə bağışladığı mötəbər bir yolla sübut olmayanadək, sizə çatan irs payından başqa bu evdə bir haqqınız yoxdur.

     

    Sual 1720: Ərim ağıl sağlamlığına malik olduğu bir vəziyyətdə bankın məsul işçisini çağırtdırdı və bank hesabındakı pulunu mənə bağışladı. Bank hesabından pul götürmək haqqının mənə aid olduğuna dair sənədi də imzaladı. Bu hadisəyə xəstəxananın müdiri və bankın məsul işçisi şahid oldular. Buna görə də, bank mənə pul çeki kitabçası verdi və ay ərzində mən bank hesabından müəyyən məbləğ pul götürdüm. Bir ay yarım keçdikdən sonra ərimin oğlu onu banka apardı və şüurunu itirmiş vəziyyətdə olan ərimdən bankda: “Bu əmlak sənin həyat yoldaşına aiddirmi?” deyə soruşurlar. O, başı ilə müsbət cavab verir. Yenidən ondan soruşurlar ki: “Bu əmlak sənin övladlarına aiddirmi?” O, yenə də başı ilə müsbət cavab verir. Bu əmlak mənə aiddir, yoxsa ərimin övladlarının əmlakıdır?
    Cavab: Hədiyyə məsələsində “təhvil almaq və sahiblənmək”, mülkiyyətin hasil olmasının şərti olduğuna görə sənədin imzalanması və bank hesabındakı depozit pulu götürə bilmək üçün pul çeki kitabçası almaq kifayət etmir. Odur ki, sənədin imzalanması və pul çeki kitabçası almaq sözügedən hədiyyənin düzgün olduğuna hökm verməyə səbəb olmur. Beləliklə, ərinizin icazəsi ilə və əriniz ağıl sağlamlığına malik olduğu bir vəziyyətdə bank hesabından götürdüyünüz pul sizin əmlakınızdır. Ərinizin əmlakından bank hesabında qalan vəsait isə, o vəfat etdikdən sonra onun irsi sayılır və varislərinə aiddir. Ağıl sağlamlığına malik olmadığı vəziyyətdə onun iqrar etdiyi söz əsas götürülmür. Əgər bu zəmində qanun mövcuddursa, qanuna riayət olunmalıdır.

     

    Sual 1721: Ana həyatda ikən onun istifadə etməsi üçün övladlarının ona aldıqları əşyalar ananın şəxsi əmlakı hesab olunurmu? Belə ki, ana vəfat etdikdən sonra onun irsi sayılırmı?
    Cavab: Əgər övladlar sözügedən əşyaları anaya bağışlayıb onun ixtiyarında qoyubdurlarsa, ananın şəxsi əmlakı sayılır və ana vəfat etdikdən sonra onun irsi sayılır.

     

    Sual 1722: Ərin öz həyat yoldaşı üçün aldığı qızıl zinət əşyaları ərin əmlakı sayılırmı və ər vəfat etdikdən sonra onun irsindən hesab olunurmu? Yəni bu zinət əşyaları varislər arasında bölünür və zövcəyə də öz payı çatırmı? Yoxsa bu zinət əşyaları zövcənin əmlakı hesab olunur?
    Cavab: Əgər qızıl zinət əşyaları zövcənin ixtiyarında və istifadəsində olarsa, belə ki, bu əşyalardan bir malik kimi istifadə edərsə, bu qızıl zinət əşyalarının qadının əmlakı olduğuna hökm verilir. Amma əgər bunun əksi sübuta yetərsə, qadının əmlakı hesab olunmayacaqdır.

     

    Sual 1723: Ərlə arvadın ailə həyatı boyunca onlara verilən hədiyyələr ərin əmlakıdır, yoxsa qadının əmlakıdır, yoxsa hər ikisinin əmlakıdır?
    Cavab: Hədiyyənin kişilərə və ya qadınlara xas olması, yaxud hər ikisinin və ya onlardan birinin istifadə etməsinə qabil olması baxımından məsələ müxtəlif şəkillər alır. Zahirən onlardan birinə hədiyyə verilən şey onun əmlakı hesab olunur, amma onların hər ikisinə müştərək şəkildə hədiyyə verilən şey onların müştərək əmlakı hesab olunur.

     

    Sual 1724: Əgər kişi öz həyat yoldaşına talaq verərsə, qadın izdivac zamanı ailəsinin ona verdiyi əşyaları (məsələn, xalça, yataq, geyim və s.) kişidən geri istəyə bilərmi?
    Cavab: Əgər bu əşyalar qadının öz ailəsindən aldığı əşyalardırsa, yaxud qadının özü üçün aldığı şəxsi əşyalardırsa, yaxud qadına hədiyyə verilibdirsə, qadının əmlakıdır və bu əşyalar mövcud olduğu təqdirdə qadın onları ərindən geri istəyə bilər. Amma əgər bu əşyaları qadının ailəsi və ya qohumları ailənin kürəkəni olan kişiyə hədiyyə veribdirlərsə, qadın bu əşyaları kişidən geri istəyə bilməz. Əksinə, bu kimi əşyaların ixtiyarı onları kişiyə hədiyyə verən şəxslərin əlindədir. Belə ki, əgər bu əşyalar mövcud olarsa və kişi də onların qan qohumlarından olmazsa, hədiyyə verən şəxs hədiyyəni geri ala bilər.

     

    Sual 1725: Mən həyat yoldaşıma talaq verdikdən sonra qızıl zinət əşyalarını və ailə həyatı boyunca öz pulumla alıb ona verdiyim əşyaları ondan geri aldım. İndi mən bu əşyalardan istifadə edə bilərəmmi?
    Cavab: Əgər bu əşyaları müvəqqəti olaraq və onlardan istifadə etməsi üçün həyat yoldaşınıza vermisinizsə, yaxud əgər bu əşyaları ona hədiyyə vermisinizsə və bu əşyalar da olduğu kimi həyat yoldaşınızın əlindədir və həyat yoldaşınız da sizin qan qohumlarınızdan deyildirsə, hədiyyə əqdini poza və hədiyyə verdiyiniz əşyaları geri ala bilərsiniz. Buna görə də, ondan geri aldığınız əşyalardan istifadə edə bilərsiniz. Əks təqdirdə, bu əşyaları geri ala və onlardan istifadə edə bilməzsiniz.

     

    Sual 1726: Atam mənə bir torpaq sahəsi bağışladı və onun sənədini rəsmi şəkildə mənim adıma keçirdi. Amma bir ildən sonra bu işinə peşman oldu. Mən bu torpaq sahəsindən istifadə edə bilərəmmi?
    Cavab: Əgər siz torpaq sahəsini təhvil aldıqdan və ona sahibləndikdən sonra atanız verdiyi hədiyyəyə görə peşman olarsa və onu geri almaq istəyərsə, hədiyyəni geri alması düzgün deyildir. Torpaq sahəsi şəri baxımdan sizin əmlakınızdır. Amma əgər siz torpaq sahəsini təhvil almamışdan qabaq atanız verdiyi hədiyyəyə görə peşman olarsa və onu geri almaq istəyərsə, bu istəyini bildirdikdən sonra daha həmin torpaq sahəsində sizin heç bir haqqınız yoxdur. Hədiyyədə əsas götürülən “təhvil alma”nın gerçəkləşməsi üçün torpaq sahəsinin sənədinin sizin adınıza keçirilməsi kifayət etmir.

     

    Sual 1727: Mən bir torpaq sahəsini bir şəxsə bağışladım və o da bu torpaq sahəsinin bir hissəsində yaşayış evi tikdi. Mən bağışladığım bu torpaq sahəsinin özünü və ya onun pulunu həmin şəxsdən tələb edə bilərəmmi? Bu torpaq sahəsinin yaşayış evi tikilməyən hissəsini ondan geri ala bilərəmmi?
    Cavab: Həmin şəxs torpaq sahəsini sizin icazənizlə götürdükdən və orada ev tikərək ondan istifadə etdikdən sonra daha sizin hədiyyə əqdini pozmağa və torpaq sahəsinin özünü, yaxud pulunu geri almağa haqqınız yoxdur. Əgər torpaq sahəsi elə bir ölçüdə olsa ki, onun bir hissəsində ev tikmək həmin məntəqənin əhalisinin nəzərində torpaq sahəsinin hamısından istifadə etmək sayılırsa, bu torpaq sahəsinin heç bir hissəsini ondan geri almağa haqqınız yoxdur.

     

    Sual 1728: İnsan öz əmlakının hamısını övladlarından birinə hədiyyə verə və digər övladlarını bu əmlakdan məhrum edə bilərmi?
    Cavab: Əgər bu iş övladlar arasında fitnə və ixtilafın yaranmasına səbəb olmazsa, bu işi görə bilər.

     

    Sual 1729: Bir şəxs öz evini “əvəzli hədiyyə” şəklində rəsmi sənədlə beş nəfərə hədiyyə edir ki, evin yerində hüseyniyyə tiksinlər. Bu şərtlə ki, hüseyniyyəni tikdikdən sonra onu on il müddətinə “həbs”[1] etsinlər, sonra əgər istəsələr, vəqf edə bilərlər. Beləliklə, onlar camaatın köməkliyi ilə hüseyniyyəni tikdilər və on il müddətinə həbs edilən hüseyniyyənin idarəçilik və nəzarət işlərini, həmçinin sözügedən müddət başa çatdıqdan sonra vəfq əqdinin şərtlərinə aid məsələləri, vəqf qəyyumu və nəzarətçisini təyin etməyi öz öhdələrinə götürdülər. Onlar bu barədə bir sənəd də tənzimlədilər. Əgər bu hüseyniyyəni vəqf etmək fikrində olsalar, vəqf qəyyumu və nəzarətçisini seçmək barəsində onların nəzərinə tabe olmaq vacibdirmi? Bu şərtlərə tabe olmamağın şəri baxımdan iradı vardırmı? Əgər həmin beş nəfərdən biri hüseyniyyənin vəqf edilməsinə qarşı çıxarsa, məsələnin hökmü nədir?
    Cavab: Hədiyyə verən şəxsin “əvəzli hədiyyə” əqdi əsnasında onların qarşısında qoyduğu şərtlərə müvafiq əməl etmələri vacibdir. Əgər hədiyyə verən şəxsin həbs və ya vəqf barəsində qoyduğu şərtlərə zidd əməl etsələr, hədiyyə verən şəxs və ya onun varisi “əvəzli hədiyyə”ni pozmaq haqqına malik olacaqdır. Amma bu beş nəfərin həbs edilən hüseyniyyənin idarəçilik və nəzarət işləri, həmçinin vəqf, vəqf qəyyumu və nəzarətçisi barəsində qeyd etdikləri şərtlərə gəlincə, əgər hədiyyə əqdində hədiyyə verən şəxsin bu şərtlərə razılığı olarsa - belə ki, bu işlərin ixtiyarını onlara həvalə etmiş olarsa - bu şərtlərə tabe olmaq və əməl etmək vacibdir. Əgər onlardan bəziləri hüseyniyyəni vəqf etməkdən imtina edərlərsə, halbuki, hədiyyə verən şəxsin fikri vəfq barəsində onların birlikdə qərara gəlmələri olarsa, digərlərinin həmin hüseyniyyəni vəqf etməyə haqları yoxdur.

     

    Sual 1730: Bir şəxs evinin üçdə birini öz həyat yoldaşına bağışlamışdır. Bundan bir il sonra isə evin hamısını on beş il müddətinə icarəyə vermiş, sonra da vəfat etmişdir. Bu şəxsin övladı yoxdur. Evin üçdə birini bağışladıqdan sonra evi icarəyə verdiyinə görə, bu hədiyyə düzgün sayılırmı? Əgər bu şəxsin borcu olarsa, borc evin hamısından çıxılmalıdır, yoxsa evin üçdə ikisindən çıxılmalı, sonra qalan irs varislər arasında bölüşdürülməlidir? İcarənin müddəti başa çatanadək borc verən şəxslərin gözləmələri vacibdirmi?
    Cavab: Əgər hədiyyə verən şəxs evi icarəyə verməmişdən qabaq evin öz həyat yoldaşına bağışladığı hissəsini ona təhvil vermişdirsə - hətta evin hamısını təhvil vermək əsnasında olsa belə - və həyat yoldaşı onun qan qohumlarındandırsa, yaxud hədiyyə “əvəzli hədiyyə”dirsə, hədiyyə həmin hissə barəsində düzgündür və qüvvədədir. Evin icarəsi isə yalnız evin qalan hissəsi barəsində düzgündür. Bundan qeyri halda, evin üçdə biri hədiyyə verildikdən sonra evin hamısı icarəyə verildiyinə görə, bu hədiyyə düzgün deyildir. Əlbəttə, evin icarəyə verilməsi hədiyyəni geri almaq məqsədi daşıdığı təqdirdə, hədiyyə verildikdən sonra evin icarəyə verilməsi düzgün hesab olunur. Mərhumun borcu isə, vəfat etdiyi gün malik olduğu əmlakından çıxılmalıdır. Həyatda ikən müəyyən müddətə icarəyə verdiyi əmlakın mənfəəti icarə müddəti ərzində icarəçi şəxsə aiddir, amma həmin əmlakın özü mərhumun irsindən hesab olunur. Mərhumun borcu bu əşyadan çıxılır və qalanı varislərə irs olaraq çatır. Amma icarə müddəti başa çatanadək onların həmin şeydən istifadə etməyə haqları yoxdur.

     

    Sual 1731: Bir şəxs öz vəsiyyətnaməsində yazmışdır ki, onun daşınmaz əmlakının hamısı övladlarından birinə aiddir. Bu şərtlə ki, o, həyatda olduğu müddətdə övladı bu əmlakın qarşılığında hər il müəyyən miqdar düyü ona və ailəsinə verməlidir. Bir ildən sonra isə bu şəxs sözügedən əmlakın hamısını həmin övladına bağışlayır. Bu vəsiyyət hədiyyədən qabaq olduğuna görə yenə də qüvvədədirmi? Beləliklə də, vəsiyyət həmin əmlakın üçdə biri barəsində düzgün hesab olunur və əmlakın qalan hissəsi mərhumun bütün varislərinə irs çatır? Yoxsa hədiyyə vəsiyyətdən sonra olduğuna görə vəsiyyət pozulmuş olur? (Qeyd etməliyik ki, sözügedən əmlak hədiyyə verilən şəxsin ixtiyarında və istifadəsindədir.)
    Cavab: Əgər vəsiyyətdən sonra olan bu hədiyyə gerçəkləşmişdirsə, yəni hədiyyə verən şəxs həyatda ikən qarşı tərəf hədiyyə verilən əmlakı təhvil almış və onun icazəsi ilə bu mala sahiblənmişdirsə, hədiyyədən qabaq olan vəsiyyət pozulmuş olur. Çünki hədiyyə vəsiyyətdən dönmək hesab olunur. Beləliklə, hədiyyə verilən əmlak həmin övladın əmlakıdır və digər varislərin bu əmlakda haqları yoxdur. Əks təqdirdə, vəsiyyət edən şəxsin öz vəsiyyətindən döndüyü dəqiqləşməyənədək, vəsiyyət qüvvədədir.

     

    Sual 1732: Əgər varislərdən biri ata irsindən olan payını iki qardaşına bağışlamışdırsa, bir neçə ildən sonra onu geri istəyə bilərmi? Əgər qardaşları onun payını geri qaytarmaqdan imtina etsələr, məsələnin hökmü nədir?
    Cavab: Əgər qarşı tərəf hədiyyəni təhvil aldıqdan və hədiyyə gerçəkləşdikdən sonra o, hədiyyəni geri almaq istəyərsə, belə bir haqqı yoxdur. Amma əgər hədiyyə təhvil alınmamışdan qabaq öz fikrindən dönərsə, bu, düzgündür və maneəsi yoxdur.

     

    Sual 1733: Qardaşlarımdan biri irsdən olan payını razılıqla mənə bağışladı, amma bir müddətdən sonra irs varislər arasında bölünməmişdən qabaq hədiyyəni geri götürdü. Məsələnin hökmü nədir?
    Cavab: Əgər irsdən olan payını sizə təhvil verməmişdən qabaq hədiyyəni geri götürərsə, bu, düzgündür və onun sizə verdiyi əmlakda sizin heç bir haqqınız yoxdur. Amma əgər siz bu əmlakı təhvil aldıqdan sonra hədiyyəni geri götürərsə, bunun heç bir təsiri yoxdur və sizə bağışladığı əmlakda onun heç bir haqqı yoxdur.

     

    Sual 1734: Bir qadın öz əkin sahəsini bir şəxsə bağışlayır ki, ölümündən sonra bu şəxs onun əvəzindən həcc ziyarətini yerinə yetirsin. Çünki qadın həcc ziyarətinin ona vacib olduğunu düşünür. Amma qadının qohumları bu işə razı olmurlar. Daha sonra qadın həmin əkin sahəsini nəvələrindən birinə bağışlayır və bundan bir həftə sonra vəfat edir. Belə isə, birinci hədiyyə düzgün hesab olunur, yoxsa ikinci hədiyyə? Hədiyyə verilən birinci şəxsin bu qadının əvəzindən həcc ziyarətini yerinə yetirmək barəsində vəzifəsi nədir?
    Cavab: Əgər birinci şəxs qadının (hədiyyə verən şəxsin) qan qohumlarından olarsa və hədiyyə verilən şeyi onun icazəsi ilə təhvil alarsa, birinci hədiyyə düzgündür və buna əməl etmək lazımdır. Həmin şəxsin bu qadının əvəzindən həcc ziyarətini yerinə yetirməsi də vacibdir. Bu halda ikinci hədiyyə füzulidir və (onun düzgünlüyü) hədiyyə verilən birinci şəxsin icazəsinə bağlıdır. Amma əgər birinci şəxs qadının qan qohumlarından olmazsa, yaxud bu şəxs hədiyyə verilən şeyi təhvil almamış olarsa, ikinci hədiyyə düzgündür və bu, birinci hədiyyədən dönmək hesab olunur. Beləliklə də, birinci hədiyyə pozulmuş olur və birinci şəxsin əkin sahəsində heç bir haqqı yoxdur. Həmçinin bu qadının əvəzindən həcc ziyarətini yerinə yetirməsi də vacib deyildir.

     

    Sual 1735: “Haqq-hüquq” gerçəkləşməmişdən qabaq hədiyyə verilə bilərmi? Əgər qadın gələcəkdə malik olacağı maddi hüququnu əqd zamanı ərinə bağışlayarsa, bu, düzgündürmü?
    Cavab: Bu kimi hədiyyələrin düzgünlüyündə irad, hətta qadağa mövcuddur. Beləliklə, əgər qadının gələcəkdə malik olacağı hüququnu bağışlaması sülhə və ya haqq gerçəkləşdikdən sonra onun aradan qalxması şərtinə qayıdarsa, bunun maneəsi yoxdur. Əks təqdirdə isə heç bir faydası və təsiri yoxdur.

     

    Sual 1736: Kafirlərdən hədiyyə almağın və ya onlara hədiyyə verməyin hökmü nədir?
    Cavab: Öz-özlüyündə maneəsi yoxdur.

     

    Sual 1737: Bir şəxs həyatda ikən öz əmlakının hamısını nəvəsinə bağışlamışdır. Bu hədiyyə onun bütün əmlakı barəsində, hətta ölümündən sonra onun kəfəni, dəfni və başqa işlər üçün çəkiləcək xərclər barəsində də qüvvədədirmi?
    Cavab: Əgər hədiyyə verilən əmlak hədiyyə verən şəxs həyatda ikən və onun izni ilə təhvil alınarsa, təhvil alınan əmlakın hamısı barəsində hədiyyə hökmü qüvvədədir.

     

    Sual 1738: Müharibə əlillərinə və yaralılarına verilən pul hədiyyə hesab olunurmu?
    Cavab: Bəli, hədiyyə hesab olunur. Amma əgər onların gördükləri işin müqabilində verilərsə, işin ücrəti hesab olunacaqdır.

     

    Sual 1739: Şəhid ailəsinə verilən pul-mal onun varislərinin əmlakıdır, yoxsa onların zamininin və ya başçısının?
    Cavab: Bu, hədiyyə verən şəxsin niyyətinə bağlıdır.

     

    Sual 1740: Bəzi daxili və ya xarici şirkətlər, yaxud fiziki və ya hüquqi şəxslər alğı-satqı həyata keçirərkən və ya ticari müqavilələr bağlayarkən vəkillərə və ya vasitəçilərə hədiyyələr verirlər. Halbuki, hədiyyə alan tərəfin hədiyyə verən tərəfin xeyrinə iş görməsi, yaxud onun xeyrinə qərarlar qəbul etməsi ehtimalı mövcuddur. Şəri baxımdan bu hədiyyələri almaq olarmı?
    Cavab: Alğı-satqıda və ticari müqavilədə vəkil və ya hansısa vasitəçi şəxs alğı-satqı müqabilində qarşı tərəfdən hədiyyə almamalıdır.

     

    Sual 1741: Əgər şirkətlər və ya şəxslər tərəfindən verilən hədiyyələr beytülmaldan onlara verilən hədiyyənin müqabilində olarsa, bu hədiyyələrin hökmü nədir?
    Cavab: Əgər beytülmaldan verilən hədiyyənin əvəzi olaraq verilərsə, bu hədiyyələr beytülmala verilməlidir.

     

    Sual 1742: Əgər hədiyyə onu alan şəxsə təsir qoyarsa və bəyənilməyən əlaqələrin və ya əmniyyət baxımından şübhəli olan əlaqələrin yaranmasına səbəb olarsa, bu hədiyyəni almaq və ondan istifadə etmək olarmı?
    Cavab: Bu hədiyyəni almaq olmaz, əksinə, onu qəbul etməkdən çəkinmək vacibdir.

     

    Sual 1743: Əgər ehtimal verilsə ki, hədiyyə onu verən şəxsin xeyrinə təbliğat aparmağa təşviq məqsədilə verilir, bu hədiyyəni almaq və ondan istifadə etmək olarmı?
    Cavab: Əgər bu təbliğata şəriət və qanun baxımından icazə verilirsə, maneəsi yoxdur və bu təbliğat müqabilində hədiyyə qəbul etməyin qadağası yoxdur. Söz yox ki, idarələrdə bu məsələ idarənin qanunlarına bağlıdır.

     

    Sual 1744: Əgər hədiyyə hansısa işlərin görülməsi üçün məsul işçinin razılığını əldə etməkdən, yaxud bu işlərin görülməsinə göz yummasını, görməzdən gəlməsini və buna qarşı çıxmamasını əldə etməkdən ötrü verilirsə, belə hədiyyəni qəbul etməyin hökmü nədir?
    Cavab: Belə hədiyyələri qəbul etməyin maneəsi vardır, hətta onları qəbul etmək qadağandır. Ümumiyyətlə, əgər hədiyyə şəriətə və qanuna zidd olan bir məqsədə nail olmaqdan ötrü verilirsə, yaxud məsul bir işçini razılıq verməyə haqqı çatmadığı bir işə razılıq verməyə sövq etmək məqsədilə verilirsə, belə hədiyyəni qəbul etmək olmaz. Əksinə, belə hədiyyəni qəbul etməkdən imtina etmək vacibdir, məsullara da bunun qarşısını almaq vacibdir.

     

    Sual 1745: Baba (atanın atası) həyatda ikən özünün bütün əmlakını və ya əmlakının bir hissəsini dünyasını dəyişmiş övladının həyat yoldaşına və onun övladlarına bağışlaya bilərmi? Onun qızlarının bu işə etiraz etməyə haqları vardırmı?
    Cavab: Həyatda ikən istədiyini öz nəvələrinə və ya oğlunun həyat yoldaşına bağışlamaq haqqı vardır. Qızlarının isə onun bu işinə etiraz etməyə haqları yoxdur.

     

    Sual 1746: Bir şəxsin nə övladı, nə ata-anası, nə də ki bacı-qardaşı vardır. O öz əmlakını həyat yoldaşına və ya onun qohumlarına bağışlamaq istəyir. Şəri baxımdan onun bu işi görməsinə icazə verilirmi? Bu işin müəyyən bir həddi vardırmı, yoxsa o, bütün əmlakını bağışlaya bilər?
    Cavab: Həyatda ikən insanın öz əmlakının hamısını və ya bir hissəsini istədiyi şəxsə - istər onun varisi olsun, istərsə də qeyri-varisi olsun – bağışlamasının maneəsi yoxdur.

     

    Sual 1747: Şəhid övladıma yas və xatirə məclisi təşkil etməkdən ötrü şəhid fondu mənə müəyyən qədər pul və ərzaq verdi. Bunları almağın mənim üçün axirət haqq-hesabı vardırmı? Bu, şəhidin savabının azalmasına səbəb olurmu?
    Cavab: Əziz şəhid ailələrinin bu yardımları almalarının heç bir maneəsi yoxdur, həmçinin şəhidin və onun ailəsinin savabına heç bir təsiri yoxdur.

     

    Sual 1748: Hotelin mühafizəçiləri və işçiləri onlara verilən bəxşişlərin bir yerə yığılması və sonra onların arasında bərabər şəkildə bölüşdürülməsi üçün müştərək bir büdcə təşkil etmişlər. Amma nisbətən yüksək vəzifəsi olan işçilər və müdir müavinləri daha artıq pay tələb edirlər. Bu isə, büdcəyə üvz olan işçilərin arasında hər zaman ixtilaf və çəkişmənin yaranmasına səbəb olur. Bu məsələnin hökmü nədir?
    Cavab: Bu, bəxşişi verən şəxsin niyyətinə bağlıdır. Beləliklə, onun müəyyən bir şəxsə verdiyi bəxşiş həmin şəxsə aiddir, hamıya verdiyi bəxşiş isə onların arasında bərabər şəkildə bölüşdürülməlidir.

     

    Sual 1749: Azyaşlı uşaqlara hədiyyə verilən pul ya əşya - məsələn, bayramlıq – azyaşlı uşağın əmlakı hesab olunurmu, yoxsa onun ata və anasının əmlakıdır?
    Cavab: Əgər uşağın atası onun başçısı olaraq bu pulu, ya əşyanı təhvil alıbdırsa, azyaşlı uşağın əmlakı hesab olunur.

     

    Sual 1750: Bir ananın iki qızı vardır. O öz əmlakını, yəni sahib olduğu bir əkin sahəsini nəvələrindən birinə (qızlarından birinin oğluna) hədiyyə vermək istəyir. Belə olduğu halda, onun ikinci qızı irsdən məhrum olacaqdır. Ananın bu hədiyyəsi düzgündürmü? Yoxsa ananın digər qızı ana vəfat etdikdən sonra həmin əkin sahəsindən özünə pay tələb edə bilər?
    Cavab: Əgər ana həyatda ikən öz mülkünü nəvəsinə bağışlayarsa və ona təhvil verərsə, bu halda mülk nəvənin olacaqdır və heç kimin də etiraz etmək haqqı yoxdur. Amma əgər vəsiyyət etsə ki, o vəfat etdikdən sonra mülkü nəvəsinə verilsin, onun vəsiyyəti irsin üçdə biri barəsində keçərlidir, irsin qalan hissəsində isə varislərin icazəsinə bağlıdır.

     

    Sual 1751: Bir şəxs öz əkin sahəsinin bir hissəsini qardaşı oğluna bağışlayır, bu şərtlə ki, qardaşı oğlu özünün iki qızlığını onun iki oğluna ərə versin. Amma qardaşı oğlu qızlıqlarından birini onun oğullarından birinə ərə verir, amma ikinci qızlığını onun oğluna ərə verməkdən imtina edir. Bu hədiyyə sözügedən şərtlə düzgündürmü və ona müvafiq əməl olunmalıdırmı, yoxsa düzgün deyildir və ona əhəmiyyət verilmir?
    Cavab: Bu hədiyyə düzgündür və ona müvafiq əməl olunmalıdır, amma bu şərt düzgün deyildir. Çünki atalıq öz qızlıqlarının başçısı hesab olunmur. Əgər bu qızların atası və ya babası (atanın atası) yoxdursa, onların izdivacı yalnız özlərinin razılığına bağlıdır.
    Bəli, əgər sözügedən şərtdə qardaşı oğlunun öz qızlıqları ilə söhbət aparıb, qızları onun oğulları ilə izdivac etmələrinə razı salması nəzərdə tutulubsa, bu şərt düzgündür və ona əməl etmək vacibdir. Əgər qardaşı oğlu bu şərtə əməl etməsə, hədiyyə edən şəxs hədiyyəni pozmaq ixtiyarına malikdir.

     

    Sual 1752: Mən sahib olduğum yaşayış evini azyaşlı qızımın adına keçirdim. Amma qızımın anasını boşadıqdan sonra verdiyim hədiyyədən döndüm və qızım on səkkiz yaşına çatmamışdan qabaq həmin evi ikinci həyat yoldaşımdan dünyaya gələn oğlumun adına keçirdim. Bu məsələnin hökmü nədir?
    Cavab: Əgər bu mülkü öz qızınıza həqiqətən bağışlamısınızsa və qızınızın başçısı olaraq bu hədiyyəni almısınızsa, bu hədiyyə əqdinə müvafiq əməl olunmalıdır və onu pozmaq olmaz. Amma əgər həqiqi hədiyyə gerçəkləşməyibdirsə və yalnız evin sənədini qızınızın adına keçirmisinizsə, bu, hədiyyənin gerçəkləşməsi və mülkiyyətin hasil olması üçün kifayət etmir. Buna görə də, həmin ev sizin mülkünüzdür və ixtiyarı öz əlinizdədir.

     

    Sual 1753: Mən ağır bir xəstəliyə tutulduğum vaxt bütün əmlakımı övladlarımın arasında bölüşdürdüm və bu barədə onlar üçün sənəd də tənzimlədim. Amma sağaldıqdan sonra övladlarımdan əmlakımın bir hissəsini mənə qaytarmalarını istədim. Onlar isə bu işi görməkdən imtina etdilər. Bu məsələnin hökmü nədir?
    Cavab: Ancaq sənəd tənzimləmək övladlar üçün mülkiyyətin hasil olmasına kifayət etmir. Beləliklə, əgər öz əmlakınızı onlara bağışlamısınızsa və təhvil vermisinizsə, belə ki, bu əmlak onların ixtiyarına keçibdirsə və bir sahib kimi ondan istifadə edirlərsə, bu əmlakı geri götürməyə haqqınız yoxdur. Amma əgər ümumiyyətlə, hədiyyə gerçəkləşməyibdirsə, yaxud hədiyyə təhvil alınmayıbdırsa, bu əmlak sizin mülkiyyətinizdə qalmışdır və onun ixtiyarı öz əlinizdədir.

     

    Sual 1754: Bir şəxs öz vəsiyyətnaməsində qeyd etmişdir ki, evində olan hər şeyi öz həyat yoldaşına bağışlayır. Evdə bu şəxsin əlyazması olan bir kitab da vardır. Onun həyat yoldaşı bu kitabın sahibi olmaqdan əlavə, bu kitabdan qaynaqlanan hüquqların, məsələn, kitabın nəşr edilməsi və yayılması hüququnun da sahibidirmi? Yoxsa başqa varislərin də bu hüquqlarda payı vardır?
    Cavab: Kitabın nəşr edilməsi və yayılması hüququ onun mülkiyyətinə tabedir. Buna görə də, əgər müəllif həyatda ikən öz kitabını bir şəxsə hədiyyə veribdirsə və hədiyyəni təhvil veribdirsə, yaxud kitabın ona çatmasını vəsiyyət edibdirsə, müəllif vəfat etdikdən sonra kitab həmin şəxsə aid olacaqdır və kitabın bütün imtiyazları, hüquqları da ona aid olacaqdır.

     

    Sual 1755: Bəzi idarələr və müəssisələr müxtəlif münasibətlərlə öz işçilərinə hədiyyələr verirlər ki, bunun hansı əsasla olması məlum deyildir. İşçilər bu hədiyyəni ala və ondan istifadə edə bilərlərmi?
    Cavab: Əgər hədiyyə verən tərəf dövlət qanunlarına müvafiq olaraq hədiyyə vermək səlahiyyətinə və ixtiyarına malikdirsə, dövlət əmlakından hədiyyə verməsinin maneəsi yoxdur. Əgər hədiyyə alan tərəf hədiyyə verən tərəfin belə bir səlahiyyətə və ixtiyara malik olduğuna dair ciddi bir ehtimal versə, hədiyyəni ondan almasının maneəsi yoxdur.

     

    Sual 1756: Hədiyyə verən şəxsdən hədiyyəni təhvil almaq barəsində “hədiyyəni ondan almaq” kifayət edirmi? Yoxsa bundan əlavə, hədiyyəni - xüsusilə də, avtombil, ev, torpaq sahəsi və bu kimi mal-mülkü - hədiyyə alan şəxsin adına rəsmi sənədlə keçirməlidir?
    Cavab: “Hədiyyənin təhvil alınması” dedikdə, müqavilə yazmaq və onu imzalamaq nəzərdə tutulmur. Əksinə, həmin əşyanın xaricdə həmin şəxsin ixtiyarında və istifadəsində olması nəzərdə tutulur. Bu, hədiyyənin gerçəkləşməsi və mülkiyyətin hasil olması üçün kifayət edir. Hədiyyə verilən əşyaların arasında isə heç bir fərq yoxdur.

     

    Sual 1757: Bir şəxs bir əşyanı izdivac və ya ad günü və ya başqa işlərə görə başqa bir şəxsə hədiyyə vermişdir. Üç və ya dörd il keçdikdən sonra o, bu əşyanı geri almaq istəyir. Hədiyyə alan şəxsə bu hədiyyəni geri qaytarmaq vacibdirmi? Əgər bir şəxs əzadarlıq məclislərinin və ya İmamların (ə) mövlud bayramlarının keçirilməsi üçün pul verərsə, sonradan bu pulu geri istəmək haqqı vardırmı?
    Cavab: Əgər həmin hədiyyə həmin şəxsin əlində olduğu kimi qalıbdırsa, hədiyyə verən şəxs onu geri istəyə və ala bilər, bu şərtlə ki, hədiyyə alan şəxs onun qan qohumlarından olmamalı və hədiyyə də “əvəzli hədiyyə” olmamalıdır. Amma əgər hədiyyə aradan gedibdirsə və ya dəyişibdirsə, onu geri istəmək və ya onun əvəzini istəmək haqqı yoxdur. Həmçinin Allaha yaxınlaşmaq və Onun razılığını qazanmaq niyyətilə verdiyi pulu geri almaq haqqı yoxdur.
     

    [1] Həbs – vəqfə oxşar bir əqddir, amma vəqf ilə fəqrli cəhətləri vardır. Məsələn, burada əmlak həbs edən şəxsin mülkiyyətindən xaric olmur. Həqiqətdə, həbs, bir növ müəyyən şərtlər altında başqasının əmlakından istifadə etmək haqqını yaradır.
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /