Yüklə:
XÜMSÜN HÖKMLƏRİ
- Müqəddimə
- BİRİNCİ FƏSİL: XÜMS DÜŞƏN MALLAR
- İKİNCİ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
- Məişət xərcləri
- 1- İstifadəsi zamanı aradan getməyən mallar
- 2- İstifadəsi zamanı aradan gedən mallar
- 3- Yaşayışın digər xərcləri
3- Yaşayışın digər xərcləri
Yaşayışın digər xərclərinin “məişət xərcləri” hesab olunması və onlara xüms düşməməsinin meyarı, bu xərclərin insanın şəninə uyğun olması və israfçılıq adlanmamasıdır.
• Hədiyyənin insanın şəninə uyğun olması
Hədiyyə, hədiyyə verən şəxsin şənindən artıq olmadığı təqdirdə “məişət xərcləri”ndən hesab olunur. Əks halda, hədiyyə verən şəxs öz şənindən artıq olan miqdarın xümsünü verməlidir.
• Hədiyyənin təhvil verilməsi
Əgər sovqat və ya hədiyyə xüms ilinin sonunadək nəzərdə tutulan şəxsə təhvil verilməzsə, məişət xərclərindən hesab olunmur və onun xümsü verilməlidir.
Sual 98. Ziyarət səfərlərində sovqat vermək niyyətilə paltar və ya başqa əşyalar alırıq, amma bəzən elə olur ki, onu kiməsə vermək üçün şərait yaranmır. Ona görə də bu əşyaları başqa bir zamanda sovqat vermək niyyətilə saxlayırıq. Bu əşyaların xüms baxımından hökmü nədir?
Cavab: Xüms ilinin sonunda əlinizdə qalan bu əşyaların xümsünü verməlisiniz.
• Hədiyyəni geri almaq
Əgər bir şəxs il ərzindəki gəliri ilə hədiyyə alıb başqa bir şəxsə versə, amma xüms ili başa çatdıqdan sonra hədiyyəni geri alsa, hədiyyəni geri aldıqda dərhal onun xümsünü verməlidir.
• Xümsü verilməmiş malın hədiyyə verilməsi
Xümsü verilməmiş malı hədiyyə verməyin iradı yoxdur, amma onun xümsü hədiyyə verən şəxsin öhdəsindədir.
Sual 99. Əgər bir şəxs xümsü verilməmiş malı məscidə bağışlasa, bu hədiyyəni qəbul etmək olarmı?
Cavab: Bu hədiyyəni qəbul etmək olar, amma onun xümsü hədiyyə verən şəxsin öhdəsindədir.
• Həyat yoldaşına və övlada hədiyyə almaq
Sual 100. Kişinin öz həyat yoldaşına aldığı qızıl zinət əşyalarına xüms düşürmü?
Cavab: Əgər bu zinət əşyaları adi və kişinin şəninə uyğun miqdarda olarsa, məişət xərclərindən hesab olunur və onlara xüms düşmür.
Sual 101. Kişi xüms ili başa çatmamışdan qabaq öz pulunu həyat yoldaşına hədiyyə verə bilərmi? Belə ki, həyat yoldaşının bu pulu gələcəkdə ev almaq və ya digər zəruri xərclər üçün saxlayacağını bilir.
Cavab: Əgər bu hədiyyə formal xarakter daşımırsa və hədiyyə verən şəxsin şəninə uyğundursa, bunun iradı yoxdur.
Sual 102. Ər və arvad mallarına xüms düşməsin deyə, xüms ili başa çatmamışdan qabaq özlərinin illik gəlirlərini bir-birinə hədiyyə edirlər. Xahiş edirəm, onların malının xümsünün hökmünü açıqlayasınız.
Cavab: Formal olan hədiyyələr şəxsin öhdəsindən vacib xümsü götürmür.
Sual 103. Mənim xüms ilim onuncu ayın axırı başa çatır. Ayın axırında aldığım maaşa xüms düşürmü? Əgər maaşı aldıqdan sonra onun müəyyən məbləğini (belə ki, bu məbləğ, adətən, hər ay kənara qoyularaq yığılır) öz həyat yoldaşıma hədiyyə etsəm, bu məbləğə xüms düşürmü?
Cavab: Xüms ili başa çatmamışdan qabaq aldığınız və ya ala bilməyiniz mümkün olan maaşın ilin məişət xərclərindən artıq qalan miqdarına xüms düşür. Amma öz həyat yoldaşınıza və ya başqa bir şəxsə verdiyiniz hədiyyəyə gəlincə, əgər bu hədiyyə formal xarakter daşımırsa və sizin ürfi şəninizə də uyğun miqdardadırsa, bu hədiyyəyə xüms düşmür.
Sual 104. Əgər övlad üçün müəyyən məbləğ pulu kənara qoysam və hədiyyə ünvanında ona bağışlasam, hədiyyə edilən bu pula xüms düşürmü?
Cavab: Əgər hədiyyə həqiqi olarsa[1], ona xüms düşmür.
Sual 105. Bir şəxs xümsü verilməmiş pul ilə baha qiymətə bir mülk almış, həmçinin mülkün təmiri üçün böyük xərc çəkmişdir. Sonra bu mülkü öz həddi-büluğa çatmayan övladına hədiyyə etmiş və rəsmi şəkildə onun adına keçirmişdir. Bu mülkün xümsünün hökmü nədir?
Cavab: Əgər bu hədiyyə onun şəninə uyğundursa və xüms ili başa çatmamışdan qabaq mülkü alıb hədiyyə edibsə, bu mülkə xüms düşmür.
Sual 106. Mən qızıma toy hədiyyəsi olaraq bir ev alıb bağışladım. Mən bu evin xümsünü verməliyəmmi?
Cavab: Əgər bu hədiyyə ürfə görə sizin şəninizə uyğundursa və evin alındığı xüms ili başa çatmayıbsa, bu evə xüms düşmür.
Sədəqə və yardım
Sual 107. İnsanın öz şəninə uyğun miqdarda xeyriyyə işlərinə göstərdiyi yardım, məsələn, məktəblərə, daşqından zərərçəkənlərə və s. göstərdiyi yardım ilin məişət xərclərindən hesab olunurmu? Ona xüms düşürmü?
Cavab: Xüms düşmür.
İsraf və haram xərclər
Ehtiyac duyulmayan və ya israf hesab olunan malların, həmçinin haram əşyaların, məsələn, kişi üçün qızıl üzük, haram musiqi alətləri, qumar alətlərinin və s. alınmasına çəkilən xərclər məişət xərclərindən hesab olunmur və onların xümsü verilməlidir.
Sual 108. Mən kişinin qızıldan istifadə etməsinin haram olduğunu bilmədiyimə görə bir neçə il qızıl boyunbağı taxmışam. İndi bu boyunbağıdan istifadə etməyimin haram olduğunu bilmişəm. Bu qızıl boyunbağıya xüms düşürmü?
Cavab: Boyunbağını il ərzindəki gəliriniz ilə aldığınız təqdirdə, onu hansı xüms ilində almısınızsa, həmin ilin sonundakı qiymətinin xümsünü – pulun dəyərdən düşməsi miqdarını da hesablayaraq – verməlisiniz.
Sual 109. Mən oğlumun toyunu dost-tanış yanında şan-şöhrətə görə və oğlumun təkidi ilə şəhərin ən yaxşı, ən bahalı şadlıq saraylarının birində etdim. Toya böyük məbləğdə xərc çəkdim. Sualım budur ki, əgər bu işdə israfçılığa yol vermişəmsə, toya çəkdiyim xərcin xümsünü verməliyəmmi?
Cavab: İsraf sayılan və sizin ictimai şəninizdən artıq olan xərclər məişət xərclərindən hesab olunmur. Odur ki, bu xərclərin xümsünü verməlisiniz.
Xərclərdə adi həddən çox qənaət etmək
Əgər bir şəxs özünün və ailəsinin dolanışıq xərclərində adi həddən çox qənaət etsə, belə ki, özünün və ailəsinin şənindən az miqdarda xərcləsə, qənaət nəticəsində yığdığı pulu məişət xərclərindən hesab edə bilməz. Bu pula xüms düşür.
Sual 110. Mən ailənin dolanışıq xərclərində qənaət edərək bir miqdar pul yığmışam. Amma eşitmişəm ki, bu yolla yığdığım pula xüms düşür. Ailəmin çəkdiyi çətinliyi nəzərə alaraq, bu pulun bir hissəsi xümsdən azad oluna bilərmi?
Cavab: Bu pula xüms düşür. Məişət xərclərində qənaət etmək, artıq qalan pula xümsün düşməməsinə səbəb olmur.
Xüms verməmək üçün gəliri xərcləmək
Sual 111. Əgər bir şəxs xüms verməmək üçün öz iş gəlirini xərcləsə, bu pula xüms düşmür?
Cavab: Əgər normal xərclər olarsa və israfçılıq olmazsa, bu pula xüms düşmür.
Dəstlərin bəzi parçalarının istifadə edilməməsi
Sual 112. Əgər çox parçalı qab-qacaq servizinin bəzi parçalarından istifadə olunarsa, bu, həmin servizə xüms düşməməsi üçün kifayət edirmi?
Cavab: Ev əşyalarına xüms düşməməsinin meyarı, şəxsin onlara ürfi şəninə uyğun miqdarda ehtiyacının olmasıdır, baxmayaraq ki, il ərzində bu əşyalardan istifadə edilməmişdir.
Sual 113. Ehtiyacım olan ev əşyalarını əldə etmək üçün bütöv bir dəsti almaq məcburiyyətindəyəm. Yəni dəstin bəzi parçalarına ehtiyacım olmadığına rəğmən, mən bu dəsti almaq məcburiyyətindəyəm. Ehtiyacım olmayan parçaların xümsünün hökmü nədir? Əgər dəsti almaq məcburiyyətində olmasam, hökm nədir?
Cavab: Əgər ehtiyacınız olan əşyaları əldə etmək üçün bütöv bir dəsti almaq adi haldırsa, bu əşyalara xüms düşmür.
Sual 114. Çoxcildli kitabın (məsələn, “Vəsailuş-şiə” kitabının) bir cildini istifadə etdikdə, digər cildlərdən xüms götürülürmü? Yoxsa hər cilddən bir səhifə oxunmalıdır?
Cavab: Əgər çoxcildli kitabın bütün cildlərinə ehtiyac varsa, yaxud lazım olan cildi əldə etmək üçün bütün cildlər alınmalıdırsa, bu kitaba xüms düşmür. Əks halda, hazırda istifadə edilməyən cildlərin xümsü verilməlidir. Hər cilddən bir səhifə oxumaq, onlara xümsün düşməməsi üçün kifayət etmir.
Gələcəkdə ehtiyac olan əşyaları tədricən almaq
Əgər gələcəkdə ehtiyac olan əşyaları əvvəlcədən almaq adi hal olarsa və bu əşyalar şəxsin ürfi şəni miqdarında olarsa, onlar məişət xərcləri hökmündədir və onlara xüms düşmür.
Sual 115. Qızım üçün tədricən alıb yığdığım cehizlərə, həmçinin izdivac zamanı oğlumun gəlinə verməli olduğu əşyalara xüms düşürmü?
Cavab: Əgər bu əşyaları sözügedən şəkildə almaq adi hal olarsa, onlara xüms düşmür.
Sual 116. Bəzən müəyyən ev əşyaları, məsələn, soyuducu bizə bazar qiymətindən aşağı qiymətə satılır. Gələcəkdə, yəni ailə qurduğumuz vaxt bu əşyalara ehtiyacımız olacaqdır, amma həmin vaxt onları indikindən bir neçə dəfə baha qiymətə almalı olacağıq. Əgər biz bu əşyaları alıb gələcəyimiz üçün saxlasaq və indi onlardan istifadə etməsək, onlara xüms düşəcəkdirmi?
Cavab: Əgər siz bu əşyaları gələcəkdə istifadə etmək üçün il ərzindəki gəlirinizlə alsanız və aldığınız ildə sizin onlara ehtiyacınız olmasa, xüms ilinin sonunda onların qiymətinin xümsünü verməlisiniz. Amma əgər bu əşyaları əvvəlcədən almaq adi hal olarsa və onların miqdarı da sizin ürfi şəninizə uyğun olarsa, bu halda onlar məişət xərclərindən sayılır və onlara xüms düşmür.
Sual 117. Bir şəxs ehtiyacı olan evi tikmək üçün il ərzindəki gəliri ilə torpaq sahəsi alır və evi tikməyə başlayır. Amma evin tikintisi başa çatmamışdan qabaq xüms ili başa çatır. Bu yarımtikili evə və alınan tikinti materiallarına xüms düşürmü?
Cavab: Onlara xüms düşmür.
Sual 118. Bir şəxsin torpaq sahəsi vardır. Bu torpaq sahəsi həm onun şəninə uyğundur, həm də ailəsinə yaşayış evi tikmək üçün onun bu torpaq sahəsinə ehtiyacı vardır. Amma xüms ili ərzində orada ev tikməyə maddi imkanı yoxdur və ya bir il ərzində evi tikib başa çatdıra bilməyəcəkdir. O, bu torpaq sahəsinin xümsünü verməlidirmi?
Cavab: Bu torpaq sahəsinə xüms düşmür.
Sual 119. Bir şəxs dövlətdən torpaq sahəsi almaq üçün rüsum ödəyib, amma torpaq sahəsi hələ ona təhvil verilməyib. Mən bu şəxsdən həmin torpaq sahəsini on min manata almışam. Bu pulun dörd min manatını borc almışam. Nəzərə alsaq ki, mən torpaq sahəsini hələ təhvil almamışam və mənim xüms ilim başa çatıbdır, bu torpaq sahəsinə xüms düşürmü?
Cavab: Əgər torpaq sahəsini ehtiyacınız olan evi tikmək üçün almısınızsa, ona xüms düşmür. Borc aldığınız pula da xüms düşmür.
Övladın gələcəkdə istifadə etməsi üçün ev almaq
Əgər ata övladının gələcəkdə istifadə etməsi üçün ev və ya torpaq sahəsi alsa, övlada ev almaq ürfə görə atanın öhdəsində olduğu, habelə evə ehtiyac olduğu zaman atanın onu almağa imkanı olmayacağı təqdirdə, bu evə xüms düşmür.
Cehiz almaq üçün iş gəlirindən yığılan pul
Sual 120. Zəruri xərclərə sərf etmək, məsələn, dolanışıq xərclərinə, cehiz almağa, müalicəyə sərf etmək üçün kənara qoyulan pula xüms düşürmü?
Cavab: Ümumiyyətlə, iş gəlirindən yığılan pula xüms düşür. Amma əgər ehtimal olunan işlər (məsələn, müalicə xərcləri) üçün kənara qoyulan pulun xümsü verildiyi təqdirdə qalan pul bu işlər üçün kifayət etməyəcəksə və şəxsin nigarançılığı aradan qalxmayacaqsa, bu pula xüms düşmür.
Sual 121. Mənim doqquz yaşında bir qızım var. Mən indidən onun üçün bank hesabı açdırmışam və hər ay bu hesaba müəyyən məbləğ pul qoyuram. Məqsədim bu pul ilə onun üçün cehiz almaqdır. Bu pula xüms düşürmü?
Cavab: Əgər bu pulu qızınıza hədiyyə ünvanında bank hesabına qoyursunuzsa, bu pula xüms düşmür. Amma əgər bu pulu qızınıza hədiyyə etmirsinizsə və sadəcə pulu bank hesabına qoyursunuzsa, bu pula xüms düşür.
Məişət ehtiyacı üçün ilkin ödəniş etmək
Sual 122. Ev tikmək üçün torpaq sahəsi almağa ilkin ödəniş etmişəm. Ödəniş etdiyim vaxtdan bir il ötüb. Digər tərəfdən də ödədiyim pulun bir hissəsi öz pulum idi, bir hissəsini isə borc almışdım. Borc aldığım pulun bir miqdarını isə indiyədək qaytarmışam. Bu torpaq sahəsinə xüms düşürmü və onun xümsü necə hesablanmalıdır?
Cavab: Əgər ehtiyacınız olan evi tikmək üçün torpaq sahəsini almağa müəyyən məbləğ ilkin ödəniş etmək lazım olubsa, ödədiyiniz pula xüms düşmür.
Məişət ehtiyacını kreditlə əldə etmək
Sual 123. Mən yaşayış evimi kreditlə almışam və hər ay evin kreditini ödəyirəm. Bu evə xüms düşürmü?
Cavab: Ümumiyyətlə, əgər məişət ehtiyacı kredit və borc ilə əldə edilərsə, il ərzindəki gəlir ilə ödənilən kreditlərə xüms düşmür.
Öncədən alınan məişət ehtiyacları
Sual 124. Hər il Novruz bayramı öncəsi təşkil edilən yarmarkalarda qiymətlər münasib olduğu üçün biz bir ilin ehtiyaclarını, xüsusilə də uşaqların yay və qış geyimlərini alırıq. Bunlara xüms düşürmü?
Cavab: Xüms ili başa çatmamışdan qabaq ehtiyacınız olan mallara xüms düşmür. Amma xüms ili başa çatdıqdan sonra ehtiyacınız olacaq mallara xüms düşür.
Xümsü verilən pul ilə məişət ehtiyacını almaq
Sual 125. Əgər bir şəxs hər gəliri əldə etdikdə dərhal onun xümsünü versə və xümsü verilən pul ilə məişət ehtiyaclarını alsa, bu mallardan xüms ilinin sonunda istifadəsiz qaldığı təqdirdə onlara xüms düşürmü?
Cavab: Xeyr, bu mallara xüms düşmür.
Xüms düşən pul ilə məişət ehtiyacını almaq
Sual 126. Əgər mən xüms düşən, amma xümsü verilməmiş gəlir ilə məişət ehtiyaclarımı, məsələn, ev, avtomobil, xalça və s. alsam, bu mallar məişət ehtiyacı olduğuna görə onların alınmasına sərf edilən pulun xümsü bağışlanırmı?
Cavab: Onların alış qiymətinin xümsünü, inflyasiya miqdarını da hesablayaraq verməlisiniz.
Sual 127. Xümsü verilməyən pul ilə tikilən evə xüms düşürmü? Əgər xüms düşürsə, evin xümsü indiki qiyməti əsasında hesablanacaq, yoxsa tikildiyi vaxtın qiyməti əsasında hesablanacaq?
Cavab: Əgər ev xüms ili başa çatan gəlir ilə tikilibsə, bu gəlirin xümsü gəlirin əldə edildiyi xüms ilinin sonundakı inflyasiya miqdarı ilə hesablanaraq verilməlidir.
Məişət ehtiyacı olan şeyə ehtiyacın aradan qalxması
Əgər bir şey məişət ehtiyacı olsa və ya məişət ehtiyacı olaraq istifadə olunsa, amma bir müddətdən sonra ona olan ehtiyac aradan qalxsa, ona olan ehtiyac xüms ili başa çatdıqdan sonra aradan qalxdığı təqdirdə, bu şeyə xüms düşmür. Amma bu şeyin alındığı xüms ili başa çatmamışdan qabaq ona olan ehtiyac aradan qalxarsa, onun xümsü ilin sonundakı qiyməti əsasında verilməlidir.
Sual 128. Mən evim üçün bir ədəd yeni xalça aldım və bir neçə il işlətdiyim köhnə xalçanı büküb kənara qoydum. Köhnə xalçama xüms düşürmü, yoxsa xüms düşmür?
Cavab: Sizin məişət ehtiyacınız olan köhnə xalçanız bir ildən çox işləndiyinə görə onu kənara qoyub işlətməsəniz belə, bu xalçaya xüms düşmür. Həmçinin əgər yeni xalçaya ehtiyacınız olubsa, ona da xüms düşmür.
Sual 129. Əgər il ərzindəki gəlirim ilə məişət ehtiyacım olan bir şeyi alsam, amma xüms ili başa çatmamışdan qabaq ona olan ehtiyacım aradan qalxsa, bu şeyin xümsünü verməliyəmmi?
Cavab: Bu halda onun xümsünü verməlisiniz.
Məişət ehtiyacı olan evin kirayə verilməsi
Sual 130. Bir şəxs ehtiyacı olan bir ev alır və müəyyən səbəblərə görə bu evdə yaşaya bilmir və ya evi kirayə verir. Daha sonra bu evdə yaşamaq fikrindən daşınır və onu satır. Əgər bu müddət ərzində evin alındığı xüms ili başa çatıbdırsa, bu evin xümsünün hökmü nədir?
Cavab: Bu evdə yaşamaq şərt deyildir. Əgər bu evə şəxsin ehtiyacı olubsa və bu ev onun şəninə uyğun olubsa, məişət ehtiyacı hesab olunur. Suala əsasən, evin alındığı xüms ili başa çatdıqdan sonra bu ev satıldığına görə onun satışından əldə edilən pula xüms düşmür. Amma kirayə pulu ilin gəliri sayılır və bu pul xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilmədiyi təqdirdə, ona xüms düşəcəkdir.
Məişət ehtiyacı olan bir şeyin əvəz edilməsi
Məişət ehtiyacı olan bir şey məişət ehtiyacı olan digər bir şey ilə əvəz edildiyi (məsələn, satılaraq başqa bir şey alındığı) təqdirdə, həmin şeyə xüms düşmür.
Köhnə birmərtəbəli evin yerində çoxmərtəbəli binanın tikilməsi
Sual 131. Bir şəxs yaşadığı birmərtəbəli köhnə evini, yerində çoxmərtəbəli bina evinin tikilməsi üçün şirkətə təhvil vermişdir və şirkət də bu binadan ona iki və ya üç mənzil verəcəkdir. Əlavə mənzillərin xümsünün hökmü nədir?
Cavab: Əgər bu şəxsin həmin mənzillərin hamısına ehtiyacı vardırsa, mənzillərə xüms düşmür. Əks halda, əgər o, əlavə mənzilləri kirayə verib gəlir əldə etmək məqsədilə alırsa, bu mənzilləri satmayanadək onlara xüms düşmür. Satdıqdan sonra isə əldə edilən puldan alış qiymətini və inflyasiya miqdarını çıxdıqdan sonra artan qiymətin xümsünü verməlidir. Amma əgər o, əlavə mənzilləri satıb gəlir əldə etmək məqsədilə alırsa, hər xüms ilinin sonunda evin satışının mümkün olduğu qiymət əsasında artan qiymətin xümsünü – inflyasiya miqdarını çıxdıqdan sonra – verməlidir.
Məişət ehtiyacının sərmayəyə çevrilməsi
Sual 132. Mən bir neçə il yaşadığım evi satdım və satışdan əldə etdiyim pulu iş və ticarət sərmayəsi olaraq dövriyyəyə buraxdım. Dövriyyədə olan sərmayəmə xüms düşürmü?
Cavab: Ötən illərin məişət ehtiyacı olan və hazırda ehtiyac duyulmayan evin satışından əldə etdiyiniz pula xüms düşmür. Hətta əgər bu pulu sərmayə olaraq dövriyyəyə buraxsanız belə, bu pula xüms düşmür. Amma hər xüms ilinin sonunda sərmayənizin artan miqdarına inflyasiya mıqdarı çıxıldıqdan sonra xüms düşür.
Sual 133. Bir şəxs öz avtomobili üçün qaraj tikir. Bir müddətdən sonra isə bu obyekti kirayə verib gəlir əldə edir. Bu obyektə xüms düşürmü və şəxs onun xümsünü verməlidirmi?
Cavab: Əgər obyektin istifadə məqsədi xüms ili başa çatdıqdan sonra dəyişibsə, bu obyektə xüms düşmür.
Sual 134. Əgər mən məişət ehtiyacım olan evimi xüms ili başa çatdıqdan sonra şirkət və ya anbar kimi istifadə etsəm, bu evə xüms düşürmü?
Cavab: Suala əsasən, bu evə xüms düşmür. Amma əgər bu evi satsanız, evin artan qiymətinin xümsünü vermək ehtiyat-müstəhəbə müvafiqdir.
Evin bir hissəsi olan mağaza və ya ticarət anbarı
Sual 135. Mən ehtiyacım olan bir ev almışam, amma evin bir hissəsi mağazadır və qapısı yol tərəfə açılır. Mənim məqsədim isə ev almaq olub. Evin bir hissəsi olan bu mağazaya xüms düşürmü?
Cavab: Əgər mağazanı da yaşayış yeri kimi istifadə etmək məqsədilə almısınızsa, ora xüms düşmür. Amma əgər bu mağazadan yalnız ticarət obyekti kimi istifadə oluna bilərsə, hətta siz oradan istifadə etməsəniz və ya oranı icarəyə verməsiniz belə, bu mağaza məişət ehtiyacı hesab olunmur və ona xüms düşür.
Məişət ehtiyacı olan bir şeyin satılması
Əgər məişət ehtiyacı olan bir şey xüms ili başa çatdıqdan sonra satılarsa, onun satışından əldə edilən pula xüms düşmür.
Sual 136. Mən bir neçə il öncə avtomobil almışdım və hazırda onun qiyməti alış qiymətinin bir neçə misli qədər olub. İndi bu avtomobili satıb pulu ilə yaşayış evi almaq istəyirəm. Avtomobili satdığım təqdirdə, əldə etdiyim pulun hamısının xümsünü dərhal verməliyəmmi? Yoxsa təkcə avtomobilin alış qiymətinə xüms düşür və artan qiymət satış ilinin gəlirindən hesablanır və xüms ilinin sonunadək məişət xərclərinə sərf edilmədiyi təqdirdə ona xüms düşəcəkdir?
Cavab: Əgər avtomobil sizin məişət ehtiyacınız olubsa, onun satışından əldə edilən pula xüms düşmür. Amma əgər avtomobili işləyib qazanc əldə etmək vasitəsi olaraq almısınızsa, onun alışına ödənilən pulun xümsü verilmiş olduğu təqdirdə, artan qiymət – inflyasiya miqdarı çıxıldıqdan sonra – satış ilinin gəliri hesab edilir.
Sual 137. Əgər bir şəxs öz yaşayış evini xüms ili başa çatdıqdan sonra satsa və evin satışından əldə etdiyi pulu gəlirindən istifadə etmək məqsədilə banka depozit qoysa, cari xüms ili başa çatdıqda bu pulun hökmü nədir? Yaxud əgər o, bu pulu yeni ev almaq üçün saxlasa, bu pulun hökmü nədir?
Cavab: Bu pula xüms düşmür.
Sual 138. Əgər insanın özünün və ya ailəsinin ehtiyacı olan əşyalar, o cümlədən ev, avtomobil və bu kimi əşyalar il ərzində əldə edilən gəlir ilə alınsa və zərurət yarandığına görə və ya daha yaxşısını əldə etmək üçün bu əşyalar satılsa, onların xümsünün hökmü nədir?
Cavab: Əgər bu əşyalar xüms ili başa çatmamışdan qabaq satılıb, əldə edilən pul ilə başqa bir məişət ehtiyacı olan əşya alınarsa, yaxud xüms ili başa çatdıqdan sonra satılarsa, onlara xüms düşmür.
Satılan torpaq sahəsi və ya ev
Sual 139. Mən xümsü verilən pul ilə torpaq sahəsi aldım. Məqsədim bu idi ki, əgər imkanım çatsa, bu yerdə özümə yaşayış evi tikim, yox əgər imkanım çatmasa, torpaq sahəsini satıb puluna ev alım. Bir neçə ildən sonra torpaq sahəsinin qiyməti bahalaşdı və mən onu satıb, elə həmin xüms ilində bu pulun üstünə yığdığım müəyyən məbləğ pulu da qoyub özümə yaşayış evi aldım. Bu evin puluna xüms düşürmü?
Cavab: Ona xüms düşmür.
Ehtiyatda yığılan pul
Ehtiyatda yığılan pula birmənalı olaraq xüms düşür. Amma əgər bu pul xüms ili başa çatdıqdan sonra beş gün ərzində məişət ehtiyacına sərf ediləcəksə, ona xüms düşmür. Əlbəttə, əgər ehtimal olunan işlər (məsələn, müalicə xərcləri) üçün ehtiyatda yığılan pulun xümsü verildiyi təqdirdə qalan pul kifayət etməyəcəksə və şəxsin nigarançılığı aradan qalxmayacaqsa, bu pula xüms düşmür.
İlin son maaşı
Sual 140. Mənim xüms ilim ayın əvvəlində başa çatır. Əgər mən maaşımı xüms ilim başa çatmamışdan bir neçə gün əvvəl alsam, bu maaşa xüms düşürmü?
Cavab: Əgər bu pul xüms ili başa çatdıqdan sonra beş gün ərzində məişət ehtiyaclarına xərclənərsə, ona xüms düşmür. Həmçinin əgər bu pulun xümsü verildiyi təqdirdə qalan pul qarşıdakı ayın xərcləri üçün kifayət etməyəcəksə, bu pula xüms düşmür.
Məişət ehtiyacı olan əşyanı almaq üçün pul yığmaq
Sual 141. Bir şəxsin yaşayış üçün şəxsi evi yoxdur və o, ev almaq, həmçinin məişət ehtiyacı olan bəzi əşyaları almaq üçün pul yığmışdır. Bu pula xüms düşürmü?
Cavab: Əgər gələcəyin məişət xərclərini təmin etmək üçün iş gəlirindən pul yığılarsa, xüms ilinin sonunda bu pula xüms düşür. Amma əgər bu pul zəruri məişət əşyalarını almaq və ya lazımi xərcləri təmin etmək üçün yığılarsa, xüms ili başa çatdıqdan sonra bu pul yaxın gələcəkdə[2] qeyd edilən məqsədlər üçün sərf edildiyi təqdirdə, ona xüms düşməyəcəkdir.
İzdivac xərcləri üçün maaşdan pul yığmaq
Sual 142. Mən subayam və evlənmək istəyirəm. Allaha şükürlər olsun ki, izdivac xərcləri məqsədilə indiyədək müəyyən məbləğ pul yığa bilmişəm. Tezliklə mənim xüms ilim başa çatacaq. Mən idarə işçisiyəm və konkret məbləğdə maaş alıram. Yığdığım pulun xümsünü verdiyim təqdirdə izdivacın ilkin işlərini görməkdə çətinliyə düşəcəyəm. Hətta yığdığım pul belə, sadə məclislər ilə baş tutacaq bir izdivacın ilkin xərclərini təmin etmir. Bu məqamları nəzərə alaraq, yığdığım bu pula xüms düşürmü?
Cavab: Əgər siz izdivac üçün ilkin işləri görmüsünüzsə, məsələn, elçilik etmisinizsə, yığdığınız bu pulun xümsünü verməyib, izdivaca aid işləri görə bilərsiniz.
Sual 143. Din elmləri tələbələrinin maarifləndirmə işindən və ya başqa bir iş fəaliyyətindən əldə etdikləri gəlirə, yaxud İmam payından (ə.f) aldıqları təqaüdə xüms düşürmü? Yoxsa bu gəlirlərin xümsünü vermədən onu izdivac xərcləri üçün yığa bilərlər?
Cavab: Din elmləri tələbələrinin aldıqları təqaüdə xüms düşmür. Amma maarifləndirmə işindən və ya başqa bir iş fəaliyyətindən əldə etdikləri gəlir digər gəlirlər hökmündədir.
Ev tikmək üçün pul yığmaq
Sual 144. İki ildir ki, ev tikmək üçün torpaq sahəsi almışam. Əgər mən gündəlik xərclərdən azaldıb bu torpaq sahəsində ev tikmək üçün pul yığsam, xüms ilinin sonunda bu pula xüms düşəcəkdirmi? Qeyd edim ki, mən hal-hazırda kirayə evdə qalıram.
Cavab: Əgər xüms ili başa çatmamışdan qabaq ehtiyac olan tikinti materiallarını alsanız, bu materiallara xüms düşməyəcəkdir.
[1] Hədiyyənin reallaşması üçün hədiyyəni verən şəxs hədiyyəni öz mülkiyyətindən həqiqi surətdə xaric etməli və onu hədiyyəni alan şəxsə təhvil veməlidir. Əlbəttə, hədiyyəni alan şəxsin tərəfindən onu təhvil ala bilər. Əgər mal azyaşlı uşağın sahibinin ixtiyarındadırsa, hədiyyəni alan şəxsin tərəfindən onu götürməsinə ehtiyac yoxdur və hədiyyəni övladına vermək niyyətində olması kifayət edir.
[2] “Yaxın gələcək” anlayışı şəxsin almaq istədiyi əşyalar baxımından ürfə görə dəyişir. Məsələn, şəxs mobil telefon, ya avtomobil, ya ev almaq istəyir. “Yaxın gələcək” anlayışı mobil telefon üçün dörd-beş gün, avtomobil üçün iki-üç həftə, ev üçün iki-üç ay ola bilər, belə ki, ürfə görə, “bu əşyanı almaq astanasındadır” deyilsin.
-
- İş xərcləri
- Nəfəqə
- İrs
- Mehriyyə
- Vəqf
- Diyə (qanbahası)
- Sığorta
-
- ÜÇÜNCÜ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ
- DÖRDÜNCÜ FƏSİL: XÜMSÜN SƏRF EDİLDİYİ YERLƏR
- BEŞİNCİ FƏSİL: XÜMSÜN MÜXTƏLİF MƏSƏLƏLƏRİ