Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
    • “Sərqufli”nin hökmləri
      Çap versiyası  ;  PDF
       
      “Sərqufli”nin[1] hökmləri

       

      Sual 1668: Ticarətlə məşğul olmaq və ya başqa bir iş görmək üçün bir mağazanı müəyyən müddətə icarəyə götürən şəxs icarə müddəti başa çatdıqdan sonra və mağaza sahibi icarə müddətini artırmadığı təqdirdə, mağazanı boşaltmaqdan imtina edə və “sərqufli haqqı”nı tələb edə bilərmi? İcarəyə götürülən şeyi başqa bir şəxsə həvalə etmək haqqı olmadığı təqdirdə, bu şey barəsində “peşə haqqı” iddia edə bilərmi?
      Cavab: İcarə müddəti başa çatdıqdan sonra icarəçi şəxsin icarəyə götürülən şeyi öz istifadəsində saxlamaq və bunu öz sahibinə təhvil verməkdən imtina etmək haqqı yoxdur. Amma əgər həmin şey barəsində icarəçi şəxsin sərqufli haqqı olarsa – belə ki, bu haqq mülkün sahibi tərəfindən ona ötürülmüşdür – yaxud mağaza qanun baxımından icarəçi şəxs üçün bu mağazada haqq yaranmasına səbəb olan obyektlərdən olarsa, bu təqdirdə icarəçi şəxs öz haqqının əvəzini mağaza sahibindən tələb edə bilər.

       

      Sual 1669: Mən bir ticarət obyektini icarəyə götürdüm və sərqufli haqqını əldə etməkdən ötrü müəyyən məbləğ pulu mağaza sahibinə verdim. Bundan əlavə, mağazaya elektrik naqillərinin çəkilməsi, yerin daşla döşənməsi və bu kimi başqa işlər üçün böyük məbləğdə xərc çəkdim, həmçinin iş sertifikatı almaq üçün müəyyən məbləğ pul xərclədim. On il keçdikdən sonra mağaza sahibinin varisləri məndən həmin obyekti onlara qaytarmağımı istədilər. Mən onların istəyini qəbul edib mağazanı boşaltmalıyammı? Əgər mağazanı təhvil verməliyəmsə, mağazaya çəkdiyim xərci onlardan tələb edə bilərmmi? Sərquflinin əvəzini günün qiymətinə onlardan tələb etməyə haqqım vardırmı?
      Cavab: Mağaza sahibinə icarənin müddətini artımağın vacib olması, yaxud mağazanı boşaltmağı tələb etməyin icazəli olması və bu tələbi yerinə yetirməyin vacibliyi, həmçinin icarəyə götürülən obyektə çəkilən xərclərə zamin olmaq ölkənin qüvvədə olan qanunlarına və ya obyekti icarəyə verən şəxs ilə icarəçi şəxs arasında bağlanan icarə əqdində vurğulanan şərtlərdən asılıdır. Amma həmin obyektin sərqufli haqqına gəlincə, əgər bu haqq obyekt sahibindən şəri şəkildə icarəçi şəxsə ötürülübdürsə, yaxud qanunun tələbinə görə bu haqq icarəçi şəxs üçün mövcuddursa, onu günün qiymətinə tələb etmək haqqı vardır.

       

      Sual 1670: Bir şirkətin sahibi bir binanı icarəyə vermiş və icarəçi şəxsdən sərqufli haqqı ünvanında heç nə almamışdır. İcarəçi şəxs binanı təhvil verdiyi zaman binanın sahibi sərqufli ünvanında ona müəyyən məbləğ pul verməlidirmi? Əgər binanı icarəyə verən şəxs bu binanı icarəçi şəxsə satarsa, sərqufli haqqı ünvanında müəyyən məbləğ pulu binanın qiymətindən çıxmalıdırmı?
      Cavab: Əgər binanın sərqufli haqqı şəri şəkildə - məsələn, alğı-satqı, yaxud sülh, yaxud lazım əqd əsnasında qeyd edilən şərt vasitəsilə, yaxud da bunu təsdiqləyən qanuna müvafiq olaraq - icarəçi şəxsin əmlakı olmayıbdırsa, bina sahibindən sərqufli haqqı ünvanında heç nə tələb edə bilməz. Həmçinin əgər o, bu binanı onun sahibindən alarsa, sərquflinin əvəzi ünvanında binanın qiymətindən heç bir məbləği çıxa bilməz.

       

      Sual 1671: Atam bir neçə ticarət mağazasını özünün üç övladı üçün almış və elə həmin vaxt mağazaların sənədini onların adına keçirmişdir. Beləliklə, həmin mağazalar şəriət və qanun baxımından onlara aiddir. Atam vəfat etməmişdən qabaq bu mağazalar onun istifadəsində idi və o, burada ticarətlə məşğul idi. Bu mağazaların sərqufli haqqı yalnız onların sahiblərinindirmi, yoxsa mağazaların sərqufli haqqı mülkdən ayrıdır və bütün varislərə aiddir?
      Cavab: Mağazaların sərqufli haqqı mülkə bağlıdır və bu haqq şəri şəkildə başqa bir şəxsə ötürülməyənə qədər onun malikinə aiddir.

       

      Sual 1672: Əgər icarəçi şəxs mağazanı icarəyə götürərkən müəyyən məbləğ pulu sərqufli ünvanında mağaza sahibinə versə, icarəçi şəxs hansısa bir səbəbə görə mağazanı geri təhvil vermək istədiyi zaman mağaza sahibi eyni məbləği icarəçi şəxsə verməlidir? Yoxsa mağazanı təhvil aldığı günün qiymətilə sərquflini hesablayıb icarəçi şəxsə verməlidir?
      Cavab: Əgər mağazanın sərqufli haqqı şəri baxımdan icarəçi şəxsə aid olarsa, o, sərquflini günün ədalətli qiyməti ilə tələb edə bilər və mağaza sahibi də günün qiymətini ona verməlidir. Amma əgər icarəçi şəxs müəyyən məbləğ pulu mağaza sahibinin yanında əmanət qoysa, belə ki, mağazanı təhvil verdiyi vaxt mağaza sahibi də bu pulu ona qaytaracaqdır, bu təqdirdə icarəçi şəxs yalnız mağazanı icarəyə götürdüyü vaxt mağaza sahibinə verdiyi məbləğin bərabərini tələb edə bilər.

       

      Sual 1673: Mən bir mağazanı onun sahibindən icarəyə götürdüm və sərqufli ünvanında ona heç nə vermədim, çünki həmin vaxtlar bizim şəhərdə sərqufli haqqı vermək adət deyildi. Hal-hazırda mağazanı icarəyə verən şəxs vəfat etmiş və bu mağaza onun övladlarından birinin mülkü olmuşdur. Bu şəxs məndən mağazanı boşaltmağımı istəyir. Digər tərəfdən, icarə müddəti ərzində mən mağaza üçün bəzi işlər görmüşəm, o cümlədən, ora işıq və telefon çəkdirmişəm, qapısını dəyişdirmişəm, oranı qoruyub saxlamışam. Həmçinin bu mağazadan alış-veriş edənlər arasında mənə borcu olan şəxslər vardır. Mən mağazanın indiki sahibinin istəyini yerinə yetirməli və heç bir haqqa malik olmadan bu mağazanı boşaldıb ona təhvil verməliyəmmi? Əgər hər hansı bir haqqım vardırsa, bu haqq nədən ibarətdir?
      Cavab: Əvvəlki icarənin müddəti başa çatdıqdan sonra mağazanın indiki sahibi tərəfindən icarə müddəti artırılmayana qədər bu mağazadan istifadə etmək və mağazanı onun indiki sahibinə təhvil verməkdən boyun qaçırmaq haqqınız yoxdur. Amma icarənin müddətinin artırılmasına dair müraciətə mağaza sahibinin müsbət cavab verməsinin vacibliyi, yaxud mağazanın boşaldılmasını tələb etməyin icazəli olması və bu istəyi qəbul etmyin vacibliyi ölkənin qüvvədə olan qanunlarına və ya icarə əqdi əsnasında vurğulanan şərtlərə bağlıdır. Mağazanı boşaldarkən sərqufli ünvanında nə isə tələb etməyinizə gəlincə, nəzərə alsaq ki, əvvəlki icarə əqdi bağlanarkən sərqufli haqqının icarəçi şəxs üçün yaranması həmin bölgədə adət deyilmiş və sərqufli haqqı mağaza sahibindən sizə ötürülməmişdir, buna görə də, mağazanı boşaldıb onun indiki sahibinə təhvil verməyiniz müqabilində sərqufli ünvanında mağaza sahibindən bir şey tələb etmək haqqınız yoxdur. Amma əgər ölkə qanunu sizə belə bir haqq tanıyarsa, bu hal istisnadır. Mağazaya işıq və telefon çəkdirməyə və öz xərcinizlə gördüyünüz bütün işlərə gəlincə, bunların hamısı sizin əmlakınızdır. Amma əgər ürf və ya ölkə qanunu bunların havayı olaraq və ya çəkilən xərclərin mülk sahibi tərəfindən ödənilməsi ilə mülkə bağlı olduğunu bilərsə, bu hal istisnadır.

       

      Sual 1674:
      1)
      Bir obyekt ardıcıl iyirmi il müddətinə iş yeri ünvanında icarəyə verilmişdir. İcarəçi şəxs icarə müddəti ərzində və ya icarə müddəti başa çatdıqdan sonra həmin obyektin sərqufli haqqını sərquflinin vergilərini ödəmək və qanunun bütün tələblərinə riayət etmək şərtilə başqa bir icarəçi şəxsə həvalə edə bilərmi?
      2) Əgər icarəçi şəxs həmin obyektin sərqufli haqqını rəsmi şəkildə və qanunun bütün tələblərinə riayət edərək başqa bir icarəçi şəxsə ötürərsə, obyekt sahibinin bunu qəbul etməyib, ikinci icarəçi şəxsdən sözügedən obyekti boşaltmasını tələb etməyə haqqı vardırmı?
      Cavab: Əgər həmin obyektin sərqufli haqqı obyekt sahibi tərəfindən və ya qanuna müvafiq olaraq icarəçi şəxsə ötürülməyibdirsə, onu başqasına satmağa və həvalə etməyə haqqı yoxdur. Əgər belə bir iş tutarsa, icarə füzulidir və (icarənin düzgünlüyü) obyekt sahibinin icazəsinə bağlıdır.

       

      Sual 1675: Malından mənə irs çatan şəxs hoteli və hotelə aid olan hər şeyi – istər əşyalar olsun, istərsə də haqlar – mənimlə müsalihə etmişdir (mənimlə razılığa gələrək mənə həvalə etmişdir). Bu müsalihə bu hotelin sərqufli haqqına da şamil olurmu?
      Cavab: Əgər hotelin sərqufli haqqı bu şəxsə aid olarsa və müsalihə onun hoteldə olan bütün əmlakı barəsində – istər əşyalar olsun, istərsə də haqlar olsun – istisnasız olaraq baş tutarsa, hotelin sərqufli haqqı da bu müsalihəyə daxildir.

       

      Sual 1676: Bir şəxs bir yeri icarəyə götürmüşdür və şərtə görə yer sahibi tələb etdiyi vaxt oranı boşaldıb təhvil verməlidir. İcarə müddəti başa çatdıqdan və yer sahibi oranın boşaldılmasını tələb etdikdən sonra icarəçi şəxs bu yerin sərqufli haqqını tələb edir. Yer sahibi sərqufli haqqını icarəçi şəxsə ödəməlidirmi?
      Cavab: Sualda qeyd edilənləri nəzərə alaraq, yer sahibi tələb etdiyi vaxt icarəçi şəxsin həmin yeri boşaltması şərt qoyulmuşdur və başa düşüldüyü qədər sərqufli haqqı yer sahibindən icarəçi şəxsə ötürülməmişdir. Buna görə də, icarəçi şəxsin bir şey tələb etməyə haqqı yoxdur. Amma əgər belə bir haqqı tələb etmək İslam hökuməti qanunlarına müvafiq olarsa, bu hal istisnadır.

       

      Sual 1677: İcarəyə verdiyim obyektin sərqufli haqqını müəyyən qiymətə icarəçi şəxsə satdım və o da mənə bir pul çeki verdi. Amma onun bank hesabında pul olmadığına görə mən çeki nağd pula çevirə bilmədim. Həmin obyekt hələ də icarəçi şəxsin ixtiyarındadır. Mən indiyədək sərquflinin pulunu əlimə almadığıma baxmayaraq, o, sərqufli haqqının ona aid olduğunu iddia edir. Bu obyektin sərqufli haqqı ona aiddirmi, yoxsa mən sərquflinin pulunu əlimə ala bilmədiyimə görə sərqufli sövdələşməsi pozulmuşdur?
      Cavab: Sərqufli sövdələşməsi düzgün şəkildə baş tutuduqdan sonra çeki verən şəxsin bank hesabında pulun olmaması sövdələşməsinin pozulmasına səbəb olmur. Əksinə, sərqufli haqqı onu alana aiddir. Sərqufli haqqını satan şəxsin, başqa sözlə, obyekti icarəyə verən şəxsin icarəçi şəxsdən çekdəki məbləği – pulun dəyərdən düşməsini də hesablayaraq – tələb etmək haqqı vardır.

       

      Sual 1678: Əgər mağazanı boşaltdığı vaxt icarəçi şəxsin sərquflinin əvəzini almaq haqqı olarsa, amma mağaza sahibi ürf və qanun baxımından qəbul edilən qaydaların ziddinə olaraq bu haqqı verməkdən boyun qaçırarsa, mülk sahibinin icazəsi olmadan icarəçi şəxsin sərquflinin əvəzini alana qədər həmin mülkdə qalmasının hökmü nədir? Əgər icarəçi şəxsin həmin mülkdə qalmasına icazə verilmirsə və qəsb sayılırsa, oradan əldə etdiyi gəlir şəri baxımdan halaldırmı?
      Cavab: Əgər mağazanın boşaldılması üçün sərquflinin əvəzinin ödənilməsi şərt qoyulmazsa, mağaza boşaldılarkən sərquflinin əvəzini tələb etmək haqqının yaranması icarə müddəti başa çatdıqdan sonra oradan istifadə etməyin icazəli olması üçün kifayət etmir. Amma həmin mağazada ticarətdən əldə edilən gəlir şəri baxımdan halaldır.

       

      Sual 1679: Bir şəxs bir mağazanı müəyyən məbləğə icarəyə götürmüş və müəyyən bir məbləğ də sərqufli ünvanında ödəmişdir. Sonra mağaza sahibi oranın icarə pulunu artırmağa başlamış və icarə pulu əvvəlkinin iki bərabərinə çatmışdır. İndi isə icarəçi şəxs mağazanı daha artıq məbləğdə sərqufli ilə başqa bir icarəçi şəxsin ixtiyarında qoymaq istəyir, amma mağaza sahibi sərquflinin on beş faizini tələb edir və aylıq icarə pulunu da on bərabərə qədər artırmaq niyyətindədir. Halbuki, qonşu mağazaların icarə pulu bu qiymətdən aşağıdır. Mağaza sahibinin şəriət və qanun baxımından sözügedən faizi almaq və icarə pulunu bu qədər artırmaq haqqı vardırmı?
      Cavab: Əgər mağazanın sərqufli haqqı icarəçi şəxsə aiddirsə və onu istədiyi şəxsə vermək icazəsi vardırsa, sərquflinin əvəzi ünvanında icarəçi şəxsin aldığı məbləğdən mağaza sahibinin hansısa bir faizi tələb etməyə haqqı yoxdur. Amma icarə puluna gəlincə, onun məbləğini təyin etmək icarə əqdi yenilənərkən mağaza sahibi ilə icarəçi şəxs arasında əldə edilən razılığa bağlıdır.

       

      Sual 1680: Əgər bir şəxs bir mağazanı icarəyə götürsə və aylıq icarə pulundan əlavə sərqufli ünvanında müəyyən bir məbləğ ödəsə, eyni zamanda şərt qoysa ki, mağazanı boşaltdığı vaxt mağaza sahibi sərquflinin pulunu günün qiyməti ilə ödəyəcəkdir, əks təqdirdə, icarəçi şəxsin mağazanın sərqufli haqqını başqa bir şəxsə satmaq və mağazanı ona təhvil vermək haqqı olacaqdır, belə bir şərti qoymaq düzgündürmü? Mağaza sahibi sərquflinin əvəzini günün qiyməti ilə icarəçi şəxsə ödəyərək, yaxud oranın başqa bir şəxsin ixtiyarına verilməsi ilə razılaşaraq, sözügedən şərtə vəfa etməlidirmi?
      Cavab: İcarə əqdi əsnasında belə bir şərti qoymağın maneəsi yoxdur və mağazanı icarəyə verən şəxs bu şərtə əməl etməlidir. Əgər mağaza sahibi sərquflini icarəçi şəxsdən almağa razılaşmazsa, sərquflinin başqa bir şəxsə satılmasına və mağazanın onun ixtiyarına verilməsinə etiraz etmək haqqı yoxdur.

       

      Sual 1681: Mən bir ev almışam, amma onun ticarət mağazası başqa bir şəxsə icarəyə verilibdir. Əvvəlki ev sahibi mağazanın sərqufli haqqını icarəçi şəxsə satmışdır və həmin icarəçi şəxs də öz haqqını başqa bir şəxsə satmışdır. İcarə müddəti başa çatdıqdan sonra əgər mən ikinci icarəçi şəxsdən mağazanı boşaltmasını istəsəm, sərquflinin əvəzini ona mən ödəməliyəm, yoxsa sərquflinin pulunu alan evin əvvəlki sahibi və ya əvvəlki icarəçi şəxs ödəməlidirlər?
      Cavab: İkinci icarəçi şəxs şəri şəkildə sərqufli haqqının sahibi olarsa, hal-hazırda bu haqqı ondan almaq istəyən şəxs sərquflinin pulunu ona ödəməlidir.
       

      [1] Sərqufli – obyekti icarəyə götürməkdə birincilik hüququ və öz ticarət məkanında işini davam etdirmək baxımından tacirin malik olduğu mənəvi haqdır. Sərqufli “tabeli daşınmaz əmlak”ın bir hissəsidir.
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /