Oxu / Yüklə:
FİQH TƏLİMLƏRİ
- Cild 1
- BİRİNCİ FƏSİL: TƏQLİD
- BİRİNCİ DƏRS: Təqlid (1)
BİRİNCİ DƏRS: Təqlid (1)
1. Müqəddimə
Mükəlləf[1] namaz, oruc, təharət, bəzi alqı-satqılar və s. bu kimi gündəlik yerinə yetirilən şəri vəzifələrin hökmünü öyrənməlidir. Əgər bu hökmləri öyrənməmək vacib bir əməlin tərk olunması, yaxud haram bir əməlin yerinə yetirilməsi ilə nəticələnərsə, mükəlləf günahkardır.[2]
Diqqət:
• Mükəlləf, “təklif[3] şərtləri”nə malik olan şəxsə deyilir.
Təklif şərtləri aşağıdakılarıdır:
Həddi-büluğ;
Əql;
Qüdrət (qadir olma).[4]
• Həddi-büluğun əlaməti aşağıdakı 3 əlamətdən biridir (yəni, bu əlamətlərdən biri göründüyü təqdirdə qız və ya oğlan uşağı şəri baxımdan həddi-büluğ sayılır):
İnbat: cinsiyyət nahiyəsində qalın tüklərin inkişafı;
İhtilam: məninin (spermanın) ifrazı;
3- Yaş həddi: hicri-qəməri təqvimi ilə oğlanlarda 15 yaşın və qızlarda 9 yaşın tamam olması.[5]
• Məni xaric olmadan cinsi əlaqədə olma, təklikdə həddi-büluğun əlaməti hesab olunmur. Lakin cinsi əlaqədə olma cənabətə səbəb olur və cənabət qüslü edilmədiyi təqdirdə həddi-büluğa çatdıqdan sonra qüsl etmək vacibdir.[6]
• Bir şəxsdə həddi-büluğun əlamətlərindən biri görünməyənə qədər o, şəri baxımdan həddi-büluğa çatmış hesab olunmur və şəri vəzifəsi yoxdur.[7]
• İnbat və ya ihtilamın həddi-büluğ yaşından tez göründüyünü sadəcə ehtimal vermək, şəxsin həddi-büluğa çatması barədə qərar çıxarmaq üçün kifayət etmir.[8]
• Doqquz yaşından qabaq qız uşağının gördüyü qan, həddi-büluğun şəri əlaməti sayılmır.[9]
• Qeyd olunduğu kimi, həddi-büluğ yaşının meyarı “qəməri ili”dir. Doğum tarixi “şəmsi ili” ilə məlum olduğu təqdirdə, qəməri ili ilə şəmsi ili arasındakı fərqi nəzərə almaqla, həddi-büluğ yaşını qəməri ili ilə hesablamaq olar. (Bir qəməri ili 10 gün, 21 saat və 17 saniyə şəmsi ilindən azdır.)[10]
2. Şəriət hökmlərini əldə etməyin yolları
Şəriət hökmlərini əldə etmək üçün mükəlləfin qarşısında 3 yol var:
İctihada çatmaq;
Ehtiyat etmək;
Təqlid etmək.[11]
İctihada çatmaq
İctihada çatmaq, şəriət hökmlərini fəqihlərin istinad etdikləri etibarlı mənbələrdən əldə etməkdir.
Ehtiyat etmək
Ehtiyat etmək, mükəlləfin öz şəri vəzifələrini yerinə yetirdiyinə əmin olmasıdır. Məsələn, mükəlləf, bəzi müctəhidlərin haram bildiyi, bəzilərinin isə haram bilmədiyi bir işi yerinə yetirmir. Digər tərəfdən də bəzi müctəhidlərin vacib bildiyi, bəzilərinin isə vacib bilmədiyi bir işi yerinə yetirir.[12]
Təqlid etmək, şəriət hökmləri xüsusunda camiuş-şərait müctəhidə (yəni, mərcəyi-təqlidin şərtlərinə malik müctəhidə) müraciət etməkdir. Başqa sözlə, şəri vəzifələri camiuş-şərait müctəhidin verdiyi fətvalara uyğun yerinə yetirməkdir.[13]
Diqqət:
• Təqlid etmək barədə mövcud olan “nəqli dəlillər”lə[14] yanaşı, şəriət hökmlərini bilməyən bir şəxsin camiuş-şərait müctəhidə müraciət etməsi məntiqəuyğundur.[15]
• Əgər mükəlləf şəriət hökmləri xüsusunda müctəhid deyilsə, bir müctəhidə təqlid etməli, yaxud da ehtiyat etməlidir.[16]
• Ehtiyat etmək geniş araşdırma və böyük diqqət tələb etdiyi üçün yaxşı olar ki, mükəlləf, şəriət hökmləri xüsusunda camiuş-şərait bir müctəhidə təqlid etsin.[17]
• Bu üç şərtə malik olan şəxs təqlid etməlidir:[18]
Mükəlləfdir;
Müctəhid deyil;
Ehtiyat etmir.
3. Təqlidin növləri
Dünyasını dəyişmiş, yəni mərhum bir müctəhidə təqlid etmək bir baxımdan 2 növdür:
İbtidai təqlid: Mükəlləf, mərhum bir müctəhidə təqlid edir (daha doğrusu təqlid etməyə başlayır), halbuki, həmin müctəhidin sağlığında ona təqlid etməmişdir.
Ehtiyati-vacibə görə bu növ təqlid caiz deyil (icazə verilmir).
Bəqai təqlid: Mükəlləf mərhum bir müctəhidə təqlid edir, əlbəttə, həmin müctəhidin sağlığında da ona təqlid etmişdir.
Bu növ təqlidə icazə verilir. Mükəlləf, bütün məsələlərdə, hətta indiyədək əməl etmədiyi məsələlərdə də ona təqlid edə bilər.[19]
Diqqət:
• Bəqai təqliddə mərhum müctəhidin ələm[20] olub-olmamasının fərqi yoxdur və istənilən halda ona təqlid etmək olar. Lakin yaxşı olar ki, dünyasını dəyişmiş ələm müctəhidin təqlidində qalmaq ehtiyatı əldən verilməsin.[21]
• Dünyasını dəyişmiş müctəhidə ibtidai təqlid, yaxud onun (dünyasını dəyişmiş müctəhidin) təqlidində qalmaq və bu təqlidin hüdudları kimi məsələlər həyatda olan və ehtiyati-vacibə görə ələm olan müctəhidə təqlid əsasında olmalıdır.
Bəli, əgər dünyasını dəyişmiş müctəhidin təqlidində qalmağın icazəli (caiz) olduğu dövrün fəqihləri tərəfindən yekdilliklə qəbul edilirsə, ələm müctəhidin icazəsi vacib deyil.[22]
• Əgər həddi-büluğa çatmayan uşaqlar camiuş-şərait bir müctəhidin sağlığında ona düzgün şəkildə təqlid ediblərsə, həmin müctəhid dünyasını dəyişdikdən sonra onun təqlidində qala bilərlər.[23]
• Bir müctəhidə təqlid edən və bu müctəhid vəfat etdikdən sonra bəzi məsələlərdə başqa bir müctəhidə təqlid edən şəxs, ikinci müctəhid də vəfat etdiyi təqdirdə udul etmədiyi[24] məsələlərdə əvvəlki kimi birinci müctəhidin təqlidində qala bilər. Habelə, ikinci müctəhidə udul etdiyi məsələlərdə onun təqlidində qala bilər, yaxud həyatda olan bir müctəhidə udul edə bilər.[25]
4. Təqlidsiz yerinə yetirilən əməllərin hökmü
Təqlid etməyən və ya düzgün qaydada təqlid etməyən şəxslərin əməlləri yalnız bu təqdirdə düzgündür ki:
Ehtiyata müvafiqdir;
Həqiqətlə (mükəlləfin həqiqi şəri vəzifəsi ilə) müvafiqdir;
Təqlid etməli olduğu müctəhidin nəzərinə müvafiqdir.[26]
Suallar:
1- Adətən ehtiyac duyulan şəri hökmləri öyrənməkdə səhlənkarlıq göstərən şəxs günahkardırmı?
2- Həddi-büluğun əlamətləri hansılardır?
3- Şəriət hökmlərini əldə etmək üçün mükəlləfin qarşısında neçə yol var?
4- Ehtiyat etmək tövsiyə olunur, yoxsa təqlid etmək? Nə üçün?
5- Təqlidin növlərini izah edin.
6- Təqlidsiz yerinə yetirilən əməllərin hökmü nədir?
[1] Fiqh terminidir: “şəri vəzifəsi olan şəxs” deməkdir. Müt.
[2] Əcvəbətul-istiftaat, 6-cı sual; Rəhbərdən soruşulan suallar, Təqlid bölümü, 6-cı məsələ.
[3] Fiqh terminidir, “şəri vəzifə” deməkdir. Müt.
[4] Əcvəbətul-istiftaat, 1892-ci sual.
[5] Əcvəbətul-istiftiaat, 732, 1887 və 1889-cu suallar.
[6] Əcvəbətul-istiftiaat, 1891-ci sual.
[7] Əcvəbətul-istiftaat, 1891-ci sual.
[8] Əcvəbətul-istiftaat, 1890-cı sual.
[9] Əcvəbətul-istiftaat, 1894-cü sual.
[10] Əcvəbətul-istiftaat, 1887 və 1888-ci suallar.
[11] Rəhbərdən soruşulan suallar, Təqlid bölümü, 1-ci məsələ.
[12] Əcvəbətul-istiftaat, 1 və 3-cü suallar; Rəhbərdən soruşulan suallar, Təqlid bölümü, 1-ci məsələ.
[13] Əcvəbətul-istiftaat, 1 və 3-cü suallar; Rəhbərdən sorşulan suallar, Təqlid bölümü, 1-ci məsələ.
[14] Burada “hədislər” nəzərdə tutulur. Müt.
[15] Əcvəbətul-istiftaat, 1-ci sual.
[16] Rəhbərdən soruşulan suallar, Təqlid bölümü, 1-ci məsələ.
[17] Əcvəbətul-istiftaat, 2-ci sual.
[18] Rəhbərdən soruşulan suallar, Təqlid bölümü, 1-ci məsələ.
[19] Əcvəbətul-istiftaat, 22 və 41-ci suallar; Rəhbərdən soruşulan suallar, Təqlid bölümü, 4-cü məsələ.
[20] Fiqh termini olub, “elmdə dövrünün fəqihlərindən üstün olan müctəhid” deməkdir. Müt.
[21] Əcvəbətul-istiftaat, 35-ci sual.
[22] Əcvəbətul-istiftaat, 23, 36 və 40-cı suallar; Rəhbərdən soruşulan suallar, Təqlid bölümü, 4-cü məsələ.
[23] Əcvəbətul-istiftaat, 42-ci sual.
[24] Udul etmək, fiqh termini olub, “başqa bir müctəhidə müraciət etmək” deməkdir. Müt.
[25] Əcvəbətul-istiftaat, 37-ci sual.
[26] Əcvəbətul-istiftaat, 7-ci sual.
- İkinci dərs: Təqlid (2)
İkinci dərs: Təqlid (2)
5. Mərcəyi-təqlidin şərtləri
Diqqət:
• Yalnız mərcəyi-təqlidin şərtlərinə malik olan bir müctəhidə təqlid etmək olar (və belə müctəhidə “camiuş-şərait müctəhid” deyilir). Mərcəyi-təqlidin şərtləri aşağıdakılardır:
Kişi olmalıdır;
Həddi-büluğa çatmış olmalıdır;
Ağıllı olmalıdır;
On iki imam şiəsi olmalıdır;
Halalzadə olmalıdır;
Ehtiyata (ehtiyati-vacib) görə həyatda olmalıdır;
Ədalətli olmalıdır;
Mərcəyi-təqlid mənsəbinin çox mühüm mənsəb olduğunu nəzərə alaraq, mərcəyi-təqlid olan bir müctəhid üsyankar nəfsi ələ almağı bacarmalı və dünyaya həris olmamalıdır;
Müctəhid olmalıdır;
Ehtiyati-vacibə görə “ələm” olmalıdır.[
VII şərt: Ədalətli olmaq
Ədalət, insanın təqvalı olmasına - yəni, vacib əməlləri tərk etməməsinə və haram əməlləri yerinə yetirməməsinə - səbəb olan mənəvi xüsusiyyətdir.[2]
Ədalətli şəxs, bilərəkdən günah etməyən (bilərəkdən vacib əməlləri tərk etməyən və haram əməlləri yerinə yetirməyən) şəxsdir.[3]
3. Bir şəxsin ədalətli hesab edilməsi üçün zahirdəki əməllərinə görə onun yaxşı şəxs kimi dəyərləndirilməsi kifayət edir.[4]
IX şərt: Müctəhid olmaq
1. İctihad, bir baxımdan 2 qismə bölünür:
Mütləq ictihad: Fiqhin bütün bölümlərində fətva vermək bacarığına yiyələnmiş müctəhidin ictihadına deyilir. Belə müctəhid də “mütləq müctəhid” adlanır.
Mütəcəzzi ictihad: Namaz, oruc və bu kimi fiqhin bəzi bölümlərində fətva vermək bacarığına yiyələnmiş müctəhidin ictihadına deyilir. Belə müctəhid isə “mütəcəzzi müctəhid” adlanır.
2. Mütləq müctəhidin fətvası özü üçün hüccətdir[5] və başqaları da ona təqlid edə bilərlər. Həmçinin, mütəcəzzi müctəhidin fətvası özü üçün hüccətdir, baxmayaraq ki, belə müctəhidə tədlid etməmək ehtiyati-müstəhəbdir.[6]
X şərt: Ehtiyati-vacibə görə ələm olmaq
1. Ələm müctəhid, şəriət hökmlərini dini mənbələrdən əldə etməkdə daha bacarıqlı olan müctəhiddir. Başqa sözlə, o, digər mərcəyi-təqlidlərlə müqayisədə şəri hökmləri daha yaxşı tanıyır və onları dini mənbələrdən əldə etməkdə daha bacarıqlıdır. Həmçinin, öz dövrünün tələblərini - o tələblər ki, dini mövzuları tanımaq və onlar barədə fətva verməkdə əhəmiyyətlidir - daha yaxşı bilir.[7]
2. Ələm müctəhidə təqlid etməyin vacibliyi aqil insanların nəzərinə və əqlin hökmünə əsaslanır.[8]
3. Ələm müctəhidin fətvası ilə qeyri-ələm müctəhidin fətvası fərqli olan məsələlərdə ələm müctəhidə təqlid etmək ehtiyati-vacibə görə vacibdir.[9]
4. Ələm müctəhiddə lazımi şərtlərin (mərcəyi-təqlidin şərtləri) olmamasını sadəcə ehtimal verib “fərqli fətvası olan məsələlər”də qeyri-ələm müctəhidə təqlid etmək ehtiyati-vacibə görə caiz deyil (icazə verilmir).[10]
Mərcəyi-təqlidin şərtləri barədə bir neçə məsələ:
• Bir müctəhidə təqlidin düzgün hesab edilməsi üçün onun mərcəyi-təqlid olması və ya fiqh kitabı qələmə alması şərt deyildir. Odur ki, əgər mərcəyi-təqlid olmayan və fiqh kitabı qələmə almayan bir müctəhidin mərcəyi-təqlidin şərtlərinə malik olduğu mükəlləf üçün dəqiqləşərsə, o həmin müctəhidə təqlid edə bilər.[11]
• Camiuş-şərait bir müctəhidə təqlid etmək üçün həmin müctəhidin mükəlləflə həmvətən olması və ya mükəlləflə eyni məntəqədə yaşaması şərt deyildir.[12]
• Yenicə mükəlləf olan və təqlid barədə öz şəri vəzifəsini müəyyənləşdirə bilməyən övladlarını məlumatlandırmaq və onlara yol göstərmək ata-ananın vəzifəsidir.[13]
6. Təqlidi bölmək
1. Təqlidi bölmək, təqlidi bölümlərə ayırmaq və hər bir bölümün öz müctəhidinə[14] təqlid etməkdir.
2. Müqəllid[15] fiqhin bu və digər bölümündə həmin bolümdə daha elmli olan müctəhidə təqlid edə bilər. Məsələn, ibadət məsələlərində bir müctəhidə, alış-veriş məsələlərində digər bir müctəhidə təqlid edə bilər. Yaxud, fərdi şəriət məsələlərində bir müctəhidə, ictimai, siyasi və iqtisadi məsələlərdə digər bir müctəhidə təqlid edə bilər. Bəlkə əgər bir neçə müctəhidin fiqhin ayrı-ayrı bölümlərində “ələmliy”i aydın olsa və müqəllidin ehtyac duyduğu məsələlərdə (gündəlik qarşılaşdığı məsələlərdə) bu müctəhidlərin fətvaları müxtəlif olsa, ehtiyata (ehtiyati-vacibə) görə təqlidi bölmək vacibdir.[16]
Suallar:
1- Mərcəyi-təqlidin şərtləri hansılardır?
2- Ədalət nədir və ədalətli şəxs hansı şəxsdir?
3- Mütəcəzzi müctəhidin fətvası özü və başqaları üçün hüccətdirmi?
4- Nə üçün ələm müctəhidə təqlid etməliyik?
5- Fiqh kitabı qələmə almayan bir müctəhidə təqlid etmək olarmı?
6- Təqlidi bölmək nədir? Bunun hökmü nədir?
[1] Əcvəbətul-istiftaat, 12, 15, 16, 21 və 22-ci suallar; Rəhbərdən soruşulan suallar, Təqlid bölümü, 2-ci məsələ.
[2] Əcvəbətul-istiftaat, 562-ci sual.
[3] Əcvəbətul-istiftaat, 13-cü sual; Rəhbərdən soruşulan suallar, Təqlid bölümü, 2-ci məsələ.
[4] Əcvəbətul-istiftaat, 562-ci sual.
[5] Qəti dəlil. Müt.
[6] Əcvəbətul-istiftaat, 10-cu sual.
[7] Əcvəbətul-istiftaat, 16-cı sual; Rəhbərdən soruşulan suallar, Təqlid bölümü, 2-ci məsələ.
[8] Əcvəbətul-istiftaat, 20-ci sual.
[9] Əcvəbətul-istiftaat, 16-cı sual.
[10] Əcvəbətul-istiftaat, 17-ci sual.
[11] Əcvəbətul-istiftaat, 9-cu sual.
[12] Əcvəbətul-istiftaat, 11-ci sual.
[13] Əcvəbətul-istiftaat, 4-cü sual.
[14] Yəni, fiqhin hansısa bir bölümündə ictihada çatan müctəhid, başqa sözlə, mütəcəzzi müchəhid. Müt.
[15] Təqlid edən şəxs. Müt.
[16] Əcvəbətul-istiftaat, 18-ci sual; Rəhbərdən soruşulan suallar, Təqlid bölümü, 5-ci məsələ.
- Üçüncü dərs: Təqlid (3)
Üçüncü dərs: Təqlid (3)
7. Camiuş-şərait müctəhidi tanımağın yolları
Camiuş-şərait müctəhidi 2 yolla tanımaq olar:
1- Yəqinlik hasil olmalıdır: bu yəqinlik, həm müctəhidin məşhurluğu (camaat arasında camiuş-şərait bir müctəhid kimi ad çıxarması) ilə, həm müqəllidin öz təcrübəsi və araşdırması ilə, həm də digər yollarla hasil ola bilər;
2- İki ədalətli alim şahidlik etməlidir.[1]
Diqqət:
• Əgər bir müctəhidin camiuş-şərait olması barədə şəri dəlil mövcud olarsa (məsələn, iki ədalətli alim şahidlik edərsə), bu dəlilə müxalif olan başqa bir şəri dəlil mövcud olmayana qədər həmin dəlil “şəri hüccət”dir və onu əsas götürmək lazımdır, hətta yəqinliyin hasil olmasına səbəb olmasa belə. Bu təqdirdə həmin dəlilə müxalif olan bir dəlilin mövcud olub-olmadığını da araşdırıb dəqiqləşdirmək lazım deyildir.[2]
8. Müctəhidin fətvasını əldə etməyin yolları
Müctəhidin fətvasını aşağıdakı yollarla əldə etmək mümkündür:
Müctəhidin özündən eşitmək;
İki və ya bir ədalətli şəxsdən eşitmək;
Bir nəfər etibarlı şəxsdən eşitmək;
Müctəhidin fiqh kitabında görmək; bu şərtlə ki, həmin kitabda səhvə yol verilməmişdir.[3]
Diqqət:
• Müctəhidin fətvasını söyləmək və şəri hökmləri bəyan etmək üçün müctəhidin icazəsi şərt deyildir. Lakin şəri hökmlərin bəyanında adətən səhvə yol verən şəxsin bu işi öhdəsinə götürməsinə icazə verilmir. Beləliklə, əgər o, səhvə yol verərsə və sonra səhv etdiyini başa düşərsə, səhv etdiyini onu dinləyənlərə çatdırmalıdır.
Ümumiyyətlə, dinləyənə də icazə verilmir ki, şəri hökmləri bəyan edən şəxsin sözlərinin doğruluğuna əmin olmayana qədər onun söylədiklərinə əməl etsin.[4]
9. Təqlidi dəyişmək[5]
1. Aşağıdakı hallarda təqlidin qeyri-ələm müctəhidə dəyişilməsinə icazə verilir:
Ələm müctəhidin fətva vermədiyi, qeyri-ələm müctəhidin isə ehtiyat deyil, birbaşa fətva verdiyi məsələlərdə (əlbəttə, ehtiyati-vacibə görə «ələm fəl-ələm» ardıcıllığına riayət etmək şərti ilə);
Qeyri-ələm müctəhidin fətvası ələm müctəhidin fətvasına zidd olmayan məsələlərdə;
Ələm müctəhidin fətvası ehtiyata zidd, qeyri-ələm müctəhidin fətvası isə ehtiyata uyğun olan məsələlərdə.[6]
2. Aşağıdakı hallarda təqlidin dəyişilməsinə icazə verilmir:
1- Təqlidin həyatda olan müctəhidlərin birindən digərinə dəyişilməsinə ehtiyati-vacibə görə icazə verilmir; yalnız təqlid edilən müctəhiddə mərcəyi-təqlidin şərtlərindən biri olmadığı təqdirdə buna icazə verilir. Məsələn, ikinci mərcəyi-təqlid birincisindən ələm olduqda və müəyyən bir məsələdə onun fətvası birinci mərcəyi-təqlidin fətvasından fərqli olduqda;
2- Dünyasını dəyişmiş müctəhiddən həyatda olan müctəhidə udul edilən məsələlərdə yenidən mərhum müctəhidə müraciət etməyə icazə verilmir.[7]
Diqqət:
• Mərcəyi-təqlidin fətvalarının zəmanəyə və mövcud şəraitə uyğun olmadığını güman etmək, yaxud onun fətvalarına əməl etməyin çətinliyi ələm müctəhiddən başqa bir müctəhidə udul etməyin icazəli (caiz) olduğuna səbəb olmur.[8]
10. Təqlidin müxtəlif məsələləri
1. Əgər mükəlləf namaz əsnasında şəri hökmünü bilmədiyi bir məsələ ilə qarşılaşarsa, verdiyi ehtimalın iki tərəfindən birinə əməl edib namazını tamamlaya bilər. Amma namazdan sonra bu məsələnin hökmünü öyrənməli və əgər namazı batil edən bir işi yerinə yetiribsə, namazını yenidən qılmalıdır.[9]
2. “Cahil”[10] bir baxımdan 2 qisimdir:
Qasir cahil: Cahilliyinin fərqinə varmayan və ya cahilliyini aradan qaldırmaq imkanı olmayan fərdə deyilir.
Müqəssir cahil: Cahil olduğunu bilən və bunu aradan qaldırmaq imkanı olan, lakin şəri hökmləri öyrənməkdə səhlənkarlıq göstərən fərdə deyilir.[11]
3. Ehtiyati-vacib, ehtiyat nöqteyi-nəzərindən müəyyən bir əməlin yerinə yetirilməsinin və ya tərk edilməsinin vacibliyidir. Hökmü “ehtiyati-vacib” olan məsələlərdə müqəllid, birbaşa fətva verən başqa bir müctəhidin fətvasına – əlbəttə, ələm fəl-ələm ardıcıllığına riayət etməklə – müraciət edə bilər.[12]
4. Fiqh kitablarında işlənən “fihi işkalun”, “muşkilun”, “la yəxlu min işkalin” ifadələri “ehtiyata” dəlalət edir. Təkcə “la işkalə fihi” ifadəsi “fətva” deməkdir.[13]
5. Əməl məqamında “caiz deyil” və “haramdır” ifadələri arasında fərq yoxdur.[14]
Suallar:
1- Müctəhidin fətvalarını hansı yollarla əldə etmək olar?
2- Müctəhidin icazəsi olmadan onun verdiyi fətvaları və şəriət hökmlərini bəyan etmək olarmı?
3- Hansı hallarda təqlidin qeyri-ələm müctəhidə dəyişilməsinə icazə verilmir?
4- Hansı halda udul etmək, yəni, təqlidi dəyişmək vacibdir?
5- “Cahil” neçə qisimdir?
6- “Caiz deyil” (icazə verilmir) və “haramdır” ifadələri arasındakı fərq nədir?
[1] Əcvəbətul-istiftaat, 25-ci sual; Rəhbərdən soruşulan suallar, Təqlid bölümü, 3-cü məsələ.
[2] Əcvəbətul-istiftaat, 24 və 27-ci suallar.
[3] Əcvəbətul-istiftaat, 25-ci sual.
[4] Əcvəbətul-istiftaat, 28-ci sual.
[5] “Udul etmək” termini “başqa bir müctəhidə müraciət etmək, təqlidi dəyişmək” kimi tərcümə olunmuşdur. Müt.
[6] Əcvəbətul-istiftaat, 8, 19, 20-ci suallar.
[7] Əcvəbətul-istiftaat, 31, 38, 39 və 45-ci suallar; Rəhbərdən soruşulan suallar, Təqlid bölümü, 5-ci məsələ.
[8] Əcvəbətul-istiftaat, 45-ci sual.
[9] Rəhbərdən soruşulan suallar, Təqlid bölümü, 6-cı məsələ.
[10] Şəri hökmləri bilməyən fərd. Müt.
[11] Əcvəbətul-istiftaat, 26-27-ci suallar.
[12] Əcvəbətul-istiftaat, 8 və 48-ci suallar.
[13] Əcvəbətul-istiftaat, 50-ci sual.
[14] Əcvəbətul-istiftaat, 51-ci sual.
- Dördüncü dərs: Vilayəti-fəqih və rəhbərlİk
Dördüncü dərs :Vilayəti-fəqih və rəhbərlİk
1. Vilayəti-fəqihin mənası
Vilayəti-fəqih, ədalətli fəqihin (din alimi) hakimiyyəti deməkdir.[1]
Diqqət:
• Hər bir dövrdə ədalətli fəqihin hakimiyyəti, yəni İslam cəmiyyətinə rəhbərliyi və ümmətin ictimai işlərinin idarəçiliyi məsələsi şiə məzhəbinin əsaslarındandır və bu məsələ “İmamət”dən qaynaqlanır.[2]
• İmam Zamanın (ə.f) qeybi dövründə vilayəti-fəqihə etiqad bəsləməmək - istər ictihada çatmaqla olsun, istərsə də təqlid etməklə - mürtədliyə və dindən xaric olmağa səbəb olmur. Hər kim dəlil-sübutla vilayəti-fəqih məsələsinə etiqad bəsləməyin zəruri olmadığı qənaətinə gələrsə, üzrlü sayılır. Lakin onun müsəlmanlar arasında təfriqə və ikitirəlik salmaq icazəsi yoxdur (caiz deyil).[3]
2. Vilayəti-fəqihin zəruriliyi
Sonuncu səmavi din olan və qanunları qiyamətədək qüvvədə qalacaq müqəddəs İslam dini ictimai bir dindir. Elə bu səbəbdən İslam dinini və hökumətini düşmənlərdən qoruyan, ictimai ədaləti bərqərar edən, zülm və zorakılığın qarşısını alan, mədəni-ictimai-siyasi tərəqqini təmin edən ədalətli bir fəqihin müsəlman cəmiyyətinə rəhbərliyi zəruridir.[4]
Diqqət:• Vilayəti-fəqih məsələsini qəbul etmək təəbbudi[5] şəriət hökmü olmaqla yanaşı, əql də onu təsdiqləyir. Bu mənsəbə layiq olan fərdi tanımağın yolları vardır.[6]
3. Ədalətli fəqihin hakimiyyətinin hüdudları
1. Vəliyyi-fəqihin əmrləri
Bütün müsəlmanlar vəliyyi-fəqihin hökumət əmrlərinə tabe olmalı, onun göstəriş və qadağalarına əməl etməlidirlər. Bu hökm, həm böyük din alimlərinə, həm də onlara təqlid edənlərə aiddir.[7]
Diqqət:
• Heç kimə icazə verilmir ki, özünün vəliyyi-fəqih mənsəbinə daha layiq olduğunu bəhanə edib qanuni yolla seçilən vəliyyi-fəqihə qarşı çıxsın.[8]
2. Vəliyyi-fəqihin çıxardığı qərarlar
Əgər vəliyyi-fəqihin qərarı ilə müəyyən şəxslər müəyyən vəzifələrə müvəqqəti olaraq təyin edilməyibsə, yeni vəliyyi-fəqih bu qərarı ləğv etməyənədək əvvəlki vəliyyi-fəqihin qərarı qüvvədədir.[9]
3. Cəzaların icrası
Cəzaların icrası (məsələn, zina və oğurluq üçün nəzərdə tutulan cəzalar) İmam Zamanın (ə.f) qeybi dövründə də vacibdir və buna müsəlmanların vəliyyi-fəqihi hökm verir.[10]
4. Vəliyyi-fəqihin qərarları ümmətin qərarından öndədir
İslam dininin və müsəlmanların ümumi mənafeyi istiqamətində vəliyyi-fəqihin aldığı qərarlar ümumi xalq kütləsinin istəyinə zidd olduğu təqdirdə vəliyyi-fəqihin qərarı xalqın qərarından öndə dayanır.[11]
5. Kütləvi informasiya vasitələrinə nəzarət
Kütləvi informasiya vasitələri vəliyyi-fəqihin nəzarəti altında olub İslam dini və müsəlmanlara xidmət göstərməlidir. O cümlədən, dini maarifin yayılması, müsəlmanların dünyagörüşünün artması, cəmiyyətin çətinliklərinin həlli, müsəlmanlar arasında vəhdət və qardaşlıq bağlarının yaranması və s. bu kimi məqsədlərə xidmət etməlidir.
Ədalətli fəqihin hakimiyyət hüdudları barədə 3 məsələ:
• Vəliyyi-fəqihin nümayəndəsinin göstərişlərinə tabe olmaq
Əgər vəliyyi-fəqihin nümayəndəsinin çıxardığı qərarlar vəliyyi-fəqih tərəfindən ona verilən səlahiyyətlər çərçivəsindədirsə, bu qərarlara qarşı çıxmaq caiz deyil (icazə verilmir).[12]
• Fiqhdə belə bir anlayış yoxdur ki, insan özündən yuxarı vəzifədə olana qeyd-şərtsiz tabe olsun və ona etiraz etməsin. Lakin idarənin rəsmi əmrlərinə qarşı çıxmaq olmaz.
• Vəliyyi-fəqihin təkvini-vilayəti[13] yoxdur və bu, yalnız Məsum İmamlara (ə.s) məxsusdur.[14]
4. Vəliyyi-fəqih ilə mərcəyi-təqlid arasında fikirayrılığı
Əgər təcavüzkar dövlətlər və ya kafirlər qarşısında dinin və ümmətin müdafiəsi kimi İslam hökumətinin idarəçiliyinə və müsəlmanların ümumi mənafeyinə aid məsələlərdə vəliyyi-fəqih ilə mərcəyi-təqlidin rəyi arasında ziddiyyət yaranarsa, bu təqdirdə vəliyyi-fəqihin rəyinə tabe olmaq lazımdır. Amma əgər bu fikirayrılığı fərdi şəriət məsələlərində olarsa, hər bir mükəlləf öz mərcəyi-təqlidinin fətvasına əməl etməlidir.[15]
Suallar:
1- Vilayəti-fəqih nə deməkdir və nə üçün zəruridir?
2- Vəliyyi-fəqihin əmrləri qarşısında müsəlmanların şəri vəzifəsi nədir?
3- Dünyasını dəyişmiş vəliyyi-fəqihin verdiyi əmrlər yeni vəliyi-fəqihin icazəsi olmadan qüvvədə qalırmı?
4- Camiuş-şərait bir müctəhid İmam Zamanın (ə.f) qeyb dövründə şəriətdə müəyyən edilən cəzaların icrasına dair hökm verə bilərmi?
5- Vəliyyi-fəqihin nümayəndəsinin ona verilən səlahiyyətlər çərçivəsində aldığı qərarlara tabe olmaq vacibdirmi?
6- Əgər hansısa bir məsələdə vəliyyi-fəqihin rəyi ilə mərcəyi-təqlidin rəyi arasında ziddiyyət olarsa, mükəlləf nə etməlidir?
[1] Əcvəbətul-istiftaat, 56-cı sual.
[2] Əcvəbətul-istiftaat, 61-ci sual.
[3] Əcvəbətul-istiftaat, 59 və 61-ci suallar.
[4] Əcvəbətul-istiftaat, 63-cü sual.
[5] Qeyd-şərtsiz tabe olma.
[6] Əcvəbətul-istiftaat, 56-cı sual.
[7] Əcvəbətul-istiftaat, 62 və 65-ci suallar.
[8] Əcvəbətul-istiftaat, 65-ci sual.
[9] Əcvəbətul-istiftaat, 64-cü sual.
[10] Əcvəbətul-istiftaat, 66-cı sual.
[11] Əcvəbətul-istiftaat, 53-cü sual.
[12] Əcvəbətul-istiftaat, 69-cu sual.
[13] “Vilayət” (rəhbərlik) iki novdür: 1) Təşrii-vilayət: yəni, şəriətin təyin etdiyi rəhbərlik və başçılıq, məsələn, atanın və ya ata babanın həddi-büluğa çatmayan uşağa başçılığı; 2) Təkvini-vilayət: yəni, yaradılış aləminə və ona hakim qanunlara Allahın göstərişi və izni ilə müdaxilə etmə, qeyri-adi hadisələri yaratma qüdrətinə malik olmaq, məsələn, əlacsız xəstələrə şəfa vermək, ölüləri diriltmək.
[14] Əcvəbətul-istiftaat, 60-cı sual.
[15] Əcvəbətul-istiftaat, 52 və 54-cü suallar.
-
- İKİNCİ FƏSİL: TƏHARƏT
- ÜÇÜNCÜ FƏSİL: NAMAZ
- DÖRDÜNCÜ FƏSİL: ORUC
- BEŞİNCİ FƏSİL: XÜMS
- ALTINCI FƏSİL: ƏNFAL
- YEDDİNCİ FƏSİL: CİHAD
- Səkkizinci FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
-
