Oxu / Yüklə:
FİQH TƏLİMLƏRİ
- Cild 1
- BİRİNCİ FƏSİL: TƏQLİD
- İKİNCİ FƏSİL: TƏHARƏT
- ÜÇÜNCÜ FƏSİL: NAMAZ
- DÖRDÜNCÜ FƏSİL: ORUC
- BEŞİNCİ FƏSİL: XÜMS
- ALTINCI FƏSİL: ƏNFAL
- YEDDİNCİ FƏSİL: CİHAD
- Səkkizinci FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
- YETMİŞ ALTINCI DƏRS: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR (1)
YETMİŞ ALTINCI DƏRS: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR (1)
1. Əmr bil-məruf və nəhy ənil-munkərin mənası
“Əmr bil-məruf” insanları yaxşı işlərə çağırmaq, “nəhy ənil-munkər” isə onları pis işlərdən çəkindirmək deməkdir.
2. Əmr bil-məruf və nəhy ənil-munkərin vacibliyi
Əmr bil-məruf və nəhy ənil-munkər İslam dininin çox mühüm vacib əməllərindəndir. Belə ki, bu dini göstərişi tərk edənlər, yaxud ona əhəmiyyət verməyənlər günah işlətmişlər, onları ağır və böyük cəza gözləyir. Əmr bil-məruf və nəhy ənil-munkər təkcə bu səbəbə görə vacib olmayıbdır ki, bütün İslam fəqihləri onun vacibliyi barədə eyni qənaətdədirlər, bəlkə bu, İslam dinin əsaslarından olduğu üçün vacib əməl hesab olunur.
Diqqət:
• Əmr bil-məruf və nəhy ənil-munkər İslam dininin göstərişlərini qorumaq və cəmiyyətin sağlamlığını təmin etmək üçün müəyyən şərtlər çərçivəsində ümumi şəri vəzifədir. İslama zidd hərəkətləri yerinə yetirən şəxsin və ya bir qisim insanların İslama qarşı bədbin olacaqlarını güman etmək əmr bil-məruf və nəhy ənil-munkərin tərk olunmasına əsas vermir.[1]
• Qanun pozuntusundan, məsələn beytul-malın (ümumi əmlakın) mənimsənməsindən xəbər tutan şəxslər nəhy ənil-munkərin şərtlərinə və qaydalarına riayət etməklə nəhy ənil-munkər etməlidirlər. Hər hansı bir iş üçün, hətta fəsadın qarşısını almaq məqsədilə olsa belə rüşvət və s. bu kimi qeyri-qanuni işlərə əl atmaq olmaz. Bəli, əgər əmr bil-məruf və nəhy ənil-munkərin şərtləri mövcud olmazsa, bu şəxslərin üzərinə heç bir şəri vəzifə düşmür. Məsələn, qorxu yaransa ki, əgər bu dini göstərişə əməl etsələr, yuxarı vəzifədə əyləşənlər tərəfindən incidiləcəklər və onlar tərəfdən ona ziyan toxunacaqdır, bu halda şəri vəzifə onların üzərindən götürülür. Əlbəttə, bu hökm İslam hökuməti olmayan bir şəraitdə qüvvədədir. [2]
• Pis əməl olma baxımından pis əməllər arasında heç bir fərq yoxdur. Amma buna baxmayaraq, onlar arasında müqayisə zamanı bəzilərinin haramlığının daha şiddətli olduğu görünür. Hər bir halda nəhy ənil-munkərin şərtləri mövcud olduğu zaman bu şəri vəzifəni yerinə yetirmək vacib olur və onu tərk etmək caiz deyildir. Bu hökm üçün məkan və mühitlər (məsələn, universitet mühiti, ictimai məkanlar və s.) arasında fərq yoxdur.[3]
• Müəssisə rəhbərliyinə vacibdir ki, İslam ölkəsinin bəzi müəssisələrində işləyən xarici mütəxəssislərə aşkarda spirtli içkilər içmək, haram ətlər yemək və bu kimi işləri yerinə yetirməkdən çəkinmələrini tapşırsın. Ümumi iffətə zidd olan işlər görmələrinə heç bir vəchlə icazə verilməməlidir. Hər bir halda, müəssisə rəhbərliyi bunun üçün müəyyən tədbirlər görməlidir.[4]
• Qız və oğlanların birgə təhsil aldıqları universitetlərdə təhsil alan mömin gənclərə vacibdir ki, universitet mühitində İslama zidd hərəkətlər müşahidə etdikləri zaman özlərini bu işlərdən qorumaqla yanaşı imkan daxilində və şərtlər çərçivəsində əmr bil-məruf və nəhy ənil-munkər də etsinlər.[5]
• Hicaba kamil şəkildə riayət etməyən xanımlara əmr bil-məruf və nəhy ənil-munkər etmək “reybə ilə olan baxış”la[6] şərtlənmir. Bəli, hər bir mükəlləf haramdan çəkinməlidir, xüsusilə də əgər özü nəhy ənil-munkər edirsə.[7]
3. Əmr bil-məruf və nəhy ənil-munkərin əhatə dairəsi
Əmr bil-məruf və nəhy ənil-munkər hökmü cəmiyyətin xüsusi bir təbəqəsini əhatə etmir, bu hökm cəmiyyətin hər bir təbəqəsinə mənsub olan mükəlləfə aiddir. Hətta qadın və övlada da vacibdir ki, ərin və ya ata-ananın vacib bir əməli tərk etdiyini, günah işlətdiyini gördükdə əmr bil-məruf və nəhy ənil-munkərin şərtləri mövcud olduğu təqdirdə bu işi yerinə yetirsin.[8]
Diqqət:
• Əmr bil-məruf və nəhy ənil-munkərin məqamı və şərtləri mövcud olduğu zaman buna əməl etmək bütün mükəlləflərin vacib şəri vəzifəsidir və mükəlləfin müxtəlif durumlarda olması, məsələn evli və ya subay olması burada rol oynamır. Subaylıq bu vəzifəni mükəlləfin üzərindən qaldırmır.[9]
4. Əmr bil-məruf və nəhy ənil-munkərin şərtləri
Əmr bil-məruf və nəhy ənil-munkərin şərtləri aşağıdakılardır:
Yaxşı və pis işləri tanımaq;
Əmr bil-məruf və nəhy ənil-munkərin təsir qoyacağını ehtimal vermək;
Günahkarın təkrar-təkrar günah işlətməsi;
Əmr bil-məruf və nəhy ənil-munkərin ziyanla nəticələnməməsi.[10]
1. Yaxşı və pis işləri tanımaq.
Əmr bil-məruf və nəhy ənil-munkərin birinci şərti yaxşı işlərə çağıran və pis işlərdən çəkindirən şəxsin yaxşı və pis işləri tanımasıdır, əks təqdirdə bu dini göstərişi yerinə yetirməkdə vəzifəli deyildir. Hətta bunu yerinə yetirməməlidir, çünki bilmədiyi bir şeyi əmr və ya nəhy[11] edə bilər. Beləliklə, qarşı tərəfin tutduğu işin haram olub-olmadığını bilmədikdə (məsələn, onun qulaq asdığı musiqinin haram, yoxsa halal olduğunu bilmədikdə) nəyh ənil-munkər etmək, yəni onu tutduğu işdən çəkindirmək vacib deyil, hətta caiz belə deyildir.[12]
2. Əmr bil-məruf və nəhy ənil-munkərin təsir qoyacağını ehtimal vermək.
Əmr bil-məruf və nəhy ənil-munkərin ikinci şərti onun təsir qoyacağını ehtimal verməkdir. Yəni yaxşı işlərə çağıran və pis işlərdən çəkindirən şəxs ehtimal verməlidir ki, onun bu işi indi də olmasa gələcəkdə öz nəticəsini verəcəkdir.[13]
Diqqət:
• Əgər müəssisə və idarə rəhbərliyi üçün sübuta yetsə ki, onun bəzi işçiləri namaza qarşı səhlənkarlıq göstərirlər və ya namaz qılmırlar, onlara öyüd-nəsihət vermək səmərəsiz qaldığı təqdirdə əmr bil-məruf və nəhy ənil-munkərin şərtlərinə riayət olunmaqla bu iş (yaxşı işlərə çağırmaq və pis işlərdən çəkindirmək) davamlı şəkildə həyata keçirilməlidir. Əmr bil-mərufun təsirsiz qaldığı təqdirdə isə əgər qanun bu kimi fərdlərin iş məziyyətlərindən məhrum edilməsinə yol verirsə, bu, onlar xüsusunda tətbiq edilməli və onlara xatırladılmalıdır ki, bu məhrumiyyət onların namaz kimi İlahi göstərişə qarşı laqeydliklərinə görədir. [14]
3. Günahkarın təkrar-təkrar günah işlətməsi.
Əmr bil-məruf və nəhy ənil-munkərin üçüncü şərti günahkarın təkrar-təkrar günah işlətməsidır. Amma əgər bilsək ki, əmr bil-məruf və nəhy ənil-munkər etmədən onun özü günahdan əl çəkəcəkdir, bu təqdirdə əmr bil-məruf və nəhy ənil-munkər etmək vacib deyildir.[15]
4. Əmr bil-məruf və nəhy ənil-munkərin ziyanla nəticələnməməsi
Əmr bil-məruf və nəhy ənil-munkərin dördüncü şərti bu işin ziyanla nəticələnməməsidir. Beləliklə, əgər əmr və nəyh etmək bu işi yerinə yetirən şəxsin və ya başqa müsəlmanların canına, malına və heysiyyətinə ziyanla nəticələnəcəksə, əmr bil-məruf və nəhy ənil-munkər etmək vacib deyildir. Əlbəttə mükəlləf işin əhəmiyyətini nəzərə almalıdır, yəni əmr və nəyh etməyin ziyanı ilə etməməyin ziyanını müqayisə etməli və mühüm olan tərəfə əməl etməlidir.[16]
Diqqət:
• Əgər bir şəxs ictimai mövqeyi və nüfuzu olan başqa bir şəxsə əmr bil-məruf və nəhy ənil-munkər edəcəyi təqdirdə onun tərəfindən ziyan görəcəyindən qorxursa, bu işi görməsi vacib deyil, bu şərtlə ki, onun qorxusunun məntiqi əsası olmalıdır. Amma günah işlədən bir şəxsin ictimai möqeyini və ya onun tərəfdən kiçik bir ziyan görəcəyini nəzərə alıb mömin qardaşa öyüd-nəsihət verməmək yaxşı iş deyildir.[17]
Əmr bil-məruf və nəhy ənil-munkərin şərtləri barədə bir neçə məsələ:
▪ Yuxarıda qeyd olunan dörd şərtin hamısı birgə mövcud olduğu təqdirdə əmr bil-məruf və nəhy ənil-munkər etmək vacib olur. Beləliklə, bu şərtlərdən biri mövcud olmadığı, məsələn əmr və nəhy ziyanla nəticələnəcəyi təqdirdə bu işi yerinə yetirmək vacib olmur, baxmayaraq ki, digər şərtlər mövcuddur.[18]
▪ Əmr bil-məruf və nəhy ənil-munkərdə şərt deyildir ki, yaxşı işlərə dəvət edən şəxs həmin yaxşı işi yerinə yetirsin və ya pis işdən çəkindirən şəxs həmin pis işin əhli olmasın, başqa sözlə desək, günahkar şəxsə də əmr və nəhy etmək vacibdir. Belə şəxs özü günahkar olduğunu əsas tutub bu İlahi əmri tərk edə bilməz. (Dini mənbələrdə rast gəlirik ki, başqalarını yaxşı işə dəvət edib özü onları yerinə yetirməyən, həmçinin başqalarını pis işdən çəkindirib özü pis əməlin sahibi olan şəxslər məzəmmət olunurlar. Bilməlisiniz ki, belə şəxslər əmr bil-məruf və nəhy ənil-munkər etdikləri üçün deyil, şəri vəzifələrinə və dini göstərişlərə əməl etmədikləri üçün məzəmmət olunurlar.)[19]
▪ Əmr bil-məruf və nəhy ənil-munkərdə şərt deyil ki, əmr və nəhy etmək günah işlədən şəxsin heysiyyətinə xələl gətirməməli və onu hörmətdən salmamalıdır. Beləliklə, əgər əmr bil-məruf və nəhy ənil-munkərin şərtlərinə və qaydalarına riayət olunarsa, bu iş günahkarın heysiyyətinə xələl gətirsə və hörmətini azaltsa da, onu yerinə yeitiməyin maneəsi yoxdur.[20]
Suallar:
Əmr bil-məruf və nəhy ənil-munkərin mənası və hökmü nədir?
Əgər müəssisə və idarə işçiləri özlərindən yuxarı vəzifədə işləyən həmkarlarının idarə və ya şəriət qanunlarını pozduqlarını müşahidə etsələr, vəzifələri nədir?
Əgər universitet mühitində vacib bir əməl tərk olunursa və günah işlədilirsə, əmr bil-məruf və nəhy ənil-munkərin şərtləri mövcud olduğu təqdirdə subay bir tələbənin üzərindən (subay olduğuna görə) əmr və nəhy etmək vəzifəsi götürülürmü?
Əmr bil-məruf və nəhy ənil-munkərin şərtlərini bəyan edin.
Əgər qarşı tərəfin tutduğu işinin haram olub-olmadığını bilmiriksə, nəhy ənil-munkər etməliyikmi?
Əgər əmr bil-məruf və nəhy ənil-munkər günahkarın heysiyyətinə xələl gətirərsə və onu hörmətdən salarsa, bunun hökmü nədir?
[1] Əcvəbətul-istiftaat, 1062-ci sual.
[2] Əcvəbətul-istiftaat, 1082 və 1083-cü suallar.
[3] Əcvəbətul-istiftaat, 1084-cü sual.
[4] Əcvəbətul-istiftaat, 1085-ci sual.
[5] Əcvəbətul-istiftaat, 1087-ci sual.
[6] Günaha düşmə qorxusu olan baxış.
[7] Əcvəbətul-istiftaat, 1068-ci sual.
[8] Əcvəbətul-istiftaat, 1069-cu sual.
[9] Əcvəbətul-istiftaat, 1060-cı sual.
[10] Əcvəbətul-istiftaat, 1057-ci sual.
[11] Nəyh etmək, yəni qadağan etmək, çəkindirmək.
[12] Əcvəbətul-istiftaat, 1057, 1059 və 1067-ci suallar.
[13] Əcvəbətul-istiftaat, 1057-ci sual.
[14] Əcvəbətul-istiftaat, 1076-cı sual.
[15] Əcvəbətul-istiftaat, 1057-ci sual.
[16] Əcvəbətul-istiftaat, 1057-ci sual.
[17] Əcvəbətul-istiftaat, 1059 və 1061-ci suallar.
[18] Əcvəbətul-istiftaat, 1057-ci sual.
[19] Əcvəbətul-istiftaat, 1053-cü sual.
[20] Əcvəbətul-istiftaat, 1053-cü sual.
- YETMİŞ YEDDİNCİ DƏRS: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR (2)
YETMİŞ YEDDİNCİ DƏRS: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR (2)
5. Əmr bil-məruf və nəhy ənil-munkərin mərhələ və mərtəbələri
Əmr bil-məruf və nəhy ənil munkərin mərhələ və mərtəbələri aşağıdakılardan ibarətdir:
Qəlb mərhələsi;
Dil (söz) mərhələsi;
Əməl mərhələsi.
Diqqət:
• Əmr bil-məruf və nəhy ənil-munkərin mərhələ və mərtəbələrinə riayət etmək vacibdir, yəni aşağı mərhələ ilə arzuolunan məqsəd həyata keçərsə, yuxarı mərhələyə keçmək olmaz.
1. Qəlb mərhələsi.
1) Əmr bil-məruf və nəhy ənil-munkərin birinci mərhələsi “qəlb mərhələsi”dir, yəni qəlb vasitəsilədəvət etmək və çəkindirmək. Bu,qəlbdəki ikrahı izhar etmək deməkdir (məsələn, üzün ifadəsi, danışıq və rəftar tərzi və s. ilə). Yəni mükəlləf pis işin yerinə yetirilməsi və yaxşı işin tərk edilməsinə qarşı olan daxilindəki nifrəti və ağrını izhar edir, bu yolla yaxşı bir işi tərk edən və ya pis bir işi yerinə yetirən şəxsi yaxşı işi yerinə yetirməyə və pis işi tərk etməyə vadar edir. [1]
2) Qəlbdə əmr bil-məruf və nəhy ənil-munkər etməyin özünəxas dərəcələri vardır. Belə ki, əgər aşağı dərəcə ilə arzuolunan məqsəd həyata keçərsə, yuxarı dərəcəyə keçmək olmaz. Bu dərəcələr şiddətli və zəif olma baxımından, habelə növlərinə görə saysızdır: məsələn təbəssümlə davranmaq, baxışları zilləmək, əli üzə qoymaq, dodaqları dişləmək, əli və ya başı yelləmək, salam verməmək, üz çevirmək, arxa çevirmək, söhbəti kəsmək, küsmək və əlaqəni kəsmək.
2. Dil mərhələsi.
1) Əmr bil-məruf və nəhy ənil-munkərin ikinci mərhələsi dil mərhələsidir, yəni insan günah işlədən şəxsə pis işdən əl çəkməsini və ya yaxşı əməli yerinə yetirməsini söyləyir.
2) Əmr bil-məruf və nəhy ənil-munkərin dil mərhələsinin də özünəxas dərəcələri vardır və əgər aşağı dərəcə ilə, başqa sözlə, daha yumşaq danışıqla arzuolunan məqsəd həyata keçərsə, yuxarı dərəcələrə keçmək olmaz. Bu dərəcələr şiddətli və zəif olma baxımından, habelə növlərinə görə saysızdır: məsələn maarifləndirmək, xatırlatmaq, öyüd-nəsihət vermək, yerinə yetirilən əməlin xeyir və ziyanını sadalamaq, fikir mübadiləsi aparmaq, dəlil-sübutla danışmaq, tünd danışmaq, hədə-qorxu gəlmək.
3. Əməl mərhələsi.
1) Əmr bil-məruf və nəhy ənil-munkərin üçüncü mərhələsi əməl mərhələsidir, yəni güc tətbiq etməklə günahkarı pis işlərdən əl çəkməyə və yaxşı işləri yerinə yetirməyə vadar etmək.
2) Bu mərhələnin də özünəxas dərəcələri vardır və aşağı dərəcə ilə arzuolunan məqsəd həyata keçdiyi təqdirdə yuxarı dərəcəyə keçmək olmaz. Bu dərəcələr şiddətli və zəif olma baxımından, habelə növlərinə görə saysızdır: məsələn günah işlədən şəxsin qabağanı kəsmək, günah vasitələrini onun əlindən çıxartmaq, onu geri oturtmaq, həbs etmək, həyatı onun üçün çətinləşdirmək, döymək, incitmək, yaralamaq, bədən üzvünü sındırmaq, şikəst etmək, öldürmək.
Diqqət:
• Nəzərə alsaq ki, İslam hökuməti iqtidarda olduğu zaman əmr bil-məruf və nəhy ənil-munkərin əməl mərhələsini hüquq mühafizə orqanlarına həvalə etmək mümkün olduğundan, xüsusilə də günahın qarşısının alınması üçün əmlakın müsadirəsi, cəza kəsilməsi, həbs edilməsi kimi güc tətbiq etməkdən başqa çıxış yolu qalmadığı hallarda mükəlləflərə vacibdir ki, əmr bil-məruf və nəhy ənil-munkərin qəlb və dil mərhələləri ilə kifayətlənsinlər. Güc tətbiq etməyə ehtiyac olduğu surətdə isə hüquq mühafizə orqanlarının aidiyyatı qurumlarını məlumatlandırsınlar. Lakin İslam hökuməti iqtidarda olmayan zaman və məkanlarda mükəlləfə vacibdir ki, əmr bil-məruf və nəhy ənil-munkərin şərtləri mövcud olduğu təqdirdə tərtibə riayət etməklə arzuolunan məqsədə çatanadək onun bütün mərhələlərini yerinə yetirsinlər.[2]
• Qeyd olundu ki, İslam hökuməti rejimində əmr bil-məruf və nəhy ənil-munkər xüsusunda mükəlləflərin vəzifəsi qəlb və dil mərhələləri ilə kifayətlənib əməl mərhələsini hüquq mühafizə orqanlarına həvalə etməkdir. Bu, fiqhi fətvadır (dövlət tərəfindən qəbul edilən qərar deyil).[3]
Əmr bil-məruf və nəhy ənil munkərin mərhələləri barədə bir neçə məsələ:
▪ Müsəlmanın salamının cavabını vermək şəri baxımdan vacibdir. Amma əgər günah işlədən şəxsi pis işdən çəkindirmək məqsədilə onun salamının cavabını verməmək ürf baxımından pis işdən çəkindirmə üsulu hesab olunarsa, bu işi görmək caizdir.[4]
▪ Dövlət tərəfindən fəsadın qarşısını almaq vəzifəsi ilə vəzifələndirilən məmurlar əgər öz vəzifələrini yerinə yetirməkdə səhlənkarlıq göstərərlərsə, kənar şəxslərin hüquq mühafizə orqanlarının işlərinə müdaxilə etmələri caiz deyildir (buna icazə verilmir). Lakin əmr bil-məruf və nəhy ənil-munkərin şərtlərinə və hüdudlarına riayət etməklə camaatın bu şəri vəzifəni yerinə yetirməsinin maneəsi yoxdur.[5]
▪ Sürücünün haram musiqi kasetləri (diskləri) oxutdurduğunu görən şəxsin şəri vəzifəsidir ki, şərtləri mövcud olduğu təqdirdə nəhy ənil-munkər etsin. Lakin nəhy ənil-munkərin dil mərhələsindən yuxarı mərhələyə qalxmaq ona vacib deyildir və sözü təsir etmədiyi təqdirdə haram musiqini eşitməməyə cəhd göstərməlidir. Əgər haram musiqini qeyri-ixtiyari şəkildə eşidirsə, onun üzərinə heç bir vəzifə düşmür.[6]
▪ Xəstəxanaların birində şəfqət bacısı işləyən bir şəxs bəzi xəstələrin haram musiqi dinlədiyini görərsə, öyüd-nəsihət vermək nəticəsiz qaldığı təqdirdə haramın qarşısını almaqdan ötrü kasetlərdəki haram musiqiləri poza bilər. Lakin bunun üçün onun sahibindən və ya şəri hakimdən icazə almalıdır.[7]
▪ Əmr bil-məruf və nəhy ənil-munkər məqsədilə başqalarının evinə soxulmağa icazə verilmir. Beləliklə, əgər hansısa bir evdən haram musiqi sədaları ətrafa yayılarsa və möminləri narahat edərsə, həmin evə soxulmağa icazə verilmir. (Bu vaxt əmr bil-məruf və nəhy ənil-munkərin şərtlərinə, habelə qəlb və dil mərhələlərinə riayət edərək əmr və nəhy etmək, nəticə vermədiyi təqdirdə isə hüquq mühafizə orqanlarına məlumat vermək lazımdır.)[8]
▪ Əgər qohumlardan biri təkrar-təkrar günah işlədərsə və İlahi göstərişə əhəmiyyət verməzsə, insan buna öz narazılığını bildirməli və ona dostcasına öyüd-nəsihət verməlidir, lakin qohumu ilə əlaqəni kəsməsinə icazə verilmir. Bəli, əgər o, ehtimal versə ki, qohumu ilə müvəqqəti olaraq əlaqəni kəsmək onun günahdan çəkinməsinə səbəb olacaqdır, bunu əmr bil-məruf və nəhy ənil-munkər ünvanında etməsi vacibdir.[9]
Diqqət:
• Hər bir mükəlləfə vacibdir ki, səhvə yol verməməkdən ötrü əmr bil-məruf və nəhy ənil-munkərin şərtlərini və mərhələlərini, eləcə də bu İlahi əmrin vacib olduğu və vacib olmadığı məqamları öyrənsin.[10]
6. Əmr bil-məruf və nəhy ənil-munkərin müxtəlif məsələləri
1. Keçmişdə haram iş görən, məsələn şərab içən şəxslə ünsiyyət qurmaq üçün onun hal-hazırkı vəziyyəti meyar götürülür. Belə ki, əgər o, tövbə edibsə, onunla sair möminlərdən biri kimi ünsiyyət qurmaq olar. Hal-hazırda haram iş görən şəxsə gəlincə, onu pis işdən çəkindirmək lazımdır. Belə ki, əgər onu haramdan çəkindirmək üçün ondan uzaqlaşmaq və onunla əlaqəni kəsməkdən başqa yol yoxdursa, nəhy ənil-munkər məqsədilə onunla əlaqəni kəsmək vacibdir.[11]
2. Qızılı işləmələri olan geyim geyinmək və qızıl zinət əşyalarından istifadə etmək kişilərə haramdır. Modelinə, rənginə və s. keyfiyyətlərinə görə ürfdə (yəni camaatın nəzərində) qeyri-müsəlmanların mədəniyyətini təqlid etmək və yaymaq hesab olunan geyimləri geyinmək caiz deyildir. Həmçinin İslam və müsəlmanların düşmənlərinin mədəniyyətini təqlid etmək hesab olunan zinət əşyalarından istifadə etmək caiz deyildir və bunu görənlərə vacibdir ki, yad mədəniyyətin basqısı təsiri altına düşən şəxslərə dildə nəhy ənil-munkər etsinlər.[12]
3. Namaz qılmayan bir şəxslə söhbət etmək və əlaqə saxlamaq məcburiyyətində olan şəxsin üzərinə düşən vəzifə – belə ki, o, bəzi işlərdə namaz qılmayan bu şəxsə kömək edir – şərtləri mövcud olduğu təqdirdə davamlı olaraq əmr bil-məruf və nəhy ənil-munkər etməkdir, onun bundan qeyri vəzifəsi yoxdur. Əgər kömək etmək və ünsiyyətdə olmaq onun namaza qarşı laqeydliyinin artmasına səbəb olmazsa, bunları yerinə yetirməyin maneəsi yoxdur.[13]
4. Əgər qadının əri dini göstərişlərə əhəmiyyət vermirsə, məsələn namaz qılmırsa, o, ərinin islah olunması üçün çalışmalı və ərinə qarşı sərd davranışlardan çəkinməlidir. Bilməlidir ki, dini məclislərdə iştitak etməyin, dindar ailələrlə get-gəl etməyin onun islahında böyük təsirləri vardır.[14]
5. Müsəlman bir kişi müəyyən hadisələri əsas götürüb həyat yoldaşının gizlində namusa zidd hərəkətlər etdiyini hesab edir. Bu kişiyə bədgümandan və zənnə qapılmaqdan çəkinmək vacibdir. Haram işin yerinə yetirildiyi aydınlaşdığı təqdirdə isə qadını təzəkkür (xatırlatma), öyüd-nəsihət və nəhy ənil-munkər yolu ilə bu işdən çəkindirmək vacibdir. Nəhy ənil-munkər nəticə vermədiyi təqdirdə isə tutarlı dəlillərlə məhkəməyə şikayətlə müraciət edə bilər.[15]
6. Əgər böyük, tanınmış bir alim üçün sübuta yetsə ki, zalımlarla və zalım hökmdarlarla əlaqə saxlamaq onların zülmdən çəkinməsinə səbəb olacaqdır və bu əlaqə nəhy ənil-munkər rolu oynayacaqdır, yaxud mühüm bir məsələ zalımın yanında müzakirə olunub öz həllini tapacaqdır, bu təqdirdə onun zalımla əlaqə saxlamasının maneəsi yoxdur.[16]
Suallar:
Əmr bil-məruf və nəhy ənil-munkərin mərhələ və mərtəbələrini sadalayın.
Haram iş görən şəxsin salamına cavab verməmək caizdirmi?
Dövlət tərəfindən fəsadın qarşısını almaq vəzifəsi ilə vəzifələndirilən məmurlar əgər öz vəzifələrini yerinə yetirməkdə səhlənkarlıq göstərərlərsə, kənar şəxslərin onların işlərinə müdaxilə etmələri caizdirmi?
Əgər qohumlardan biri təkrar-təkrar günah işlədərsə və İlahi göstərişə əhəmiyyət verməzsə, insanın üzərinə düşən vəzifə nədir?
Keçmişdə haram iş görən, məsələn şərab içən bir şəxslə ünsiyyət qurmaq üçün meyar nə götürülür?
Əgər qadının əri dini göstərişlərə əhəmiyyət vermirsə, o cümlədən namaz qılmırsa, bu qadın nə etməlidir?
[1] Əcvəbətul-istiftaat, 1071-ci sual.
[2] Əcvəbətul-istiftaat, 1055 və 1064-cü suallar.
[3] Əcvəbətul-istiftaat, 1071-ci sual.
[4] Əcvəbətul-istiftaat, 1075-ci sual.
[5] Əcvəbətul-istiftaat, 1063-cü sual.
[6] Əcvəbətul-istiftaat, 1063-cü sual.
[7] Əcvəbətul-istiftaat, 1066-cı sual.
[8] Əcvəbətul-istiftaat, 1067-ci sual.
[9] Əcvəbətul-istiftaat, 1058 və 1071-ci suallar.
[10] Əcvəbətul-istiftaat, 1074-cü sual.
[11] Əcvəbətul-istiftaat, 1072-ci sual.
[12] Əcvəbətul-istiftaat, 1073-cü sual.
[13] Əcvəbətul-istiftaat, 1077-ci sual.
[14] Əcvəbətul-istiftaat, 1079-cu sual.
[15] Əcvəbətul-istiftaat, 1080-cı sual.
[16] Əcvəbətul-istiftaat, 1078-ci sual.
-
-
