Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
      • Yetmiş altıncı dərs: Əmr bil-məruf və nəhy ənil-munkərin
        Çap versiyası  ;  PDF
         
        Yetmiş altıncı dərs: Əmr bil-məruf və nəhy ənil-munkərin

         

        mənası, vacibliyi və şərtləri
        Əmr bil-məruf və nəhy ənil-munkərin mənası
        “Əmr bil-məruf” insanları yaxşı işlərə çağırmaq və “nəhy ənil-munkər” insanları pis işlərdən çəkindirmək deməkdir.
         
        Əmr bil-məruf və nəhy ənil-munkərin vacibliyi
        Əmr bil-məruf və nəhy ənil-munkər İslam dininin çox mühüm vacib əməllərindəndir. Bu vacib əməli tərk edənlər və ya ona əhəmiyyət verməyənlər günahkardırlar və onları ağır və böyük cəza gözləyir. Əmr bil-məruf və nəhy ənil-munkərin vacibliyini İslam fəqihləri yekdilliklə qəbul edirlər və bu əməlin vacibliyi İslam dinin zəruri əsaslarındandır.
         
        Diqqət:
        • Əmr bil-məruf və nəhy ənil-munkər İslam dininin göstərişlərini qorumaq və cəmiyyətin sağlamlığını təmin etmək üçün müəyyən şərtlər çərçivəsində ümumi bir şəri vəzifədir. İslama zidd əməlləri yerinə yetirən şəxsin və ya bir qrup insanın İslama qarşı bədbin olacaqlarını düşünərək əmr bil-məruf və nəhy ənil-munkəri tərk etmək yolverilməzdir.
        • Qanun pozuntusundan, məsələn, beytul-malın (ümumi əmlakın) mənimsənməsindən xəbər tutan şəxslər nəhy ənil-munkərin şərtlərinə və qaydalarına riayət edərək nəhy ənil-munkər etməlidirlər. Hər hansı bir iş üçün, hətta fəsadın qarşısını almaq məqsədilə olsa belə, rüşvət və bu kimi qeyri-qanuni işlərə əl atmaq olmaz. Bəli, əgər əmr bil-məruf və nəhy ənil-munkərin şərtləri mövcud olmazsa, bu şəxslərin üzərinə heç bir şəri vəzifə düşmür. Məsələn, əgər bu dini göstərişə əməl etdikləri təqdirdə yuxarı vəzifədə olan məsullar tərəfindən incidiləcəklərindən və ziyan görəcəklərindən qorxsalar, şəri vəzifə onların üzərindən götürülür. Əlbəttə, bu hökm İslam hökuməti olmayan bir şəraitdə qüvvədədir. Əmr bil-məruf və nəhy ənil-munkərə böyük əhəmiyyət verən İslam hökumətində qanun pozuntusundan xəbər tutan, lakin özü birbaşa əmr bil-məruf və nəhy ənil-munkər edə bilməyən şəxslər hökumətin aidiyyatı qurumlarını məlumatlandırmalı və bu qurumlar da məsələni araşdırıb lazımi ölçülər götürməlidirlər.
        • Pis əməllər elə pis olduğuna görə onlar arasında fərq qoyulmur. Amma bəzi pis əməllərin daha pis olduğu görünür. Hər bir halda nəhy ənil-munkərin şərtləri mövcud olduğu zaman bu şəri vəzifəni yerinə yetirmək vacib olur və onu tərk etməyə icazə verilmir. Bu hökm baxımından pis əməllər və məkanlar (məsələn, universitet mühiti, ictimai məkanlar və s.) arasında fərq qoyulmur.
        • Müəssisə rəhbərlikləri İslam ölkəsinin bəzi müəssisələrində işləyən xarici mütəxəssislərə aşkarda içki içməməyi, haram ət yeməməyi və bu kimi işləri yerinə yetirməməyi tapşırmalıdırlar. Onlara iffətə zidd olan işlər görmələrinə heç bir vəchlə icazə verilməməlidir. Hər bir halda müəssisə rəhbərlikləri bunun üçün müəyyən tədbirlər görməlidirlər.
        • Qızların və oğlanların birgə təhsil aldıqları universitetlərdə təhsil alan mömin gənclər universitet mühitində İslama zidd əməllərin yerinə yetirildiyini müşahidə etdikləri zaman həm özləri bu əməllərdən uzaq olmalı, həm də imkan daxilində və şərtlər çərçivəsində əmr bil-məruf və nəhy ənil-munkər etməlidirlər.
        • Hicaba kamil şəkildə riayət etməyən xanımlara əmr bil-məruf və nəhy ənil-munkər etməyin şərti onlara reybə[1] ilə baxılması deyildir. Bəli, hər bir mükəlləf, xüsusilə də nəhy ənil-munkər etdiyi zaman haramdan çəkinməlidir.
         
        Əmr bil-məruf və nəhy ənil-munkərin hamıya aid olan şəri vəzifə olması
        Əmr bil-məruf və nəhy ənil-munkər şəri vəzifəsi cəmiyyətin xüsusi bir təbəqəsinə aid deyildir, əksinə, cəmiyyətin hər bir təbəqəsinə aiddir. Hətta qadın öz ərinin və ya övlad öz ata-anasının hansısa vacib bir əməli tərk etdiyini və ya haram bir əməli yerinə yetirdiyini gördükdə, əmr bil-məruf və nəhy ənil-munkərin şərtləri mövcud olduğu təqdirdə, bu şəri vəzifəni yerinə yetirməlidir.
         
        Diqqət:
        Əmr bil-məruf və nəhy ənil-munkərin məqamı və şərtləri mövcud olduğu zaman bütün mükəlləflər bu vacib şəri vəzifəni yerinə yetirməlidirlər. Mükəlləfin müxtəlif vəziyyətləri, məsələn, evli və ya subay olması burada rol oynamır. Subaylıq bu şəri vəzifəni mükəlləfin üzərindən götürmür.
         
        Əmr bil-məruf və nəhy ənil-munkərin şərtləri
        Əmr bil-məruf və nəhy ənil-munkərin şərtləri aşağıdakılardır:
        1- Yaxşı və pis işləri tanımaq;
        2- Əmr bil-məruf və nəhy ənil-munkərin təsir qoyacağını ehtimal etmək;
        3- Günahın təkrar-təkrar yerinə yetirilməsi;
        4- Əmr bil-məruf və nəhy ənil-munkərin fəsadının olmaması.
         
        1- Yaxşı və pis işləri tanımaq
        Əmr bil-məruf və nəhy ənil-munkərin birinci şərti yaxşı və pis işləri tanımaqdır. Yəni yaxşı işlərə çağıran və pis işlərdən çəkindirən şəxs yaxşı və pis işləri tanımalıdır. Əks təqdirdə, bu şəri vəzifəni yerinə yetirmək onun üzərinə düşmür. Hətta o, bu işi görməməlidir, çünki pis bir işə əmr və ya yaxşı bir işi nəhy[2] edə bilər. Beləliklə, qarşı tərəfin əməlinin haram olub-olmadığını bilmədikdə (məsələn, onun qulaq asdığı musiqinin haram, yoxsa halal olduğunu bilmədikdə), nəyh ənil-munkər etmək, yəni onu bu əməlindən çəkindirmək vacib deyildir, hətta bu işi görməyə icazə verilmir.
         
        2- Əmr bil-məruf və nəhy ənil-munkərin təsir qoyacağını ehtimal etmək
        Əmr bil-məruf və nəhy ənil-munkərin ikinci şərti onun təsir qoyacağını ehtimal etməkdir. Yəni yaxşı işlərə çağıran və pis işlərdən çəkindirən şəxs ehtimal etməlidir ki, onun bu işi, hətta indi də olmasa, gələcəkdə öz nəticəsini verəcəkdir.
         
        Diqqət:
        • Əgər müəssisə və idarə rəhbərliyi üçün sübuta yetsə ki, bəzi işçilər namaza qarşı səhlənkarlıq göstərir və ya namaz qılmırlar, onlara öyüd-nəsihət vermək nəticəsiz olduğu təqdirdə, əmr bil-məruf və nəhy ənil-munkərin şərtlərinə riayət edərək bu işi (yəni yaxşı işlərə çağırmaq və pis işlərdən çəkindirməyi) davamlı şəkildə yerinə yetirməlidirlər. Əgər əmr bil-məruf da nəticə verməzsə, qanun bu kimi fərdlərin müəyyən iş məziyyətlərindən məhrum edilməsinə yol verdiyi təqdirdə, bu qanun onlar barəsində tətbiq edilməli və bu məhrumiyyətin onların namaz kimi İlahi göstərişə qarşı laqeydliklərinə görə olduğu bildirilməlidir.
         
        3- Günahın təkrar-təkrar yerinə yetirilməsi
        Əmr bil-məruf və nəhy ənil-munkərin üçüncü şərti günahın təkrar-təkrar yerinə yetirilməsidir. Yəni günahkar şəxs hansısa bir günahı təkrar-təkrar yerinə yetirir. Amma əgər bilsək ki, əmr bil-məruf və nəhy ənil-munkər etmədən onun özü günahdan əl çəkəcəkdir, yəni yaxşı əməli yerinə yetirəcək və ya pis əməli tərk edəcəkdir, bu halda əmr bil-məruf və nəhy ənil-munkər etmək vacib deyildir.
         
        4- Əmr bil-məruf və nəhy ənil-munkərin fəsadının olmaması
        Əmr bil-məruf və nəhy ənil-munkərin dördüncü şərti bu işin fəsadla nəticələnməməsidir. Beləliklə, əgər əmr və nəyh etmək bu işi yerinə yetirən şəxsin və ya başqa bir müsəlmanın canına, malına və heysiyyətinə ziyan dəyməklə nəticələnəcəkdirsə, əmr bil-məruf və nəhy ənil-munkər etmək vacib olmur. Əlbəttə, mükəlləf işin əhəmiyyətini nəzərə almalıdır, yəni əmr və nəyh etməyin ziyanı ilə bu işi etməməyin ziyanını müqayisə etməli, daha sonra mühüm olanı yerinə yetirməlidir.
         
        Diqqət:
        • Əgər bir şəxs ictimai mövqeyi olan nüfuzlu bir şəxsə əmr bil-məruf və nəhy ənil-munkər edəcəyi təqdirdə onun tərəfindən ziyan görəcəyindən qorxsa, bu işi görməsi vacib olmur, amma bu şərtlə ki, onun qorxusunun məntiqi əsası olmalıdır. Amma günah edən bir şəxsin ictimai mövqeyini və ya onun tərəfindən kiçik bir ziyanın dəyəcəyini nəzərə alıb mömin qardaşa öyüd-nəsihət verməmək yaxşı iş deyildir. Hər halda, “mühüm və daha mühüm” prinsipinə riayət olunmalıdır.
         
        Əmr bil-məruf və nəhy ənil-munkərin şərtləri barədə bir neçə məsələ:
        • Yuxarıda qeyd olunan dörd şərtin hamısı eyni zamanda mövcud olduqda əmr bil-məruf və nəhy ənil-munkər etmək vacib olur. Beləliklə, bu şərtlərdən biri mövcud olmadıqda, məsələn, əmr və nəhy fəsadla nəticələnəcəyi təqdirdə, bu işi yerinə yetirmək vacib olmur, baxmayaraq ki, digər şərtlər mövcuddur.
        • Əmr bil-məruf və nəhy ənil-munkərdə şərt deyildir ki, yaxşı işə dəvət edən şəxs həmin yaxşı işi yerinə yetirməli və ya pis işdən çəkindirən şəxs həmin pis işi yerinə yetirməməlidir. Başqa sözlə desək, günahkar şəxsə də əmr və nəhy etmək vacibdir. Belə şəxs özü günahkar olduğunu əsas götürüb, bu şəri vəzifəni tərk edə bilməz. (Dini mənbələrdə rast gəlirik ki, başqalarını yaxşı işə dəvət edib özü onu yerinə yetirməyən, həmçinin başqalarını pis işdən çəkindirib özü bu pis əməlin sahibi olan şəxslər məzəmmət olunurlar. Bilməlisiniz ki, belə şəxslər əmr bil-məruf və nəhy ənil-munkər etdikləri üçün deyil, şəri vəzifələrinə və dini göstərişlərə əməl etmədikləri üçün məzəmmət olunurlar.)
        • Əmr bil-məruf və nəhy ənil-munkərdə şərt deyildir ki, əmr və nəhy etmək günah edən şəxsin heysiyyətinə xələl gətirməməli və onu hörmətdən salmamalıdır. Beləliklə, əgər əmr bil-məruf və nəhy ənil-munkərin şərtlərinə və qaydalarına riayət olunarsa, bu iş günahkarın heysiyyətinə xələl gətirsə və onun hörmətini azaltsa belə, onu yerinə yetirməyin maneəsi yoxdur.
         
        Suallar:
        1- Əmr bil-məruf və nəhy ənil-munkərin mənası və hökmü nədir?
        2- Əgər müəssisə və idarə işçiləri yuxarı vəzifəli məsulların idarə və ya şəriət qanunlarını pozduqlarını müşahidə etsələr, onların vəzifəsi nədir?
        3- Əgər universitet mühitində vacib bir əməl tərk olunursa və günah edilirsə, əmr bil-məruf və nəhy ənil-munkərin şərtləri mövcud olduğu təqdirdə subay bir tələbənin üzərindən (subay olduğuna görə) əmr və nəhy etmək vəzifəsi götürülürmü?
        4- Əmr bil-məruf və nəhy ənil-munkərin şərtlərini açıqlayın.
        5- Əgər qarşı tərəfin əməlinin haram olub-olmadığını bilmiriksə, nəhy ənil-munkər etməliyikmi?
        6- Əgər əmr bil-məruf və nəhy ənil-munkər günahkarın heysiyyətinə xələl gətirərsə və onu hörmətdən salarsa, bunun hökmü nədir?
         

        [1] Günaha düşmək qorxusu olan baxış.
        [2] Nəhy etmək, yəni qadağan etmək və çəkindirmək deməkdir.
      • Yetmiş yeddinci dərs: Əmr bil-məruf və nəhy ənil-munkərin mərhələləri
700 /