Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
      • Yetmiş altıncı dərs: Əmr bil-məruf və nəhy ənil-munkərin
      • Yetmiş yeddinci dərs: Əmr bil-məruf və nəhy ənil-munkərin mərhələləri
        Çap versiyası  ;  PDF
         
        Yetmiş yeddinci dərs: Əmr bil-məruf və nəhy ənil-munkərin mərhələləri

         

        Əmr bil-məruf və nəhy ənil-munkərin mərhələləri
        Əmr bil-məruf və nəhy ənil munkərin mərhələləri aşağıdakılardan ibarətdir:
        1- Qəlb mərhələsi;
        2- Dil (söz) mərhələsi;
        3- Əməl mərhələsi.
         
        Diqqət:
        • Əmr bil-məruf və nəhy ənil-munkərin mərhələlərinə riayət etmək vacibdir, yəni aşağı mərhələ ilə arzuolunan məqsəd həyata keçərsə, yuxarı mərhələyə keçmək olmaz.
         
        1- Qəlb mərhələsi
        1. Əmr bil-məruf və nəhy ənil-munkərin birinci mərhələsi “qəlb mərhələsi”dir, yəni qəlb ilə əmr və nəhy etməkdir. Belə ki, insan qarşı tərəfin yerinə yetirdiyi pis işə qarşı qəlbindəki ikrahı aşkar edir və bu yolla yaxşı işi tərk edən şəxsi bu işi yerinə yetirməyə və ya pis işi yerinə yetirən şəxsi bu işi tərk etməyə sövq edir.
        2. Qəlb ilə əmr bil-məruf və nəhy ənil-munkər etməyin özünəxas dərəcələri vardır. Belə ki, əgər aşağı dərəcə ilə arzuolunan məqsəd həyata keçərsə, yuxarı dərəcəyə keçmək olmaz. Bu dərəcələr şiddətli və zəif olmaq baxımından, habelə növlərinə görə saysızdır. Məsələn, təbəssümlə davranmaq, baxışları yayındırmaq, insanın gözünün içinə baxmaq, əli əlin üstünə vurmaq, dodaqları dişləmək, əli və ya başı yelləmək, salam verməmək, üz çevirmək, arxa çevirmək, söhbəti kəsmək, küsmək və əlaqəni kəsmək.
         
        2- Dil mərhələsi
        1. Əmr bil-məruf və nəhy ənil-munkərin ikinci mərhələsi “dil mərhələsi”dir. Belə ki, insan günah edən şəxsə pis işdən əl çəkməsini və ya yaxşı əməli yerinə yetirməsini söyləyir.
        2. Dil ilə əmr bil-məruf və nəhy ənil-munkər etməyin də özünəxas dərəcələri vardır. Əgər aşağı dərəcə ilə, başqa sözlə, daha yumşaq danışıqla arzuolunan məqsəd həyata keçərsə, yuxarı dərəcələrə keçmək olmaz. Bu dərəcələr şiddətli və zəif olmaq baxımından, habelə növlərinə görə saysızdır. Məsələn, maarifləndirmək, xatırlatmaq, öyüd-nəsihət vermək, yerinə yetirilən əməlin xeyir və ziyanını sadalamaq, fikir mübadiləsi aparmaq, dəlil-sübutla danışmaq, tünd danışmaq, hədə-qorxu gəlmək.
         
        3- Əməl mərhələsi
        1. Əmr bil-məruf və nəhy ənil-munkərin üçüncü mərhələsi “əməl mərhələsi”dir, yəni güc tətbiq etməklə günahkarı pis işlərdən əl çəkməyə və yaxşı işləri yerinə yetirməyə vadar etməkdir.
        2. Bu mərhələnin də özünəxas dərəcələri vardır və aşağı dərəcə ilə arzuolunan məqsəd həyata keçdiyi təqdirdə, yuxarı dərəcəyə keçmək olmaz. Bu dərəcələr şiddətli və zəif olmaq baxımından, habelə növlərinə görə saysızdır. Məsələn, günah edən şəxsin qabağını kəsmək, günah vasitələrini onun əlindən çıxartmaq, onu geri oturtmaq, həbs etmək, həyatı onun üçün çətinləşdirmək, döymək, incitmək, yaralamaq, bədən üzvünü sındırmaq, şikəst etmək, öldürmək.
         
        Diqqət:
        • Nəzərə alsaq ki, İslam hökumətində əmr bil-məruf və nəhy ənil-munkərin “əməl mərhələsi”ni Hüquq-Mühafizə Orqanlarına həvalə etmək mümkündür, xüsusilə də günahın qarşısının alınması üçün əmlakı müsadirə etmək, cəza kəsmək, həbs etmək və bu kimi güc tətbiq etməkdən başqa bir çıxış yolu qalmadığı hallarda mükəlləflər əmr bil-məruf və nəhy ənil-munkərin qəlb və dil mərhələləri ilə kifayətlənməlidirlər. Güc tətbiq etməyə ehtiyac olduğu hallarda Hüquq-Mühafizə Orqanlarının aidiyyatı qurumlarına məlumat verməlidirlər. Lakin İslam hökumətinin iqtidarda olmadığı zaman və məkanlarda mükəlləf əmr bil-məruf və nəhy ənil-munkərin şərtləri mövcud olduğu təqdirdə, arzuolunan məqsədə çatanadək onun bütün mərhələlərini ardıcıllıqla yerinə yetirməlidir.
        • Qeyd olundu ki, İslam hökumətində mükəlləflərin vəzifəsi əmr bil-məruf və nəhy ənil-munkərin qəlb və dil mərhələləri ilə kifayətlənmək, əməl mərhələsini isə Hüquq-Mühafizə Orqanlarına həvalə etməkdir. Bu, fiqhi fətvadır (dövlət tərəfindən qəbul edilən qərar deyildir).
         
        Əmr bil-məruf və nəhy ənil munkərin mərhələləri barədə bir neçə məsələ:
        Müsəlmanın salamının cavabını vermək şəri baxımdan vacibdir. Amma əgər haram iş görən şəxsi pis işdən çəkindirmək məqsədilə onun salamının cavabını verməmək ürfə görə pis işdən çəkindirmək hesab olunarsa, bu işi görməyə icazə verilir.
        • Fəsadın qarşısını almaq vəzifəsini daşıyan dövlət məmurları əgər öz vəzifələrini yerinə yetirməkdə səhlənkarlıq göstərsələr, kənar şəxslərin Hüquq-Mühafizə Orqanlarının işlərinə müdaxilə etmələrinə icazə verilmir. Lakin əmr bil-məruf və nəhy ənil-munkərin şərtlərinə və hüdudlarına riayət edərək camaatın bu şəri vəzifəni yerinə yetirməsinin maneəsi yoxdur.
        • Sürücünün nəqliyyat vasitəsində haram musiqilər səsləndirdiyini görən şəxs nəhy ənil-munkərin şərtləri mövcud olduğu təqdirdə, sürücünü bu işdən çəkindirməlidir. Lakin bu şəxsə nəhy ənil-munkərin dil mərhələsindən yuxarı mərhələyə qalxmaq vacib deyildir. Əgər onun sözü təsir etməzsə, haram musiqiyə qulaq asmamağa cəhd göstərməlidir. Haram musiqini qeyri-ixtiyari şəkildə eşitdiyi halda isə onun üzərinə heç bir vəzifə düşmür.
        • Əgər xəstəxanada işləyən şəfqət bacısı bəzi xəstələrin haram musiqilər dinlədiklərini görərsə, öyüd-nəsihət vermək nəticəsiz qaldığı təqdirdə, haramın qarşısını almaqdan ötrü kasetlərdəki haram musiqiləri poza bilər. Lakin bunun üçün onun sahibindən və ya şəri-hakimdən icazə almalıdır.
        • Əmr bil-məruf və nəhy ənil-munkər məqsədilə başqalarının evinə daxil olmağa icazə verilmir. Beləliklə, əgər hansısa bir evdən haram musiqi sədaları ətrafa yayılarsa və möminləri narahat edərsə, bu evə daxil olmaq olmaz. (Bu kimi hallarda əmr bil-məruf və nəhy ənil-munkərin şərtlərinə, eləcə də qəlb və dil mərhələlərinə riayət edərək əmr və nəhy etmək lazımdır. Bu, nəticə vermədiyi təqdirdə Hüquq-Mühafizə Orqanlarına məlumat vermək lazımdır.)
        • Əgər qohumlardan biri təkrar-təkrar günah edərsə və İlahi göstərişə əhəmiyyət verməzsə, insan buna öz narazılığını bildirməli və ona dostcasına öyüd-nəsihət verməlidir, lakin qohumu ilə əlaqəni kəsməsinə icazə verilmir. Bəli, əgər o, ehtimal etsə ki, qohumu ilə müvəqqəti olaraq əlaqəni kəsmək onun günahdan çəkinməsinə səbəb olacaqdır, bu işi əmr bil-məruf və nəhy ənil-munkər ünvanında etməsi vacibdir.
         
        Diqqət:
        • Hər bir mükəlləf səhvə yol verməməkdən ötrü əmr bil-məruf və nəhy ənil-munkərin şərtlərini və mərhələlərini, eləcə də bu İlahi əmrin vacib olduğu və vacib olmadığı halları öyrənməlidir.
         
        Əmr bil-məruf və nəhy ənil-munkərin müxtəlif məsələləri:
        1. Keçmişdə haram iş görən, məsələn, şərab içən bir şəxslə ünsiyyət qurmaq üçün onun hazırkı vəziyyəti meyar götürülür. Belə ki, əgər o, tövbə edibsə, onunla başqa möminlərdən biri kimi ünsiyyət qurmaq olar. Amma hal-hazırda haram iş görən şəxsə gəlincə, onu pis işdən çəkindirmək lazımdır. Belə ki, əgər onu haramdan çəkindirmək üçün ondan uzaqlaşmaq və onunla əlaqəni kəsməkdən başqa yol yoxdursa, nəhy ənil-munkər məqsədilə onunla əlaqəni kəsmək vacibdir.
        2. Qızılı işləməsi olan geyimlər geyinmək və qızıl zinət əşyalarından istifadə etmək kişilərə birmənalı olaraq haramdır. Modelinə, rənginə və s. keyfiyyətlərinə görə ürfdə (yəni camaatın nəzərində) qeyri-müsəlmanların mədəniyyətini təqlid etmək və yaymaq hesab olunan geyimləri geyinməyə icazə verilmir. Həmçinin İslam və müsəlmanların düşmənlərinin mədəniyyətini təqlid etmək hesab olunan zinət əşyalarından istifadə etməyə icazə verilmir. Bunu müşahidə edən şəxslər yad mədəniyyətin basqısının təsiri altına düşən şəxslərə dildə nəhy ənil-munkər etməlidirlər.
        3. Namaz qılmayan bir şəxslə söhbət etmək və ünsiyyətdə olmaq məcburiyyətində olan, bəzən də bu şəxsə kömək göstərən bir şəxsin üzərinə düşən şəri vəzifə əmr bil-məruf və nəhy ənil-munkərin şərtləri mövcud olduğu təqdirdə, davamlı olaraq əmr bil-məruf və nəhy ənil-munkər etməkdir. Onun bundan qeyri bir vəzifəsi yoxdur. Əgər kömək etmək və ünsiyyətdə olmaq onun namaza qarşı laqeydliyinin artmasına səbəb olmazsa, onunla ünsiyyətdə olmağın maneəsi yoxdur.
        4. Əgər qadının əri dini göstərişlərə əhəmiyyət vermirsə, məsələn, namaz qılmırsa, o, ərinin islah olunması üçün mümkün olan hər şəraiti yaratmalı, ərinə qarşı sərt davranışlardan çəkinməlidir. Bilməlidir ki, dini məclislərdə iştirak etməyin, dindar ailələrlə get-gəl etməyin onun islahında böyük təsirləri vardır.
        5. Müəyyən hadisələrə əsaslanıb həyat yoldaşının gizlində namusa zidd hərəkətlər etdiyini düşünən müsəlman bir kişi bədgümandan və zənnə qapılmaqdan çəkinməlidir. Haram işin yerinə yetirildiyi aydınlaşdığı təqdirdə, qadını xatırlatma, öyüd-nəsihət və nəhy ənil-munkər yolu ilə bu işdən çəkindirmək vacibdir. Nəhy ənil-munkər nəticə vermədiyi təqdirdə, kişi tutarlı dəlillərlə məhkəməyə şikayətlə müraciət edə bilər.
        6. Əgər böyük və tanınmış bir alim üçün sübuta yetsə ki, zalımlarla və zalım hökmdarlarla ünsiyyətdə olmaq onların zülmdən çəkinmələrinə səbəb olacaq və bu ünsiyyət nəhy ənil-munkər rolu oynayacaqdır, yaxud mühüm bir məsələ zalımın yanında müzakirə olunub öz həllini tapacaqdır, bu halda zalımla əlaqə saxlamağın maneəsi yoxdur.
         
        Suallar:
        1- Əmr bil-məruf və nəhy ənil-munkərin mərhələlərini sadalayın.
        2- Haram iş görən şəxsin salamına cavab verməmək olarmı?
        3- Əgər fəsadın qarşısını almaq vəzifəsini daşıyan dövlət məmurları öz vəzifələrini yerinə yetirməkdə səhlənkarlıq göstərsələr, kənar şəxslərin onların işlərinə müdaxilə etmələrinə icazə verilirmi?
        4- Əgər qohumlardan biri təkrar-təkrar günah edərsə və İlahi göstərişə əhəmiyyət verməzsə, insanın üzərinə düşən vəzifə nədir?
        5- Keçmişdə haram iş görən, məsələn, şərab içən bir şəxslə necə rəftar etmək lazımdır?
        6- Əgər qadının əri dini göstərişlərə əhəmiyyət vermirsə, o cümlədən namaz qılmırsa, bu qadın nə etməlidir?
700 /