Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
      • BİRİNCİ DƏRS: Təqlid (1)
      • İkinci dərs: Təqlid (2)
        Çap versiyası  ;  PDF
         
        İkinci dərs: Təqlid (2)
        Mərcəyi-təqlidin şərtləri
        Diqqət:
        • Aşağıdakı şərtlərə malik olan bir müctəhidə təqlid etmək lazımdır:
        1. Həddi-büluğa çatmış olmalıdır;
        2. Ağıllı olmalıdır;
        3. On iki imam şiəsi olmalıdır;
        4. Halalzadə olmalıdır;
        5. Ehtiyat-vacibə görə, həyatda olmalıdır;
        6. Ədalətli olmalıdır;
        7. Ehtiyat-vacibə görə, “ə`ləm” olmalıdır.
         
        Ədalətli olmaq
        1. Ədalət – mənəvi bir xüsusiyyətdir və insanın daim təqvalı olmasına, yəni vacib əməlləri tərk et­məməsi, haram əməlləri isə yerinə yetirməməsinə zəmin yaradır.
        2. Ədalətli şəxs o şəxsdir ki, təqvası nəticəsində bilərəkdən heç bir günah etmir (vacib əməlləri tərk etmir və ya haram əməlləri yerinə yetirmir).
        3. Bir şəxsin ədalətli hesab edilməsi üçün onun ədalətli olduğuna (hansısa bir yolla) yəqin etmək və ya əmin olmaq lazımdır, yaxud da iki ədalətli şəxs buna şahidlik etməlidir. Həmçinin onun zahirdə yaxşı insan kimi tanınması[1] – hətta bu, əminliyə səbəb olmasa belə – kifayət edir.
         
        Ehtiyat-vacibə görə, “ə`ləm” olmaq
        1. Ə`ləm müctəhid – başqa müctəhidlərlə müqayisədə şəriət hökmlərini dini mənbələrdən əldə etməkdə daha bacarıqlı olan müctəhiddir. Belə ki, onun üstünlüyü bu sahənin mütəxəssisləri üçün tam aydındır. Həmçinin o, dövrün şəriət hökmlərinin tətbiqində və fətva verməkdə təsirli olan tələblərini daha yaxşı bilir.
        2. Ə`ləm müctəhidə təqlid etməyin vacibliyi ağıllı insanların nəzə­rinə və ağlın hökmünə əsaslanır.
        3. Ə`ləm müctəhidin fətvası ilə qeyri-ə`ləm müctəhidin fətvası fərqli olan məsələlərdə ə`ləm müctəhidə təqlid etmək, ehtiyat-vacibə görə, vacibdir.
        4. Əgər iki və ya bir neçə müctəhid elm baxımından eyni səviyyədə olsalar, yaxud onlardan hansı birinin daha elmli olduğu məlum olmasa, bu halda mükəlləf onlardan hansı birinə istəsə, təqlid edə bilər. Amma əgər mükəlləf onlardan birinin daha elmli olduğunu ehtimal etsə, ehtiyat-vacibə görə, həmin müctəhidə təqlid etməlidir.
         
        Mərcəyi-təqlidin şərtləri barədə bir neçə məsələ:
        • Əgər mükəlləf bir müctəhidin mərcəyi-təqlidin şərtlərinə malik olduğuna şəkk etsə, araşdırma aparmalıdır. Qeyd edək ki, əgər mükəlləf bir müctəhidin mərcəyi-təqlidin şərtlərinə malik olduğunu bilsə və ona təqlid etsə, amma sonradan onun bu şərtlərdən birini itirdiyinə şəkk etsə, bu məsələ məlum olmayanadək, mükəlləf həmin müctəhidə təqlid edə bilər.
        • Camiuş-şərait bir müctəhidə təqlidin düzgün hesab edilməsi üçün onun mərcəyi-təqlid olması və ya “Risalə” (şəriət hökmlərinin izah olunduğu kitab) qələmə alması şərt deyildir. Odur ki, əgər mərcəyi-təqlid olmayan və “Risalə”si də olmayan bir müctəhidin mərcəyi-təqlidin şərtlərinə malik olduğu mükəlləf üçün dəqiqləşərsə, o, həmin müctəhidə təqlid edə bilər.
        • Müctəhid elmi əhatəsi baxımından iki qismə ayrılır:
        1. Fiqhin bütün bölmələrində fətva vermək və rəy bildirmək bacarığına malikdir. Bu müctəhidə “mutləq müctəhid” deyilir.
        2. Fiqhin bəzi bölmələrində, məsələn, namaz və oruc bölmələrində fətva vermək və rəy bildirmək bacarığına malikdir. Bu müctəhidə “mutəcəzzi müctəhid” deyilir.
        • Mutəcəzzi müctəhidin fətvası özü üçün hüccətdir. Mutəcəzzi müctəhid fiqhin hansı bölümlərində mütəxəssisdirsə, başqaları bu bölümlərdə ona təqlid edə bilərlər. Amma mutləq müctəhidə təqlid etmək ehtiyat-müstəhəbə müvafiqdir.
        • Yenicə mükəlləf olan və təqlid məsələsini dərk etmək çətin olduğu üçün bu barədə öz şəri vəzifəsini müəyyənləşdirə bilməyən övladlarını məlumat­landırmaq və onlara yol göstərmək ata-ananın vəzifəsidir.

         

        Suallar:
        1- Mərcəyi-təqlidin şərtləri hansılardır?
        2- Ədalət nədir? Ədalətli şəxs hansı şəxsdir?
        3- Mutəcəzzi müctəhidin fətvası özü və başqaları üçün hüccətdirmi?
        4- Nə üçün ə`ləm müctəhidə təqlid etməliyik?
        5- Risaləsi olmayan bir müctəhidə təqlid etmək olarmı? Nə üçün?
         

        [1] Yəni bu şəxslə ünsiyyətdə olan insanlar onun əməllərini şəriət qayda-qanunlarına müvafiq bilsinlər və onun günah etdiyini görməsinlər.
      • Üçüncü dərs: Təqlid (3)
      • Dördüncü dərs: Vilayəti-fəqih və rəhbərlİk
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /