Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
      • İyirmi yeddinci dərs: Namazın qisimləri
      • İyirmi səkkizinci dərs: Namaz paltarı (1)
      • İyirmi doqquzuncu dərs: Namaz paltarı (2)
      • Otuzuncu dərs: Namaz məkanı (1)
      • Otuz birinci dərs: Namaz məkanı (2)
      • Otuz ikinci dərs: Məscidin hökmləri (1)
      • Otuz üçüncü dərs: Məscidin hökmləri (2)
      • Otuz dördüncü dərs: Qiblə
      • Otuz beşinci dərs: Gündəlik namazlar
      • Otuz altıncı dərs: Namaz vaxtlarının şəri hökmləri və namazların ardıcıllığı
      • Otuz yeddinci dərs: Azan və iqamə
      • Otuz səkkizinci dərs: Namazın vacib əməlləri. Niyyət
      • Otuz doqquzuncu dərs: Təkbirətul-ehram və qiyam
      • Qırxıncı dərs: Qiraət (1)
      • Qırx birinci dərs: Qiraət (2)
      • Qırx ikinci dərs: Rüku
      • Qırx üçüncü dərs: Səcdə (1)
      • Qırx dördüncü dərs: Səcdə (2)
      • Qırx beşinci dərs: Zikr. Təşəhhüd. Salam
      • Qırx altıncı dərs: Tərtib və muvalat
      • Qırx yeddinci dərs: Namazın tərcüməsi
      • Qırx səkkizinci dərs: Namazın düzgün olmamasına və pozulmasına səbəb olan işlər
      • Qırx doqquzuncu dərs: Namazın şəkkiyatı
      • Əllinci dərs: Cümə namazı
      • Əlli birinci dərs: Müsafir namazı (1)
      • Əlli ikinci dərs: Müsafir namazı (2)
      • Əlli üçüncü dərs: Müsafir namazı (3)
      • Əlli dördüncü dərs: Qəza namazı. Əcir namazı. Ata və ananın qəza namazları
      • Əlli beşinci dərs: Ayat namazı. Fitr bayramı və Qurban bayramının namazı
        Çap versiyası  ;  PDF
         
        Əlli beşinci dərs: Ayat namazı. Fitr bayramı və Qurban bayramının namazı
        Ayat namazı
        1. Ayat namazını vacib edən şəri səbəblər
        Ayat namazı dörd halda vacib olur:
        1- Günəş tutulduqda (küsuf), hətta Günəşin çox az hissəsi tutulsa belə;
        2- Ay tutulduqda (xüsuf), hətta Ayın çox az hissəsi tutulsa belə;
        3- Zəlzələ baş verdikdə;
        4- İnsanların əksəriyyətinin qorxmasına səbəb olan göy hadisəsi baş verdikdə, məsələn, qara və ya qırmızı küləyin əsməsi, şimşəyin çaxması və s.
         
        Diqqət:
        • Günəş və Ay tutulması və zəlzələ istisna olmaqla, digər göy hadisələri insanların əksəriyyətinin qorxmasına səbəb olmalıdır. Əgər baş verən hadisə insanların qorxmasına səbəb olmazsa və ya bəzi insanların qorxmasına səbəb olarsa, Ayat namazı vacib olmur.
        • Ayat namazını qılmaq o şəxslərə vacib olur ki, hadisə zamanı həmin məntəqədə olublar.
        • Əgər Seysmoloji Xidmət Mərkəzi müəyyən bir məntəqədə zəif yeraltı təkanların baş verdiyini elan etsə, belə ki, bu yeraltı təkanlar yalnız cihazlar vasitəsilə müəyyən edilir və həmin məntəqədə yaşayan insanlar onları əsla hiss etmirlər, bu halda Ayat namazı vacib olmur.
        • Hər bir zəlzələ üçün (istər güclü olsun, istərsə də zəif olsun), hətta zəlzələdən sonrakı yeraltı təkanlar ayrıca bir zəlzələ sayıldığı təqdirdə, onlar üçün ayrıca olaraq Ayat namazı qılınmalıdır.
         
        2. Ayat namazının vaxtı
        1. Günəş və Ay tutulmasında Ayat namazının vacib olması vaxtı Günəş və Ay tutulmağa başladığı andan etibarən başlanır. Ehtiyat-vacibə görə, namaz o qədər yubadılmamalıdır ki, Günəş və Ay açılmağa başlasın.
        2. Əgər bir şəxs Ayat namazını qılmağı yubatsa və Günəş və ya Ay açılmağa başlasa, namazı qəsdi-qürbət ilə, yəni əda və qəza niyyəti etmədən (ma fiz-zimmə niyyətilə) qılmalıdır. Amma əgər Günəş və ya Ay tam açılarsa, namazı qəza niyyətilə qılmalıdır.
        3. Zəlzələ baş verdikdə, göy gurultusu və şimşək çaxdıqda və ya bu kimi hadisələr (yəni baş vermə müddəti az olan hadisələr) baş verdikdə, ehtiyata görə, şəri vəzifə daşıyan şəxs Ayat namazını dərhal qılmalıdır. Əgər namazı qılmağı yubatsa, ömrünün axırınadək bu Ayat namazını əda və qəza niyyəti etmədən (ma fiz-zimmə niyyətilə) qılmalıdır.
        4. Əgər bir şəxsin Günəş və ya Ay tutulduğu zaman bu hadisədən əsla xəbəri olmayıbsa və Günəş və ya Ay açıldığı zaman bunu başa düşübsə, tutulma tam olduğu təqdirdə, o, Ayat namazının qəzasını qılmalıdır. Amma əgər tutulma qismən olubsa, ona Ayat namazının qəzası vacib olmur.
        5. Əgər bir şəxs Günəş və ya Ay tutulduğu zaman bu hadisədən xəbərdar olubsa, amma Ayat namazını (hətta unutqanlıq üzündən) qılmayıbsa, namazın qəzasını qılmalıdır, baxmayaraq ki, tutulma qismən olubdur.
        6. Günəş və Ay tutulması istisna olmaqla, əgər bir şəxs digər təbiət hadisələri baş verdiyi zaman hadisədən xəbərdar olubsa və Ayat namazını, hətta unutqanlıq üzündən qılmayıbsa, o, Ayat namazını qılmalıdır. Əgər bu hadisələr baş verdiyi zaman hadisədən xəbərdar olmayıbsa və sonradan bunu başa düşübsə, ehtiyat-vacibə görə, Ayat namazını qılmalıdır.
         
        3. Ayat namazının qılınma qaydası
        Ayat namazı iki rəkətdir. Hər rəkətdə beş rüku və iki səcdə yerinə yetirilir. Ayat namazı bir neçə surətdə qılına bilər:
        Birinci surət: Hər rəkətdə beş dəfə “Həmd” və “Surə” oxunur.
        Niyyət etdikdən və “təkbirətul-ehram”ı dedikdən sonra “Həmd” və tam bir “Surə” oxunur və rükuya gedilir. Daha sonra rükudan qalxıb, “Həmd” və tam bir “Surə” oxunur və ikinci rükuya gedilir. Bu qaydada beş rüku yerinə yetirilir. Beşinci rükudan qalxdıqdan sonra səcdəyə gedilir və iki səcdə yerinə yetirilir. İkinci rəkət də eynilə birinci rəkət kimi qılınır. İkinci rəkətin iki səcdəsindən sonra təşəhhüd və salam deyilir.
         
        İkinci surət: Hər rəkətdə bir dəfə “Həmd” və “Surə” oxunur. “Surə” beş hissəyə (bu hissə bir ayə, yaxud bir ayədən çox və ya az ola bilər) bölünür.
        Niyyət etdikdən və “təkbirətul-ehram”ı dedikdən sonra “Həmd” və “Surə”nin bir hissəsi oxunur və rükuya gedilir. (Qeyd edək ki, ehtiyat-vacibə görə, “Bismilləhir rahmənir rahim” ayəsi “Surə”nin bir hissəsi kimi götürülə bilməz və onu dedikdən sonra rüku edilə bilməz.) Rükudan qalxdıqdan sonra “Həmd”i oxumadan “Surə”nin ikinci hissəsi oxunur və ikinci rükuya gedilir. Namaz bu qaydada davam etdirilir. Beşinci rükudan qabaq “Surə”nin beşinci hissəsi oxunur və rükuya gedilir. Beşinci rükudan qalxdıqdan sonra səcdəyə gedilir və iki səcdə yerinə yetirilir. İkinci rəkət də eynilə birinci rəkət kimi qılınır. İkinci rəkətin iki səcdəsindən sonra təşəhhüd və salam deyilir.
         
        Üçüncü surət: Birinci rəkəti yuxarıda izah olunan iki surətdən biri şəklində, ikinci rəkəti isə digər surətdə qılmaq olar.
         
        Dördüncü surət: Birinci rükudan qabaq bir hissəsi oxunan “Surə” ikinci, üçüncü və ya dördüncü rükudan əvvəl tamamlanır. Bu halda rükudan qalxdıqdan sonra qiyamda “Həmd” surəsi yenidən oxunur, ardınca tam bir “Surə” və ya “Surə”nin bir hissəsi oxunmağa başlanır, belə ki, beşinci rükudan qabaq bu “Surə” tamamlanmalıdır.
         
        Diqqət:
        Gündəlik namazlarda vacib və ya müstəhəb olan əməllər Ayat namazında da eyni hökmü daşıyır. Amma Ayat namazında azan və iqamənin yerinə savab əldə etmək ümidilə üç dəfə “Əs-səlah” deyilir.
         
        Fitr bayramı və Qurban bayramının namazı
        1. Hazırkı dövrdə (yəni İmam Zamanın (ə.f) qeyb dövründə) Fitr bayramı və Qurban bayramının namazı vacib deyildir, əksinə, müstəhəbdir.
        2. Fitr bayramı və Qurban bayramının namazı iki rəkətdir. Birinci rəkətdə “Həmd” və “Surə”dən sonra beş “təkbir” (Əllahu əkbər) deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci qunutdan sonra daha bir təkbir deyilir və rükuya gedilir. Daha sonra iki səcdə yerinə yetirilir.
        İkinci rəkətdə isə “Həmd” və “Surə”dən sonra dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Dördüncü qunutdan sonra daha bir təkbir deyilir və rükuya gedilir. Daha sonra iki səcdə yerinə yetirilir və səcdələrdən sonra təşəhhüd və salam deyilərək namaz tamamlanır.
        3. Bayram namazının qunutunda uzun və ya qısa dua oxumağın maneəsi yoxdur və namazın düzgün olmamasına səbəb olmur. Amma qunutların sayını azaldıb-artırmağa icazə verilmir.
        4. Bayram namazında “iqamə” yoxdur. Əgər imam-camaat bayram namazında iqamə oxusa, onun və ona iqtida edənlərin namazının düzgünlüyünə xələl gəlmir.
        5. Vəliyyi-fəqih tərəfindən bayram namazı qılmaq səlahiyyəti verilən nümayəndələr, həmçinin vəliyyi-fəqihin təyin etdiyi imam-cümələr hazırkı dövrdə (İmam-Zamanın (ə.f) qeyb dövründə) bayram namazını camaat namazı şəklində qıla bilərlər. Lakin ehtiyat-vacibə görə, onlardan qeyriləri bayram namazını furada (tək halda) qılsınlar. Amma bayram namazını “qəsdi-vurud”[1] ilə deyil, “qəsdi-rəca”[2] ilə camaat namazı şəklində qılmağın maneəsi yoxdur. Əgər bir şəhərdə bayram namazı qılınarsa, yaxşı olar ki, vəliyyi-fəqih tərəfindən təyin edilən imam-cümədən qeyrisi imam-camaat dayanmasın.
        6. Bayram namazının qəzası yoxdur.
        7. Bayram namazına yetişməyən namaz qılanlar üçün bu namazı ikinci dəfə camaat namazı şəklində qılmağın maneəsi yoxdur.
         
        Suallar:
        1- Ayat namazı neçə halda vacib olur? İzah edin.
        2- Bir məntəqədə baş verən zəlzələnin ardınca adətən az bir müddət ərzində onlarca nisbətən zəif yeraltı təkanlar baş verir. Bu yeraltı təkanlar baş verdikdə Ayat namazının hökmü nədir?
        3- Ayat namazının qılınma qaydasını açıqlayın.
        4- İmam Zamanın (ə.f) qeyb dövründə Fitr bayramı və Qurban bayramının namazının hökmü nədir?
        5- Hazırkı dövrdə imam-camaat Fitr bayramı və Qurban bayramının namazını camaat namazı şəklində qıla bilərmi?
        6- Fitr bayramı namazının qəzası varmı?
         

        [1] Şəriətdə bu barədə hökm mövcuddur. Müt.
        [2] Şəriətdə bu barədə hökm mövcud deyildir, amma Allaha yaxın olmaq niyyətilə hər hansı bir əməli yerinə yetirməkdir. Müt.
      • Əlli altıncı dərs: Camaat namazı (1)
      • Əlli yeddinci dərs: Camaat namazı (2)
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /