Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
      • Əlli səkkizinci dərs: Orucun mənası və qisimləri
        Çap versiyası  ;  PDF
         
        Əlli səkkizinci dərs: Orucun mənası və qisimləri

         

        Orucun mənası
        Müqəddəs İslam şəriətində “oruc” odur ki, insan Mütəal Allahın əmrinə itaət niyyətilə gün ərzində sübh azanından məğrib azanınadək yemək və içməkdən, həmçinin bir qədər irəlidə açıqlanacaq bir sıra işlərdən çəkinməlidir.
         
        Diqqət:
        • Oruc “kazib fəcr”dən etibarən deyil, “sadiq fəcr”dən etibarən başlanır. Bunu təyin etmək isə mükəlləfin öhdəsindədir.
        • “Sadiq fəcr”in doğması baxımından “aylı gecələr” ilə “qeyri-aylı gecələr” arasında fərq yoxdur.
        • İmsak baxımından ehtiyata riayət etmək üçün informasiya vasitələrində sübh azanı verilməyə başlayanda oruc üçün imsak etmək lazımdır.
        • Əgər oruc tutan şəxs əmin olsa ki, namaz vaxtı daxil olduğu zaman azan verilməyə başlamışdır, azan başlananda iftar edə bilər və azanın qurtarmasını gözləmək lazım deyildir.
         
        Orucun qisimləri
        Oruc bir baxımdan dörd qismə ayrılır:
        1- Vacib oruc (məsələn, mübarək Ramazan ayının orucu);
        2- Müstəhəb oruc (məsələn, rəcəb və şaban aylarında tutulan oruc);
        3- Məkruh oruc (məsələn, əgər həcc ziyarətində olan şəxs “Ərəfə” günü oruc tutduğu təqdirdə zəif düşəcəkdirsə və bu səbəbdən Ərəfə gününün əməllərini yerinə yetirə bilməyəcəkdirsə, həmin gün onun oruc tutması məkruhdur);
        4- Haram oruc (məsələn Fitr bayramı və Qurban bayramı gününün orucu).
         
        Vacib oruclar
        Vacib oruclar aşağıdakılardan ibarətdir:
        1. Mübarək Ramazan ayının orucu;
        2. Qəza orucu;
        3. Kəffarə orucu;
        4. Etikafın üçüncü gününün orucu;
        5. Təməttu həccində qurbanlığın əvəzi olan oruc[1];
        6. Nəzir, əhd və and vasitəsilə vacib olan müstəhəb oruclar[2];
        7. Atanın və ehtiyat-vacibə görə, ananın qəza orucu böyük oğula vacibdir.
         
        Orucun vacib olmasının şərtləri
        Orucun vacib olmasının şərtləri aşağıdakılardır:
        1- Şəri həddi-büluğa çatmaq;
        2- Ağıllı olmaq;
        3- Oruc tutmağa qadir olmaq;
        4- Huşsuz vəziyyətdə olmamaq;
        5- Səfərdə olmamaq;
        6- Qadının heyzli və nifaslı olmaması;
        7- Orucun ziyanlı olmaması;
        8- Orucun əziyyətli olmaması.
         
        Diqqət:
        • Oruc tutmaq yuxarıdakı şərtlərə malik olan şəxslərə vacib olur. Deməli, həddi-büluğa çatmayan uşağa, dəli insana, huşunu itirən şəxsə, oruc tutmağa qüvvəsi çatmayan insana, səfərdə olan şəxsə, heyzli və nifaslı qadına, oruc tutmağın ona ziyanı və ya əziyyəti (çox böyük çətinliyi) olan şəxsə oruc tutmaq vacib deyildir.
        • Mükəlləfdə halsızlıq yaratdığına görə, o, orucunu aça bilməz. Amma əgər halsızlıq adətən dözülməyəcək bir həddə olarsa, orucunu aça bilər. Həmçinin əgər orucun ona ziyanı olacağını bilsə və ya ziyanı olacağından qorxsa, orucunu aça bilər. Beləliklə, şəri büluğ yaşına yeni çatan qızlara (məşhur rəyə görə, qızlarda şəri büluğ yaşı qəməri təqvimi ilə doqquz yaşın tamamlanmasıdır) oruc tutmaq vacibdir. Çətin olduğuna, halsızlıq yaratdığına və bu kimi başqa səbəblərə görə onlar orucu tərk edə bilməzlər. Amma əgər oruc tutmağın onlara ziyanı olarsa və ya böyük çətinlik yaradarsa, bu hallarda oruc tutmamalarına icazə verilir.
        Əgər bir şəxs orucun ona ziyanı olduğunu bilsə və ya ziyanı olacağından qorxsa, o, oruc tutmamalıdır. Əgər oruc tutsa, orucu düzgün deyildir. Əksinə, bəzi hallarda oruc tutmaq ona haramdır. Bu yəqinlik və ya qorxu, istər şəxsi təcrübə əsasında, istər etibarlı həkimin sözləri əsasında hasil olsun, istərsə də bunun başqa bir məntiqi əsası olsun, fərqi yoxdur və orucu düzgün deyildir. Yalnız o halda düzgün olar ki, qəsdi-qürbət ilə oruc tutmuş və sonradan orucun ona ziyanı olmadığı məlum olmuşdur.
        • İnsanın özü müəyyən etməlidir ki, oruc tutmaq onda xəstəlik yarada bilər, yaxud onun xəstəliyini ağırlaşdıra bilər, yaxud oruc tutmağa onun qüvvəsi çatmır və ya orucun ona ziyanı vardır. Deməli, əgər həkim bir şəxsə: “Orucun sənə ziyanı vardır” – desə, amma həkimin sözü bu şəxsdə orucun ona ziyanı olacağına dair əminlik və ya qorxu yaratmasa, yaxud da bu şəxs öz təcrübəsi əsasında orucun ona ziyanı olmadığını bilsə, bu şəxs oruc tutmalıdır. Həmçinin əgər həkim bir şəxsə: “Orucun sənə ziyanı yoxdur” – desə, amma bu şəxs orucun ona ziyanı olduğunu bilsə və ya məntiqi bir əsasla orucun ona ziyanı olacağından qorxsa, bu şəxs oruc tutmamalıdır. Oruc tutmaq ona haramdır.
        • Əgər bir şəxs orucun ona ziyanı olmadığını bilib oruc tutsa, amma məğribdən sonra orucun ona ziyanı olduğunu başa düşsə, onun orucu düzgün deyildir və orucun qəzasını tutmalıdır.
        • Əgər həkim orucun ziyanı olacağını səbəb göstərib xəstəyə oruc tutmağı qadağan etsə, həkimin sözü orucun ziyanı olacağına dair xəstədə əminlik və ya qorxu yaratdığı təqdirdə, o, həkimin sözünü əsas götürə bilər. Əks halda, həkimin sözünü əsas götürə bilməz.
        • Boynunda Ramazan ayının orucunun qəzası olan bir şəxs müstəhəb oruc tuta bilməz. Hətta əgər vacib orucun niyyətinin vaxtı keçdikdən sonra (yəni şəri zöhrdən sonra) müstəhəb oruc niyyəti etsə, yenə də onun orucu düzgün deyildir. Əgər bu şəxs boynunda vacib qəza orucu olduğunu unudub müstəhəb oruc tutsa, gündüz ərzində (istər şəri zöhrdən qabaq, istərsə də şəri zöhrdən sonra) bunu xatırladığı təqdirdə, onun müstəhəb orucu pozulur. Bu halda əgər zöhrdən qabaq bunu xatırlasa, Ramazan ayının qəza orucunun niyyətini edə bilər və onun orucu düzgündür. Amma əgər şəri zöhrdən sonra bunu xatırlasa, qəza orucu niyyəti də edə bilməz və oruc düzgün deyildir.
        • Əgər boynunda Ramazan ayının orucunun qəzası olan şəxs müstəhəb oruc tutsa, bu oruc onun boynunda olan qəza orucunun yerinə hesab edilməyəcəkdir.
        • Əgər bir şəxs boynunda qəza orucunun olub-olmadığını bilməsə və bu səbəbdən üzərinə düşən vəzifə (həm qəza, həm də müstəhəb oruc) niyyətilə oruc tutsa, amma əslində, onun boynunda qəza orucu olsa, tutduğu oruc qəza orucu hesab edilir.
         
        Suallar:
        1- Oruc nədir?
        2- Vacib oruclar hansılardır?
        3- Əgər həkim oruc tutmağı xəstəyə qadağan etsə, onun sözünə əməl etmək vacibdirmi?
        4- Orucun vacib olmasının şərtləri hansılardır?
        5- Əgər həddi-büluğa yeni çatan qızlara oruc tutmaq çətindirsə, onların vəzifəsi nədir?
        6- Əgər boynunda qəza orucunun olduğunu bilməyən bir şəxs müstəhəb oruc tutsa, amma qəza orucunun olduğunu sonradan bilsə, bu oruc onun qəza orucunun yerinə hesab olunacaqdırmı?
         

        [1] Əgər həcc ziyarətini yerinə yetirən hacının qurbanlıq almağa maddi imkanı olmazsa və borc da ala bilməzsə, o, qurbanlığın əvəzinə on gün oruc tutmalıdır. Belə ki, orucun üç gününü həcc səfərində və qalan yeddi gününü öz vətənində tutmalıdır.
        [2] Burada müstəhəb oruc vacib oruca çevrilmir, əslində, vacib olan əməl nəzirə, əhdə və anda əməl etməkdir.
      • Əlli doqquzuncu dərs: Orucun niyyəti
      • Altmışıncı dərs: Orucu pozan işlər (1)
      • Altmış birinci dərs: Orucu pozan işlər (2)
      • Altmış ikinci dərs: Ramazan ayının orucunu bilərəkdən pozmağın kəffarəsi
      • Altmış üçüncü dərs: Kəffarənin qisimləri
      • Altmış dördüncü dərs: Yalnız orucun qəzasının vacib olduğu hallar. Müsafir orucu
      • Altmış beşinci dərs: Ayın əvvəlinin sübuta yetməsinin yolları
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /