Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
    • Vəqfin şərtləri
    • Vəqf qəyyumunun şərtləri
      Çap versiyası  ;  PDF
       
      Vəqf qəyyumunun şərtləri

       

      Sual 2001: Vəqf edən şəxs və ya şəri-hakim tərəfindən təyin edilən vəqf qəyyumu vəqfə aid işləri yerinə yetirmək qarşılığında özünə ücrət götürə bilərmi? Yaxud onun yerinə bu işləri yerinə yetirməsi üçün başqa bir şəxsə ücrət verə bilərmi?
      Cavab: Vəqfə aid işləri yerinə yetirməsi qarşılığında vəqf edən şəxs vəqf qəyyumu üçün müəyyən bir ücrət təyin etmədiyi təqdirdə vəqf qəyyumu – o, istər vəqf edən şəxs, istərsə də şəri hakim tərəfindən təyin edilmiş olsun – vəqfin gəlirlərindən özünə “ücrətül-misl” götürə bilər.

       

      Sual 2002: Məhkəmə vəqf qəyyumunun işlərinə nəzarət etmək üçün etibarlı bir şəxsi vəqf qəyyumuna həmkar təyin etmişdir. Bu kimi hallarda əgər vəqf qəyyumunun özündən sonrakı vəqf qəyyumunu təyin etmək haqqı olarsa, o, məhkəmənin təyin etdiyi şəxslə məsləhətləşmədən və onun rəyi olmadan özündən sonrakı vəqf qəyyumunu təyin edə bilərmi?
      Cavab: Əgər vəqf qəyyumunun işlərinə nəzarət etmək üçün etibarlı şəxsin ona həmkar təyin edilməsi hökmü ümumi olarsa və vəqfə aid bütün işlərə, o cümlədən, sonrakı vəqf qəyyumunun təyin edilməsinə də şamil olarsa, vəqf qəyyumunun özündən sonrakı vəqf qəyyumunu təyin etməkdə etibarlı şəxslə məsləhətləşmədən, özbaşına şəkildə öz rəyinə əməl etməyə haqqı yoxdur.

       

      Sual 2003: Məscidlərdən birinin qonşuluğunda yerləşən evlərin və torpaq sahələrinin sahibləri məscidin genişləndirilməsi və bu ərazilərin məscidin ərazisinə artırılması üçün öz əmlaklarını təmənnasız olaraq məscidə bağışlamışlar. İmam-cümə də alimlərlə məsləhətləşdikdən sonra bu ərazilərin vəqfi üçün ayrıca bir sənədin tənzimlənməsini qərara almışdır. Öz torpaq sahələrini məscidə bağışlayan şəxslərin hamısı bu işə razıdırlar. Amma qədim məscidi tikdirən şəxs bu işə razılıq vermir və yeni ərazilərin vəqfinin əvvəlki vəqf sənədində qeyd edilməsini və vəqfin hamısına özünün qəyyum olmasını tələb edir. Onun belə bir iş tutmağa haqqı vardırmı? Onun tələbinə müsbət cavab vermək bizə vacibdirmi?
      Cavab: Məscidin ərazisinə yeni artırılan ərazilərin vəqfinin ixtiyarı, vəqfnamənin tənzimlənməsi və vəqf qəyyumunun təyin edilməsi yeni vəqf edən şəxslərin ixtiyarındadır. Qədim məscidi tikdirən şəxsin buna qarşı çıxmağa haqqı yoxdur.

       

      Sual 2004: Əgər vəqf tamamlandıqdan sonra hüseyniyyənin vəqf qəyyumları hüseyniyyə üçün daxili nizamnamə hazırlasalar, amma nizamnamənin bəzi bəndləri hüseyniyyənin vəqf tələblərinə zidd olsa, şəriət baxımından bu bəndlərə əməl etməyə icazə verilirmi?
      Cavab: Vəqf qəyyumunun vəqfin tələblərinə zidd olan qaydalar qoymağa haqqı yoxdur və şəriət baxımından bu qaydalara əməl etməyə icazə verilmir.

       

      Sual 2005: Əgər bir neçə şəxs birlikdə vəqf qəyyumu təyin edilərsə, onlardan bəzilərinin digər bəzilərinin rəyini və razılığını almadan vəqfə aid işləri yerinə yetirmələri şəriət baxımından düzgündürmü? Əgər vəqfə aid işlərin yerinə yetirilməsində onlar arasında fikirayrılığı yaranarsa, onların hər biri özbaşına şəkildə öz rəyinə əməl edə bilərmi? Yoxsa əl saxlamalı və şəri-hakimə müraciət etməlidirlər?
      Cavab: Əgər vəqf edən şəxs onları vəqf qəyyumu təyin edərkən heç bir qeyd vurğulamayıbdırsa və onlardan bəzilərinin, hətta əksəriyyətinin müstəqil olmasına dəlalət edən bir əsas mövcud deyildirsə, bu halda onlardan heç birinin, hətta əksəriyyətinin vəqfə aid işləri – hətta müəyyən işləri - yerinə yetirməkdə müstəqil şəkildə hərəkət etmək haqları yoxdur. Əksinə, onlar vəqfə aid işləri yerinə yetirməkdə bir-biriləri ilə məsləhətləşməli və vahid qərar qəbul edib, birgə hərəkət etməlidirlər. Əgər onların arasında ixtilaf və fikirayrılığı yaranarsa, şəri-hakim onları vahid qərar qəbul etməyə vəzifələndirsin deyə, bu xüsusda şəri-hakimə müraciət etməlidirlər.

       

      Sual 2006: Vəqf qəyyumlarından bəzilərinin digər bəzilərini bu vəzifədən kənarlaşdırmaları şəriət baxımından düzgündürmü?
      Cavab: Düzgün deyildir. Amma əgər vəqf edən şəxs onlara belə bir səlahiyyəti veribdirsə, bu hal istisnadır.

       

      Sual 2007: Əgər vəqf qəyyumlarından bəziləri digər bəzilərinin xəyanətkar olduğunu iddia edərlərsə və onların bu vəzifədən kənarlaşdırılmalarını tələb edərlərsə, şəri hökm nədir?
      Cavab: Xəyanətdə ittiham olunan şəxslərin ittihamının araşdırılması şəri-hakimə həvalə olunmalıdır.

       

      Sual 2008: Əgər bir şəxs öz torpaq sahəsini “ümumi vəqf”[1] edərsə və özü həyatda ikən özünü, vəfat etdikdən sonra isə oğul övladlarının ən böyüyünü vəqf qəyyumu təyin edib, vəqfi əmlaka aid işlərin yerinə yetirilməsində ona xüsusi səlahiyyətlər də verərsə, Vəqf və Xeyriyyəçilik İdarəsi bu səlahiyyətlərin hamısını və ya bəzisini vəqf qəyyumundan ala bilərmi?
      Cavab: Vəqf edən şəxs tərəfindən təyin edilən vəqf qəyyumu ona verilən səlahiyyətlərdən kənara çıxmayana qədər vəqfə aid işlərin yerinə yetirilməsi vəqf edən şəxsin təyin etdiyi şəkildə onun ixtiyarındadır. Vəqf əsnasında vəqf edən şəxsin vəqf qəyyumu üçün müəyyən etdiyi səlahiyyətlərin dəyişdirilməsi şəriət baxımından düzgün deyildir.

       

      Sual 2009: Bir şəxs bir torpaq sahəsini məscidə vəqf etmiş və öz övladlarını nəsilbənəsil vəqf qəyyumu təyin etmişdir. Övladlarının nəsli davam etmədiyi təqdirdə isə bu məsciddə gündəlik namazları qılan imam-caamatı (pişnamaz) vəqf qəyyumu təyin etmişdir. Bu əsasla, vəqf qəyyumunun nəsli davam etmədikdən sonra bu vəzifəni həmin məsciddə gündəlik namazları qılan bir din alimi öz öhdəsinə götürmüşdür. Amma indi o, infarkt keçirmiş və camaat namazı qılmağa qadir deyildir. Buna görə də, camaat namazı imamları şurası başqa bir alimi məscidin hazırkı imam-camaatı təyin etmişlər. Belə olduğu təqdirdə, əvvəlki din alimi vəqfi əmlaka qəyyumluq vəzifəsindən kənarlaşırmı? Yoxsa bu din aliminin camaat namazını qılması üçün başqa bir şəxsi öz vəkili və ya naibi ünvanında təyin etməyə, özü isə vəqf qəyyumu olaraq qalmağa haqqı vardır?
      Cavab: Əgər bu din alimi məsciddə gündəlik namazları qılan imam-camaat olduğuna görə vəqf qəyyumu təyin edilibdirsə, xəstəliklə əlaqədar olaraq və ya başqa bir səbəbə görə məsciddə camaat namazına imamlıq etməyə qadir olmadığı təqdirdə vəqfi əmlaka qəyyumluq vəzifəsi onun öhdəsindən götürülür.

       

      Sual 2010: Bir şəxs öz əmlakını vəqf etmişdir ki, onun gəliri müəyyən xeyriyyə işlərinə, o cümlədən, seyidlərə yardım edilməsinə və əzadarlıq məclislərinin təşkil edilməsinə sərf edilsin. Hal-hazırda bu əmlakın icarə qiyməti – belə ki, əmlakın icarəyə verilməsindən əldə edilən gəlir vəqfi əmlakın gəliri hesab olunur – artdığına görə bəzi müəssisələr və ya şəxslər bu əmlakda müəyyən imkanların olmadığına görə, yaxud mədəni, siyasi, ictimai və ya dini səbəblərə görə, onu çox aşağı qiymtə icarəyə götürmək istəyirlər. Vəqf qəyyumu bu əmlakı günün qiymətindən aşağı qiymətə icarəyə verə bilərmi?
      Cavab: Vəqfin şəri qəyyumu və vəqf işlərini idarə edən məsul şəxs icarə üçün müraciət edən şəxsə əmlakı icarəyə verməkdə və icarənin qiymətini təyin etməkdə vəqfin məsləhət və mənfəətini nəzərə almalıdır. Beləliklə, əgər icarəçi şəxsin xüsusi durumu və ya vəqfi əmlakın icarəyə götürüldüyü işin əhəmiyyəti baxımından əmlakın aşağı qiymətə icarəyə verilməsi vəqfin məsləhət və mənfəətinə olarsa, maneəsi yoxdur. Əks təqdirdə isə, buna icazə verilmir.

       

      Sual 2011: Mərhum İmam Xomeyninin (r.ə) rəyinə görə məscidin qəyyumu olmur. Bu hökm məscidə vəqf edilən əmlaka, məsələn, məsciddə moizə və maarifləndirmə, şəriətin təlimi məclislərinin təşkil edilməsi üçün vəqf edilən əmlaka da şamil olurmu? Şamil olduğu təqdirdə, bir çox məscidlərin vəqfi əmlakı və bu əmlakın da qanuni və şəri vəqf qəyyumu olduğunu, Vəqf İdarəsinin də onlarla vəqf qəyyumu ünvanında davrandığını nəzərə alaraq, onlar bu vəqfi əmlakın qəyyumluq vəzifəsini kənara qoya və vəqfi əmlakın idarə edilməsi barəsində olan vəzifələrindən imtina edə bilərlərmi? Halbuki, İmam Xomeynidən (r.ə) soruşulan sualda o qeyd etmişdir ki, vəqf qəyyumunun vəqfi əmlakın qəyyumluq vəzifəsindən imtina etməyə haqqı yoxdur, əksinə, vəqf edən şəxsin müəyyən etdiyi şəkildə əməl etməli və bu xüsusda səhlənkarlıq etməməlidir?
      Cavab: “Məscidin qəyyumu olmur” hökmü məscidin özünə aiddir və məscidə vəqf edilən əmlaka şamil olmur. Deməli, məcsiddə moizə və maarifləndirmə, şəriətin təlimi kimi məclislərin təşkil edilməsi üçün vəqf edilən əmlaka da şamil olmayacaqdır. Buna görə də, xüsusi və ümumi vəqf üçün vəqf qəyyumunun təyin edilməsinin, hətta məscidin ehtiyaclarının aradan qaldırılması, məsələn, məscidə lazım olan əşyaların alınması, məscidin işıqlandırılması, su ilə təmin olunması, təmizliyi və s. üçün vəqf edilən əmlaka vəqf qəyyumunun təyin edilməsinin maneəsi yoxdur. Ehtiyat-vacibə görə, təyin edilən vəqf qəyyumunun bu kimi vəqfi əmlakın qəyyumluq vəzifəsindən imtina etməyə haqqı yoxdur. Əksinə, vəqf edən şəxsin vəqfnamədə müəyyən etdiyi şəkildə əməl etməsi – hətta bu iş üçün özünə naib tutmaqla olsa belə - vacibdir. Heç kimin vəqfi əmlakın idarə edilməsində vəqf qəyyumuna maneəçilik və problem yaratmağa haqqı yoxdur.

       

      Sual 2012: Vəqfin şəri qəyyumundan qeyri bir şəxs vəqfi əmlaka aid işlərə müdaxilə etmək, ondan istifadə etmək və vəqfnamədə qeyd edilən şərtləri dəyişməklə vəqfin şəri qəyyumuna maneəçilik yarada bilərmi? Yaxud vəqfi torpaq sahəsini vəqf qəyyumunun saleh bilmədiyi bir şəxsə təhvil verməsini ondan tələb edə bilərmi?
      Cavab: Vəqf edən şəxsin vəqfnamədə müəyyən etdiyi şəkildə vəqfi əmlaka aid işləri idarə etmək, yalnız vəqfin xüsusi şəri qəyyumunun öhdəsindədir. Əgər vəqf edən şəxs xüsusi bir vəqf qəyyumu təyin etməyibdirsə, vəqfi əmlaka aid işləri idarə etmək müsəlmanların şəri-hakiminin və bu işlərə müdaxilə etmək haqqına malik olan şəxsin öhdəsindədir. Eləcə də, heç kimin, hətta vəqfin şəri qəyyumunun vəqfin məqsədini və ya vəqfnamədə qeyd edilən şərtləri dəyişdirməyə haqqı yoxdur.

       

      Sual 2013: Əgər vəqf edən şəxs bir şəxsi vəqf nəzarətçisi təyin edib şərt qoysa ki, yalnız müsəlmanların vəliyyi-əmri onu vəqf nəzarətçiliyindən kənarlaşdıra bilər, həmin şəxs özünü bu vəzifədən kənarlaşdıra bilərmi?
      Cavab: Ehtiyat-vacibə görə, vəqf nəzarətçisi bu vəzifəni qəbul etdikdən sonra özünü bu vəzifədən kənarlaşdıra bilməz. Necə ki, vəqf qəyyumu da bu işi görə bilməz (yəni özünü vəqfi əmlaka qəyyumluq vəzifəsindən kənarlaşdıra bilməz).

       

      Sual 2014: Bir vəqfi əmlakın bir hissəsi xüsusi, bir hissəsi isə ümumi vəqfdir. Vəqf edən şəxs bu vəqfi əmlakın qəyyumluğu vəzifəsi barəsində belə qeyd etmişdir: “Qəyyum vəfat etdikdə bu vəzifə nəsilbənəsil – birinci nəsil ikinci nəsildən öndə tutulması şərtilə - oğlan övladlarından ən böyüyü və ən salehinin öhdəsindədir”. Belə olduğu təqdirdə, əgər birinci nəslin nümayəndələri arasında bütün şərtlərə malik şəxs mövcud olarsa, amma vəqf qəyyumluğunu qəbul etməkdən imtina edərsə, eyni halda saleh və bu vəzifəyə layiq bildiyi kiçik övladın qəyyumluğu ilə razılaşarsa, digər şərtlərə malik olduğu təqdirdə kiçik övlad vəqf qəyyumluğunu qəbul edə bilərmi?
      Cavab: Vəqfi əmlaka qəyyumluq vəzifəsinə layiq olan bir şəxs bu vəzifəni qəbul etməkdən imtina edə bilər. Amma bu vəzifəni qəbul etdiyi təqdirdə, ehtiyata görə, özünü bu vəzifədən kənarlaşdıra bilməz. Amma şəxsən idarə etmək şərt qoyulmadığı təqdirdə, etibarlı və layiqli olan başqa bir şəxsi vəqfi əmlaka aid işlərin idarə edilməsində özünə vəkil edə bilər. Həmçinin əvvəlki nəsildə bütün şərtlərə malik şəxs mövcud olduğu və vəqf qəyyumluğunu qəbul etdiyi halda, sonrakı nəsildən olan bir şəxsin vəqf qəyyumluğu vəzifəsini öhdəsinə götürməsinə icazə verilmir.

       

      Sual 2015: Əgər “moqufun-ələyhim”[2] arasından bəzi şəxslər – belə ki, lazımi şərtlərə malik olduqları təqdirdə vəqf qəyyumluğu vəzifəsini icra etmək haqqına malikdirlər - şəri-hakimə müraciət edib onları vəqf qəyyumu təyin etməsini ondan istəsələr, amma şəri-hakim onların lazımi şərtlərə malik olmadıqlarını əsas gətirib bu istəyi qəbul etməsə, bu şəxslər yaşı az olduğunu əsas gətirib lazımi şərtlərə malik olan bir şəxsin vəqf qəyyumu təyin edilməsinə qarşı çıxa bilərlərmi?
      Cavab: Lazımi şərtlərə malik olmayan şəxsin vəqf qəyyumu olmaq, habelə, lazımi şərtlərə malik olan şəxsin vəqf qəyyumu təyin edilməsinə qarşı çıxmağa haqqı yoxdur.

       

      Sual 2016: Əgər vəqfi əmlaka aid işləri idarə etmək üçün təyin edilən vəqf qəyyumu müəyyən səbəbə görə öz vəzifəini yerinə yetirməkdə səhlənkarlıq göstərsə, onu bu vəzifədən kənarlaşdırmaq və başqa bir şəxsi vəqf qəyyumu təyin etmək olarmı?
      Cavab: Vəqfi əmlaka aid işləri idarə etməkdə sadəcə səhlənkarlıq göstərmək təyin edilən vəqf qəyyumunu bu vəzifədən kənarlaşdırmaq və onun yerinə başqa bir şəxsi təyin etmək üçün şəri əsas deyildir. Əksinə, bu barədə şəri-hakimə müraciət etmək lazımdır ki, onu vəqfi əmlaka aid işləri idarə etməyə vadar etsin. Əgər onu öz vəzifəsini yerinə yetirməyə vadar etmək mümkün olmazsa, şəri-hakim ondan tələb etməlidir ki, vəqfi əmlaka aid işləri yerinə yetirməsi üçün özünə saleh bir vəkil təyin etsin. Yaxud şəri-hakimin özü etibarlı bir şəxsi ona həmkar təyin etməlidir.

       

      Sual 2017: İranın müxtəlif şəhər və kəndlərində uzun illərdir ziyarətgah olan və xüsusi vəqf olmayıb, xüsusi bir vəqf qəyyumuna malik olmayan imamzadələrin (ə) ziyarətgahlarına başçılıq etmək səlahiyyəti, o cümlədən, bu məkanların qorunub saxlanması, təmir edilməsi, abadlaşdırılması, nəzirlərin toplanması kimə aiddir? Qədim zamanlardan bəri ölülərin dəfn edildiyi məkan olan imamzadələrin (ə) ziyarətgahının torpağı barəsində kimsə mülkiyyət iddiası edə bilərmi?
      Cavab: Müqəddəs ziyarətgahların və xüsusi bir vəqf qəyyumuna malik olmayan ümumi vəqfin vəqf qəyyumluğu vəzifəsi şəri-hakimin və müsəlmanların vəliyyi-əmrinin öhdəsindədir. Hal-hazırda bu vəzifə Vəqf və Xeyriyyə İşləri İdarəsində vəliyyi-fəqihin nümayəndəsinin öhdəsinə qoyulubdur. Qədim zamanlardan bəri müsəlmanların ölülərinin dəfni üçün nəzərdə tutulan imamzadələrin (ə) ziyarətgahının torpağı ümumi vəqf hökmündədir. Amma əgər bunun əksi şəri-hakimə şəri yolla sübuta yetərsə, hökm fərqlidir.

       

      Sual 2018: Vəqfi əmlakdan istifadə edən və hamılıqla müsəlman olan şəxslər müsəlman olmayan bir şəxsin vəqf qəyyumluğuna namizədliyini irəli sürə və vəqf qəyyumu təyin edilməsinə dair qərar çıxarması üçün onu Vəqf İdarəsinə tanıtdıra bilərlərmi?
      Cavab: Müsəlman olmayan şəxs müsəlmanlara aid vəqfi əmlaka qəyyumluq vəzifəsinə təyin edilə bilməz.

       

      Sual 2019: Vəqf edən şəxs tərəfindən təyin edilən və təyin edilməyən vəqf qəyyumu kimdir? Əgər vəqf edən şəxs müəyyən bir şəxsi vəqf qəyyumu təyin edərsə və özündən sonrakı vəqf qəyyumunu təyin etməyi də onun öhdəsində qoyarsa, onun təyin etdiyi sonrakı vəqf qəyyumu vəqf edən şəxs tərəfindən təyin edilən qəyyum hesab olunurmu?
      Cavab: Təyin edilən vəqf qəyyumu o şəxsdir ki, vəqf edən şəxs vəqf cümlələri oxunanda onu vəqf qəyyumu təyin etmişdir. Əgər vəqf cümlələri oxunanda sonrakı vəqf qəyyumunu təyin etmək səlahiyyətini də ona həvalə edibdirsə, onun özündən sonrakı vəqf qəyyumunu təyin etməsinin maneəsi yoxdur. Həmçinin onun təyin etdiyi sonrakı vəqf qəyyumu vəqf edən şəxs tərəfindən təyin edilən qəyyum hökmündədir.

       

      Sual 2020: İslam Respublikasının Vəqf İdarəsi vəqf qəyyumunu bu vəzifədən kənarlaşdıra bilərmi? Əgər kənarlaşdıra bilərsə, bunun hansı şərtləri vardır?
      Cavab: Vəqf İdarəsi qanunun icazə verdiyi çərçivədə xüsusi vəqf qəyyumu olan vəqflərə müdaxilə etmək haqqına malikdir.

       

      Sual 2021: Vəqf qəyyumu öz vəzifəsini Vəqf və Xeyriyyə işləri İdarəsinə həvalə edə bilərmi?
      Cavab: Vəqf qəyyumunun belə bir haqqı yoxdur. Amma Vəqf İdarəsini və ya başqa bir şəxsi vəqf işlərini idarə etməkdə özünə vəkil edə bilər.

       

      Sual 2022: Məhkəmə vəqf işlərini idarə etməkdə səhlənkarlıqda ittiham edilən vəqf qəyyumunun işlərinə nəzarət etmək üçün bir şəxsi etibarlı nəzarətçi ünvanında təyin etmişdir. Vəqf qəyyumu ona ünvanlanan ittihamın əsassız olduğunu sübuta yetirdikdən sonra vəfat etmişdir. Bu etibarlı nəzarətçi vəqf qəyyumunun illər öncə - yəni etibarlı nəzarətçi bu vəzifəyə təyin edilməmişdən qabaq – qəbul etdiyi qərarları təsdiqləmək və ya ləğv etməklə bu qərarlara müdaxilə edə və fikir yürüdə bilərmi? Yoxsa onun vəzifəsi və nəzarət haqqı, yalnız onun bu vəzifəyə təyin edilməsinə dair çıxarılan hökmün tarixi ilə vəqf qəyyumunun vəfat etdiyi tarix arasındakı zaman kəsiminə aiddir? Nəzərə alsaq ki, vəqf qəyyumunun günahsız olduğuna dair hökm çıxarıldığı tarixdən etibarən etibarlı nəzarətçinin bu vəzifədən kənarlaşdırılmasına dair heç bir iş görülməmişdir, vəqf qəyyumunun günahsız olduğuna dair hökm çıxarılması ilə etibarlı nəzarətçinin vəzifəsi başa çatırmı? Yoxsa o, məhkəmə tərəfindən bu vəzifədən kənarlaşdırılmalıdır?
      Cavab: Əgər etibarlı nəzarətçinin şəri vəqf qəyyumuna həmkar təyin edilməsinin səbəbi, vəqf qəyyumunun vəqf işlərini idarə etməkdə səhlənkarlıqda ittiham edilməsi olmuşdursa, etibarlı nəzarətçinin yalnız nəzarətçi təyin edildiyi işlərə müdaxilə etmək və fikir yürütmək haqqı vardır. Etibarlı nəzarətçinin, barəsində ittiham irəli sürülən vəqf qəyyumunun işlərinə nəzarət etmək səlahiyyəti, vəqf qəyyumunun günahsız olduğuna dair hökmün çıxarılması ilə başa çatır. Eləcə də, vəqf qəyyumu vəfat etdikdən və bu vəzifə başqa bir şəxsə ötürüldükdən sonra bu etibarlı nəzarətçinin yeni vəqf qəyyumunun vəqfə dair işlərinə müdaxilə etməyə haqqı yoxdur.
       

      [1] Ümumi vəqf – əmlakın ümumi mənafeyi olan işlərə vəqf edilməsidir. Məsələn, məscidlərin, körpülərin, məktəblərin və s. tikintisinə edilən vəqf. Yaxud da əmlakın ümumi ünvanlara – məsələn, yoxsullara, yetimlərə və s. - vəqf edilməsidir.
      [2] Vəqf kimlərə edilibdirsə, həmin şəxslər “moqufun-ələyhim” adlanır.
    • Vəqf edilən əmlakın şərtləri
    • “Moqufun-ələyh”in şərtləri
    • Vəqf olunan şеyin şərtləri
    • Vəqfin hökmləri
    • Həbs
    • Vəqfin əmlakın satılması və ya vəqfin dəyişdirilməsi
  • Qəbiristanlığın hökmləri
700 /