Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
    • Vəqfin şərtləri
    • Vəqf qəyyumunun şərtləri
    • Vəqf edilən əmlakın şərtləri
    • “Moqufun-ələyh”in şərtləri
    • Vəqf olunan şеyin şərtləri
    • Vəqfin hökmləri
      Çap versiyası  ;  PDF
       
      Vəqfin hökmləri

       

      Sual 2036: Bir qrup şəxs xüsusi vəqf qəyyumunun icazəsi olmadan, cami məscidinin mədrəsə otağı ilə məscidə birləşən hüseyniyyə mətbəxinin arasında yerləşən kitabxananı uçurmuş və bu yeri məscidin sahəsinə qatmışlar. Onların bu işi düzgündürmü? Bu məkanda namaz qılmaq olarmı?
      Cavab: Əgər sübuta yetsə ki, kitabxananın yeri yalnız kitabxana üçün vəqf edilibdir, heç kimin oranı məscidə çevirmək haqqı yoxdur və həmin yerdə namaz qılmağa icazə verilmir. Kitabxananın binasını uçuran şəxs onu əvvəlki vəziyyətinə qaytarmalıdır. Amma əgər həmin yerin məhz kitabxana üçün vəqf edildiyi sübuta yetməsə, orada namaz qılmağın maneəsi yoxdur.

       

      Sual 2037: Bir məkan müvəqqəti olaraq - məsələn, on il müddətinə - məscid ünvanında vəqf edilə və bu müddət başa çatdıqdan sonra yenidən vəqf edən şəxsin, yaxud onun varislərinin mülkiyyətinə geri qaytarıla bilərmi?
      Cavab: Əgər bir məkan uzun bir müddətə, məsələn, əlli il və ya daha artıq müddətə icarəyə götürülərsə və orada məscid tikilərsə, bu müddət ərzində həmin məkan məscid hökmündədir.

       

      Sual 2038: Bir qəbiristanlığın kənarında bir vəqfi torpaq sahəsi vardır. Bu qəbiristanlıq əhalinin öz ölülərini dəfn etmələri üçün kifayət etmir. Sözügedən vəqfi torpaq sahəsinin isə qəbiristanlığın ərazisinə qatılması və qəbiristanlığa çevrilməsi uyğun görünür. Bu vəqfi torpaq sahəsinin qəbiristanlığa çevirilməsinə icazə verilirmi?
      Cavab: Ölülərin dəfnindən qeyri bir məqsədə vəqf edilən torpaq sahəsinin havayı olaraq qəbiristanlğa çevirilməsinə icazə verilmir. Amma əgər onun vəqfi “mənfəət vəqfi”[1] qismindən olarsa, onun şəri vəqf qəyyumu - vəqfin xeyrinə bildiyi təqdirdə - oranı ölülərin dəfni üçün icarəyə verə bilər.

       

      Sual 2039: Bəzi vəqfi torpaq sahələri yolların genişləndirilməsi, milli parkların salınması, dövlət binalarının tikintisi layihələrinin planına düşür və vəqfin şəri qəyyumundan icazə alınmadan və onların pulu, yaxud icarə haqqı verilmədən bəzi dövlət müəssisələri, idarələri tərəfindən müsadirə edilir. Onlar bu işi görə bilərlərmi? Bu vəqfi torpaq sahələrindən istifadə edən şəxs onun əvəzini və ya qiymətini verməlidirmi? İstifadə etdikləri vaxtdan etibarən istifadənin ücrətül-mislini ödəməlidirlərmi? Müəssisələr və idarələr vəqfi torpaq sahəsinin qiymətini və ya onun yerinə başqa bir torpaq sahəsini verərkən şəri-hakimdən icazə almaq vacibdirmi? Yoxsa Vəqf İdarəsi və ya vəqf qəyyumu vəqfin xeyrini nəzərə alaraq, vəqfi əmlakın əvəzi və ya qiyməti barəsində onlarla razılığa gələ bilər?
      Cavab: Vəqfin şəri qəyyumunun icazəsi olmadan heç kim vəqfi əmlakdan istifadə edə bilməz. Əgər vəqf “mənfəət vəqfi” qismindən olarsa, vəqfi əmlak vəqf qəyyumundan icarəyə götürüldükdən sonra ondan istifadə etmək olar. Həmçinin vəqfin məqsədi üçün istifadə edilməyə qabil olan vəqfi əmlakın satılmasına və ya başqa məqsədə dəyişdirilməsinə icazə verilmir. Əgər bir şəxs vəqfi əmlakı tələf edərsə, ona zamindir. Əgər vəqfin şəri qəyyumunun icazəsi olmadan ondan istifadə edərsə, onun ücrətül-mislinə zamindir və vəqfin məqsədinə istifadə edilməsi üçün ücrətül-misli vəqf qəyyumuna ödəməlidir. Bu xüsusda şəxslər və dövlət müəssisələri, idarələri arasında fərq yoxdur. Vəqf qəyyumu şəri-hakimə müraciət etmədən vəqfi əmlakın xeyrini nəzərə alaraq, onun əvəzi və ya ücrətül-misli barəsində vəqfi əmlakdan istifadə edən və ya onu tələf edən tərəf ilə razılığa gələ bilər.

       

      Sual 2040: Bir vəqfi torpaq sahəsi vardır ki, onun yolu yalnız heyvanların get-gəli üçün yararlıdır. Hal-hazırda bu vəqfi torpaq sahəsinin ətrafında evlər tikildiyinə görə sözügedən yol genişləndirilməlidir. Yolun hər iki tərəfdən genişləndirilməsinə – belə ki, həm vəqfi torpaq sahəsindən, həm də şəxsi əmlakdan bərabər şəkildə götürüləcəkdir – icazə verilirmi? İcazə verilmədiyi təqdirdə, lazım olan ölçüdə vəqfi torpaq sahəsi vəqf qəyyumundan icarəyə götürülə bilərmi?
      Cavab: Qaçılmaz bir zərurət tələb etməyənədək, yaxud vəqfi əmlakın özünün istifadəsi üçün bu yola ehtiyac duyulmayanadək, vəqfi əmlakın gediş-gəliş yoluna çevrilməsinə icazə verilmir. Amma “mənfəət vəqfi” qismindən olan torpaq sahəsinin gediş-gəliş yolunun genişləndirilməsi üçün icarəyə verilməsinin - vəqfi əmlakın xeyri nəzərə alınaraq - maneəsi yoxdur.

       

      Sual 2041: Bir torpaq sahəsi iyirmi il öncə bir məntəqənin əhalisi üçün vəqf edilmişdir ki, öz ölülərini orada dəfn etsinlər. Vəqf edən şəxs özünü vəqf qəyyumu təyin etmiş, özündən sonra isə şəhərin din alimlərindən birini – belə ki, alimin adı vəqfnamədə qeyd edilmişdir – vəqf qəyyumu təyin etmişdir. Həmçinin bu alimdən sonrakı vəqf qəyyumlarının seçilməsi qaydasını da müəyyən etmişdir. Hazırkı vəqf qəyyumunun vəqfi dəyişdirmək, yaxud vəqfin bəzi şərtlərini dəyişdirmək, yaxud da başqa şərtləri əlavə etmək haqqı vardırmı? Əgər bu dəyişdirilmə torpaq sahəsinin vəqf edildiyi məqsədə təsir edərsə - məsələn, oranın maşın dayanacağı edilməsi – vəqf məsələsi öz qüvvəsində qalırmı?
      Cavab: Nəzərə alsaq ki, vəqf şəriət baxımından vəqfi əmlakın təhvil alınması ilə gerçəkləşir və qüvvəyə minir, bundan sonra vəqf edən şəxs və ya vəqf qəyyumu tərəfindən vəqfin dəyişdirilməsinə, həmçinin vəqfin bəzi şərtlərinin dəyişdirilməsinə və ya ona yeni şərtlərin əlavə edilməsinə icazə verilmir. Vəqfi əmlakı əvvəlki vəziyyətindən dəyişdirmək onu vəqflikdən çıxarmır.

       

      Sual 2042: Bir şəxs öz dükanını məscidə bağlı olan qərzul-həsənə büdcəsinin yaradılması üçün vəqf etmişdir. Bu şəxs hal-hazırda vəfat etmişdir. Neçə illərdir ki, bu dükan bağlıdır və hal-hazırda da uçulub-tökülmək üzrədir. Bu məkandan başqa işlər üçün istifadə etmək olarmı?
      Cavab: Əgər bu dükanda qərzul-həsənə büdcəsinin yaradılması üçün oranın vəqfi gerçəkləşmişdirsə və hal-hazırda bu məsciddə qərzul-həsənə büdcəsinin yaradılmasına ehtiyac yoxdursa, bu məkandan başqa məscidlərə bağlı olan qərzul-həsənə büdcəsinin yaradılması üçün istifadə etməyin maneəsi yoxdur. Əgər bu işi də görmək mümkün olmazsa, oradan başqa bir xeyir iş üçün istifadə etmək olar.

       

      Sual 2043: Bir şəxs bir torpaq sahəsini oranın su payı ilə birlikdə məhərrəm və ya səfər ayının gecələrinin birində, həmçinin Əmirəl-möminin Əlinin (ə) şəhadət gecəsində “Əl-Həyy” məscidində İmam Hüseynə (ə) əzadarlıq məclisinin qurulması üçün vəqf etmişdir. Bu şəxs sonradan öz varisinə vəsiyyət etmişdir ki, xəstəxana tikilməsi üçün bu torpaq sahəsi Səhiyyə Nazirliyinə verilsin. Bu işin hökmü nədir?
      Cavab: “Mənfəəət vəqfi”ni “intifa vəqfi”nə çevirməyə icazə verilmir. Amma xəstəxana tikilməsi üçün oranın icarəyə verilməsinin və icarə pulunun vəqfin məqsədinə sərf edilməsinin - vəqfi əmlakın xeyrinə olduğu təqdirdə - maneəsi yoxdur.

       

      Sual 2044: Vəqfi torpaqlarda namazgah və ya hüseyniyyə tikmək olarmı?
      Cavab: Vəqfi torpaqlar yenidən məscid, hüseyniyyə və s. ünvanında vəqf edilməyə qabil deyillər. Bu torpaqları namazgah və ya camaatın ehtiyac duyduğu hər hansı bir ümumi müəssisənin tikintisi üçün havayı olaraq vermək heç kimə icazə verilmir. Amma bu torpaq sahələrində namazgah, məktəb, hüseyniyyə tikilməsi üçün oranın şəri vəqf qəyyumu tərəfindən icarəyə verilməsinin maneəsi yoxdur. Oranın icarə pulu vəqf üçün təyin edilən məqsədlərə sərf edilməlidir.

       

      Sual 2045: “Ümumi vəqf” və “xüsusi vəqf”in mənası nədir? Bəziləri belə deyirlər: “Xüsusi vəqfi vəqf edən şəxsin məqsədindən qeyri bir məqsədə dəyişdirmək və onu xüsusi mülkə çevirmək olar”. Bu söz düzdürmü?
      Cavab: Vəqf “moqufun ələyh” baxımından ümumi vəqf və xüsusi vəqfə ayrılır. Beləliklə, “xüsusi vəqf” bir şəxsə və ya şəxslərə edilən vəqfdir, məsələn, övladlara edilən vəqf, yaxud Zeyd və onun övladlarına edilən vəqf. “Ümumi vəqf” əmlakın ümumi məqsədlərə və mənafeyə vəqf edilməsidir, məsələn, məscidlərə, istirahət məkanlarına, məktəblərə və s. edilən vəqf. Yaxud da əmlakın ümumi ünvanlara – məsələn, yoxsullara, yetimlərə, xəstələrə, yolda qalanlara və s. – vəqf edilməsidir. Bu üç qisim arasında vəqfin əsası baxımından heç bir fərq yoxdur, baxmayaraq ki, hökmləri və nəticələri baxımından onlar arasında fərq vardır. Məsələn, ümumi məqsədlər və mənafe üçün olan vəqfdə, həmçinin ümumi ünvanlar üçün olan vəqfdə vəqf əqdi bağlanan zaman “moqufun ələyhim”in nümunə və nümayəndəsinin xarici reallığı (reallıqda mövcud olması) şərt deyildir. Halbuki, xüsusi vəqfdə bu şərtdir. Həmçinin “intifa vəqfi” qismindən olub ümumi məqsədlər və mənafe üçün olan vəqfdə - məsələn, məscidlərə, məktəblərə, qəbiristanlıqlara, körpülərə və s. olan vəqfdə - vəqfi əmlak, hətta məhv olsa belə, heç bir vəchlə satıla bilməz. Amma xüsusi vəqfdə və “mənfəət vəqfi” qismindən olub ümumi ünvanlar üçün olan vəqf bəzi istisna hallarda satıla və dəyişdirilə bilər.
       
      Sual 2046: Hicri-şəmsi 1263-cü ilə mənsub olan bir əlyazma Quran nüsxəsi bir məscidə vəqf edilibdir və hal-hazırda məhv olmaq üzrədir. Onu cildlətdirmək və bu müqəddəs və dəyərli əsəri qorumaq üçün şəri icazəyə ehtiyac vardırmı?
      Cavab: Qurani-Məcidi cildlətdirmək, onun cildini və vərəqlərini bərpa etmək və həmin məsciddə qoruyub saxlamaq üçün şəri-hakim tərəfindən xüsusi icazəyə ehtiyac yoxdur.

       

      Sual 2047: Vəqfi əmlakı qəsb etmək və onu vəqfin məqsədindən qeyri bir məqsədə istifadə etmək ücrətül-mislə zamin olmağa səbəb olurmu? Vəqfi əmlakı tələf etmək – məsələn, binasını uçurtmaq – yaxud vəqfi torpaq sahəsini prospektə çevirmək onun mislinə və ya qiymətinə zamin olmağa səbəb olurmu?
      Cavab: Xüsusi vəqfdə (məsələn, övlada olan vəqfdə), həmçinin “mənfəət vəqfi” qismindən olan ümumi vəqfdə vəqfi əmlakı qəsb etmək və onu vəqfin məqsədindən qeyri bir məqsədə istifadə etmək, yaxud da birincidə (yəni xüsusi vəqfdə) “moqufun ələyhim”in icazəsi olmadan, ikincidə isə vəqfin şəri qəyyumunun icazəsi olmadan vəqfi əmlakdan istifadə etmək vəqfi əmlakın özünə və mənfəətinə zamin olmağa səbəb olur. Mənfəətin əvəzini qaytarmaq – istər tələb edilsin, istərsə də tələb edilməsin – vacibdir. Həmçinin vəqfi əmlak mövcud olduğu təqdirdə onun özünü qaytarmaq, eləcə də, istifadəçinin əlində, yaxud onun əməlinə görə tələf olduğu təqdirdə onun əvəzini qaytarmaq vacibdir. Mənfəətin əvəzi vəqfin məqsədinə, vəqfi əmlakın əvəzi isə, tələf olan əmlakın yerinə sərf olunmalıdır. “İntifa vəqfi” qismindən olan ümumi vəqfdə - məsələn, məscidlər, məktəblər, karvansaralar, körpülər, qəbiristanlıqlar və s. kimi “moqufun ələyhim”in bəhrələnməsi üçün ümumi məqsədlərə və ya ünvanlara olan vəqfdə - qəsb edən şəxs tərəfindən qəsb edildiyi və vəqfin mənfəətindən qeyri bir məqsədə istifadə edildiyi təqdirdə, məktəb, karvansara, hamam kimi əmlakdan istifadənin ücrətül-misli ödənməlidir. Amma məscidlərin, məqbərələrin, ziyarətgahların, körpülərin istifadəsinin ücrətül-mislinə zamin deyildir. Əgər bu vəqfi əmlakın özünü tələf edərsə, onun mislinin və ya qiymətinin əvəzini verməlidir və bu da tələf olan vəqfi əmlakın yerinə sərf olunmalıdır.

       

      Sual 2048: Bir şəxs öz əmlakını kənddə Seyyidüş-şühədanın (ə) əzadarlıq məclislərinin qurulması üçün vəqf etmişdir. Amma hal-hazırda vəqf qəyyumu vəqfnamədə qeyd edilən kənddə əzadarlıq məclislərini təşkil etmək iqtidarında deyildir. O, yaşadığı şəhərdə əzadarlıq məclislərini təşkil edə bilərmi?
      Cavab: Əgər əmlak məhz həmin kənddə əzadarlıq məclislərinin qurulması üçün vəqf edilibdirsə, vəqf qəyyumunun özünə vəkil tutub həmin kənddə əzadarlıq məclislərini təşkil etməsi mümkün olduğu zamanadək, bu məclisləri başqa məkanda təşkil etməyə haqqı yoxdur. Əksinə, o, həmin kənddə əzadarlıq məclislərini təşkil etmək üçün bir şəxsi özünə naib tutmalıdır.

       

      Sual 2049: Məscidin qonşuları öz evlərinin qaynaq işlərini görmək üçün məscidin işığından istifadə edə və istifadə etdikləri işığın pulunu artıqlaması ilə məscidin işlərini idarə edən məsullara ödəyə bilərlərmi? Məscidin məsulları məscidin işığından istifadə edilməsinə icazə verə bilərlərmi?
      Cavab: Məscidin işığından şəxsi işlər üçün istifadə etməyə icazə verilmir və məscidin məsulları belə bir icazəni verə bilməzlər.

       

      Sual 2050: Camaat uzun illərdir ki, bir vəqfi su çeşməsindən istifadə edirlər. Bu su çeşməsindən müxtəlif yerlərə və ya şəxsi yaşayış evlərinə borular vasitəsilə su çəkmək olarmı?
      Cavab: Əgər bu su çeşməsindən borular vasitəsilə su çəkmək vəqfin dəyişdirilməsi və ya vəqfi əmlakın vəqfin məqsədindən qeyri bir məqsədə istifadə edilməsi hesab olunmazsa, həmçinin digər “moqufun ələyhim”in sudan istifadə etmələrinə mane olmazsa, bu işin maneəsi yoxdur. Əks təqdirdə, buna icazə verilmir.

       

      Sual 2051: Bir torpaq sahəsi əzadarlıq məclislərinin təşkil edilməsi və dini elmlər tələbələri üçün vəqf edilibdir. Bu torpaq sahəsi kəndin əsas yolunun kənarında yerləşir. Hal-hazırda kəndin əhalisindən bir dəstə insan kənd üçün başqa bir yol çəkmək fikrindədirlər və bu yol sözügedən vəqfi torpaq sahəsinin o biri tərəfinə düşür. Bu yolun salınması torpaq sahəsinin qiymətinin artmasına təsirli olduğu təqdirdə, bu işi görməyə icazə verilirmi?
      Cavab: Vəqfi torpaq sahəsinin bir hissəsində yol çəkmək nəticəsində torpaq sahəsinin qiymətinin artması, vəqfi torpaq sahəsindən istifadə etməyə və ya oranı yola çevirməyə şəri əsas deyildir.

       

      Sual 2052: Bir məscidin yaxınlığında bir ev vardır ki, evin sahibi onu məscidin imam-camaatının məskunlaşması üçün vəqf etmişdir. Amma hal-hazırda ailənin böyüklüyünə, get-gəl edənlərin çoxluğuna və başqa səbəblərə görə, bu ev imam-camaatın yaşaması üçün münasib deyildir. İmam-camaatın özünün bir evi vardır və o, bu evdə yaşayır. Bu evin isə təmirə ehtiyacı vardır və bunun üçün o, bir qədər pul krediti götürmüşdür. İmam-camaat vəqfi evi icarəyə verə və onun icarə pulunu yaşadığı ev üçün götürdüyü borcu qaytarmağa və evin təmirinə sərf edə bilərmi?
      Cavab: Əgər ev məscidin imam-camaatının məskunlaşması üçün “intifa vəqfi” şəklində vəqf edilibdirsə, şəriət baxımından onun bu evi icarəyə vermək – hətta evin icarə pulunu öz borcunu qaytarmağa və yaşadığı evin təmirinə sərf etmək məqsədilə olsa belə - haqqı yoxdur. Əgər həmin ev kiçik olduğuna görə onun ailəsinin yaşaması, qonaqların get-gəl etmələri və müraciət edənləri qarşılamaq üçün yetərli deyildirsə, bu evdən günün - gündüzün və ya gecənin - bəzi saatlarında müraciət edənləri qarşılamaq üçün istifadə edə bilər. Yaxud da həmin evi məskunlaşması üçün başqa bir imam-camaata verə bilər.

       

      Sual 2053: Karvanların dincəlməsi üçün icarəyə verilən karvansara binası vəqfidir və onun vəqf qəyyumluğu karvansara ilə üzbəüz yerləşən məscidin indiki sabit imam-camaatının öhdəsindədir. Məsələ mərcəyi-təqlidlərə dəqiqliklə bəyan olunmadığına görə, karvansara uçurdulmuş və onun yerində hüseyniyyə tikilmişdir. Bu məkanın mənfəəti dəyişiklikdən öncəki şəklində qalırmı?
      Cavab: “Mənfəət vəqfi” olan karvansaranın “intifa vəqfi” olan hüseyniyyəyə çevrilməsinə icazə verilmir. Karvansaranın binası özünün əvvəlki şəklinə qaytarılmalı və karvanlara, müsafirlərə icarəyə verilməli, icarə pulu da vəqf edən şəxsin müəyyən etdiyi məqsədə sərf edilməlidir. Amma əgər vəqfin şəri qəyyumu təyin etsə ki, vəqfin qısamüddətli və uzunmüddətli məsləhəti bu məkanın indiki vəziyyətində dini məclislərin təşkili üçün icarəyə verilməsini və icarə pulunun da vəqfin məqsədinə sərf edilməsini tələb edir, bu təqdirdə o, bu işi görə bilər.

       

      Sual 2054: Məscidin həyətində tikilən dükanın sərquflisini satmaq olarmı?
      Cavab: Əgər məscidin həyətində dükanın tikilməsi şəri baxımdan icazəli olubdursa, vəqfin xeyrini nəzərə alaraq, həmçinin vəqfin şəri qəyyumunun icazə ilə dükanın sərquflisini satmağın maneəsi yoxdur.

       

      Sual 2055: Bəzən dövlət və qeyri-dövlət müəssisələri bir sıra layihələrə görə - məsələn, sədlərin tikilməsi, işıq stansiyalarının tikilməsi, parkların salınması və s. – vəqfi torpaq sahələrindən istifadə etmək məcburiyyətində qalırlar. Bu layihələri icra edənlər şəri baxımdan vəqfi əmlakın əvəzini və ya ücrətül-mislini vermək vəzifəsi daşıyırlarmı?
      Cavab: Xüsusi vəqfdə vəqfi əmlakı icarəyə götürmək və ya almaq üçün “moqufun ələyhim”ə müraciət etmək lazımdır. “Mənfəət vəqfi” şəklində olan ümumi ünvanlara edilən vəqfdə isə - belə ki, burada vəqfi əmlakın mənfəəti vəqfin məqsədinə sərf edilir – vəqfi əmlakdan istifadə etmək üçün onun şəri qəyyumundan icarəyə götürülməlidir. İcarə pulu da vəqf qəyyumuna verilməli və vəqfin məqsədinə sərf edilməlidir. Əgər bu kimi vəqfi əmlakdan istifadə etmək əmlakın tələf edilməsi hökmündə olarsa, vəqfi əmlaka zamin olmağa səbəb olur və istifadəçi şəxsin vəqfi əmlakın əvəzini onun şəri qəyyumuna qaytarması vacibdir. Vəqfin şəri qəyyumu bu vəsaitlə başqa bir mülk almalı və onu əvvəlki vəqfin yerinə vəqf etməlidir, oradan gələn gəlirlər də vəqfin məqsədinə sərf edilməlidir.

       

      Sual 2056: Bir şəxs bir neçə il bundan öncə tikintisi başa çatmamış bir dükanı icarəyə götürmüş və dükanın sərqufli pulunu həmin vaxt ödəmişdir. Sonra dükanın sahibindən icazə alıb icarə pulu ilə bu dükanın tikintisini başa çatdırmış və icarə müddəti ərzində dükanın yarısını rəsmi sənədlə onun sahibindən satın almışdır. İndi o, bu dükanın vəqfi olduğunu iddia edir və vəqf qəyyumunun naibi də dükanın sərqufli pulunun yenidən ödənilməsini tələb edir. Bu məsələnin hökmü nədir?
      Cavab: Əgər dükanın torpağının vəqfi olduğu sübuta yetsə, yaxud icarəçi şəxs bunu etiraf etsə, bu təqdirdə dükanın vəqfi torpağının mülkiyyət iddiasını edən şəxsin icarəçi şəxsə verdiyi səlahiyyətlərin hamısı etibarsızdır. İcarəçi şəxs bu dükandan istifadə etmək üçün vəqfin şəri qəyyumu ilə yenidən müqavilə bağlamalıdır. O, mülkiyyət iddiası edən şəxsə verdiyi pulu ondan geri ala bilər.

       

      Sual 2057: Əgər müəyyən torpaqların vəqfi olduğu dəqiqləşərsə, amma vəqfin məqsədi məlum olmazsa, bu torpaqlarda məskunlaşan və əkinçilik edən şəxslərin vəzifəsi nədir?
      Cavab: Əgər vəqfi torpaqların xüsusi vəqf qəyyumu olarsa, vəqfi torpaqlardan istifadə edənlər ona müraciət etməli və torpaları ondan icarəyə götürməlidirlər. Yox əgər xüsusi vəqf qəyyumu olmazsa, bu torpaqların idarəçiliyi şəri-hakimin öhdəsindədir və istifadəçilər ona müraciət etməlidirlər. Vəqfi əmlakdan gələn gəlirin istifadəsinə gəlincə, bu xüsusda müxtəlif ehtimallar mövcud olduğuna görə, əgər ehtimallar “mutəsadiq və qeyri-mutəbayin” olarsa – məsələn, seyidlər, yoxsullar, alimlər, filan şəhərin əhalisi – vəqfi əmlakın gəliri ehtimallar arasından yəqinliyə yaxın olanına sərf edilməlidir. Yox əgər ehtimallar “mutəbayin və qeyri-mutəsadiq” olarsa, bu təqdirdə əgər ehtimallar müəyyən məqamlar arasında “məhsur” olarsa, vəqfin gəlirinin istifadəsi püşk yolu ilə müəyyən edilməlidir. Amma əgər ehtimallar “qeyri-məhsur” məqamlar arasında olarsa, bu təqdirdə əgər ünvanlar və ya şəxslər arasında “qeyri-məhsur” olarsa – məsələn, vəqfi torpağın zürriyyəyə vəqf edildiyi məlumdur, amma “qeyri-məhsur” şəxslər arasından hansı şəxsin zürriyyəsinin nəzərdə tutulduğu məlum deyildir – onda vəqfi əmlakın gəliri “sahibi məlum olmayan mal” hökmündədir və fəqirlərə sədəqə verilməlidir. Amma əgər ehtimallar “qeyri-məhsur” məqsədlər arasında olarsa – məsələn, məscidlərə, ya ziyarətgahlara, ya körpülərə, ya zəvvarlara köməkliyə və s. – vəqfi əmlakın gəliri, ehtimallardan kənara çıxmamaq şərtilə, xeyriyyə işlərinə sərf edilməlidir.

       

      Sual 2058: Bir torpaq sahəsi vardır ki, əhali öz ölülərini uzun illərdir orada dəfn edir. Burada bir imamzadə (ə) də dəfn olunubdur. Otuz il öncə ölülərin yuyulması üçün burada bir yer də tikilmişdir. Amma bu torpaq sahəsinin ölülərin dəfninə, yoxsa burada dəfn olunan imamzadəyə (ə) vəqf edildiyi məlum deyildir. Həmçinin burada ölülərin yuyulması üçün yerin tikilməsinin şəri baxımdan düzgün olub-olmadığı da məlum deyildir. Bu səbəbdən, əhalinin öz ölülərini həmin yerdə yumalarına icazə verilirmi?
      Cavab: Əhali əvvəlki kimi, öz ölülərini həmin yerdə qüsl edə və imamzadənin (ə) ziyarətgahının həyətindən hesab olunan bu torpaqlarda öz ölülərini dəfn edə bilərlər. Amma əgər bu işin vəqfin məqsədinə zidd olduğu onlara məlum olarsa, bu işi görmələrinə icazə verilmir.

       

      Sual 2059: Bizim məntəqədə torpaq sahələri vardır ki, camaat orada əkin sahələri salır və ağaclar əkirlər. Camaat arasında belə danışılır ki, bu torpaq sahələri məntəqədə dəfn olunan imamzadələrdən (ə) birinə vəqf edilibdir və vəqf qəyyumu da məntəqədə yaşayan seyidlərdir. Amma bu torpaq sahələrinin vəqfi olduğuna dəlalət edən bir dəlil mövcud deyildir. Deyilənlərə görə, əvvəllər bir vəqfnamə var imiş, amma yanğın nəticəsində məhv olmuşdur. Əvvəlki hökumətin dövründə camaat bu torpaqların əhali arasında bölüşdürülməsinin qarşısını almaq üçün onların vəqfi torpaqlar olduğuna şahidlik edirlərmiş. Bir dəstə də deyir ki, seyidlərə böyük hörmət və sevgi bəsləyən bir hakim bu torpaqların vergilərdən azad olması üçün onları seyidlərə vəqf etmişdir. Hal-hazırda bu torpaqların hökmü nədir?
      Cavab: Vəqfliyin sübuta yetməsi üçün vəqfnamənin mövcud olması şərt deyildir. Vəqfi əmlakdan istifadə edən istifadəçinin bu torpaqların vəqfi olduğunu etiraf etməsi, yaxud bu istifadəçi vəfat etdikdən sonra onun varislərinin bu məsələni etiraf etmələri kifayət edir. Həmçinin bu əmlak ilə əvvəllər bir vəqfi əmlak kimi davranılmasının dəqiqləşməsi, yaxud bu torpaqların vəqfi olduğuna iki ədalətli kişinin şahidlik etməsi, yaxud bu torpaqların vəqfi olduğuna dair elm və yəqinlik hasil edən məşhurluğun mövcud olması onların vəqfi olduğunu sübuta yetirir. Beləliklə, vəqfliyin bu dəlillərindən biri mövcud olduğu təqdirdə, bu torpaqların vəqfi olduğuna hökm verilir. Bundan qeyri halda, istifadəçinin ixtiyarında olan mülkün onun mülkiyyəti olduğuna hökm veriləcəkdir.

       

      Sual 2060: Bir mülkün beş yüz il öncəyə aid olan vəqfnaməsi tapılmışdır. İndi bu mülkün vəqfi olduğuna hökm verilirmi?
      Cavab: Vəqf sənədinin məzmunun doğru olduğuna yəqinlik hasil olmayanadək, sadəcə vəqf sənədinin mövcud olması vəqfliyə şəri dəlil deyildir. Amma həmin mülkün vəqfi olduğu camaat arasında, xüsusilə də yaşlılar arasında geniş yayılarsa - belə ki, bu məşhurluq sözügedən mülkün vəqfi olduğuna dair elm və yəqinliyə yararlı olarsa, -yaxud istifadəçi şəxs bu məsələni etiraf edərsə, yaxud əvvəllər bu mülk ilə vəqfi bir mülk kimi davranıldığı dəqiqləşərsə, sözügedən mülk vəqfi mülk hökmündədir. Hər bir halda, zamanın ötməsi vəqfi əmlakın vəqflikdən çıxmasına səbəb olmur.

       

      Sual 2061: Çayın suyunun üç payı atamdan mənə irs çatmışdır. Təzəlikcə bilmişəm ki, atamın aldığı bu üç pay, on beş payı vəqfi əmlak olan yüz paydandır. İndi məlum deyildir ki, bu üç pay hansı paylara daxildir: vəqfi əmlakdandır, yoxsa satan şəxsin əmlakındandır? Bu üç payın alğı-satqısı düzgün deyilmiş? Onun pulunu birinci satıcıdan – belə ki, o, indi həyatdadır – geri almağa haqqım varmı?
      Cavab: Əgər satan şəxs onu satarkən, müştərək sudan satdığı payın şəri sahibi olubdursa və sahibi olduğu paydan, yoxsa vəqfi əmlak ilə şəxsi əmlak arasında müşa şəklində olan şərikli paydan satdığı məlum deyildirsə, bu təqdirdə alğı-satqı düzgündür. Müştərinin də aldığı malın sahibi olduğuna və irs yolu ilə bu əmlakın onun varislərinə çatdığına hökm verilir.

       

      Sual 2062: Alimlərdən biri öz əmlakının – o cümlədən, əkin sahəsi və bağ kimi əmlakının - bir hissəsini xüsusi vəqf etmişdir. Bu barədə vəqfnamə tənzimləmiş və orada vəqfin bütün şərtlərinə əməl etdiyini, vəqfin şəri əqdini də icra etdiyini qeyd etmişdir. Elm əhlindən olan on nəfər bu vəqfnaməni imzalamışdır. Belə bir vəqfnamənin mövcud olması, bu əmlakın vəqfi əmlak olduğuna hökm verilməsinə əsas verirmi?
      Cavab: Əgər sübuta yetsə ki, vəqf əqdinin icrasından əlavə, vəqf etdiyi əmlakı “moqufun ələyhim”ə və ya vəqfin şəri qəyyumuna təhvil vermiş, onların ixtiyarında qoymuşdur, bu vəqf düzgündür və icrası vacibdir.

       

      Sual 2063: Bir torpaq sahəsi xəstəxana və ya tibb məntəqəsinin tikilməsi üçün Səhiyyə İdarəsinə bağışlanıbdır. Amma Səhiyyə İdarəsinin məsulları bu torpaq sahəsində hələ də xəstəxana və ya tibb məntəqəsinin tikilməsi üçün bir iş görməmişlər. Vəqf edən şəxs bu torpaq sahəsini geri ala bilərmi? Torpaq sahəsinin Səhiyyə İdarəsinin məsullarına təhvil verilməsi, vəqfliyin gerçəkləşməsi üçün kifayət edirmi? Yoxsa orada xəstəxana binasının tikilməsi də şərtdir?
      Cavab: Əgər vəqf əqdi şəri şəkildə icra edildikdən sonra sahibi tərəfindən torpaq sahəsinin Səhiyyə İdarəsinin məsullarına təhvil verilməsi, bu əmlakın vəqfin şəri qəyyumuna təhvil verilməsi hesab olunarsa, vəqf edən şəxsin onu geri almağa haqqı yoxdur. Amma əgər qeyd edilən iki işdən biri gerçəkləşməzsə, o öz torpaq sahəsini onlardan geri ala bilər.

       

      Sual 2064: Bir şəxs sahibi olduğu torpaq sahəsini məscid tikintisi üçün məntəqənin din aliminin və iki nəfər ədalətli şahidin qarşısında vəqf etmişdir. Bir müddətdən sonra bəzi şəxslər oranı ələ keçirmiş və orada yaşayış evləri tikmişlər. Bu şəxslərin və vəqf qəyyumunun vəzifəsi nədir?
      Cavab: Əgər vəqf əqdi icra edildikdən sonra bu torpaq sahəsi vəqf edən şəxsin icazəsi ilə təhvil alınmışdırsa, vəqfin bütün şəri hökmləri ona aid olacaqdır. Başqalarının orada özlərinə yaşayış evləri tikmələri qəsb hesab olunur. Onlar tikdikləri evləri uçurub torpağı boşaltmalı və vəqfin şəri qəyyumuna təhvil verməlidirlər. Bundan qeyri halda isə, torpaq sahəsi onun şəri sahibinin mülkiyyətindədir və başqalarının ondan istifadə etmələri, onun sahibinin icazəsinə bağlıdır.

       

      Sual 2065: Bir şəxs bir torpaq sahəsini səksən il öncə almışdır və o, vəfat etdikdən sonra varisləri bu torpaq sahəsi üzərində bir neçə alğı-satqı həyata keçirmişlər. Bu torpaq sahəsini birinci alıcıdan alan alıcıların hamısı vəfat etmişlər, buna görə də torpaq sahəsi onların varislərinin ixtiyarına keçmişdir. Axırıncı alıcılar təxminən qırx ildir ki, torpaq sahəsini rəsmi şəkildə öz adlarına keçirmiş, rəsmi mülkiyyət sənədini aldıqdan sonra orada özlərinə yaşayış evləri tikmişlər. İndi bir şəxs iddia edir ki, bu torpaq sahəsi övladlara vəqf edilibmiş və övladların onu satmaq haqları yoxdur. Nəzərə alsaq ki, səksən il ərzində heç kim belə bir iddianı etməmişdir və vəqfliyə dəlalət edən yazılı bir sənəd də mövcud deyildir, həmçinin heç kim bu məsələyə şahidlik etmir, hazırkı sahiblərin vəzifəsi nədir?
      Cavab: Bu torpaq sahəsinin vəqfi olduğunu və satışının qadağan olduğunu iddia edən şəxs öz iddiasını etibarlı bir yol ilə sübuta yetirməyənədək, torpaq sahəsi üzərində baş tutan alğı-satqıların, həmçinin hal-hazırda ondan istifadə edən şəxslərin mülkiyyətinə hökm verilir.

       

      Sual 2066: Bir vəqfi torpaq sahəsində üç suvarma kanalı vardır. Şəhər İcra Hakimiyyəti bir neçə il davam edən quraqlığa görə bu su kanallarından ikisini məntəqənin əhalisinin içməli suyunu təmin etmək üçün icarəyə götürmüşdür. Məntəqənin din tələbələrinə və vəqf edən şəxsin övladlarına vəqf edilən üçüncü su kanalı isə qurumuşdur. Nəticədə, bu su kanalının suyu ilə suvarılan torpaqlar istifadəsiz xam torpaqlara çevrilmişdir. Hal-hazırda Şəhər Torpaq İdarəsi bu torpaqların “ölü torpaqlar” olduğunu iddia edir. Bu torpaqlarda bir neçə il əkin əkilmədiyinə görə “ölü torpaqlar” hesab olunurmu?
      Cavab: Vəqfi torpaqlar bir neçə il əkilmədiyinə görə vəqflikdən xaric olmur.

       

      Sual 2067: İmam Rzanın (ə) hərəminə vəqf edilən torpaqların bəzisinin ərazisində çöllüklər və meşəliklər vardır. Amma bəzi aidiyyatı qurumlar çöllüklər və meşəliklər barəsində olan dövlət qanunlarına istinad edərək, bu çöllüklər və meşəliklərin “ənfal” olduğuna hökm vermişlər. Vəqfi torpaqların ərazisində yerləşən çöllüklər və meşəliklərə bu torpaqların ərazisində yerləşən digər torpaq sahələri kimi vəqfin şəri hökmləri aid olurmu? Onlarla vəqfi əmlak kimi davranılmalıdırmı?
      Cavab: Vəqfi torpaqların ətrafında yerləşən çöllüklər və meşəliklər əgər vəqfi torpaqların ərazisi hesab olunarsa, vəqfi əmlak hökmündədir və vəqfi torpaqlara aiddir. Onlar barəsində ənfal və ümumi əmlak hökmü verilmir. Ərazini və onun sahəsini təyin edən mənbə isə, məntəqənin ürfü və bu işdə mütəxəssis olan şəxslərin rəyidir.

       

      Sual 2068: Bir neçə torpaq sahəsi qırx il öncə yetimlər evinin tikilməsi üçün vəqf edilibdir və o vaxtdan indiyədək bu vəqfə əməl edilir. Bu vəqfi əmlakın müəyyən vəqf qəyyumu da vardır ki, Vəqf İdarəsi tərəfindən qəbul edilmişdir. Təzəlikcə, qədim sənəddən üzü köçürüldüyü iddia edilən adi bir sənəd təqdim edilmiş və bu sənəddə qeyd edilmişdir ki, bu torpaqlar üç yüz il öncədən indiyədək vəqf edilibdir. Qədimi olduğu iddia edilən əsil vəqf sənədinin mövcud olmadığını nəzərə alaraq, həmçinin mövcud sənədin naqis olduğunu və orada vəqf qəyyumunun təyin edilmədiyini, əvvəllər bu torpaqlarla vəqfi əmlak kimi davranılmadığını, xüsusilə də istifadəçilərin bu iddianı təkzib etdiklərini, habelə bu torpaqların əvvəllər vəqfi olmasının məşhur olmadığını nəzərə alaraq, bu sənəd yeni vəqfin məqsədinə əməl edilməsinə - yetimlər evi olaraq istifadə edilməsinə - mane ola bilərmi?
      Cavab: Vəqf sənədi – istər əsil olsun, istərsə də əsil sənədin üzü köçürülmüş olsun – vəqfliyə şəri dəlil deyildir. Nəticədə, əvvəlki vəqf mötəbər bir dəlil ilə sübuta yetməyənədək, hal-hazırda əməl edilən yeni vəqf düzgündür, qüvvədədir, ona əməl oluna bilər.

       

      Sual 2069: Bir şəxs bir torpaq sahəsini Seyyidüş-şühədanın (ə) hüseyniyyəsinin tikintisi üçün vəqf etmişdir. Amma bu torpaq sahəsi kəndin ümumi yoluna çevrilmişdir. Hal-hazırda hüseyniyyənin tikintisi üçün vəqf edilən bu torpaq sahəsindən təxminən qırx iki kvadrat metr ərazi qalmışdır. Bu ərazinin hökmü nədir? Vəqf edən şəxs onu geri götürə, öz mülkiyyətinə qaytara bilərmi?
      Cavab: Əgər vəqf əqdi şəri şəkildə icra edilibdirsə və vəqfi əmlak vəqf qəyyumu tərəfindən, yaxud vəqfin məqsədi üçün təhvil alnıbdırsa, vəqfi torpaq sahəsindən qalan ərazi vəqf olaraq qalır və vəqf edən şəxs onu geri götürə bilməz. Bundan qeyri halda, bu ərazi onun mülkiyyətindədir və bu ərazinin ixtiyarı onun əlindədir.

       

      Sual 2070: İrsdə payı olan varislərin bəzisi bütün irsi vəqf edə bilərlərmi? Vəqf əqdinin onların adından icra edilməsi düzgündürmü?
      Cavab: Onların bu işi yalnız irsdən öz payları barəsində düzgündür. Digər varislərin payı xüsusnda isə, vəqf “füzuli”dir və vəqfin düzgünlüyü onların icazəsinə bağlıdır.

       

      Sual 2071: Bir şəxs bir torpaq sahəsini öz oğlan övladlarına vəqf etmişdir. O vəfat etdikdən sonra Vəqf İdarəsi vəqfin şərtlərini bilmədən, sözügedən torpaq sahəsini bu şəxsin həm oğlan, həm də qız övladlarının adına qeydiyyata salmışdır. Vəqf İdarəsinin bu işi sözügedən torpaq sahəsindən bəhrələnməkdə mərhumun qız övladlarının onun oğlan övladlarına şərik olmalarına səbəb olurmu?
      Cavab: Sözügedən torpaq sahəsinin Vəqf İdarəsi tərəfindən mərhumun qız övladlarının adına qeydiyyata salınması, vəqfi əmlakdan bəhrələnməkdə qız övladlarının oğlan övladlarına şərik olmalarına səbəb olmur. Nəticədə, əgər torpaq sahəsinin yalnız oğlan övladlarına vəqf edildiyi sübuta yetsə, yalnız oğlan övladlarına aid olacaqdır.

       

      Sual 2072: Çay yatağının yolunda yerləşən bir torpaq sahəsi yüz il öncə ümumi vəqf edilibdir. Vəqfi torpaq sahələrinin satışının qadağan olduğuna dair qanuna əsasən, bu torpaq sahəsinin vəqfi olduğuna dair rəsmi sənəd imzalanmışdır. Amma hal-hazırda mədən daşlarının istixracı üçün dövlət bu torpaq sahəsindən istifadə edir. Bu torpaq sahəsi ənfaldan hesab olunur, yoxsa vəqfi mülkdür?
      Cavab: Əgər onun vəqfi mülk olduğu şəri yolla sübuta yetsə, şəxs və ya dövlət onu öz mülkiyyətinə keçirə bilməz. Əksinə, bu torpaq sahəsi vəqfi mülk olaraq qalır və vəqfin bütün şəri hökmləri ona aid olacaqdır.

       

      Sual 2073: Bir təhsil mərkəzinin binasındakı bir otaqdan hal-hazırda tədris laboratoriyası kimi istifadə olunur. Bu otağın yeri qonşuluqdakı qəbiristanlığın ərazisi olubdur və bir neçə il öncə qəbiristanlıqdan ayırıblar. Nəzərə alsaq ki, qonşuluqdakı qəbiristanlıqdan hələ də ölülərin dəfni üçün istifadə edilir, bu laboratoriya otağında namaz qılan müəllimlərin və şagirdlərin vəzifəsi nədir?
      Cavab: Laboratoriyanın yerləşdiyi yerin ölülərin dəfni üçün vəqf edildiyi sübuta yetməyənədək, orada namaz qılmağın və başqa istifadələrin maneəsi yoxdur. Amma əgər yalnız ölülərin dəfni üçün vəqf edildiyi mötəbər bir dəlil ilə sübuta yetsə, bu yer əvvəlki vəziyyətinə qaytarılmalıdır və ölülərin dəfni üçün boşaldılmalıdır. Orada tikilən tikililər qəsb hökmündədir.

       

      Sual 2074: Yanaşı yerləşən iki dükan vəqf edən şəxs və istifadə baxımından müstəqil vəqfi mülklərdir və bir-birindən ayrıdır. Bu dükanları icarəyə götürən şəxslər bir dükandan o biri dükana, yaxud xüsusi bir gediş-gəliş yoluna qapı aça bilərlərmi?
      Cavab: Vəqfi əmlakdan bəhrələnmək və ondan istifadə etmək – hətta digər vəqfin xeyrinə olsa belə - vəqfin şərtlərinə uyğun və vəqf qəyyumunun icazəsi ilə olmalıdır. Yanaşı yerləşən bu iki dükanı icarəyə götürən şəxslərin digər dükanın vəqfi olduğunu əsas götürərək, bir dükandan o biri dükana qapı açmağa və o biri dükana gediş-gəliş yolu yaratmaq şəklində vəqfdən istifadə etməyə haqları yoxdur.

       

      Sual 2075: Nəzərə alsaq ki, bəzi mərkəzlərdə və evlərdə olan nəfis kitablar məhv olmaq üzrədir və onları qoruyub saxlamaq çətindir, bir qrup şəxs şəhərin Mərkəzi Kitabxanasının bir hissəsinin bu mərkəzlərin ixtiyarına verilməsini və əvvəlki yerlərində olan vəqfliyi qorunmaq şərtilə sözügedən kitabların kitabxananın həmin hissəsinə köçürülməsini təklif etmişlər. Bu işi görmək olarmı?
      Cavab: Əgər bu vəqfi nəfis kitablardan yalnız müəyyən məkanda istifadə etməyin şərt qoyulduğu sübuta yetsə, bu şərtə riayət edərək kitabları məhv olmaqdan qorumaq mümkün olduğu zamanadək, onları həmin məkandan başqa bir məkana köçürmək olmaz. Bundan qeyri halda, onları həmin məkandan əminliklə qorunacaqları başqa bir məkana köçürməyin maneəsi yoxdur.

       

      Sual 2076: Yalnız otlaq kimi istifadə olunmağa yararlı olan bir torpaq sahəsi sahibi tərəfindən müqəddəs məkanlara vəqf edilmişdir. Vəqf qəyyumu bu torpaqların bir hissəsini bir neçə şəxsə icarəyə vermiş, icarəçi şəxslər də bu torpaqların otlağa yararlı olmayan hissələrində tədricən özlərinə yaşayış evləri tikmişlər. Həmçinin əkinə yararlı olan hissələrində əkin sahələri və bağlar salmışlar. Suallarım budur:
      1) Təbii otlaqların ənfaldan və ümumi əmlakdan olduğunu nəzərə alaraq, bu torpaqları vəqf etmək düzgündürmü? Hal-hazırda bu torpaqların vəqfi olduğuna hökm verilirmi?
      2) Nəzərə alsaq ki, icarəçi şəxslər bu otlaq sahələrində dəyişikliklər və abadlıq işləri aparmış, nəticədə, bu torpaqlar əvvəlkindən daha yararlı olmuşdur, onlara nə qədər ücrət ödənilməlidir?
      3) Nəzərə alsaq ki, əkin sahələri və bağlar icarəçi şəxslər tərəfindən salınıbdır, bu kimi torpaq sahələri hansı şəkildə icarəyə verilir? Bu torpaqların icarə pulu otlaq sahələrinin icarə pulu miqdarında ödənilməlidir, yoxsa əkin sahəsi və bağın icarə pulu miqdarında?
      Cavab: Bu torpaqların vəqfi olduğu sübuta yetdikdən sonra, vəqf zamanı bu torpaqların ənfaldan olduğu və vəqf edən şəxsin şəri əmlakı olmadığı sübuta yetməyənədək, şəri baxımdan bu torpaqların vəqfi düzgündür. İcarəçi şəxslərin bu torpaqlarda əkin sahələri və bağlar salmaları, yaşayış evləri tikmələri nəticəsində bu torpaqlar vəqflikdən xaric olmur. Əgər bu şəxslər sözügedən torpaqları onun şəri qəyyumundan icarəyə götürdükdən sonra orada müəyyən işlər görüblərsə, icarə müqaviləsində müəyyən edilən icarə pulunu vəqf qəyyumuna verməlidirlər və vəqf qəyyumu da bu pulu vəqfin məqsədinə sərf etməlidir. Yox əgər bu şəxslər sözügedən torpaqları onun şəri qəyyumundan icarəyə götürmədən orada müəyyən işlər görübdürlərsə, hansı müddətdə oradan istifadə ediblərsə, bu müddət üçün ədalətli qiymətdə “ücrətül-misl” ödəməlidirlər. Amma əgər sözügedən torpaqların vəqf zamanı, əslində, ölü torpaqlardan və ənfaldan olduğu və vəqf edən şəxsin şəri əmlakı olmadığı sübuta yetsə, şəri baxımdan bu torpaqların vəqfi düzgün deyildir. Əgər insanlar bu torpaqlardan qanunlara müvafiq şəkildə istifadə edib oranı abadlaşdırıblarsa - belə ki, orada əkin sahələri və bağlar salıb, özlərinə yaşayış evləri tikiblərsə - həmin miqdar torpaq sahəsi onlara aiddir. Torpaqların əvvəlki vəziyyətində qalan və həmişə “ölü torpaqlar” hesab olunan hissələri təbii sərvətlərdən və ənfaldan hesab olunur. Bu torpaqların ixtiyarı İslam dövlətinə aiddir.

       

      Sual 2077: Bir qadın bir neçə əkinçi ilə müşa şəklində şərikli olduğu torpaq sahəsinin yalnız altıda birinin sahibidir. Amma o, bütün torpaq sahəsini vəqf etmişdir. Bu məsələ Vəqf İdarəsinin müdaxilələrinə görə əhali üçün çətinliklər yaratmışdır. Məsələn, Vəqf İdarəsi əhalinin evləri üçün mülkiyyət sənədinin verilməsinə mane olur. Bu vəqf müşa şəklində olan şərikli mülkün hamısı barəsində keçərlidirmi, yoxsa yalnız o qadının payı barəsində keçərlidir? Vəqf yalnız o qadının payı barəsində düzgün olduğu təqdirdə, müşa şəklində olan şərikli torpaq sahəsi şəriklər arasında bölüşdürülməmişdən qabaq onu vəqf etmək düzgündürmü? Əgər müşa şəklində olan şərikli mülk şəriklər arasında bölüşdürülməmişdən qabaq bu mülkdən olan payı vəqf etmək düzgündürsə, digər şəriklərin vəzifəsi nədir?
      Cavab: Müşa şəklində olan şərikli mülk şəriklər arasında bölüşdürülməmişdən qabaq bu mülkdən olan payı vəqf etməyin maneəsi yoxdur, bu şərtlə ki, vəqfin məqsədinə istifadə edilməyə – hətta bölüşdürüldükdən sonra olsa belə - yararlı olmalıdır. Amma mülkün yalnız bir hissəsinin sahibi olan şəxs tərəfindən bütün mülkün vəqf edilməsinə gəlincə, bu vəqf digər şəriklərin payı barəsində “füzuli”dir və düzgün deyildir. Vəqfi əmlakdan öz əmlaklarının ayrılması üçün şəriklərin mülkün bölüşdürülməsini tələb etməyə haqları vardır.

       

      Sual 2078: Vəqfin şərtlərindən kənara çıxmağa icazə verilirmi? İcazə verildiyi təqdirdə, bunun hüdudları hansılardır? Müddətin uzanması vəqfin şərtlərinə əməl etmək üzərində təsir qoyurmu?
      Cavab: Vəqf edən şəxsin vəqf əqdində qoyduğu düzgün şərtlərdən kənara çıxmasına icazə verilmir. Yalnız bu şərtlərə əməl etmək qeyri-mümkün olduğu və ya bunun böyük çətinliyi olduğu təqdirdə buna icazə verilir. Müddətin uzanması vəqfin şərtlərinə əməl etmək üzərində təsir qoymur.

       

      Sual 2079: Bəzi vəqfi torpaqlarda çaylar və ya çay yataqları yerləşir ki, bunlarda xırda çay daşları və mədən daşları tapılır. Vəqfi torpaqlarda yerləşən bu çaylarda və ya çay yataqlarındakı xırda çay daşları və mədən daşları vəqfi mülkə aiddirmi?
      Cavab: Vəqfi torpaqların kənarında yerləşən və ya bu torpaqların daxilindən keçən böyük ümumi çaylar, həmçinin ümumi çay yataqları vəqfi mülkdən deyildir. Bu çayların və ya çay yataqlarının yalnız ürfə görə vəqfi torpaqların ərazisindən sayılan hissəsi vəqfi mülkdən sayılır və nəticədə, bunlarla vəqfi mülk kimi davranılır. Amma vəqfi olan kiçik çaylardakı xırda çay daşları, mədən daşları və s. ilə vəqfi mülk kimi davranılmalıdır.

       

      Sual 2080: Bir dini elmlər mədrəsəsinin binası köhnə olduğuna və nəm çəkdiyinə görə yararsız vəziyyətə düşmüşdür. Onun əmlakının gəlirləri yığılmış və banka əmanət qoyulmuşdur. İndi biz bu gəlirlər ilə mədrəsə binasını yenidən tikmək istəyirik. Amma binanın tikintisi üçün rəsmi icazə almaq və sözügedən gəlirləri mədrəsənin yeni binasını tikmək üçün sərf etmək uzun müddət çəkəcəkdir. Bu müddət ərzində vəqfi əmlakın gəlirlərini bankların birinə sərmayə yatırımı ünvanında qoymaq və adi bank sövdələşmələrinə müvafiq olaraq vəqfi əmlakın xeyrinə müəyyən faiz gəlir ala bilərikmi?
      Cavab: Vəqfi əmlakın gəlirləri barəsində vəqfin şəri qəyyumuna vacib olan vəzifə, yalnız bu gəlirləri vəqfin məqsədinə sərf etməkdir. Amma əgər gəlirləri vəqfin məqsədinə sərf etmək mümkün olmazsa və yalnız bir müddət keçdikdən sonra bu gəlirləri vəqfin məqsədinə sərf etmək mümkün olarsa, beləliklə, bu gəlirləri vəqfin məqsədinə sərf etmək mümkün olanadək onu banka qoymaqla qorumaq mümkün olarsa və bu gəlirləri banka qoymaq onu vəqfin məqsədinə vaxtında sərf etməyin təxirə düşməsinə səbəb olmazsa, onu banka qoymaq və şəri əqdlərin biri əsasında bu gəlirin faizindən vəqfin xeyrinə istifadə etməyin maneəsi yoxdur.

       

      Sual 2081: Müsəlmanın müsəlmanlara vəqf etdiyi torpaq sahəsinin qeyri-müsəlmana icarəyə verilməsinə icazə verilirmi?
      Cavab: Əgər torpaq sahəsinin vəqfi “mənfəət vəqfi” qismindəndirsə, vəqfin xeyri qorunduğu təqdirdə, onun qeyri-müsəlmana icarəyə verilməsinin maneəsi yoxdur.

       

      Sual 2082: Bir neçə ay öncə bir din alimi vəqf edən şəxslərin icazəsi ilə vəqfi torpaqda dəfn edilmişdir. İndi bəzi şəxslər bu işə etiraz bildirir və iddia edirlər ki, vəqfi torpaqda dəfnə icazə verilmir. Bu məsələnin hökmü nədir? Sözügedən vəqfi torpaqda dəfnə icazə verilmədiyi təqdirdə, alimin dəfn edildiyi vəqfi torpağın əvəzi ünvanında müəyyən məbləğ pul ödəməklə maneə aradan qalxırmı?
      Cavab: Əgər vəqfi torpaqda meyitin dəfn edilməsi vəqfin məqsədinə zidd olmazsa, bu işin maneəsi yoxdur. Amma əgər zidd olarsa, bu işə icazə verilmir. Əgər bir şəxs belə bir vəqfi torpaqda dəfn edilərsə, cəsədi dağılmamış qəbir açılmalı və meyit başqa bir yerdə dəfn edilməlidir. Amma əgər qəbrin açılmasının böyük çətinliyi olarsa, yaxud möminə qarşı hörmətsizlik olarsa, qəbir açılmamalıdır. Hər bir halda, vəqfi torpağın əvəzi ünvanında pul ödəmək və ya torpaq verməklə hökm aradan qalxmır.

       

      Sual 2083: Əgər bir mülk nəsilbənəsil oğlan övladlarına vəqf edilərsə və “moqufun ələyhim” hər hansı bir səbəbə görə özlərinin haqqından keçərlərsə, vəqflik aradan qalxırmı? Əgər əvvəlki mərtəbədə olan “moqufun ələyhim” özlərinin haqqından keçərlərsə, sonrakı mərtəbələrdə olanların vəzifəsi nədir? Həmçinin vəqfi əmlakın şəri qəyyumunun belə bir durumda sonrakı nəsillərin haqqı barəsində vəzifəsi nədir?
      Cavab: “Moqufun ələyhim”in özlərinin haqqından keçmələri ilə vəqflik aradan qalxmır. Vəqfi əmlak barəsində əvvəlki nəslin öz haqqından keçməsi, sonrakı nəslin haqqı üzərində təsir qoymur və belə bir durumda vəqflik aradan getmir. Əksinə, vəqfi əmlakdan istifadə etmək növbəsi çatdıqda, sonrakı nəsilin öz haqqını bütünlüklə tələb etməyə haqqı vardır. Hətta əgər əvvəlki nəslin dövründə vəqfi əmlakın satılmasına şəri icazə mövcud olubdursa, vəqfi əmlak satıldığı təqdirdə, sonrakı nəsillərin istifadə etməsi üçün əldə edilən pul ilə onun yerinə başqa bir mülk alınmalıdır. Vəqf qəyyumuna da vəqfi əmlakı idarə etmək və onu “moqufun ələyhim”in bütün mərtəbələri üçün qorumaq vacibdir.

       

      Sual 2084: Əgər nəsilə edilən vəqfdə vəqfi əmlakın gəlirlərinin “moqufun ələyhim” arasında hansı qaydada bölüşdürülməsi məlum olmazsa, bu kimi hallarda vəqfin gəlirləri irs qanununa əsasən bölüşdürülməlidir, yoxsa “moqufun ələyhim” arasında bərabər şəkildə bölüşdürülməlidir?
      Cavab: Əgər nəsilə edilən vəqfdə vəqfin gəlirlərinin “moqufun ələyhim” arasında bərabər şəkildə bölüşdürülməsi, yoxsa irs qanunu əsasında oğlan övladları ilə qız övladları arasında fərq qoyularaq bölüşdürülməsi məlum olmazsa, onlar arasında bərabər şəkildə bölüşdürülməsi qəbul olunur. Beləliklə, vəqfin gəlirləri hər mərtəbədən olan oğlan və qız övladları arasında bərabər şəkildə bölüşdürülür.

       

      Sual 2085: Neçə illərdir ki, müəyyən bir şəhərdə yerləşən dini elmlər hövzəsinə aid vəqfin gəlirlərini həmin şəhərə göndərmək və onları vəqfin məqsədinə sərf etmək mümkün olmur. İndiyədək xeyli gəlir üst-üstə yığılmışdır. Bu gəlirləri başqa şəhərlərdə yerləşən dini elmlər hövzələrinə sərf etmək olarmı? Yoxsa həmin şəhərə göndərilməsi mümkün olan zamanadək bu gəlirləri qoruyub saxlamaq lazımdır?
      Cavab: Vəqfin şəri qəyyumunun və ya Vəqf İdarəsinin vəzifəsi vəqfi əmlakın gəlirlərini yığmaq və onları vəqfin məqsədinə sərf etməkdir. Əgər bu gəlirləri müəyyən edilən şəhərə göndərmək müvəqqəti olaraq mümkün deyildirsə, bu gəlirləri qorumalı və onları həmin şəhərə yollamaq mümkün olan zamanadək gözləməlidirlər. Söz yox ki, bu iş vəqfin tətil olunması ilə nəticələnməməlidir. Amma əgər bu gəlirləri həmin dini elmlər hövzəsinə çatdırmağın – hətta gələcəkdə belə - mümkün olacağından ümid kəsilərsə, bu gəlirləri başqa məntəqələrdə yerləşən dini elmlər hövzələrinə sərf etməyin maneəsi yoxdur.
       

      [1] “Mənfəət vəqfi”ndə maddi gəlir əldə etmək nəzərdə tutulubdır və vəqfi əmlakın gəliri “moqufun-ələyhim”in əmlakı olur. Amma “intifa vəqfi”ndə belə deyildir və “moqufun-ələyhim” yalnız vəqfi əmlakdan istifadə edə bilərlər.
    • Həbs
    • Vəqfin əmlakın satılması və ya vəqfin dəyişdirilməsi
  • Qəbiristanlığın hökmləri
700 /