Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
    • Hədiyyə, bank mükafatı, mehriyyə, irs
    • Borc, aylıq maaş, sığorta, pensiya
    • Ev, nəqliyyat vasitələri və torpaq sahəsinin satışı
    • Xəzinə, mədən, harama qarışmış halal mal
    • Məişət ehtiyacları
    • Xümsün alınıb-qaytarılması, müsalihə, xümsün qeyri-xüms ilə qarışması
    • Sərmayə
      Çap versiyası  ;  PDF
       
      Sərmayə

       

      Sual 942: Neçə illərdir ki, “təhsil işçilərinin kooperativləşdirilmiş şirkəti” adlı bir şirkət yaradılıbdır. Şirkətin sərmayəsi ilk əvvəldə bir neçə təhsil işçisinin hissəsindən ibarət idi ki, onların hər biri yüz tümən ödəmişdi. Əvvəldə şirkətin sərmayəsi az idi, amma hal-hazırda üzvlərin sayının artması ilə sərmayə on səkkiz milyon tümənə yaxındır, üstəlik, şirkətin bir neçə maşını vardır. Sərmayənin gəliri səhmdarlar arasında onların hissəsi nisbətində bölünür və onların hər biri öz hissəsini rahatlıqla götürüb şirkətlə hesablaşa bilər. İndiyədək sərmayənin və onun gəlirinin xümsü verilməyibdir. Mən şirkətin idarə heyətinin rəisi olaraq şirkətin hesabına düşən xümsü verə bilərəmmi? Bu xüsusda səhmdarların razılığı şərtdirmi?
      Cavab: Şirkətin sərmayəsi və bu sərmayədən əldə edilən gəlirin xümsünü ödəmək, şirkətin ümumi əmlakından öz hissəsi nisbətində hər bir üzvün vəzifəsidir. Şirkətin idarə heyətinin rəisinin bu işi yerinə yetirməsi, şirkətin səhmdarlarından icazə almağa və onlar tərəfindən vəkil olmağa dayanır.

       

      Sual 943: Bir neçə nəfər öz aralarında qərzul-həsənə büdcəsi yaratmağı qərara alıblar, belə ki, ehtiyac yarandığı zaman bir-birilərinə borc verə bilsinlər. Hər bir üzv büdcə təşkil edildiyi zaman ödədiyi ilkin məbləğdən əlavə, büdcənin hesabının artması üçün hər ay müəyyən məbləğ pul ödəməlidir. Xahiş edirəm, hər bir üzvün öz xümsünü necə verəcəyini açıqlayasınız. Büdcənin sərmayəsi borc ünvanında daim üzvlərin əlində olduğu təqdirdə, onun xümsü necə veriləcək?
      Cavab: Əgər büdcənin üzvləri öz paylarına düşən məbləği xüms ili tamamlanan, amma xümsü verilməyən iş gəlirindən veriblərsə, hər kəs öz pulunun xümsünü verməlidir. Amma əgər bu məbləği xüms ili ərzində veriblərsə, xüms ilinin axırında onu geri götürmək mümkün olduğu təqdirdə, ilin axırında onun xümsünü verməlidirlər. Əks halda, pulu büdcədən götürməyənədək xümsü vermək onlara vacib deyildir. Amma pulu götürmək mümkün olduğu zaman onun xümsünü dərhal verməlidirlər.

       

      Sual 944: Qərzul-həsənə büdcəsi “müstəqil hüquqi şəxs”dirmi? Əgər belədirsə, əldə edilən gəlirə xüms düşürmü? Əgər müstəqil hüquqi şəxs deyildirsə, onun xümsü hansı qaydada verilməlidir?
      Cavab: Əgər büdcənin sərmayəsi şərikli şəkildə onun üzvlərinin şəxsi əmlakı olarsa, ondan əldə edilən gəlir hər bir üzvün payı nisbətində hər üzvün şəxsi əmlakı olacaqdır və ilin məişət ehtiyaclarından artıq qalanının xümsünü verməlidir. Amma əgər büdcənin sərmayəsi şəxs və ya şəxslərin əmlakı olmazsa, məsələn, ümumi vəqf əmlakı və bu kimi bir əmlak olarsa, ondan əldə edilən gəlirin xümsü yoxdur.

       

      Sual 945: On iki nəfər mömin belə razılığa gəliblər ki, bir büdcə yaratsınlar və onların hər biri hər ay, məsələn, iyirmi manat pulu bu büdcəyə qoysun, sonra isə hər ayda onların biri bu pulu götürüb öz şəxsi ehtiyaclarına sərf etsin. Beləliklə, on iki aydan sonra növbə axırıncı nəfərə çatacaq. Yəni o, bu müddət ərzində verdiyi məbləği – belə ki, bu məbləğ iki yüz qırx manat edir – götürəcəkdir. Bu pulun xümsünü vermək ona vacibdirmi, yoxsa bu pul onun məişət ehtiyaclarından sayılır? Əgər bu şəxsin müəyyən xüms günü vardırsa və götürdüyü pulun bir hissəsi xüms ili tamamlandıqdan sonra onun əlində qalarsa, pulun bu hissəsinin xümsünü verməkdən azad olmaq üçün başqa bir tarixi xüms günü olaraq qəbul edə bilərmi?
      Cavab: Üzvün büdcədən aldığı pul 3 hissəyə bölünə bilər:
      1- Ötən xüms ilinin gəlirindən verdiyi məbləğ;
      2- Hazırkı xüms ilinin gəlirindən verdiyi məbləğ;
      3- Qarşıda gələn xüms ilində əvəzini ödəyəcəyi məbləğ.
      Birinci hissəyə aid olan pulun xümsü pul alındığı zaman dərhal verilməlidir.
      İkinci hissəyə aid olan pul xüms ili başa çatmamış məişət ehtiyaclarına sərf edildiyi təqdirdə, ona xüms düşmür. Amma əgər bu pul xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilməzsə, onun xümsü verilməlidir və bu pul üçün ayrıca xüms günü təyin edə bilməz.
      Üçüncü hissəyə aid olan pul isə borc sayılır və hazırda ona xüms düşmür.

       

      Sual 946: Mən müəyyən məbləğ pulu girov ünvanında verib bir ev icarəyə götürmüşəm. Bir il keçdikdən sonra bu pula xüms düşürmü?
      Cavab: Əgər evi icarəyə verən şəxsə borc ünvanında verdiyiniz pul iş gəlirinizdən olsa, ona xüms düşür. Amma əgər bu pulun xümsünü verdiyiniz təqdirdə uyğun bir ev icarəyə götürməyə maddi imkanınız çatmayacaqsa, bu pula xüms düşməyəcəkdir.

       

      Sual 947: Abadlıq işləri aparmaq üçün böyük məbləğə ehtiyac vardır və bu məbləği birdəfəyə vermək bizə çətindir. Ona görə də abadlıq işləri üçün bir büdcə yaratmışıq və hər ay müəyyən məbləğ pulu ora əmanət qoyuruq. Bir qədər pul yığıldıqdan sonra onu abadlıq işlərinə sərf edirik. Yığılan bu pula xüms düşürmü?
      Cavab: Əgər hər bir şəxsin verdiyi pul onun illik gəlirindən olarsa və abadlıq işlərinə sərf edilənədək onun mülkiyyətində qalarsa, onun xümsünü verməlidir.

       

      Sual 948: Mən bir neçə il əvvəl əmlakımı hesabladım və özümə xüms günü təyin etdim. Həmin vaxt doxsan səkkiz baş qoyunum var idi ki, onların xümsü verildi, həmçinin müəyyən məbləğ nağd pulum və bir motorsikletim var idi. Bir neçə ildir ki, qoyunlar tədricən satıldığına görə onların sayı azalıbdır, amma nağd pulum çoxalıbdır. Hal-hazırda altmış baş qoyunum və müəyyən məbləğ nağd pulum vardır. Bu pulun xümsünü vermək mənə vacibdirmi, yoxsa yalnız artan məbləğin xümsünü verməliyəm?
      Cavab: Əgər mövcud qoyunların dəyəri ilə əlinizdə olan nağd pulun cəmi, doxsan səkkiz qoyunun dəyəri ilə o vaxt xümsünü verdiyiniz pulun cəmindən çoxdursa (əlbəttə, inflyasiya da nəzərə alınmalıdır), artan məbləğə xüms düşür.

       

      Sual 949: Bir şəxsin bir mülkü (evi və ya torpaq sahəsi) vardır və ona xüms düşür. Onun xümsünü ilin gəlirindən verə bilərmi? Yoxsa əvvəlcə gəlirin xümsünü verməli, sonra xümsü verilmiş gəlirdən mülkün xümsünü verməlidir?
      Cavab: Əgər mülkün xümsünü ilin gəlirindən vermək istəsə, ilk öncə mülkün xümsü ünvanında vermək istədiyi pulun xümsünü verməlidir.

       

      Sual 950: Şəhid Fondunun hər ay əziz şəhidlərin azyaşlı övladlarına verdiyi vəsaitdən, yaxud bəzi şəhidlərin mülkü olan istehsal müəssisəsinin və ya əkin sahəsinin gəlirindən – belə ki, bu gəlir ilə onlar öz məişət xərclərini təmin edirdilər – şəhidlərin övladları üçün ehtiyatda yığmışıq. Bəzən ehtiyatda yığılan pulun müəyyən hissəsi şəhid övladlarının zəruri ehtiyaclarını təmin etmək üçün sərf olunur. Xahiş edirəm, açıqlayasınız ki, sözügedən gəlirdən və ya Şəhid Fondunun verdiyi aylıq müavinətdən ehtiyatda yığılan pulun xümsü vardırmı, yoxsa bu uşaqlar böyüyənə qədər onun xümsü yoxdur?
      Cavab: Əziz şəhidlərin övladlarına atalarından irs qalan əmlakın və ya Şəhid Fondunun onlara verdiyi vəsaitin xümsü yoxdur. Amma irsdən və ya onlara verilən hədiyyədən əldə edilən gəlirə xüms düşür.

       

      Sual 951: Gəlir əldə etmək və ticarətlə bağlı işləri yerinə yetirmək üçün sərf edilən vəsaitə xüms düşürmü, yoxsa yox?
      Cavab: Gəlir əldə etmək üçün ilin gəlirindən ticarətlə bağlı işlərə və ya qeyri işlərə - məsələn, anbar, yükləmə, yük daşıma və yüklərin çəkilməsi xərclərinə, ticarət vasitəçələrinə və bu kimi işlərə - sərf edilən vəsait həmin ilin gəlirindən çıxılır və xümsü yoxdur.

       

      Sual 952: Sərmayənin özünün və onun gəlirinin xümsü varmı?
      Cavab: Əgər sərmayədar sərmayənin xümsünü verərsə, qalan məbləğ ilə işləməkdən əldə edilən gəlir onun məişət xərclərinə kifayət etməyəcəksə, yaxud qalan məbləğ ilə işləmək onun ürfi şəninizə uyğun deyilsə, xümsü yoxdur.

       

      Sual 953: Əgər bir şəxsin sikkə qızılı olsa və bu qızıl nisab həddinə çatmış olsa, onun zəkatını verməkdən əlavə, xümsünü də vermək vacibdirmi?
      Cavab: Əgər iş gəlirindən hesab olunarsa, digər iş gəlirləri hökmündədir və xümsü vacibdir.

       

      Sual 954: Mən və həyat yoldaşım təhsil nazirliyi işçiləriyik. Həyat yoldaşım öz maaşını həmişə mənə bağışlayır. Mən “Təhsil işçilərinin əkinçilik şirkəti”nə müəyyən məbləğ pul ödəyib şirkətin hissələrinə şərik olmuşam. Amma bu məbləğin öz maaşımdan, yoxsa həyat yoldaşımın maaşından olduğunu bilmirəm. Nəzərə alsaq ki, mənim xüms ilimin axırında həyat yoldaşımın aylıq maaşından ehtiyatda yığılan pul onun il ərzində aldığı puldan azdır, bu halda sözügedən məbləğə xüms düşürmü?
      Cavab: Öz maaşınızdan ehtiyatda yığılan pula, həmçinin şirkətin hissələrini almaq üçün öz maaşınızdan ödədiyiniz pula xüms düşür. Həyat yoldaşınızın bağışladığı pula gəlincə isə, əgər hədiyyə formal deyildirsə və sizin şəniniz həddindədirsə, bu pula xüms düşmür. Öz maaşınızdan, yoxsa həyat yoldaşınızın maaşından olduğuna şəkk etdiyiniz pulun xümsünü vermək isə vacib deyildir, baxmayaraq ki, onun xümsünü vermək və ya müsalihə etmək əhvətə müvafiqdir.

       

      Sual 955: İki il müddətinə banka qərzul-həsənə ünvanında qoyulan pula xüms düşürmü?
      Cavab: İş gəlirindən ehtiyatda yığılan pula bir dəfə xüms düşür və bu pulu banka qərzul-həsənə ünvanında qoymaq xümsün vacibliyini əngəlləmir. Bəli, əgər şəxs verdiyi borcu xüms ilinin əvvəlinə qədər borc alan şəxsdən geri ala bilməsə, onu geri almayanadək xümsünü ödəməsi vacib deyildir.

       

      Sual 956: Bir şəxs pul yığmaq üçün özünə və ya himayəsində olan ailəsinə az pul xərcləyir, yaxud məişət çətinliklərini həll etmək üçün pul borc alır. Əgər ehtiyatda yığdığı və ya borc aldığı pul xüms ilinin sonunda onun əlində qalsa, ona xüms düşürmü?
      Cavab: Əgər bir şəxs sonrakı ilin məişət ehtiyaclarına sərf etmək üçün bu ilin gəlirindən ehtiyatda pul yığarsa və bu pulu yeni xüms ili başlandıqda yaxın bir neçə gün ərzində məişət ehtiyaclarına sərf etməyi nəzərdə tutarsa, bu pulun xümsünü vermək vacib deyildir. Borc alınan pulun xümsü isə borc alan şəxsin öhdəsində deyildir. Amma əgər bu şəxs il ərzindəki gəlirindən borcun bir hissəsini qaytararsa və xüms ili başa çatdıqda borc aldığı pul onun əlində qalarsa, borcdan qaytardığı məbləğ miqdarında bu pulun xümsünü verməlidir.

       

      Sual 957: İki ildir ki, ev tikmək üçün torpaq sahəsi almışam. Hal-hazırda icarədə qalıram. Əgər bu torpaq sahəsində ev tikmək üçün gündəlik xərclərimdən azaldıb pul yığsam, ilin axırında həmin pula xüms düşürmü?
      Cavab: Əgər xüms ili başa çatmamış ilin gəliri ilə lazım olan tikinti materiallarını alsanız, yaxud ilin gəlirini xüms ili başa çatdıqdan sonra yaxın bir neçə gün ərzində evin tikintisinə sərf etmək üzrə olsanız, həmin pulun xümsü yoxdur.

       

      Sual 958: Mən izdivac etməyi qərara almışam. Gəlir əldə etmək üçün öz sərmayəmin bir hissəsini universitetin hesabına yatırmışam. Bu pulun xümsü ilə bağlı müsalihə etmək mümkündürmü?
      Cavab: Əgər həmin pul sizin iş gəlirinizdən olsa, xüms ili tamamlananda onun xümsünü vermək vacibdir və qəti xüms ilə bağlı müsalihə edilmir.

       

      Sual 959: Keçən il Həcc və Ziyarət İdarəsi həcc karvanına ehtiyac olan əşyaları – belə ki, bunlar mənim şəxsi malım idi - məndən aldı. Mən satdığım əşyaların pulunu, yəni iki yüz on dörd min tüməni bu ilin yayında aldım. Bundan əlavə, keçən il səksən min tümən almışdım. Nəzərə alsaq ki, mənim xüms ilim vardır və hər il məişət ehtiyaclarından artıq qalan əmlakımın xümsünü verirəm, həmçinin nəzərə alsaq ki, sözügedən əşyalar həcc karvanına rəhbərlik etdiyim vaxtlarda hacıları idarə etməkdən ötrü mənə lazım idi, onları satanda aldığım qiymətindən bahalaşmışdı. Onların satışından əldə etdiyim pulun xümsünü və ya hal-hazırda onun qiymətində mövcud olan fərqin xümsünü vermək vacibdirmi?
      Cavab: Əgər həmin əşyaları xümsü verilmiş pul ilə almışdınızsa, onun satışından əldə etdiyiniz pulun xümsü yoxdur. Əks təqdirdə, bu pulun xümsünü vermək vacibdir. Hər iki halda, alış və satış qiymətləri arasındakı fərq, inflyasiyanın miqdarını çıxdıqdan sonra satış ilinin gəlirindən hesab olunur.

       

      Sual 960: Mənim mağazam vardır və hər il nağd pulumu və mallarımı hesablayıram. Bəzi mallar xüms ilinin axırına qədər satılmır. Elə isə, xüms ilinin əvvəlində satılmamış malların xümsünü vermək vacibdirmi? Yoxsa onların xümsü satıldıqdan sonra verilməlidir? Əgər malın xümsünü versəm və sonra onu satsam, gələn il hesabı necə aparmalıyam? Əgər malı satmasam və onun qiyməti dəyişsə, hökmü nədir?
      Cavab: Xüms ilinin əvvəlinə qədər satılmayan və müştərisi olmayan malın hal-hazırda artan dəyərinin xümsünü vermək vacib deyildir. Gələcəkdə bu malın satışından əldə edilən gəlir, satış ilinin gəliri hesab olunacaqdır. Amma qiyməti bahalaşan və il ərzində müştərisi olan malı əgər siz daha çox gəlir əldə etməkdən ötrü ilin axırına kimi satmasanız, xüms ili çatanda artan dəyərin xümsünü verməlsiniz. Bu təqdirdə, xüms ilinin əvvəlində dəyərləndirilən və artan dəyərin xümsü verilən bu mal, gələn ilin gəlirindən çıxılacaqdır.

       

      Sual 961: Üç qardaş üçmərtəbəli bir ev almışlar və evin bir mərtəbəsində yerləşib, iki mərtəbəsini icarəyə vermişlər. Evin icarəyə verilən iki mərtəbəsinə xüms düşürmü, yoxsa düşmür? Bu, onların məişət ehtiyaclarından sayılırmı?
      Cavab: Əgər onlar bu evi yaşayış məqsədilə öz illik gəlirlərindən alıblarsa və hal-hazırda məişət ehtiyaclarına görə onu icarəyə veriblərsə, ona xüms düşmür. Amma əgər evin bəzi mərtəbələrini icarəyə vermək məqsədilə öz illik gəlirləri ilə alıblarsa və icarə pulunu da məişət ehtiyaclarına sərf etmək niyyətində olublarsa, evin həmin hissəsi sərmayə hökmündədir və xümsü vardır.

       

      Sual 962: Bir şəxsin bir miqdar buğdası var imiş və onun xümsünü veribmiş. Yeni məhsulu yığdıqda xümsü verilmiş buğdanı istifadə etmiş və onun yerinə yeni buğdadan qoymuşdur. O, neçə illər belə etmişdir. Görəsən, istifadə etdiyi buğdanın yerinə qoyduğu buğdaya xüms düşürmü? Xüms düşdüyü təqdirdə, onun hamısının xümsü vardır?
      Cavab: Suala əsasən, yeni buğda yığımı zamanı xümsü verilmiş buğda mövcud olduğuna görə, köhnə buğdanın yerinə yeni buğdanı qoya bilər.

       

      Sual 963: Mən Allahın lütfü ilə hər il malımın xümsünü verirəm. Amma malımın xümsünü hesabladığım illərdə həmişə malın hesablanmasında şəkk etmişəm. Bu şəkkin hökmü nədir? Bu il nağd əmlakımın hamısını hesablamağım vacibdirmi, yoxsa bu məsələdə yaranan şəkkə etina olunmur?
      Cavab: Əgər ötən illərin iş gəlirinin xümsünün düzgün hesablandığına şəkk edirsinizsə, bu şəkkə etina olunmur və xümsü yenidən verməyiniz vacib deyildir. Amma iş gəliri barəsində şəkk etsəniz – belə ki, bu gəlirin xümsünü verdiyiniz əvvəlki illərin iş gəlirindən, yoxsa xümsü verilməmiş bu ilin iş gəlirindən olduğuna şəkk etsəniz – ehtiyat ünvanında onun xümsünü verməyiniz vacibdir. Amma əgər onun xümsünü verdiyiniz dəqiqləşərsə, xümsü yoxdur.

       

      Sual 964: Əgər xümsü verilmiş pul ilə, məsələn, yüz manata bir xalça alsam və bir müddətdən sonra onu yüz iyirmi manata satsam, xümsü verilmiş pula əlavə olunan iyirmi manat pul iş gəliri hesab olunurmu və ona xüms düşürmü?
      Cavab: Alış qiymətindən artıq olan məbləğ (inflyasiya miqdarı çıxıldıqdan sonra) iş gəliri hesab olunur. Bu gəlirin ilin məişət ehtiyaclarından artıq qalan məbləğinə xüms düşür.

       

      Sual 965: Hər bir gəliri üçün ayrıca xüms ili qərar verən şəxs, xüms ili çatan gəlirinin xümsünü hələ üstündən il keçməmiş gəlirlərindən verə bilərmi? Bu gəlirlərin ilin axırına kimi tam olaraq qalacağını və məişət ehtiyaclarına onlardan sərf olunmayacağını bildiyi təqdirdə hökm nədir?
      Cavab: Bir işin gəlirinin xümsünü başqa bir işin gəlirindən vermək istədikdə, verəcəyi məbləğin də xümsünü verməlidir. Məişət xərclərinə heç sərf olunmayan gəlirlərə gəlincə, ya onları əldə edən kimi xümsünü verə bilər, ya da xüms ili çatana kimi gözləyə bilər.

       

      Sual 966: Bir şəxsin ikimərtəbəli evi vardır. Özü yuxarı mərtəbədə yaşayır, aşağı mərtəbəni isə yaşamaq üçün başqasına veribdir. Borcları ilə əlaqədar olaraq ev sahibi olan şəxs evini verdiyi şəxsdən borc alıbdır və buna görə ondan icarə pulu almır. Onun borc aldığı məbləğə xüms düşürmü?
      Cavab: Bir şəxsdən borc alıb havayı olaraq evi onun istifadəsinə verməyin şəri əsası yoxdur. Hər halda, borc aldığı pulun xümsü yoxdur.

       

      Sual 967: Xəstələrin tibbi müayinəsi üçün Vəqf İdarəsindən və vəqf qəyyumundan ayda müəyyən məbləğ icarə pulu verməklə bir yer icarəyə götürdüm. Onlar məndən “pəzirə” (razılaşma) ünvanında müəyyən məbləğ pul aldılar. Nəzərə alsaq ki, hal-hazırda bu pul mənim mülkiyyətimdən xaric olubdur və mən daha o pulun sahibi olmayacağam, bu pula xüms düşürmü?
      Cavab: Əgər bu pulun verilməsi “sərqufli”nin[1] ötürülməsi qiyməti hökmündə olubdursa, həmçinin bu pul iş gəlirindən olubdursa, onun xümsünü vermək vacibdir.

       

      Sual 968: Əgər bir şəxs yaşadığı evini köhnə olduğuna görə bir tikinti şirkətinə versə ki, şirkət bu evi söküb onun yerində bir neçə mərtəbəli bina tiksin və çəkdiyi xərclər və gördüyü iş qarşılığında binanın bir neçə mənzilini özünə götürüb, bir neçə mənzilini də ona versin, bu halda bu şəxsə verilən əlavə mənzillərin xüms baxımından hökmü nədir? 
      Cavab: Məsələnin bir neçə surəti ola bilər:
      1) Əgər bu işi ticarət (yəni əlavə mənzilləri satıb gəlir əldə etmək) məqsədilə edibsə, alıcı mövcud olduğu təqdirdə, infylasiya miqdarı çıxıldıqdan sonra artan qiymətə xüms düşür.
      2) Əgər aldığı mənzillərə ehtiyacı olarsa və bu, onun şəninə uyğun olarsa, mənzillərə xüms düşmür.
      3) Ev sahibinin ticarət məqsədi olmayıb, amma mənzilləri icarəyə verib gəlir əldə etmək məqsədi olub. Bu halda mənzilləri satmadığı təqdirdə, xümsü yoxdur. Amma satdıqdan sonra artan məbləğ satış ilinin gəliri hesab olunur, əlbəttə, inflyasiya miqdarı hesablanıb çıxılır.

       

      Sual 969: Bir şəxs xüms üçün heç vaxt ilin hesabını aparmamış və indi ilin hesabını aparmağı qərara almışdır. İzdivac etdiyi vaxtdan indiyədək borcu olan bu şəxs xümsünü necə hesablamalıdır?
      Cavab: Əgər keçmişdən indiyədək məişət xərclərindən artıq bir gəliri olmayıbsa, keçmişə görə onun öhdəsində heç nə yoxdur.

       

      Sual 970: Vəqf edilən əmlakın və ərazilərin gəlir və məhsulunun xüms-zəkat baxımından hökmü nədir?
      Cavab: Vəqf edilən əmlakın özünə, hətta “xüsusi vəqf”[2] olsa belə, birmənalı olaraq xüms düşmür. Onun artımına[3] da xüms düşmür, amma əgər iktisabi şəkildə olarsa, xüms düşəcək.
      “Ümumi vəqf”in artımına gəlincə, “moqufun-ələyh”[4] tərəfindən təhvil alınmamışdan qabaq ona zəkat düşmür. Amma təhvil alınandan sonra zəkatın vacib olma şərtlərinə malik olduğu təqdirdə, vəqfdən götürülən artımın zəkatı verilməlidir. Xüsusi vəqfin artımına gəlincə isə, əgər “moqufun-ələyh”in hər birinin payı nisab həddinə çatarsa, zəkatı verilməlidir.

       

      Sual 971: Uşaqların iş gəlirinə “seyid payı” və “imam payı” (yəni xüms) düşürmü?
      Cavab: Əgər uşaqların da başqa insanlar kimi iş gəliri olarsa və bu gəlir il ərzində onların məişət ehtiyaclarına sərf edilməzsə, bu gəlirə xüms düşür.

       

      Sual 972: İş alətlərinə xüms düşürmü?
      Cavab: İş alətləri sərmayə hökmündədir. Əgər iş gəliri ilə alınarsa, onlara xüms düşür.

       

      Sual 973: Yenilikcə Həcc və Ziyarət İdarəsi və İran Milli Bankı arasında əldə olunan razılığa görə, təməttö həccinə getmək istəyənlər İran Milli Bankına müraciət edib öz adlarına hesab açdırır və bir milyon tümən pulu “müzaribə müqaviləsi”[5] şəklində öz hesablarına qoyub qəbz alırlar. Şəxs həccə gedənə qədər bu pul onun şəxsi hesabında qalır və yazılı müqavilə əsasında hər ilin axırında hesab sahibinə on yeddi faiz müzaribə gəliri ödənilir. Həcc və Ziyarət İdarəsi daha tez ad yazdıranlara birincilik haqqı verir və təxminən üç il sonra növbələrinin çatdığı onlara xəbər verilir. Onlar da həcc ziyarətinə getmək istədiklərini bildirdikdən sonra ziyarətə göndərilirlər. Bu vaxt bank hesabına müzaribə müqaviləsi ilə pul qoyan şəxs həmin pulu bankdan götürür və lazım olan əlavə məbləğ ilə birlikdə Həcc və Ziyarət İdarəsinin hesabına köçürdükdən sonra həcc ziyarətinə göndərilir. Sizdən xahiş edirəm, açıqlayasınız ki, sözügedən müqavilənin yazılı surətdə olduğunu və pulun sahibi ilə bank arasında şifahi danışığın aparılmadığını nəzərə alaraq, pul sahibinin müzaribə gəliri ünvanında aldığı gəlirin hökmü nədir?
      Cavab: Yuxarıda qeyd edildiyi qaydada yazılı müqavilə surətində olan bank əməliyyatları iradsızdır və müzaribə müqaviləsindən əldə edilən gəlir bank hesabına pul qoyan şəxsə halaldır. Əgər hesaba qoyulan pul xümsü verilməmiş iş gəlirindən olarsa, xümsü vardır. Əgər müzaribə müqaviləsindən əldə edilən gəliri həcc ziyarətinə gedəcəyi ildən qabaq götürmək mümkün olmazsa, bu gəlir onu bankdan götürdüyü ilin gəlirindən hesab olunacaqdır. Belə ki, əgər həmin il həcc ziyarətinə xərclənərsə, xümsü yoxdur.

       

      Sual 974: Əgər bir idarə işçisinin xüms ilinin əvvəli isfənd ayının axırıdırsa və o, xüms ilinin əvvəlindən beş gün qabaq aldığı aylıq maaşını yeni ilin birinci ayında xərcləyəcəksə, bu pulun xümsünü verməlidirmi?
      Cavab: Əgər il tamamlanmamışdan qabaq aldığı maaşı xüms ilinin axırına kimi məişət ehtiyaclarına xərcləməsə, onun xümsünü verməlidir. Əlbəttə, əgər ehtiyatda müəyyən məbləğ pulun olması onun məişət ehtiyaclarından hesab olunarsa, bu pulun xümsü yoxdur.

       

      Sual 975: Bir çox tələbələr gözlənilmədən ortaya çıxan çətinliklərin həlli üçün məişət xərclərini azaldırlar, nəticədə, tələbə təqaüdündən müəyyən məbləğ pul yığa bilirlər. Sualım budur ki, bu pulun tələbə təqaüdünün qənaətlə xərclənməsi nəticəsində yığıldığını nəzərə alaraq, ona xüms düşürmü?
      Cavab: Tələbə təqaüdünün xümsü yoxdur.
       

      [1] Sərqufli – obyekti icarəyə götürməkdə birincilik hüququ və öz ticarət məkanında işini davam etdirmək baxımından tacirin malik olduğu mənəvi haqdır. Sərqufli “tabeli daşınmaz əmlak”ın bir hissəsidir.
      [2] Əgər bir məkandan və ya əşyadan faydalanmaq haqqı müəyyən şəxslər üçün, məsələn, övladlar üçün təyin olunarsa, buna “xüsusi vəqf” deyilir. Amma əgər hamı üçün təyin olunarsa, buna “ümumi vəqf” deyilir.
      [3] Burada artım iki cür ola bilər: 1- “Birləşik artım”, məsələn, qoyunun kökəlməsi. 2- “Ayrı olan artım”, məsələn, qoyundan doğulan quzular.
      [4] Müəyyən bir şeydən istifadə etmək kimə vəqf edilibsə, bu şəxs “moqufun-ələyh” adlanır. “Moqufun-ələyh” xüsusi vəqfdə müəyyən şəxs və ya şəxslər, ümumi vəqfdə isə bütün insanlardır.
      [5] Müzaribə - sərmayə sahibi olan şəxs ilə iş görən şəxs arasında bağlanan bir müqavilədir ki, bu müqavilə əsasında iş görən şəxs sərmayə sahibinin sərmayəsi ilə ticarət edəcəyini və ticarətdən əldə edilən gəlirin müəyyən nisbətdə onların ikisi arasında bölüşdürüləcəyini öhdəsinə götürür.
    • Xümsü hesablamağın qaydası
    • Xüms ilinin müəəyən edilməsi
    • Xüms işlərini idarə edən şəxs
    • Seyidlər və seyid hesab olunmanın hökmü
    • Xümsün istifadə yerləri, icazə almaq, hədiyyə etmək, din elmləri tələbələrinin təqaüdü
    • Xümsün müxtəlif məsələləri
    • Ənfal (ümumi sərvət)
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /