Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
      • Beşinci dərs: Sular
        Çap versiyası  ;  PDF
         
        Beşinci dərs: Sular
        Suların qisimləri
        Sular iki qismə ayrılır:
        1. Muzaf su;
        2. Mutləq su.
         
        Mutləq su üç qisimdir:
        1. Yağış suyu;
        2. Axar su;
        3. Durğun su.
         
        Durğun su iki qisimdir:
        1. Kürr su;
        2. Qəlil[1] su.
         
        Muzaf su
        1. Muzaf suyun mənası
        “Muzaf su” o suya deyilir ki, “su” sözünü təklikdə və söz birləşməsi tərkibində olmadan ona şamil etmək düzgün hesab edilmir. Muzaf su müəyyən bir şeydən sıxılıb alınan bir su ola bilər, məsələn, alma suyu, gül suyu və s. Yaxud da adi su müəyyən bir şeylə elə şəkildə qarışar ki, daha ona “su” deyilməz, məsələn, şərbət, şor su və s.
         
        2. Muzaf suyun hökmləri
        1. Muzaf su napak bir şeyi paklamır (paklayıcı deyildir).
        2. Əgər muzaf su “nəcasətlər”[2] ilə təmasda olsa, napak olur. (Hətta “nəcasət” az olsa və təmas nəticəsində muzaf suyun iyi, rəngi və dadı dəyişməsə belə, yaxud muzaf su kürr miqdarında olsa belə, yenə də napak olur.)
        3. Muzaf su ilə dəstəmaz almaq və qüsl etmək düzgün deyildir.
        4. Əgər napak muzaf su “axar su”ya və ya “kürr su”ya elə bir şəkildə qarışsa ki, daha ona muzaf su deyilməsə, bu su pak olur.
        5. Əgər bir su muzaf olsa və insan onun mutləq suya çevrilib-çevrilmədiyinə şəkk etsə, bu su muzaf su hökmündədir. Yəni napak bir şeyi paklamır, onunla dəstəmaz almaq və qüsl etmək düzgün deyildir.
         
        Mutləq su (xalis su)
        1. Mutləq suyun mənası
        “Mutləq su” o suya deyilir ki, “su” sözünü təklikdə və söz birləşməsi tərkibində olmadan ona şamil etmək düzgündür. Məsələn, bulaqdan qaynayan su, göydən yağan su və s.
         
        2. Mutləq suyun qisimləri
        Mutləq su aşağıdakı qisimlərə bölünür:
        - Göydən yağır (yağış suyu);
        - Yerdən qaynayır (axar su);
        - Nə göydən yağır, nə yerdən qaynayır (durğun su).
         
        Diqqət:
        • Su ya göydən yağır, ya yerdən (yeraltı qaynaqlardan) qaynayır, ya da nə göydən yağır və nə də yerdən qaynayır. Göydən yağan suya “yağış suyu”, yerdən qaynayan suya “axar su” deyilir. Göydən yağmayan və yerdən qaynamayan suya isə “durğun su” deyilir. Əgər durğun suyun miqdarı təxminən 384 litr olsa, “kürr su”dur. Əgər bu miqdardan az olsa, “qəlil su”dur.
         
        3. Mutləq suyun hökmləri
        1. Mutləq su müəyyən şərtlər daxilində (bu şərtlər izah olunacaq) napak bir şeyi paklayır (paklayıcıdır).
        2. Qəlil su istisna olmaqla, əgər mutləq suyun digər qisimləri “nəcasət” ilə təmasda olsa və onun rəngi, ya iyi, ya dadı dəyişməsə, pakdır.
        3. Mutləq su ilə dəstəmaz almaq və qüsl etmək düzgündür.
        4. Su da başqa şeylər kimi, napak olduğu zaman su vasitəsilə paklanır. Belə ki, əgər napak su kürr suya, ya axar suya, ya da yağış suyuna qovuşsa və onunla qarışsa, beləliklə də onda yaranan dəyişiklik aradan getsə, napak su paklanır. Amma əgər axar və ya kürr suya qovuşsa, amma ona qarışmasa, ehtiyata görə, napak hökmündədir.
         
        Diqqət:
        • Bir suyun “mutləq su” hesab olunması üçün ürfdə (cama­atın nəzərində) onun “mutləq su” adlanması kifayət edir. Suda mineralların çoxluğu onun “mutləq su” hesab olunmasına maneə yaratmır. Beləliklə, Urmiyyə gölü kimi duzu çox olan bir göldə napak şeyi yumaq, həmçinin dəstəmaz almaq və qüsl etmək olar.
         
        Mutləq suyun qisimlərinin hökmü
        1. Yağış suyu
        1. Əgər yağış suyu üzərində “nəcasət” olmayan napak bir şeyə yağsa, onu pak edər. Xalça, paltar və bu kimi əşyaları sıxmaq lazım deyildir, amma yağıntı elə həddə olmalıdır ki, “yağış yağır” deyilməlidir.
        2. Əgər yağış “nəcasət”in üstünə yağsa və ətrafa sıçrasa, sıçrayan suda “nəcasət”in özü olmadığı və su nəcasətin iyini, rəngini və ya dadını götürmədiyi təqdirdə, pakdır. Məsələn, qanın üstünə yağış yağır və bu su ətrafa sıçrayır. Əgər sıçrayan suda qan hissəcikləri olmasa, yaxud su qanın iyini, rəngini və ya dadını götürməsə, pakdır.
        3. Əgər yağış suyu müəyyən bir yerdə cəm olsa (hətta kürr miqdarından az olsa belə), yağış yağdığı müddətdə napak bir şey bu suda yuyulduğu təqdirdə, paklanar. Bu şərtlə ki, suyun iyi, rəngi və ya dadı “nəcasət” vasitəsilə dəyişməməlidir.
         
        2. Kürr su və axar su
        1. Əgər kürr və ya axar suya napak şey salınsa və bu zaman suyun rəngi, iyi və ya dadı dəyişsə, su napak olur. Bu halda napak şeyi də pak etmir.
        2. Əgər napak bir şey “kürr su”ya birləşən boru suyunun altında yuyulsa, onun “ğusalə”si (yəni napak şeyin üstünə tökülüb, ondan axan su) pakdır, amma bu şərtlə ki, sözügedən suyun rəngi, iyi və ya dadı “nəcasət” nəticəsində dəyişməməlidir.
        1. Əgər napak bir şey – “nəcasət”i təmizləndikdən sonra – bir dəfə kürr suya və ya axar suya salınsa, yaxud “kürr su”ya birləşən boru suyunun altında yuyulsa, su napak olan hər yerə dəydiyi təqdirdə, napak şey paklanır. Ehtiyat-vacibə görə, xalça, paltar və bu kimi əşyalar suya salındıqdan sonra sıxılmalı və ya hərəkət etdirilməlidir.
         
        Diqqət:
        • Paklamaq baxımından kürr su ilə axar su arasında heç bir fərq yoxdur.
         
        3. Qəlil su
        1. Qəlil su “nəcasət” ilə təmasda olduqda, hətta onun rəngi, iyi və ya dadı dəyişməsə belə, napak olur.
        2. Əgər napak bir şey qəlil suya salınsa, qəlil su napak olur və napak şeyi də pak etmir.
        3. Əgər qəlil su napak bir şeyin üstünə tökülərsə, onu pak edir[3]. Amma napak şeyin üstünə tökülüb, ondan axan su[4] napakdır.
        4. Əgər yuxarıdan aşağıya təzyiqsiz şəkildə tökülən qəlil suyun aşa­ğı hissəsi napak bir şeylə təmasda olsa, “su yuxarıdan aşağıya doğru tökülür” deyildiyi təqdirdə, suyun yuxarı hissəsi pakdır.
        5. Əgər qəlil su “kürr su”ya və ya “axar su”ya qovuşsa, kürr su və axar su hökmündədir.
         
        Su barəsində şəkk etmək
        1. Əgər müəyyən bir suyun mutləq, yoxsa muzaf su olduğu məlum deyildirsə, həmçinin onun əvvəlcədən mutləq, yoxsa muzaf su olduğu məlum deyildirsə, bu su kürr miqdarında olsa belə, napak bir şeyi pak etmir və onunla dəstəmaz almaq və qüsl etmək də düzgün deyildir. Amma kürr miqdarında olduğu təqdirdə, nəcasətlə təmasda olduğu zaman napak olmur.
        2. Əgər müəyyən bir suyun pak, yoxsa napak olduğunu bilmiriksə, şəriət baxımından bu su pak sayılır. Həmçinin əgər bir suyun əvvəlcədən pak olduğunu bilirdiksə, amma sonradan onun napak olub-olmadığını bilmiriksə, bu su pakdır. Amma əgər bir suyun əvvəlcədən napak olduğunu bilirdiksə, sonradan isə onun paklanıb-paklanma­dığını bilmiriksə, bu su napak sayılır.
        3. Əgər bir su əvvəlcədən kürr miqdarında olubsa, amma indi bu suyun kürr miqdarından azalıb-azalmadığına şəkk ediriksə, bu su kürr su hökmündədir.
        4. İnsan kürr miqdarından az olan bir suyun kürr miqdarına çatdığına yəqin etməyənədək, bu su qəlil su hökmündədir.
         
        Diqqət:
        • Əvvəlcədən kürr miqdarında olan bir suyun indi də kürr miqdarında olub-olmadığını araşdırmaq vacib deyildir. Əgər bir suyun əvvəlcədən kürr miqdarında olduğu məlum idisə, onu indi də kürr su hesab etmək olar. Məsələn, əgər qatarın ayaq yolundakı suyun əvvəlcədən kürr miqdarında, hətta bu miqdardan çox olduğunu bilsək, sonra bu suyun kürr miqdarından azaldığına şəkk etsək, onu kürr su hesab edə bilərik.
         
        Suallar:
        1- Suların qisimlərini sadalayın.
        2- Muzaf su və mutləq su nədir?
        3- Mutləq suyun hökmlərini deyin.
        4- Mineralları və şorluğu çox olan dəniz suyu ilə dəstəmaz almaq və qüsl etmək olarmı?
        5- Pak etmək baxımından kürr su ilə axar su arasında hansı fərq var?
        6- Əgər bir suyun pak, yoxsa napak olduğunu bilmiriksə, bu suyun hökmü nədir?
         

        [1] Qəlil su – “az su” mənasını bildirir. Miqdarı 384 litrdən az olan durğun su “qəlil su” hesab olunur.
        [2] “Nəcasətlər” barədə bir qədər irəlidə məlumat veriləcəkdir.
        [3] “Mutəhhirat” mövzusunda bunun şərtləri açıqlanacaqdır.
        [4] Qeyd olunduğu kimi, fiqhdə bu suya “ğusalə” deyilir.
      • Altıncı dərs: Təxəlli
      • Yeddinci dərs: Nəcasətlər (1)
      • Səkkizinci dərs: Nəcasətlər (2)
      • Doqquzuncu dərs: Nəcasətlər (3)
      • Onuncu dərs: Mütəhhirat (1)
      • On birinci dərs: Mütəhhirat (2)
      • On ikinci dərs: Mütəhhirat (3)
      • On üçüncü dərs: Dəstəmaz
      • On dördüncü dərs: Dəstəmazın şərtləri (1)
      • On beşinci dərs: Dəstəmazın şərtləri (2)
      • On altıncı dərs: Dəstəmazın növləri
      • On yeddinci dərs: Dəstəmazlı yerinə yetirilən əməllər
      • On səkkizinci dərs: Qüsl
      • On doqquzuncu dərs: Qüslün şərtləri
      • İyirminci dərs: Cənabət qüslü
      • İyirmi birinci dərs: Qadınlara xas оlan qüsllər
      • İyirmi ikinci dərs: Mеyitin hökmləri (1)
      • İyirmi üçüncü dərs: Mеyitin hökmləri (2)
      • İyirmi dördüncü dərs: Mеyitin hökmləri (3)
      • İyirmi beşinci dərs: Təyəmmüm
      • İyirmi altıncı dərs: Təyəmmümün şərtləri və hökmləri
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /