Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
    • Suların hökmləri
    • Təxəllinin hökmləri
    • Dəstəmazın hökmləri
      Çap versiyası  ;  PDF
       
      Dəstəmazın[1] hökmləri

       

      Sual 100: Təharət niyyəti ilə məğrib namazı üçün dəstəmaz aldım. Mən bu dəstəmaz ilə Quranın xəttinə toxuna və işa namazını qıla bilərəmmi?
      Cavab: Dəstəmaz düzgün şəkildə alındığı təqdirdə, pozulmayana qədər bu dəstəmazla təharətin şərt olduğu hər bir əməli yerinə yetirmək olar.

       

      Sual 101: Başının qabaq hissəsinə süni saç qoyan və bu saçı qoymadığı təqdirdə çətinliyə düşən bir şəxs süni saçların üstünə məsh çəkə bilərmi?
      Cavab: Əgər süni saçlar parik şəklində olarsa, məsh çəkmək üçün onu çıxarmaq vacibdir. Amma əgər süni saçlar başın dərisinə əkilmiş olarsa və onu çıxarmaq mümkün olmazsa, yaxud onu çıxarmağın ziyanı və ya dözülməz böyük çətinliyi olarsa, eyni zamanda bu saçlara görə başın dərisinə məsh çəkmək və yaşlığı dəriyə çatdırmaq mümkün olmazsa, bu halda süni saçların üstünə məsh çəkmək kifayət edir. Ehtiyata görə, təyəmmüm də yerinə yetirilsin.

       

      Sual 102: Bir nəfər deyir ki, dəstəmaz alarkən üzə ancaq iki ovuc su tökülməlidir. Əgər üçüncü ovuc su tökülərsə, dəstəmaz düzgün deyildir. Bu söz düzgündürmü?
      Cavab: Dəstəmazda əzaları birinci dəfə yumaq vacibdir, ikinci dəfə yumağa icazə verilir. Bundan artıq sayda yumağa isə icazə verilmir. Amma “dəfə”ni təyin etməyin meyarı, insanın niyyətidir. Deməli, əgər birinci dəfə yumaq niyyətilə üz və ya əllərə bir neçə dəfə (bir neçə ovuc) su tökərsə, maneəsi yoxdur.

       

      Sual 103: İrtimasi dəstəmazda[2] üz və əlləri bir neçə dəfə suya daxil etmək olarmı? Yoxsa iki dəfə daxil etməyə icazə verilir?
      Cavab: İrtimasi dəstəmazda üz və əlləri yalnız iki dəfə suya daxil etmək olar. Birinci dəfə daxil etmək vacibdir, ikinci dəfə daxil etməyə icazə verilir. Üz və əlləri bundan artıq sayda suya daxil etməyə icazə verilmir. Amma irtimasi dəstəmazda əllər sudan çıxarılan vaxt dəstəmaz niyyəti edilməlidir ki, məsh dəstəmaz suyu ilə yerinə yetirilmiş olsun.

       

      Sual 104: Saçlarda və üzdə təbii olaraq əmələ gələn yağlılıq (dəstəmaz suyunun dəriyə və ya saçlara dəyməsinə) maneə yaradırmı?
      Cavab: Maneə hesab olunmur. Amma əgər bu yağlılıq suyun dəriyə və ya saçlara dəyməsinə maneə yaradacaq həddə olarsa, maneə hesab olunur.

       

      Sual 105: Mən bir müddət ayaqlarıma barmaqların başından məsh çəkməmişəm, təkcə ayağımın üstünə və barmaqların bir hissəsinə məsh çəkmişəm. Bu məsh düzgün olubdurmu? Əgər düzgün olmayıbdırsa, qıldığım namazların qəzasını qılmalıyammı?
      Cavab: Əgər məsh ayaq barmaqların başından çəkilməyibsə, dəstəmaz düzgün deyildir və qılınan namazların qəzasını qılmaq vacibdir. Amma əgər insan şəkk etsə ki, “görəsən, məsh çəkərkən ayaq barmaqların başından məsh çəkmişdir, yoxsa yox”, məsələni bildiyi və barmaqların başından məsh çəkdiyini ehtimal verdiyi təqdirdə, aldığı dəstəmaz və qıldığı namazlar düzgün hesab olunur.

       

      Sual 106: Ayağın üstündəki hündürlük - belə ki, məsh çəkərkən əli həmin yerə qədər çəkmək lazımdır – hansı yerdir?
      Cavab: Ayağa məsh oynağa qədər çəkilməlidir.

       

      Sual 107: Dövlətin başqa ölkələrdə inşa etdirdiyi məscidlərdə, dövlət müəssisələrində və idarələrdə dəstəmaz almağın hökmü nədir?
      Cavab: İcazə verilir və şəriət baxımından heç bir maneəsi yoxdur.

       

      Sual 108: Bir bulaq vardır ki, əgər onun suyunu borular vasitəsilə bir neçə kilomert uzaqlıqda olan bir məntəqəyə çəkmək istəsək, borular şəxsi mülk olan torpaqlardan keçməlidir. Torpaq sahiblərinin icazəsi olmadığı təqdirdə bu bulağın suyundan dəstəmaz almaq, qüsl etmək və paklama işlərini yerinə yetirmək üçün istifadə etmək olarmı?
      Cavab: Əgər bulaq başqasının mülkündən kənarda qaynayarsa və torpaq üstündə cərəyan etməzdən (axmazdan) qabaq borulara daxil olub nəzərdə tutulan məntəqəyə ötürülərsə, bu sudan istifadə etmək ürfdə başqasının mülkündən istifadə etmək hesab olunmadığı təqdirdə, ondan istifadə etməyin maneəsi yoxdur.

       

      Sual 109: Su idarəsi suyun təzyiqini artıran matoru quraşdırmaq və ondan istifadə etməyi qadağan etmişdir. Amma bəzi məhəllələrdə suyun təzyiqi azdır və oranın sakinləri məcburdurlar ki, binaların yuxarı mərtəbələrində sudan istifadə etmək üçün sözügedən matordan istifadə etsinlər. Bunu nəzərə alaraq, iki sualıma cavab verərdiniz:
      1) Sudan bol istifadə edə bilmək üçün suyun təzyiqini artıran matoru quraşdırmağa şəri baxımdan icazə verilirmi?
      2) Suyun təzyiqini artıran matordan istifadəyə icazə verilmədiyi təqdirdə, mator vasitəsilə gələn su ilə dəstəmaz almaq və qüsl etməyin hökmü nədir?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, suyun təzyiqini artıran matoru quraşdırmaq və ondan istifadə etməyə icazə verilmir. Mator vasitəsilə gələn su ilə alınan dəstəmaz və edilən qüsl məhəlli-işkaldır[3].

       

      Sual 110: Sizdən soruşulan bir sualın cavabında qeyd etmisiniz ki, namaz vaxtının əvvəlinə yaxın bir vaxtda alınan dəstəmazla namaz qılmaq olar. “Namaz vaxtının əvvəlinə yaxın bir vaxt” dedikdə, hansı ölçüdə olan vaxtı nəzərdə tutursunuz?
      Cavab: Meyar, ürfdə “namaz vaxtına yaxın bir vaxt” deyilməsidir. Əgər həmin vaxtda namaz üçün dəstəmaz alınsa, maneəsi yoxdur.

       

      Sual 111: Dəstəmaz alan şəxsin məsh çəkərkən ayaq barmaqlarının altına, yəni yol gedərkən yerə dəyən hissəsinə məsh çəkməsi müstəhəbdirmi?
      Cavab: Ayağın məsh yeri, ayaq barmaqlarının birinin başından oynağa qədər olan ayağın üst hissəsidir. Ayaq barmaqlarının altına məsh çəkməyin müstəhəb olduğu isə sübuta yetməyibdir.

       

      Sual 112: Əgər dəstəmaz alan şəxs üzünü və əllərini dəstəmaz niyyəti ilə yuyarkən su kranını açıb-bağlayarsa, onun bu əməlinin hökmü nədir?
      Cavab: Maneəsi yoxdur və dəstəmazın düzgünlüyünə xələl gətirmir. Amma əgər o, sol əlini yuyub qurtardıqdan sonra və bu əl ilə məsh çəkməzdən qabaq əlini yaş olan su kranına vursa və əlin dəstəmaz suyu qeyri-dəstəmaz suyu ilə qarışsa, dəstəmaz suyunun qeyri-dəstəmaz suyu ilə qarışdığı bu yaşlıq ilə çəkilən məsh düzgün deyildir.

       

      Sual 113: Məsh çəkmək üçün dəstəmaz suyu olmayan bir sudan istifadə etmək olarmı? Başa hökmən sağ əl ilə və yuxarıdan aşağıya doğru məsh çəkmək lazımdırmı?
      Cavab: Başa və ayaqlara hökmən dəstəmaz suyundan əllərdə qalan yaşlıq ilə məsh çəkmək lazımdır. Əgər əllərdə yaşlıq qalmazsa, gərək saqqaldan və ya qaşlardan yaşlıq götürülsün və onunla məsh çəkilsin. Ehtiyata görə, başa sağ əl ilə məsh çəkilsin, amma yuxarıdan aşağıya doğru məsh çəkmək lazım deyildir.

       

      Sual 114: Bəzi qadınlar iddia edirlər ki, dırnaqda olan boya dəstəmaza maneə sayılmır və nazik corabın üstündən məsh çəkməyə icazə verilir. Bu barədə sizin nəzəriniz nədir?
      Cavab: Əgər boya dırnaqda qat yaradarsa, suyun dırnağa çatmasına maneə yaradacaqdır və bu halda dəstəmaz düzgün deyildir. Corab nə qədər nazik olsa belə, onun üstündən məsh çəkmək düzgün deyildir.

       

      Sual 115: Onurğa beynindən zədə aldığına görə sidiyini saxlaya bilməyən müharibə əlilləri cümə namazında iştirak edib xütbələri dinləyə, məslus şəxsin vəzifəsinə əməl edərək cümə namazını və əsr namazını qıla bilərlərmi?
      Cavab: Onların cümə namazında iştirak etmələrinin maneəsi yoxdur. Amma nəzərə almaq lazımdır ki, onlar dəstəmaz aldıqdan sonra fasiləsiz olaraq namaza başlamalıdırlar. Beləliklə, cümə namazının xütbələrindən qabaq aldıqları dəstəmaz cümə namazını qılmaq üçün o təqdirdə kifayət edir ki, dəstəmazdan sonra dəstəmazı pozan bir iş görməsinlər.

       

      Sual 116: Dəstəmaz almağa qadir olmayan bir şəxs dəstəmaz almaq üçün başqa bir şəxsi naib tutur və özü niyyət edib, öz əli ilə məsh çəkir. Əgər o, məsh çəkməyə qadir olmasa, naib şəxs onun əlindən tutub, ona məsh çəkir. Əgər bunu da etməyə aciz olsa, naib şəxs onun əlindən rütubət götürüb, məsh çəkir. Amma əgər bu şəxsin əli olmasa, hökmü nədir?
      Cavab: Əgər bu şəxsin əli olmasa, məsh çəkmək üçün onun qolundan rütubət götürülməlidir. Əgər qolu olmasa, onun saqqalından və ya qaşından rütubət götürülməli, başına və ayaqlarına bu rütubətlə məsh çəkilməlidir.

       

      Sual 117: Cümə namazının qılındığı məkanın yaxınlığında dəstəmaz almaq üçün bir yer vardır ki, cami məscidinin (şəhərin mərkəzi məscidi) tabeliyindədir. Bu yerin su pulu məscidin büdcəsindən qeyri büdcədən ödənilir. Cümə namazında iştirak edənlər bu sudan isifadə edə bilərlərmi?
      Cavab: Oranın suyu bütün namaz qılanların dəstəmaz almaları üçün mütləq şəkildə qərar verildiyinə görə, bu sudan istifadə etməyin maneəsi yoxdur.

       

      Sual 118: Zöhr və əsr namazlarından qabaq alınan dəstəmaz, məğrib və işa namazlarını qılmaq üçün də kifayət edirmi? Belə ki, namaz qılan şəxs bu müddət ərzində dəstəmazı pozan bir iş görmədiyinə əmindir. Yoxsa hər bir namaz üçün ayrıca niyyət edib dəstəmaz almaq lazımdır?
      Cavab: Hər namaz üçün ayrıca dəstəmaz almaq lazım deyildir. Pozulmayana qədər bir dəstəmaz ilə istənilən qədər namaz qılmaq olar.

       

      Sual 119: Vacib namazın vaxtı daxil olmamışdan qabaq vacib namazı qılmaq niyyətilə dəstəmaz almaq olarmı?
      Cavab: Əgər vacib namazın vaxtının daxil olmasına yaxın bir vaxtda vacib namazı qılmaq niyyətilə dəstəmaz alınarsa, maneəsi yoxdur.

       

      Sual 120: Hər iki ayağım iflic olduğuna görə mən tibbi ayaqqabıların və taxta əsanın köməyi ilə yol gedirəm. Dəstəmaz alarkən ayaqqabını çıxarmaq mənim üçün qeyri-mümkündür. Xahiş edirəm, ayaqlarıma məsh çəkmək barəsində mənim şəri vəzifəmi açıqlayasınız.
      Cavab: Əgər ayaqlara məsh çəkmək üçün ayaqqabını çıxarmaq sizin üçün çox çətindirsə, ayaqqabının üstünə məsh çəkməyiniz kifayətdir.

       

      Sual 121: Əgər bir məntəqəyə çatdıqdan sonra həmin məntəqənin bir neçə fərsəxində[4] su axtarışına çıxsaq və çirkli su tapsaq, bu təqdirdə bizə təyəmmüm etmək vacibdir, yoxsa həmin su ilə dəstəmaz almaq?
      Cavab: Əgər həmin su pak və mütləq su olarsa, həmçinin ondan istifadə etmənin zərəri, həmçinin zərər qorxusu olmazsa, dəstəmaz almaq vacibdir və təyəmmümə növbə çatmır.

       

      Sual 122: Dəstəmaz öz-özlüyündə müstəhəbdirmi? Namaz vaxtı daxil olmamışdan qabaq qəsdi-qürbət[5] ilə dəstəmaz almaq və həmin dəstəmazla namaz qılmaq olarmı?
      Cavab: Təharət niyyəti ilə dəstəmaz almaq şəri baxımdan müstəhəbdir və bəyənilir. Müstəhəb dəstəmazla namaz qılmağa icazə verilir.

       

      Sual 123: Öz dəstəmazına həmişə şəkk edən bir şəxs necə məscidə getsin, namaz qılsın, Quran oxusun və Məsumları (ə) ziyarət etsin?
      Cavab: Dəstəmaz aldıqdan sonra dəstəmazın qaldığına dair edilən şəkkə etina edilmir. Dəstəmazın pozulduğuna yəqin etməyənədək həmin dəstəmazla namaz qıla, Quran oxuya və Məsumları (ə) ziyarət edə bilər.

       

      Sual 124: Dəstəmazın düzgün olmasında suyun qolun hər yerinə axması şərtdirmi? Yoxsa yaş əli qola çəkmək kifayət edir?
      Cavab: Yumağın düzgün sayılmasında şərt, suyu dəstəmaz üzvünün hər yerinə çatdırmaqdır, hətta əl çəkmək vasitəsilə olsa belə. Amma yaş əl ilə dəstəmaz üzvlərinə (üz və əllərə) məsh çəkmək təklikdə kifayət etmir.

       

      Sual 125: Başa məsh çəkəndə saçların yaş olması kifayət edirmi, yoxsa yaşlıq başın dərisinə də dəyməlidir?
      Cavab: Başa məshi başın qabaq hissəsinin dərisinə, yaxud başın qabaq hissəsinin saçlarına çəkmək olar. Amma əgər başın başqa hissələrindəki saçlar başın qabağına yığılsa, yaxud başın qabağındakı saçlar üz və çiyinlərə töküləcək qədər uzun olsa, saçların üstünə məsh çəkmək kifayət etmir. Gərək ayrıc ayrılsın və başın dərisinə, yaxud saçların dibinə məsh çəkilsin.

       

      Sual 126:
      a) Əgər bir şəxs üçün dırnaq əkdirməyin zərurəti yoxdursa və o, dəstəmaz alarkən və ya qüsl edərkən mümkün olmadığına görə, yaxud da zərəri və ya böyük əziyyəti olduğuna görə süni dırnağı çıxara bilməyəcəkdirsə, bu şəxs dırnaq qoydura bilərmi?
      b) Zərurəti olmadan süni dırnaq qoyduran şəxsin dəstəmaz, qüsl və namaz üçün vəzifəsi nədir?
      Cavab:
      a) Suala əsasən, o, dırnaq qoydura bilməz.
      b) Əgər süni dırnağı çıxartmaq mümkün olarsa, bu dırnaqla dəstəmaz almaq və ya qüsl etmək düzgün deyildir. Amma əgər namaz vaxtının axırınadək onu çıxartmaq mümkün olmasa, yaxud da onu çıxartmağın dözülməz əziyyəti olsa, bu şəxs cəbirə dəstəmazı almalı və ya cəbirə qüslü etməli, bundan əlavə, təyəmmüm də etməlidir. Dırnağı çıxartdıqdan sonra ehtiyat-vacibə görə, qıldığı namazların qəzasını qılmalıdır.
       
      Sual 127: Əgər dəstəmaz alarkən və ya qüsl edərkən əzaların yuyulması arasında zaman fasiləsi yaranarsa, bunun hökmü nədir?
      Cavab: Qüsl edərkən əzaların yuyulması arasında zaman fasiləsinin yaranmasının (yəni muvalata riayət etməməyin) maneəsi yoxdur. Amma dəstəmaz alarkən əzaların yuyulması arasında o qədər zaman fasiləsi olsa ki, yuyulan əvvəlki əzalar qurusa, dəstəmaz düzgün deyildir.

       

      Sual 128: Əgər bir şəxsdən arasıkəsilmədən cüzi miqdarda mədə yeli xaric olursa, onun dəstəmazının və namazının hökmü nədir?
      Cavab: Əgər o, namazı tamamlayana qədər dəstəmazını saxlaya bilməsə və namaz əsnasında yenidən dəstəmaz almaq onun üçün olduqca çətin olsa, bir dəstəmazla bir namaz qıla bilər. Yəni bir namaz üçün bir dəstəmazla kifayətlənə bilər, baxmayaraq ki, namaz əsnasında onun dəstəmazı pozulmuşdur.

       

      Sual 129: Yaşayış binalarının bəzi sakinləri binanın isti-soyuq su, havalandırma sistemi, gözətçi və bu kimi başqa xidmətlərindən istifadə edir, amma bu xidmətlərin xərcini ödəməkdən yayınırlar. Qonşuların razılığı olmadan bu xidmətlərin xərcini onların boynuna yükləyən şəxslərin namaz, oruc və başqa ibadətləri şəri baxımdan düzgün deyildir?
      Cavab: Binanın hər bir sakini istifadə etdiyi xidmətlərin xərcini ödəməyə borcludur. Əgər sakinlərdən kimsə su pulunu ödəməmək niyyətində olarsa, onun dəstəmazı və qüslü düzgün deyildir.

       

      Sual 130: Bir nəfər cənabət qüslü edib və üç-dörd saat keçəndən sonra namaz qılmaq istəyir, amma qüslünün pozulub-pozulmadığını bilmir. Əgər o, ehtiyat ünvanında dəstəmaz alsa, maneəsi vardırmı, yoxsa yoxdur?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, dəstəmaz almaq vacib deyildir. Amma ehtiyatın da maneəsi yoxdur.

       

      Sual 131: Büluğa çatmayan uşaq dəstəmazı pozan işlərdən birini etməklə dəstəmazsız sayılırmı? Quranın xəttinə toxunması üçün Quranı onun əlinə vermək olarmı?
      Cavab: Bəli, büluğa çatmayan uşaq dəstəmazı pozan işlərdən birini etməklə dəstəmazsız sayılır. Amma Quranın xəttinə toxunmaq ona haram deyildir, həmçinin onun Quranın xəttinə toxunmasının qarşısını almaq mükəlləfə vacib deyildir.

       

      Sual 132: Əgər yuyulduqdan sonra, amma dəstəmaz tamamlanmamışdan qabaq dəstəmaz üzvlərindən biri napak olarsa, hökmü nədir?
      Cavab: O üzvün napak olması dəstəmazın düzgünlüyünə xələl gətirmir. Amma namaz üçün həmin üzvü nəcasətdən paklamaq vacibdir.

       

      Sual 133: Ayağa məsh çəkərkən ayağın üstündə bir neçə damla suyun olması dəstəmaza xələl gətirirmi?
      Cavab: Məsh yerini bu su damlalarından qurulamaq vacibdir. Məsh çəkərkən əlin rütubəti ayağa təsir etməlidir, nəinki əksinə.

       

      Sual 134: Əgər bir şəxsin sağ əli dirsəkdən yuxarı kəsilibsə, sağ ayağa məsh çəkmək onun üzərindən götürülürmü?
      Cavab: Sağ ayağa məsh çəkmək onun üzərindən götürülmür və o, sağ ayağına sol əli ilə məsh çəkməlidir.

       

      Sual 135: Əgər bir şəxsin dəstəmaz üzvlərində yara və ya sınıq olarsa, onun vəzifəsi nədir?
      Cavab: Dəstəmaz üzvlərində yara və ya sınıq olduqda əgər yara və ya sınığın üstü açıq olarsa və suyun ona zərəri olmazsa, həmin yer yuyulmalıdır. Əgər yara və ya sınığın üstünü yumağın zərəri olarsa, onun ətrafı yuyulmalıdır. Ehtiyata görə, əgər yaş əli onun üstünə çəkməyin zərəri olmazsa, yaş əli onun üstünə çəkməlidir.

       

      Sual 136: Əgər bir şəxsin məsh yerində yara olarsa, onun vəzifəsi nədir?
      Cavab: Əgər məsh yerində olan yaranın üstünə yaş əli çəkə bilmirsə, dəstəmaz əvəzinə təyəmmüm etməlidir. Amma əgər yaranın üstünə bir parça qoyub, onun üstünə yaş əli çəkə bilirsə, ehtiyata görə, təyəmmümdən əlavə, bu qaydada məsh çəkərək dəstəmaz da alsın.

       

      Sual 137: Əgər bir şəxs dəstəmazının düzgün olmadığını bilməyibsə və dəstəmazdan sonra bunu başa düşübsə, hökmü nədir?
      Cavab: Təharətin şərt olduğu əməlləri yerinə yetirmək üçün yenidən dəstəmaz alması vacibdir. Əgər düzgün olmayan dəstəmazla namaz qılıbsa, həmin namazı yenidən qılması vacibdir.

       

      Sual 138: Əgər bir şəxsin dəstəmaz üzvlərinin birində yara olsa və onun üstünü sarğı ilə bağlasa belə, dayanmadan ondan qan gəlsə, o, necə dəstəmaz almalıdır?
      Cavab: Yaranın üstünü elə bir sarğı ilə (məsələn, neylonla) bağlamalıdır ki, qan sarğıdan çıxmamalıdır.

       

      Sual 139: Dəstəmazdan sonra üz və əllərdəki yaşlığı qurulamaq məkruhdurmu? Yaxud dəstəmaz üzvlərini qurulamamaq müstəhəbdirmi?
      Cavab: Əgər şəxs dəstəmaz üzvlərini qurulamaq üçün bir parça və ya dəsmal ayırarsa, qurulamağın maneəsi yoxdur.

       

      Sual 140: Saçlarını və qaşlarını boyamaq üçün qadınların istifadə etdikləri qeyri-təbii (yəni kimyəvi) boyalar dəstəmaz və qüslün düzgünlüyünə maneə yaradırmı?
      Cavab: Əgər sırf boya olsa və suyun saçlara dəyməsinin qarşısını alacaq bir qat yaratmasa, dəstəmaz və qüsl düzgündür.

       

      Sual 141: Əgər ələ mürəkkəb dəysə, suyun dəriyə dəyməsinə maneə yaradırmı və dəstəmazın düzgünlüyünə xələl gətirirmi?
      Cavab: Əgər mürəkkəb bir qat yaradarsa və suyun dəriyə dəyməsinə maneə yaradarsa, dəstəmaz düzgün deyildir. Bu məsələni müəyyən etmək isə mükəlləfin öz öhdəsindədir.

       

      Sual 142: Əgər başa məsh çəkərkən əlin yaşlığı üzün yaşlığına qarışarsa, dəstəmaz pozulurmu?
      Cavab: Ayaqlara dəstəmaz suyundan əllərdə qalan yaşlıq ilə məsh çəkmək lazımdır. Buna görə də, başa məsh çəkərkən əl alının yuxarı hissəsinə dəyməməli və üzün yaşlığı ilə təmasda olmamalıdır ki, ayağa məsh çəkmək üçün lazım olan əlin yaşlığı üzün yaşlığına qarışmasın.

       

      Sual 143: Əgər bir şəxs dəstəmaz almağa camaatın adi qaydada aldığı dəstəmaza sərf etdiyi vaxtdan daha çox vaxt sərf edirsə, dəstəmaz üzvlərini yuduğuna yəqin etməsi üçün nə etməlidir?
      Cavab: Vəsvəsədən uzaq olmalıdır. Şeytanı məyus etmək üçün vəsvəsələrə etina etməməli və çalışmalıdır ki, başqaları kimi şəri baxımdan vacib olan miqdarla kifayətlənsin.

       

      Sual 144: Mənim bədənimin bəzi yerlərində döymə xal vardır. Deyirlər ki, mənim qüslüm, dəstəmazım və namazım düzgün deyildir, namazım da qəbul deyildir. Ümidvaram ki, bu barədə məni məlumatlandırarsınız.
      Cavab: Əgər döymə xal sırf boya olsa, yaxud dərinin altında olub dərinin üstündə suyun dəriyə çatmasına maneə yaradan bir şey mövcud olmasa, dəstəmaz, qüsl və namaz düzgündür.

       

      Sual 145: Əgər bir şəxs sidik ifraz etdikdən sonra istibra edib dəstəmaz alsa, bundan sonra ondan sidik, yoxsa məni olduğuna şəkk etdiyi bir rütubət xaric olsa, hökmü nədir?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, təharətə yəqinliyin hasil olması üçün həm qüsl etməli, həm də dəstəmaz almalıdır.

       

      Sual 146: Xahiş edirəm, qadınla kişinin dəstəmazı arasındakı fərqi açıqlayasınız.
      Cavab: Dəstəmazın işləri və qaydası baxımından kişi ilə qadın arasında fərq yoxdur. Tək fərq budur ki, dirsəyi yuyanda kişilərin çol tərəfdən yumağa başlaması, qadınların isə iç tərəfdən yumağa başlaması müstəhəbdir.
       

      [1] Dəstəmaz - Allaha yaxın olmaq niyyəti ilə xüsusi qaydada üzü və əlləri yumaq, başa və ayaqlara məsh çəkməkdir.
      [2] Dəstəmaz 3 növdür: tərtibi, irtimasi, cəbirə. Tərtibi dəstəmazda su, üz və əllərə tökülür. İrtimasi dəstəmazda isə üz və əllər suya daxil edilir. Cəbirə dəstəmaz, dəstəmaz üzvlərində cəbirə (yaranın üstünə qoyulan dərman və ya yaranın bağlanması üçün istifadə olunan sarğı) olduqda xüsusi qaydada alınır.
      [3] Məhəlli-işkal – yəni maneəsi vardır və bu məsələyə fətva vermək olmur. (Təqlid edən şəxs bu məsələdə sonrakı müctəhidə müraciət edə bilər.)
      [4] Fərsəx – məsafə vahididir və təxminən altı kilometrə bərabərdir.
      [5] Allaha yaxın olmaq niyyəti.
    • Allahın adlarına və Quran ayələrinə toxunmaq
    • Cənabət qüslünün hökmləri
    • Batil olan qüslün hökmləri
    • Təyəmmümün hökmləri
    • Qadınların hökmləri
    • Meyitin hökmləri
    • Nəcasətlərin hökmləri
    • Məstedicilərin hökmləri
    • Vasvasılıq və onun müalicəsi
    • Kafirin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /