Yüklə:
ŞƏRİ SUALLARA CAVABLAR
- Təqlidin hökmləri
- Təharətin hökmləri
- Namazın hökmləri
- Namazın əhəmiyyəti və şərtləri
Namazın əhəmiyyəti və şərtləri
Sual 338: Namazı bilərəkdən tərk edən və ya yüngül sayan şəxsin hökmü nədir?
Cavab: Beş vaxtda qılınan gündəlik namazlar İslam şəriətinin çox mühüm vacib əməllərindəndir, hətta dinin sütunudur. Namazı tərk etmək və ya yüngül saymaq şəri baxımdan haramdır və cəzaya səbəb olur.
Sual 339: Əgər bir şəxsin ixtiyarında su və ya üzərinə təyəmmüm etməyin düzgün olduğu şey yoxdursa, namaz ona vacibdirmi?
Cavab: Ehtiyata görə, namazı öz vaxtında qılsın və namaz vaxtından sonra dəstəmazlı və ya təyəmmümlü halda namazın qəzasını qılsın.
Sual 340: Sizin nəzərinizə görə, vacib namazda hansı hallarda niyyəti dəyişmək lazımdır?
Cavab: Aşağıdakı hallarda namazın niyyətini dəyişmək vacibdir:
1) Niyyəti əsr namazından zöhr namazına dəyişmək: Belə ki, əsr namazının xüsusi vaxtı çatmamışdan öncə mükəlləf əsr niyyətilə namaz qıldığı əsnada zöhr namazını qılmadığını başa düşür.
2) Niyyəti işa namazından məğrib namazına dəyişmək: Belə ki, işa namazının xüsusi vaxtı çatmamışdan öncə mükəlləf işa niyyətilə namaz qıldığı əsnada məğrib namazını qılmadığını başa düşür və niyyəti dəyişmək yeri də keçməmişdir (yəni dördüncü rəkətin rükusunu hələ yerinə yetirməmişdir).
3) Mükəlləfin boynunda iki qəza namazı vardır, hansı ki, bu namazlar əda qılındığı zaman ardıcıllığa riayət olunmalıdır (məsələn, bir günün zöhr və əsr namazlarının qəzası): Əgər o, unutqanlıq nəticəsində birinci namazın qəzasını qılmamışdan öncə ikinci namazın qəzasını qılmağa başlayıbsa, bu halda niyyəti birinci namaza dəyişməlidir.Aşağıdakı hallarda namazın niyyətini dəyişməyə icazə verilir:
1) Niyyəti əda namazından (yəni öz vaxtında qılınan namaz) vacib bir namazın qəzasına dəyişmək. (Bunu da qeyd edək ki, əgər mükəlləfin boynunda yalnız bir qəza namazı varsa, niyyəti qəza namazına dəyişmək ehtiyat-vacibdir, xüsusilə də, qəza namazı həmin günün namazı olduqda.)
2) Camaat namazının savabını əldə etmək üçün niyyəti vacib namazdan müstəhəb namaza dəyişmək.
3) Cümə günü zöhr namazının niyyətini nafiləyə dəyişmək: Belə ki, namaz qılan şəxs “Cümə” surəsini qiraət etməyi unudub, onun yerinə başqa bir surəni oxumağa başlamış və surənin yarısına çatmışdır və ya yarısını keçmişdir.Sual 341: Əgər namaz qılan şəxs cümə günü həm cümə namazını, həm də zöhr namazını qılmaq istəyirsə, hər bir namaz üçün qəsdi-vücub (vacib niyyəti) etmədən təkcə qəsdi-qürbət[1] etməlidirmi? Yoxsa iki namazdan biri üçün həm qəsdi-qürbət və həm qəsdi-vücub etməli, o biri namaz üçün təkcə qəsdi-qürbət etməlidir? Yoxsa hər iki namaz üçün həm qəsdi-vücub və həm də qəsdi-qürbət etməlidir?
Cavab: İki namazın hər birində qəsdi-qürbət kifayət edir və qəsdi-vücub heç birində vacib deyildir.
Sual 342: Əgər ağızdan və ya burundan gələn qan namaz vaxtının əvvəlindən axırına yaxın bir vaxtadək davam etsə, namazın hökmü nədir?
Cavab: Əgər bədəni paklamaq mümkün olmasa və namaz vaxtının qurtaracağından qorxsa, namazı həmin vəziyyətdə qılsın.
Sual 343: Namazın müstəhəb zikrlərini deyərkən bədənin tam aram və hərəkətsiz olması vacibdirmi, yoxsa yox?
Cavab: Namazın istər vacib, istərsə də müstəhəb zikrlərini deyərkən bədənin tam aram və hərəkətsiz olması vacibdir və bu baxımdan vacib zikr ilə müstəhəb zikr arasında fərq yoxdur.
Sual 344: Xəstəxanada bəzi xəstələrə sidiyin xaric olması üçün kateter adlı boru qoyulur. Bu vəziyyətdə sidik qeyri-ixtiyari olaraq xəstədən yatdığı və ya oyaq halda, yaxud da namaz əsnasında xaric olur. Xahiş edirəm, bu sualı cavablandırın: Belə şəxs namazını başqa vaxt yenidən qılmalıdırmı? Yoxsa həmin vəziyyətdə qıldığı namaz kifayət edir?
Cavab: Əgər həmin vəziyyətdə o, namazını öz şəri vəzifəsinə müvafiq şəkildə qılıbsa, namazı düzgündür, onu yenidən və qəzasını qılmaq vacib deyildir.
- Namazın vaxtı
Namazın vaxtı
Sual 345: Gündəlik namazların vaxtı barəsində şiə məzhəbinin dəlili nədir? Bildiyiniz kimi, əhli-sünnə işa namazının vaxtı daxil olan kimi məğrib namazını qəza hesab edir. Zöhr və əsr namazları barəsində da qayda belədir. Ona görə də onlar bu əqidədədirlər ki, işa namazının vaxtı daxil olduqda və imam-camaat işa namazı qılmağa qalxdıqda, məmum[1] onunla birlikdə məğrib namazını qıla bilməz, məğrib və işa namazlarını bir vaxtda qıla bilməz.
Cavab: Şiənin dəlili Quran ayələrinin “mütləq” olması və mübarək sünnədir. Bundan əlavə, iki namazın bir-birinin ardınca qılınmasının icazəli olduğuna dəlalət edən hədislər mövcuddur. Əhli-sünnə qaynaqlarında da bir sıra hədislər mövcuddur ki, iki namazdan birinin vaxtında iki namazın qılınmasının icazəli olduğuna dəlalət edir.
Sual 346: Bilirik ki, əsr namazının axır vaxtı məğribdir. Zöhr namazının axır vaxtı isə məğribə əsr namazını qılmaq üçün tələb olunan qədər vaxt qaldıqdadır. Bilmək istəyirəm ki, “məğrib” dedikdə, nə nəzərdə tutulur? Günəşin qürub etməsi nəzərdə tutulur, yoxsa hər yerin üfüqünə müvafiq olaraq məğrib azanının deyildiyi vaxtdır?
Cavab: Əsr namazının vaxtı günəşin qürubuna qədərdir.
Sual 347: Günəşin qürubu ilə məğrib azanı arasında zaman fasiləsi neçə dəqiqədir?
Cavab: Zahir budur ki, ilin müxtəlif fəsillərində bu zaman fasiləsi fərq edir.
Sual 348: Mən işdən gec çıxıram və gecə saat on birdə evə gəlirəm. Müraciət edənlər çox olduğuna görə işdə məğrib və işa namazlarını qılmağa vaxt tapa bilmirəm. Gecə saat on birdən sonra məğrib və işa namazlarını qılmaq düzgündürmü?
Cavab: Əgər gecə yarısını keçməzsə, maneəsi yoxdur. Amma səy göstərin ki, gecə saat on birdən sonraya qalmasın. Hətta bacardığınız qədər namazı vaxtın əvvəlində qılmağa çalışın.
Sual 349: Namazın nə qədər hissəsi “əda vaxtı”na (namazın öz vaxtına) düşərsə, “əda niyyəti” etmək düzgündür? Əgər bu hissənin namaz vaxtına düşüb-düşməməsinə şəkk edilərsə, vəzifə nədir?
Cavab: Namazın bir rəkətinin namaz vaxtına düşməsi, namazın əda hesab olunması üçün kifayət edir. Ən azı bir rəkət üçün vaxt qalıb-qalmadığına şəkk edildiyi təqdirdə isə, namaz “ma fiz-zimmə”[2] niyyəti ilə qılınsın.
Sual 350: İran İslam Respublikasının xaricdəki səfirlikləri və konsulluqları paytaxtların və böyük şəhərlərin şəri vaxtlarını müəyyən etmək üçün şəri vaxt cədvəlləri hazırlayırlar. Sualım budur ki, bu cədvəllərə nə dərəcədə etimad etmək olar?
Cavab: Namaz vaxtının daxil olduğunun dəqiqləşməsində meyar, mükəlləfdə əminliyin hasil olmasıdır. Əgər bu cədvəllərin həqiqətə müvafiq olduğuna mükəlləfdə əminlik hasil olmazsa, o, ehtiyat etməli və şəri vaxtın daxil olduğuna yəqin edənədək səbir etməlidir.
Sual 351: “Sadiq fəcr” və “kazib fəcr” barəsində sizin nəzəriniz nədir? Namaz qılan şəxsin bu barədə vəzifəsi nədir?
Cavab: Namaz və oruc vaxtı barəsində şəri meyar, “sadiq fəcr”dir və bunun dəqiqləşməsi mükəlləfin təyininə həvalə olunur.
Sual 352: İkinövbəli orta məktəblərin birində məktəbin rəhbərliyi zöhr və əsrin camaat namazını günorta saat ikidə, yəni ikinci növbənin dərsləri başlamamışdan bir qədər əvvəl təşkil edir. Namazı namaz vaxtının əvvəlindən təxirə salmalarının səbəbi budur ki, səhər növbəsinin dərsləri şəri zöhr vaxtından qırx beş dəqiqə qabaq bitir və şagirdləri şəri zöhr vaxtına qədər gözlətdirmək çətindir. Namazı namaz vaxtının əvvəlində qılmağın əhəmiyyətini nəzərə alaraq, bu barədə öz nəzərinizi bildirin.
Cavab: Namaz qılanlar camaat namazında iştirak edə bilsinlər deyə, camaat namazını bir qədər gec təşkil etməyin – məsulların və şagirdlərin məktəbdə olmadıqları nəzərə alınaraq – maneəsi yoxdur.
Sual 353: Zöhr namazı zöhr azanından sonra və əsr namazı əsr namazının vaxtı daxil olduqdan sonra qılınmalıdırmı? Həmçinin məğrib və işa namazlarının hər biri öz vaxtında qılınmalıdırmı?
Cavab: İki namazın müştərək vaxtı daxil olduqdan sonra mükəlləf iki namazı bir-birinin ardınca, yaxud hər namazı özünün fəzilətli vaxtında qıla bilər.
Sual 354: Günümüzdə saatdan geniş istifadə edildiyinə görə fəcrin doğduğuna (sübh azanının vaxtı olduğuna) yəqin etmək mümkündür. Aylı gecələrdə sübh namazını qılmaq üçün on beş-iyirmi dəqiqə gözləmək lazımdırmı?
Cavab: Fəcrin doğması – yəni sübh namazının vaxtının olması və oruc tutmaq üçün imsak etməyin vacib olması baxımından aylı gecələr və qeyri gecələr arasında fərq yoxdur. Baxmayaraq ki, bu xüsusda ehtiyat etmək yaxşıdır.
Sual 355: Üfüqləri fərqli olduğuna görə bölgələrin şəri vaxtları arasında yaranan vaxt fərqi sübh, zöhr və məğrib namazlarının vaxtlarında eyni ölçüdə olurmu? Yəni əgər iki bölgənin zöhr vaxtı arasında iyirmi beş dəqiqə fərq vardırsa, başqa namazların vaxtlarında da fərq vardırmı və eyni ölçüdədirmi (yəni vaxt fərqi iyirmi beş dəqiqədirmi)? Yoxsa bu ölçü, sübh və məğrib namazlarının vaxtlarında fərqlidir?
Cavab: İki bölgənin sübh, yaxud zöhr, yaxud da məğrib vaxtı arasındakı vaxt fərqinin olması, bu vaxt fərqinin digər şəri vaxtlarda eyni ölçüdə olması zərurətini yaratmır. Əksinə, şəhərlərin sübh, zöhr və məğrib vaxtları arasındakı fərq, adətən, müxtəlif olur.
Sual 356: Əhli-sünnə məğrib namazını “şəri məğrib”dən qabaq qılır. Həcc günlərində və qeyri vaxtlarda onlara iqtida edə və həmin namazla kifayətlənə bilərikmi?
Cavab: Məlum deyildir ki, onlar vaxt daxil olmamışdan qabaq namaz qılırlar. Vəhdəti qorumaq və fitnədən qorunmaq üçün onların camaat namazında iştirak etməyin maneəsi yoxdur. Amma namazı öz vaxtında qılmaq zəruridir, əlbəttə, əgər vaxtın özü təqiyyə hallarından olarsa, istisna təşkil edəcək.
Sual 357: Norveçdə və Danimarkada yay fəslində Günəş sübh saat 4-də doğur və gecə saat 11-də qürub edir. “Humrətul-məşriqiyyənin getməsi”nə[3] və “beynut-tulueyn”ə[4] riayət etdikdə təxminən 22 saat oruc tutmaq lazımdır. Namaz və oruc barəsində mənim vəzifəm nədir?
Cavab: Gündəlik namazların vaxtı, həmçinin oruc barəsində mükəlləf öz yaşadığı yerin üfüqünə riayət etməlidir. Amma əgər gündüz uzun olduğuna görə oruc tutmağa gücü çatmazsa və ya oruc tutmağın böyük çətinliyi olarsa, orucu öz vaxtında tutmaq vəzifəsi mükəlləfin üzərindən götürülür və orucun qəzası ona vacib olur.
Sual 358: Günəşin işığı Yerə təxminən yeddi dəqiqəyə çatır. Sübn namazının vaxtının başa çatmasında meyar, Günəşin doğmasıdırmı, yoxsa Günəşin işığının Yerə çatması?
Cavab: Meyar, Günəşin doğması və namaz qılan şəxsin öz yaşadığı yerdə Günəşi görməsidir.
Sual 359: İnformasiya vasitələri hər günün şəri vaxtlarını öncəki gün elan edirlər. Bu məlumata etimad etmək və radio və televiziyadan azan yayımlandıqdan sonra namaz vaxtının daxil olduğuna hökm etmək olarmı?
Cavab: Əgər sözügedən vasitə ilə namaz vaxtının daxil olduğuna mükəlləfdə yəqinlik hasil olarsa, bu məlumata etimad edə bilər.
Sual 360: Azan deyilməyə başladıqda namaz vaxtı başlanırmı? Yoxsa azanın tamamlanmasını gözləmək, sonra namaz qılmaq lazımdır? Oruc tutmuş şəxs azan deyilməyə başladıqda iftar edə bilərmi, yoxsa azanın tamamlanmasını gözləməlidir?
Cavab: Əgər yəqinlik hasil olsa ki, azan namaz vaxtı daxil olduqda verilməyə başlamışdır, azanın tamamlanmasını gözləmək lazım deyildir.
Sual 361: İkinci namazı birincidən qabaq, məsələn, işa namazını məğrib namazından qabaq qılan şəxsin namazı düzgündürmü?
Cavab: Əgər səhvən və ya unutqanlıq üzündən ikinci namazı birinci namazdan qabaq qılarsa və namaz tamamlandıqdan sonra bunu başa düşərsə, onun namazı düzgündür. Amma əgər bilərəkdən olarsa, namaz düzgün deyildir.
Sual 362: Əvvəla salam. Mübarək ramazan ayına az qalır. Şəhərlərin genişləndiyini və fəcrin doğduğu anı dəqiqliklə müəyyən etməyin qeyri-mümkün olduğunu nəzərə alaraq, xahiş edirəm ki, oruc üçün imsak etmək və sübh namazını qılmağın vaxtı barəsində öz nəzərinizi bildirəsiniz.
Cavab: Yaxşı olar ki, hörmətli möminlər (Allah onlara kömək olsun) oruc üçün imsak etmək və sübh namazını qılmağın vaxtı barəsində ehtiyata riayət etmək məqsədilə, kütləvi informasiya vasitələrində azan deyilməyə başlayanda oruc üçün imsak etsinlər, amma azan deyilməyə başlayandan təxminən on dəqiqə sonra sübh namazını qılsınlar.
Sual 363: Əsr namazının vaxtı məğrib azanına qədərdir, yoxsa Günəşin qürub etdiyi vaxta qədərdir? İşa namazı, həmçinin minada gecələmək üçün “şəri gecə yarısı” hansı vaxtdır?
Cavab: Əsr namazının vaxtı Günəşin qürubuna qədərdir. Gecə yarısını hesablamaq üçün gecə, “qürub”un əvvəlindən “fəcr doğana” qədər (sübh namazının şəri vaxtı daxil olanadək) hesab edilir.
Sual 364: Əgər bir şəxs əsr namazını qıldığı əsnada zöhr namazını qılmadığını başa düşsə, vəzifəsi nədir?
Cavab: Əgər o, zöhr namazını qıldığını düşünüb, əsr namazının niyyətilə namaza başlayıbsa və namaz əsnasında zöhr namazını qılmadığını başa düşübsə, zöhr və əsr namazlarının müştərək vaxtı olduğu təqdirdə, o öz niyyətini dərhal zöhr namazına dəyişməli və namazı tamamlamalıdır. Daha sonra əsr namazını qılmalıdır.
Əgər bu hal zöhr namazının “xüsusi vaxtı”nda[5] qarşıya çıxarsa, ehtiyat-vacibə görə, niyyəti zöhr namazına dəyişməli və namazı tamamlamalıdır. Amma sonra hər iki namazı (zöhr və əsr namazlarını) ardıcıllıqla qılmalıdır.
Bu hökm məğrib və işa namazlarına da aiddir, amma bu şərtlə ki, mükəlləf hələ dördüncü rəkətin rükusuna getməmişdir. Əgər o, dördüncü rəkətin rükusuna getmiş olsa, ehtiyata görə, namazı tamamlamalı, sonra isə məğrib və işa namazlarını ardıcıllıqla qılmalıdır.[1] Məmum – namazda imam-camaata iqtida edən şəxsə deyilir.
[2] Mükəlləfin boynunda olan vəzifədir, baxmayaraq ki, mükəlləf bu vəzifənin nədən ibarət olduğunu bilmir.
[3] Humrətul-məşriqiyyə - günəş doğmamışdan qabaq və qürub zamanı şərq tərəfdə üfüqdə yaranan qırmızılığa deyilir.
[4] Beynut-tulueyn – sadiq fəcrin doğması ilə günəşin doğması arasındakı zaman fasiləsidir.
[5] Zöhr namazının xüsusi vaxtı şəri zöhrün əvvəlindən zöhr namazını – müsafir olmayan şəxs üçün dörd rəkət, müsafir olan şəxs üçün isə iki rəkət – qılmaq ölçüsündə olan vaxtı əhatə edir.
- Qiblə
Qiblə
Sual 365: Xahiş edirik, aşağıdakı sualları cavablandırın:
1) Bəzi fiqh kitablarında qeyd olunub ki, may ayının 28-i və iyul ayının 16-ı Günəş Kəbənin üstündə şaquli vəziyyətdə saçır. Bu günlərdə Məkkənin azan səsi ucaldığı bir vaxtda yerə şaxis[1] sancaraq qiblənin istiqamətini təyin etmək mümkündürmü? Əgər məscidlərin mehrabında qiblənin istiqaməti ilə şaxisin kölgəsinin istiqaməti arasında fərq olarsa, hansı biri daha düzgündür?
2) Qiblənümaya etimad etmək düzgündürmü?Cavab: Mükəlləfdə əminliyin yaranmasına səbəb olduğu təqdirdə, onun şaxis və qiblənümaya etimad etməsi düzgündür və buna müvafiq olaraq əməl etməlidir. Əks təqdirdə isə, mükəlləf hansı istiqamətin qiblə olduğuna daha çox güman edirsə, o istiqamətə namaz qılmalıdır. Məsələn, bu güman məscidlərin mehrabına əsaslanmaq nəticəsində yarana bilər.
Sual 366: Əgər qızğın döyüş qiblə istiqamətini təyin etmək üçün əngəl olarsa, hər tərəfə namaz qılmaq düzgündürmü?
Cavab: Əgər döyüşçü heç bir tərəfi qiblə təxmin edə bilməsə və vaxt olsa, ehtiyata görə, dörd tərəfə namaz qılmalıdır. Amma əgər vaxt olmasa, vaxt çatdığı qədər qiblə olduğuna ehtimal verdiyi tərəflərə namaz qılmalıdır.
Sual 367: Əgər Yerin o biri tərəfində Kəbə ilə üzbəüz olan məntəqə məlum olsa - belə ki, əgər düz xətt Kəbənin yerləşdiyi məntəqədən Yerin mərkəzi ilə keçərək o biri tərəfindən çıxsa və həmin məntəqə Kəbə ilə üzbəüz məntəqə olsa - burada üzü qibləyə necə dayanmaq olar?
Cavab: Üzü qibləyə dayanmağın meyarı, insanın Yer kürəsinin səthində üzü Kəbəyə tərəf - Məkkədə yerləşən Allah evinə tərəf - dayanmasıdır. Beləliklə, əgər insanın sakin olduğu məntəqənin dörd bir tərəfindən xəyali düz xətlər Yer kürəsinin səthi ilə Məkkəyə tərəf çəkilərsə və uzunluq baxımından bu xətlər bir-birinə bərabər olarsa, insan qiblə üçün istədiyi tərəfə dayana və namaz qıla bilər. Amma əgər bu xətlərin uzunluğu bəzi istiqamətlərdə az və daha qısa olarsa – belə ki, bu xətlərin uzunluqları arasındakı fərq, ürfdə “üzü qibləyə” deyilməsi baxımından ixtilafa səbəb olarsa - insana daha qısa istiqaməti seçmək vacibdir.
Sual 368: Əgər insan elə bir vəziyyətdə olsa ki, heç bir vəchlə qiblə istiqamətini təyin edə bilmir və heç bir tərəfi qiblə təxmin edə bilmir, namaz barəsində onun vəzifəsi nədir? Yəni o, hansı istiqamətə namaz qılmalıdır?
Cavab: Sualda deyilənləri nəzərə alaraq, ehtiyata görə, dörd tərəfə namaz qılmalıdır. Əgər dörd namaz üçün vaxt olmasa, vaxt çatdığı qədər namaz qılmalıdır.
Sual 369: Şimal və cənub qütblərində qiblə necə təyin edilir və namaz necə qılınır?
Cavab: Şimal və cənub qütblərində qiblə istiqamətini təyin etmək üçün namaz qılan şəxsin yaşadığı məntəqədən Yerin səthi ilə Kəbəyə tərəf uzanan ən qısa xəyali xətt təyin edilməlidir. Bu xətt təyin edildikdən sonra həmin tərəfə namaz qılmaq lazımdır.
- Namaz qılanın məkanı
Namaz qılınan məkan
Sual 370: Zalım dövlətin qəsb etdiyi məkanlarda əyləşməyə, namaz qılmağa və ya bu yerlərdən keçib getməyə icazə verilirmi?
Cavab: Qəsb edildiyi məlum olduğu təqdirdə, qəsbi şeyin şəri hökmləri həmin yerə aid olur.
Sual 371: Əvvəllər vəqfi olan və sonralar dövlətin sahiblənərək məktəb tikdirdiyi bir məkanda namaz qılmağın hökmü nədir?
Cavab: Əgər ciddi bir ehtimal verilsə ki, sözügedən sahiblənmə şəri icazə ilə olubdur, həmin məkanda namaz qılmağın maneəsi yoxdur.
Sual 372: Mən bir neçə məktəbdə camaat namazı qılıram. Bu məktəblərdən bəzilərinin torpaq sahəsi sahibinin razılığı olmadan onlardan alınıbdır. Mənim və şagirdlərin bu məkəblərdə namaz qılmağımızın hökmü nədir?
Cavab: Əgər ciddi bir ehtimal verilsə ki, aidiyyatı qurum qanuni və şəri icazə əsasında bu ərazilərdə məktəblər tikmişdir, orada namaz qılmağın maneəsi yoxdur.
Sual 373: Əgər bir şəxs xüms düşən bir səccadənin üstündə və ya xüms düşən bir paltarda bir müddət namaz qılıbdırsa, onun namazlarının hökmü nədir?
Cavab: İndyədək bu səccadədə və ya paltarda qıldığı namazlar düzgündür.
Sual 374: Deyirlər ki, namazda kişilər qadınlardan qabaqda dayanmalıdır. Bu söz düzdürmü?
Cavab: Ehtiyat-vacibə görə, namazda kişi ilə qadın arasında ən azı bir qarış fasilə olmalıdır. Bu halda əgər qadın və kişi paralel dayansalar, yaxud qadın kişidən qabaqda dayansa, hər ikisinin namazı düzgündür.
Sual 375: Məscidlərin daxilində İmam Xomeyninin (r.ə) və İslam İnqilabı şəhidlərinin şəkillərini vurmağın hökmü nədir? Qeyd etməliyik ki, İmam Xomeyninin (r.ə) özü onun şəklinin məscidlərdə vurulmasını istəmədiyini bildiribmiş və ümumiyyətlə, bu işin məkruh olduğuna dair kəlamlar vardır.
Cavab: Maneəsi yoxdur. Amma əgər şəbistanda[1] olsa, yaxşı olar ki, namaz vaxtı şəklin üstü hansısa bir yol ilə örtülsün.
Sual 376: Bir şəxs dövlət balansında olan bir evdə yaşayırmış. Onun bu evdə yaşamaq müddəti başa çatmışdır və evin boşaldılmasına dair qərar ona çatdırılmışdır. Evin boşaldılması üçün verilən müddət başa çatdıqdan sonra bu evdə onun namaz və orucunun hökmü nədir?
Cavab: Əgər evin boşaldılması üçün verilən müddət başa çatdıqdan sonra aidiyyatı qurum bu şəxsin bu evdən istifadə etməsinə icazə verməyibsə, onun bu evdən istifadəsi qəsb hökmündədir.
Sual 377: Üstü şəkilli səccadədə və ya möhürdə namaz qılmaq məkruhdurmu?
Cavab: Öz-özlüyündə maneəsi yoxdur. Amma əgər şiəyə töhmət vuran fərdlərin əlinə bəhanə verəcək bir tərzdə olarsa, onları istehsal etməyə və onlarda namaz qılmağa icazə verilmir. Həmçinin əgər namazda diqqətin yayınmasına və hüzuri-qəlbin aradan getməsinə səbəb olarsa, məkruhdur.
Sual 378: Əgər namaz qılan şəxsin məkanı pak olmazsa, amma səcdə yeri pak olarsa, namaz düzgündürmü?
Cavab: Əgər namaz qılan şəxsin məkanının napaklığı onun paltarına və ya bədəninə sirayət etməzsə və səcdə yeri də pak olarsa, həmin yerdə namaz qılmağın maneəsi yoxdur.
Sual 379: Mənim hal-hazırda işlədiyim idarənin binasının yerləşdiyi ərazi keçmişdə qəbiristanlıq olub. Bu qəbiristanlıq qırx il öncə tərk edilib və otuz il öncə bu bina burada inşa edilib. Hal-hazırda idarənin ətrafındakı bütün ərazilərdə binalar tikilib və qəbiristanlıqdan əsər-əlamət qalmayıb. Deyilənləri nəzərə alaraq, idarə işçilərinin bu idarədə namaz qılmaları şəri baxımdan düzgündürmü, yoxsa yox?
Cavab: Bu idarədə namaz qılmağın və digər istifadələrin maneəsi yoxur. Amma əgər şəri yol ilə sübut olunsa ki, sözügedən binanın inşa edildiyi ərazi ölülərin dəfni üçün vəqf edilibmiş və bu torpaqlara qeyri-şəri yol ilə yiyələnərək orada binalar inşa edilibdir, oradan istifadə etməyin maneəsi vardır.
Sual 380: Mömin gənclər qərara alıblar ki, “əmr bil-məruf” (yaxşı işlərə dəvət) məqsədilə həftədə bir-iki dəfə namazı parklarda qılsınlar. Amma bəziləri belə bir irad bildirirlər ki, parkların ərazisinin malikiyyəti məlum deyildir. Orada namaz qılmağın hökmü nədir?
Cavab: İndiki parklarda və bu kimi başqa yerlərdə namaz qılmağın maneəsi yoxdur və bu ərazilərin qəsbi olma ehtimalına etina olunmur.
Sual 381: Bu şəhərin məktəblərindən birinin ərazisi bir şəxsin mülküdür. Şəhərin xəritəsinə görə, bu ərazidə park salınmalı idi. Amma böyük ehtiyac olduğuna görə və aidiyyatı qurumların razılığı ilə bu ərazidə məktəb tikilməsi planlaşdırıldı. Bu torpaqların sahibi dövlətin bu torpaqlara sahiblənməsinə razı olmadığını və burada namaz qılınmasına və bu kimi işlərə razılıq vermədiyini bildirdiyini nəzərə alaraq, bu məkanda namaz qılmaq barədə öz nəzərinizi bildirərdiniz.
Cavab: Əgər bu torpaq sahəsi onun şəri malikindən İslam Şura Məclisinin qoyduğu və Nigəhban Şurasının təsdiqlədiyi qanun əsasında alınıbsa, orada namaz qılmağın və başqa istifadələrin maneəsi yoxdur.
Sual 382: Bizim şəhərdə iki qonşu məscid vardır ki, aralarındakı divar onları bir-birindən ayırır. Bir müddət əvvəl bir neçə mömin bəndə iki məscidi bir-birinə birləşdirmək üçün onların arasındakı divarın böyük hissəsini uçurtdular. Bu iş, bəzilərində bu iki məsciddə namaz qılmaq barəsində şübhə yaratdı və indi də bu şübhə onların zehnindədir. Xahiş edirəm, bu problemin həll yolunu açıqlayardınız.
Cavab: İki məscid arasındakı divarı götürmək, bu iki məsciddə namaz qılmaq barəsində maneənin yaranmasına səbəb olmur.
Sual 383: Şəhərlər arası böyük yollardakı restoranların kənarında namaz qılmaq üçün məkanlar olur. Əgər bir şəxs həmin restoranda yemək yemirsə, həmin məkanda namaz qıla bilərmi? Yoxsa əvvəlcə icazə almalıdır?
Cavab: Əgər ehtimal versə ki, namazxana restoran sahibinin mülküdür və oradan yalnız həmin restoranda yemək yeyənlər istifadə edə bilərlər, onda icazə almalıdır.
Sual 384: Qəsbi məkanda səccadənin və ya taxta parçası və bu kimi şeylərin üstündə namaz qılan şəxsin namazı düzgündürmü, yoxsa yox?
Cavab: Qəsbi məkanda qılınan namaz düzgün deyildir, baxmayaraq ki, səccadə və ya taxta parçası üstündə qılınıbdır.
Sual 385: Hal-hazırda dövlətin balansında olan bəzi şirkətlər və müəssisələrin bəzi işçiləri burada təşkil edilən camaat namazında iştirak etmirlər. Dəlilləri də budur ki, bu ərazilər onların sahiblərindən şəri məhkəmə vasitəsilə müsadirə edilibdir. Xahiş edirəm, bu barədə öz nəzərinizi bildirin.
Cavab: Əgər müsadirə hökmünü çıxaran hakimin öz qanuni səlahiyyətləri çərçivəsində, habelə, şəri və qanuni meyarlar əsasında hökm çıxardığı ehtimal verilirsə, bu hakimin əməli şəri baxımdan düzgündür. Buna görə də, bu məkanlardan istifadə edilə bilər və qəsb hökmü ona aid olmur.
Sual 386: Əgər məscid hüseyniyyənin kənarında olsa, camaat namazını hüseyniyyədə qılmaq düzgündürmü? Hər ikisində namazın savabı eynidirmi?
Cavab: Şübhə yoxdur ki, məsciddə namaz qılmağın fəziləti qeyri-məsciddə namaz qılmağın fəzilətindən çoxdur. Amma camaat namazını hüseyniyyədə və ya hansısa başqa bir məkanda qılmağın öz-özlüyündə şəri maneəsi yoxdur.
Sual 387: Haram musiqi yayımlanan məkanda namaz qılmaq düzgündürmü, yoxsa yox?
Cavab: Əgər həmin məkanda namaz qılmaq haram musiqini dinləməyə səbəb olacaqsa, orada dayanmağa icazə verilmir, amma namaz düzgündür. Əgər musiqi diqqətin yayınmasına səbəb olacaqsa, həmin məkanda namaz qılmaq məkruhdur.
Sual 388: Əgər qayıqla məmuriyyətə göndərilən şəxslərin namazlarının vaxtı çatsa və həmin vaxt namazlarını qılmasalar, sonra namazı öz vaxtında qıla bilməyəcəklərsə, onların namazının hökmü nədir?
Cavab: Sualda deyilənləri nəzərə alaraq, namazı öz vaxtında mümkün olduğu hər şəkildə, hətta həmin qayığın daxilində belə, qılmaları vacibdir.
[1] Şəbistan – böyük məscidlərin üstü tavanlı və kənarları örtülü hissələridir. Oxşar və bir-birinə paralel sütunlara malikdir və bir tərəfi məscidin daxilinə açılır. Şəbistan, qədim memarlıqda məscid binasının o hissəsi idi ki, insanlar orada ibadət edir və gecələr isə orada yatırdılar.
- Məscidin hökmləri
Məscidin hökmləri
Sual 389: Namazı məhəllə məscidində qılmağın müstəhəb olduğunu nəzərə alaraq, camaat namazı qılmaq üçün məhəllə məscidini boş qoyub, şəhərin cami məscidinə getməyin maneəsi varmı, yoxsa yox?
Cavab: Əgər insan başqa bir məsciddə, xüsusilə də, şəhərin cami məscidində camaat namazı qılmaq üçün məhəllə məscidini boş qoyubsa, maneəsi yoxdur.
Sual 390: Əgər məscidi tikənlər onu özləri və öz qəbilələləri üçün tikdiklərini iddia edirlərsə, bu məsciddə namaz qılmağın hökmü nədir?
Cavab: Məscid ünvanında tikildikdən sonra bu məscid müəyyən qövmə, dəstəyə, qəbiləyə və şəxslərə aid olmur, bütün müsəlmanlar ondan istifadə edə bilərlər.
Sual 391: Qadınlar məsciddə namaz qılsalar daha yaxşıdır, yoxsa evdə?
Cavab: Məsciddə namaz qılmağın fəziləti (üstünlüyü) təkcə kişilərə aid deyildir.
Sual 392: Hal-hazırda Səfa və Mərvə arasında yürüş məkanı ilə Məscidul-həram arasında alçaq bir divar – hündürlüyü yarım metr və eni bir metr olan divar - mövcuddur. Bu divar, Məscidul-həram və yürüş məkanı arasında müştərəkdir. Heyzli qadınların Məscidul-hərama daxil olmalarının qadağan olduğunu nəzərə alaraq, heyzli qadınlar bu divarın üstündə otura bilərlərmi?
Cavab: Maneəsi yoxdur. Amma əgər bu divarın Məscidin bir hissəsi olduğuna yəqinlik hasil olarsa, maneəsi vardır.
Sual 393: Məhəllə məscidində idman məşqləri etmək və ya orada yatmaq olarmı? Bu işləri başqa məscidlərdə etməyin hökmü nədir?
Cavab: Məscid idman etmək yeri deyildir və məscidin şəninə zidd olan işlərdən çəkinmək lazımdır. Məsciddə yatmaq isə məkruhdur.
Sual 394: Məscidin şəbistanından[1] gənclərə elmi-mədəni və hərbi təlimlərin keçirilməsi məqsədilə istifadə etmək olarmı? Bu məqsədlər üçün ayrılan məkanların yetərli qədər olmadığını nəzərə alaraq, bu işləri məscidin eyvanında yerinə yetirmək olarmı?
Cavab: Əgər tədris kurslarının təşkil olunması və bu kimi işlər məscidin şəninə zidd olmazsa, həmçinin camaat namazının təşkil olunmasına və namaz qılanlara maneəçilik törətməzsə, bunun maneəsi yoxdur.
Sual 395: Bəzi məntəqələrdə, xüsusilə də, kəndlərdə toy məclisini məscidlərdə keçirirlər. Belə ki, oxuyub-oynamaq məclisi evdə təşkil olunur, amma nahar və ya şam yeməyi məsciddə verilir. Bu işə şəri baxımdan icazə verilirmi, yoxsa yox?
Cavab: Dəvət olunan qonaqlara məsciddə yemək verməyin öz-özlüyündə maneəsi yoxdur.
Sual 396: Kooperativ şirkətlər yaşayış massivləri tikir. Bu massivlərdə məscid və bu kimi ümumi məkanların tikilməsi barəsində əvvəldə razılıq əldə olunur. Yaşayış mənzilləri kooperativ şirkətin səhmdarlarına təhvil verildiyi bir vaxtda bu səhmdarlardan bəziləri yaşayış mənzilini təhvil alarkən əvvəldə verdikləri razılıqdan dönə və “biz məscidin tikilməsinə razı deyilik” deyə bilərlərmi?
Cavab: Əgər şirkət bütün səhmdarların razılığı ilə məscidi tikibsə və məscid də tikilib vəqf edilibsə, bəzi səhmdarların əvvəldə verdikləri razılıqdan dönmələrinin heç bir təsiri yoxdur. Amma əgər məscidin şəri vəqfi gerçəkləşməmişdən qabaq onlardan bəziləri öz razılıqlarından dönsələr, bütün səhmdarlara aid olan torpaq sahəsində onların əmlakı ilə onların razılığı olmadan məscid tikməyə icazə verilmir. Amma əgər “lazım əqd”[2] əsnasında onların hamısı qarşısında şərt qoyulmuş olsa ki, şirkətin torpağının bir hissəsi məscidin tikintisinə aiddir və onlar da bu şərti qəbul etmişdirlərsə, bu təqdirdə öz razılıqlarından dönmək haqları yoxdur və öz razılıqlarından dönmələrinin də bir təsiri yoxdur.
Sual 397: Qeyri-islam mədəniyyətin basqısına qarşı mübarizə aparmaq məqsədilə “ilahi nəğmələr qrupu” təşkil edərək, ibtidai və orta sinif şagirdlərindən təxminən otuz nəfəri məscidə toplamışıq. Onlar öz səviyyələrinə uyğun şəkildə Qurani-Kərim, əhkam və əxlaq dərslərini öyrənirlər. Bu işi görməyin hökmü nədir? Bu qrup musiqi aləti olan sintizatordan istifadə edə bilərmi və bunun hökmü nədir? Şəri qaydalara, habelə, İran İslam Respublikasının “Media və Yayım şirkəti”nin və Mədəniyyət nazirliyinin qanunlarına riayət edərək, məsciddə bu musiqi aləti ilə ifaları məşq etməyin hökmü nədir?
Cavab: Məsciddə Quran, əhkam və İslam əxlaqını təlim etməyin, həmçinin ilahi nəğmələr və marşlar ifa etməyin maneəsi yoxdur. Amma hər halda məscidin şənini, müqəddəsliyini və məqamını qorumaq vacibdir. Məscidin şəninə və məqamına zidd olan işlərdən çəkinmək lazımdır. Namaz qılanlara da maneəçilik törətmək olmaz.
Sual 398: İran İslam Respublikasının Mədəniyyət nazirliyinin istehsal etdiyi kinofilmləri məsciddə Quran kurslarında iştirak edənlər üçün nümayiş etdirməyin şəri maneəsi vardırmı, yoxsa yox?
Cavab: Məscidi kinofilmlərin nümayiş etdirildiyi məkana çevirmək olmaz. Amma müəyyən münasibətlərlə əlaqədar və ehtiyac olduğu halda, habelə, məscidin imam-camaatının nəzarəti altında faydalı və tərbiyəvi məzmuna malik dini və inqilabi kinofilmləri nümayiş etdirməyin maneəsi yoxdur.
Sual 399: Məsum İmamların (ə) mövludu münasibətilə məsciddən şən nəğmələrin yayımlanmasının şəri baxımdan maneəsi vardırmı?
Cavab: Aydın məsələdir ki, məscidin şəri baxımdan xüsusi mövqeyi vardır. Odur ki, əgər məsciddən musiqinin yayımlanması onun hörmətinə zidd olarsa, hətta yayımlanan musiqi halal musiqi olsa belə, bu iş haramdır.
Sual 400: Məscidin səsucaldanlarından - səsi məsciddən kənarda yayımlayan səsucaldanlardan - hansı vaxtadək istifadə etmək olar? Azandan qabaq inqilabi nəğmələri və ya Qurani-Kərimin qiraətini yayımlamağın hökmü nədir?
Cavab: Qonşuların və məhəllə sakinlərinin narahatçılığına səbəb olmayan vaxtlarda - azandan bir neçə dəqiqə qabaq Qurani-Kərimin qiraətini yayımlamağın maneəsi yoxdur.
Sual 401: Cami məscid hansı məscidə deyilir?
Cavab: Cami məscid, hansısa bir dəstəyə və təbəqəyə aid olmayan və bütün şəhər əhalisinin toplaşması üçün şəhərdə tikilən bir məsciddir.
Sual 402: Bir məscidin tavanlı bir hissəsi təxminən otuz ildir ki, tərk edilib və xarabalığa çevrilibdir, orada artıq namaz qılınmır. Oranın bir tərəfindən anbar kimi istifadə edilir. Könüllülər dəstəsi təxminən on beş ildir ki, məscidin bu hissəsində yerləşiblər. Onlar burada müəyyən təmir işləri aparıblar. Çünki olduqca əlverişsiz şəraitdə idi və tavan da uçmaq üzrə idi. Könüllülər dəstəsinin üzvü olan qardaşlar məscidin şəri hökmlərini bilmədiklərinə və bilən şəxslər də onları məlumatlandırmadığına görə onlar məscidin bu hissəsində bir neçə otaq tikiblər. Bu işə xeyli pul xərcləyiblər və hal-hazırda tikinti işləri bitmək üzrədir. Xahiş edirəm, aşağıdakı halların şəri hökmünü açıqlayın:
1) Bu işi görənlərin və bu işə nəzarət edənlərin şəri hökmü bilmədiklərini nəzərə alaraq, onlar beytülmaldan xərclənən məbləğə zamindirlərmi? Onlar günah işlədiblərmi?
2) Çəkilən xərclərin beytülmaldan olduğunu nəzərə alaraq, icazə verirsinizmi ki, məscidin bu hissəsinə ehtiyac olmayanadək və orada namaz qılınmayanadək bu otaqlardan məscidin şəri hökmlərinə tam riayət edərək təlim işləri üçün, məsələn, Qurani-Kərimin, şəri hökmlərin təlimi, həmçinin məscidin digər işləri üçün istifadə edilsin? Otaqları uçurtmaq vacibdirmi?Cavab: Məscidin tavanlı hissəsində tikilən otaqları uçurub məscidi əvvəlki vəziyyətinə gətirmək vacibdir. Əgər otaqları tikmək və bu işə vəsait xərcləmək bilərəkdən həddi aşmaq və məsuliyyətsizlik üzündən olmayıbsa, bu xərclərə kiminsə zamin olması məlum deyildir. Məscidin tavanlı hissəsindən Qurani-Kərimin, şəri hökmlərin və dini maarifin təlimi, həmçinin dini mərasimlərin təşkili üçün istifadə edilməsi, namaz qılanlara maneçilik yaratmadığı və məscidin imam-camaatının nəzarəti altında olduğu təqdirdə, maneəsi yoxdur. Könüllülər dəstəsinin məsciddə davamlı iştirak etmələri, həmçinin namaz və bu kimi ibadi vəzifələrin yerinə yetirilməsində əngəl yaranmaması üçün imam-camaat, könüllülər dəstəsi və məscidin digər məsulları əməkdaşlıq etməlidirlər.
Sual 403: Prospektlərdən birinin genişləndirilməsi layihəsində bir neçə məscid plana düşür. Nəqliyyat vasitələrinin hərəkətinin asanlaşması üçün bu məscidlərdən bir neçəsi bütünlüklə, digərlərinin isə bəzi hissələri sökülməlidir. Xahiş edirəm, bu barədə öz nəzərinizi açıqlayın.
Cavab: Məscidi bütünlüklə sökməyə və ya məscidin bir hissəsini sökməyə icazə verilmir. Amma əgər ortada elə bir fayda və xeyir olsa ki, ona əhəmiyyət verməmək və etina etməmək mümkün deyildir, bu təqdirdə icazə verilir.
Sual 404: Məscidin suyundan şəxsi ehtiyac üçün az miqdarda istifadə etmək olarmı? Məsələn, mağazaçılar bu sudan içmək və çay hazırlamaq, yaxud maşına tökmək üçün istifadə edə bilərlərmi? Nəzərə almalıyıq ki, məscidin bu işlərə qadağa qoyan xüsusi bir vəqf edəni yoxdur.
Cavab: Əgər suyun yalnız namaz qılanların dəstəmaz almaları üçün vəqf edildiyi məlum olmazsa və məscidin məhəlləsində qayda belə olsa ki, qonşular və məhəllədən keçib gedənlər də onun suyundan istifadə edirlərsə, bu halda maneəsi yoxdur. Baxmayaraq ki, bu xüsusda ehtiyat etmək bəyənilir.
Sual 405: Bir qəbiristanlığın qonşuluğunda bir məscid vardır. Qəbir əhlini ziyarət edən bəzi möminlər məscidin suyundan öz mərhumlarının qəbirləri üstünə su tökmək üçün istifadə edirlər. Biz bu suyun ümumi olduğunu, yoxsa xüsusilə məscidə vəqf edildiyini bilmirik. Xüsusilə məscidə vəqf edilmədiyi fərz edilsə belə, dəstəmaz almağa və ayaqyoluna getməyə məxsus olub-olmadığı məlum deyildir. Bu sudan sözügedən məqsəd üçün istifadə etmək olarmı?
Cavab: Əgər qəbirlərin üstünə su tökmək üçün məscidin suyundan istifadə etmək bir adət halındadırsa və kimsə buna etiraz etmirsə, habelə, bu suyun xüsusilə dəstəmaz və təharət işləri üçün vəqf edildiyinə dair bir dəlil-sübut yoxdursa, bu sudan sözügedən məqsəd üçün istifadə etməyin maneəsi yoxdur.
Sual 406: Əgər məscidin təmirə ehtiyacı varsa, bu işi görmək üçün şəri-hakimdən və ya onun vəkilindən (nümayəndəsindən) icazə almaq vacibdirmi?
Cavab: Əgər təmir könüllü şəkildə və xeyriyyəçilik məqsədilə olarsa, şəri-hakimin icazəsinə ehtiyac yoxdur.
Sual 407: Mən məhəllə məscidində dəfn olunmağımı vəsiyyət edə bilərəmmi? Mən bu məscid üçün çox zəhmət çəkmişəm və buna görə də, məscidin daxilində və ya həyətində dəfn olunmaq istəyirəm?
Cavab: Əgər “vəqf cümlələri” oxunarkən “meyit dəfni” istisna edilməyibsə, məsciddə meyit dəfninə icazə verilmir. Sizin bu barədə olan vəsiyyətinizin əhəmiyyəti yoxdur.
Sual 408: Bir məscid təxminən iyirmi il bundan qabaq tikilib və ona “İmam Zaman (ə.f) məscidi” adı verilib. Amma bu adın “vəqf cümlələri”ndə qeyd olunduğu məlum deyildir. Məscidin adını dəyişib, “Cami məscidi” qoymağın hökmü nədir?
Cavab: Məscidin sadəcə adını dəyişməyin bir maneəsi yoxdur.
Sual 409: Bir məscid möminlərin xeyriyyəçilik məqsədilə verdikləri vəsait və məscidə aid nəzirlər hesabına işıqlandırma və havalandırma sistemi ilə təchiz olunubdur. Məhəllə sakinlərindən kimsə vəfat edəndə, məsciddə onun üçün yas məclisi qurulur və məscidin işıqlarından və havalandırma sistemindən istifadə edilir. Yas məclisinin sahibi bu xidmətlərin xərcini vermir. Şəri baxımdan buna icazə verilirmi?
Cavab: Yas məclislərində və bu kimi məclislərdə məscidin imkanlarından istifadə etmək məsələsi, bu imkanların məscid üçün hansı şəkildə vəqf və nəzir edildiyinə bağlıdır.
Sual 410: Bir kənddə yeni tikilən bir məscid vardır ki, əvvəlki məscidin yerində tikilibdir. Bu məscidin bir hissəsində - belə ki, bu hissənin yeri əvvəlki məscidin yerinə daxildir – şəri hökmü bilməmək üzündən çay hazırlamaq və bu kimi işlər üçün bir otaq tikilibdir. Həmçinin məscidin şəbistanının bir hissəsində yarım mərtəbədə bir kitabxana qurulub. Xahiş edirəm, bu barədə öz nəzərinizi bildirin.
Cavab: Əvvəlki məscidə aid olan yerdə çay hazırlamaq üçün otaq tikmək düzgün deyildir və bu yerin məscid halına gətirilməsi vacibdir. Məscidin şəbistanındakı yarım mərtəbə də məscid hökmündədir və məscidin şəri hökmlərini daşıyır. Amma orada kitab rəfləri qoymaq və mütaliə etməyə gəlincə, əgər namaz qılanlara maneçilik törətməzsə, maneəsi yoxdur.
Sual 411: Aşağıdakı məsələ barədə sizin nəzəriniz nədir?
Kəndlərin birində uçulub-dağılmaq üzrə olan bir məscid vardır. Amma onu sökmək üçün heç bir səbəb yoxdur, çünki yolu da kəsmir. Bu məscidi tamamilə sökmək olarmı? Həmçinin bu məscidin bir qədər əşyası vardır. Bunlar kimə verilməlidir?Cavab: Məscidi sökmək və uçurmaq olmaz. Ümumiyyətlə, məscidi sökmək onu məscid olmaqdan xaric etmir. Məscidin əşyaları əgər həmin məsciddə istifadə edilmirsə, istifadə edilməsi üçün onları başqa məscidlərə aparmağın maneəsi yoxdur.
Sual 412: Məscidin binasına müdaxilə etmədən şəbistanının bir tərəfində muzey düzəltməyə şəri baxımdan icazə verilirmi? Necə ki, hal-hazırda kitabxana məscidin bir tərəfində düzəldilir.
Cavab: Əgər şəbistanın bir tərəfində muzey və ya kitabxana düzəltmək şəbistanın vəqfinə zidd olarsa və ya məscid binasının dəyişməsinə səbəb olarsa, bu işə icazə verilmir. Yaxşı olar ki, bu məqsədlər üçün məscidin kənarında bir yer təşkil olunsun.
Sual 413: Vəqfi bir yerdə məscid, dini elmlər mədrəsəsi və ümumi kitabxana tikilibdir və hamısı fəaliyyət göstərməkdədir. Amma hal-hazırda bu yer İcra Hakimiyyəti tərəfindən plana düşübdür. Bu obyektlərin uçurulması və vəsaitin alınması barəsində İcra Hakimiyyəti ilə hansı şəkildə əməkdaşlıq etmək lazımdır ki, bu obyektlər üçün daha yaxşı binalar tikilsin?
Cavab: Əgər İcra Hakimiyyəti bu obyektləri uçurub əvəzində vəsait verirsə və bu vəsaiti təhvil verirsə, maneəsi yoxdur. Amma məscidi və vəqfi mədrəsəni uçurmağa öz-özlüyündə icazə verilmir. Yalnız o təqdirdə icazə verilir ki, etina etməməyin qeyri-mümkün olduğu bir məsləhət bunu tələb edir.
Sual 414: Məscidi genişləndirmək üçün onun sahəsindən bir neçə ağac çıxarmaq lazımdır. Məscidin sahəsinin böyük olduğunu və orada çoxsayda ağacların olduğunu nəzərə alaraq, bu işə icazə verilirmi?
Cavab: Əgər bu iş vəqfi dəyişdirmək hesab olunmazsa, maneəsi yoxdur.
Sual 415: Bir məscid İcra Hakimiyyətinin abadlaşdırma layihəsində plana düşmüşdür. Yol çəkildiyinə görə məscid binasının bir hissəsi məcburiyyətdən sökülmüşdür. Bu yerin hökmü nədir?
Cavab: Əgər məcsidin əvvəlki vəziyyətinə qayıtması ehtimalı mövcud olmazsa, bu yer daha məscidin şəri hökmlərini daşımır.
Sual 416: Əgər bir məscid uçulub-dağılıbsa və məsciddən bir əsər-əlamət qalmayıbsa, məsələn, kənd tərk edilərək xarabalığa çevrilibsə, yaxud məscidin yerində başqa bir bina tikilibsə və orada məscidin yenidən bərpa edilməsinə ümid yoxdursa, həmin yeri napak etmək haramdırmı və oranı paklamaq vacibdirmi?
Cavab: Suala əsasən, bu yeri napak etmək haram deyildir. Baxmayaraq ki, napak etməmək ehtiyata müvafiqdir.
Sual 417: Bir müddətdir ki, məscidlərin birində camaat namazı qılıram və məscidin vəqfinin şərtləri barədə məlumatım yoxdur. Məscidin xərcləri baxımından müəyyən çətinliklərin mövcud olduğunu nəzərə alaraq, məscidin zirzəmisini məscidin şəninə uyğun olan bir iş üçün icarəyə vermək olarmı?
Cavab: Əgər zirzəmi məscid adını daşımırsa və məscidin ehtiyacı olan yerlərdən də deyilsə, habelə, onun vəqfi “intifa vəqfi”[3] deyilsə, maneəsi yoxdur.
Sual 418: Məscidin işlərini idarə etmək üçün vəsait olmadığına görə məscidin idarə heyəti qərara alıbdır ki, məscidin tavintifa anlı hissəsində zirzəmi düzəltsinlər və məscidə xidmət üçün oradan emalatxana və ümumi yerlər kimi istifadə etsinlər. Bu işə icazə verilirmi?
Cavab: Emalatxana və bu kimi yerlərin yaradılması üçün məscidin yerini qazmağa icazə verilmir.
Sual 419: Ümumiyyətlə, kafirlər müsəlmanların məscidlərinə daxil ola bilərlərmi, hətta tarixi abidələrə baxmaq məqsədilə olsa belə?
Cavab: Kafirlərin Məscidul-hərama daxil olmaları şəri baxımdan qadağandır. Başqa məscidlərə daxil olmaları isə əgər məscidə hörmətsizlik hesab olunarsa, icazə verilmir, hətta başqa məscidlərə də daxil olmasınlar.
Sual 420: Kafirlərin tikdikləri məsciddə namaz qılmağa icazə verilirmi?
Cavab: Maneəsi yoxdur.
Sual 421: Əgər bir kafir könüllü şəkildə müəyyən bir məbləği məscid binası üçün verərsə və ya başqa bir köməklik edərsə, onu qəbul etməyə icazə verilirmi?
Cavab: Maneəsi yoxdur.
Sual 422: Əgər bir şəxs gecə məscidə gəlsə və orada yatıb möhtəlim olsa, oyandıqdan sonra məsciddən xaric olmaq onun üçün mümkün olmasa, vəzifəsi nədir?
Cavab: Əgər məsciddən çıxıb başqa bir yerə getmək onun üçün mümkün olmasa, dərhal təyəmmüm etməlidir ki, məsciddə qalmaq ona halal olsun.
[1] Şəbistan – böyük məscidlərin üstü tavanlı və kənarları örtülü hissələridir. Oxşar və bir-birinə paralel sütunlara malikdir və bir tərəfi məscidin daxilinə açılır. Şəbistan, qədim memarlıqda məscid binasının o hissəsi idi ki, insanlar orada ibadət edir və gecələr isə orada yatırdılar.
[2] Lazım əqd – bu müqavilədə tərəflərdən heç birinin müqaviləni pozmaq haqqı yoxdur.
[3] “İntifa vəqfi”ndə maddi gəlir əldə etmək nəzərdə tutulmayıbdır və “moqufun-ələyhim”, vəqf edilən əmlakdan yalnız istifadə edir. Məsələn, torpaq sahibi öz torpaq sahəsini vəqf edir ki, orada məktəb tikilib istifadəyə verilsin.
- Başqa dini məkanların hökmləri
Başqa dini məkanların hökmləri
Sual 423: Hüseyniyyəni müəyyən şəxslərin adına qeydiyyata salmağa şəri baxımdan icazə verilirmi?
Cavab: Əgər bir hüseyniyyə dini məclislərin təşkil edilməsi üçün ümumi vəqf edilibsə, onu “şəxsi mülk” kimi qeydiyyata salmağa icazə verilmir. Onu müəyyən şəxslərin adına “vəqfi mülk” kimi qeydiyyata salmaq isə zəruri deyildir. Hər halda, onu müəyyən şəxslərin adına“vəqfi mülk” kimi qeydiyyata salanda, yaxşı olar ki, bu hüseyniyyənin tikintisində iştirakı olna bütün şəxslərin icazəsi və razılığı olsun.
Sual 424: “Şəriət hökmlərinin izahı” adlı kitablarda qeyd olunub ki, cənabətli və heyzli şəxs İmamların (ə) hərəminə daxil ola bilməz. Xahiş edirəm, izah edəsiniz ki, “hərəm” dedikdə, gümbəzin altı nəzərdə tutulur, yoxsa bura birləşən bütün otaqlar və tikililər də nəzərdə tutulur?
Cavab: “Hərəm” dedikdə, mübarək gümbəzin altı və müqəddəs məzarın yerləşdiyi yer nəzərdə tutulur. Bura birləşən otaqlar və şəbistanlar hərəm hökmündə deyildir, bura cənabətli və heyzli şəxsin daxil olmasının maneəsi yoxdur. Yalnız məscid adlanan tikiliyə daxil ola bilməz.
Sual 425: Qədim bir məscidin yanında bir hüseyniyyə tikilibdir. Hal-hazırda namaz qılanlar qədim məscidə sığmırlar. Hüseyniyyəni məscidə birləşdirmək və ondan məscid ünvanında istifadə etmək olarmı?
Cavab: Hüseyniyyədə namaz qılmağın maneəsi yoxdur. Amma əgər hüseyniyyə, şəri baxımdan düzgün qaydada hüseyniyyə ünvanında vəqf edilibsə, onu məscidə çevirməyə icazə verilmir. Həmçinin onu məscid ünvanında məscidə birləşdirməyə də icazə verilmir.
Sual 426: İmamzadələrin (ə) ziyarətgahına nəzir edilən xalçalardan və əşyalardan məhəllənin cami məscidində istifadə etməyin hökmü nədir?
Cavab: Əgər ziyarətgahın və oranın zəvvarlarının onlara ehtiyacı yoxdursa, maneəsi yoxdur.
Sual 427: Həzrət Əbəlfəzlin (ə) və başqalarının adına qurulan çadırlar məscid hökmündədirmi? Zəhmət olmasa, onların hökmlərini açıqlayın.
Cavab: Bu çadırlar və hüseyniyyələr məscid hökmündə deyildir.
- Namaz qılanın paltarı
Namaz qılanın paltarı
Sual 428: Napak olub-olmadığına şəkk etdiyim bir paltarda namaz qılmağım düzgündürmü?
Cavab: Napak olub-olmadığına şəkk edilən bir paltar əgər öncədən napak deyildisə, bu paltar pak hökmündədir və bu paltarda namaz qılmaq düzgündür.
Sual 429: Almaniyadan aldığım dəri kəmərin təbii, yoxsa süni dəri olduğuna, həmçinin şəri qaydada kəsilən heyvanın dərisindən olub-olmadığına şəkk edirəm. Bu kəmərlə namaz qılmağın hökmü nədir? Bu kəmərlə qıldığım namazların hökmü nədir?
Cavab: Əgər dərinin təbii, yoxsa süni olduğuna şəkk etsəniz, onunla namaz qılmağın maneəsi yoxdur. Amma əgər dərinin təbii olduğu dəqiqləşdikdən sonra şəri qaydada kəsilən heyvanın dərisindən olub-olmadığına şəkk etsəniz, bu dəri napak deyildir, amma onunla qılınan namaz düzgün deyildir. Bu hökmü bilmədiyiniz halda qıldığınız namazların qəzası yoxdur.
Sual 430: Əgər bir şəxs bədənində və ya paltarında nəcasətin olmadığına əmin olsa və namaz qılsa, amma sonradan bədəninin və ya paltarının napak olduğu məlum olsa, onun namazı düzgün deyildir? Əgər onun bədəni və ya paltarı namaz əsnasında napak olsa, onun namazının hökmü nədir?
Cavab: Əgər bir şəxs bədəninin və ya paltarının napak olduğunu əsla bilməsə və bunu namazdan sonra başa düşsə, onun namazı düzgündür və namazı yenidən qılmaq və ya qəzasını qılmaq vacib deyildir. Amma əgər bir şəxsin bədəni və ya paltarı namaz əsnasında napak olsa[1], bu təqdirdə əgər namaza zidd olan bir əməli yerinə yetirmədən bədəndən nəcasəti təmizləmək və ya paltarı çıxarmaq mümkün olarsa, o, bədəninin nəcasətini təmizləməli və ya napak paltarı əynindən çıxarmalı və namazını tamamlamalıdır. Amma əgər namaz surətini qorumaq şərtilə nəcasəti kənarlaşdırmaq mümkün olmazsa və namaz vaxtı da geniş olarsa, bu şəxs namazı kəsməli və pak bədən və paltarla namazı yenidən qılmalıdır.
Sual 431: Bir şəxs bir müddət öz namazlarını şəri kəsim olduğu şübhəli olan heyvanın dərisi onun üstündə olduğu halda qılmışdır. Onun qıldığı namazların hökmü nədir?
Cavab: Şəri kəsim olduğu şübhəli olan heyvanın ətini yemək haramdır və onun dərisi ilə namaz qılmaq olmaz. Bu baxımından şəri kəsim olduğu şübhəli olan heyvan “murdar olan heyvan” hökmündədir, amma napak deyildir. Əgər bir şəxs bu hökmü bilməyib belə bir paltarda namaz qılıbsa, qıldığı namazlar düzgündür.
Sual 432: Qadın namaz əsnasında saçlarının bir hissəsinin göründüyünü başa düşür və dərhal onları örtür. O, namazını yenidən qılmalıdırmı, yoxsa yox?
Cavab: Suala əsasən, o, dərhal örtündüyünə görə namazı yenidən qılması vacib deyildir.
Sual 433: Bir şəxs məcbur qaldığına görə sidiyin məxrəcini daş ya çubuq ya başqa bir şeylə təmizləyir və evə gələndə onu su ilə paklayır. Bu şəxs namaz qılanda alt paltarını dəyişməli və ya paklamalıdırmı?
Cavab: Əgər onun paltarı sidiyin rütubəti ilə napak olmayıbsa, paltarı paklamaq vacib deyildir.
Sual 434: Xaricdən gətirilən bəzi sənaye texnikalarını işə salmaq yalnız xarici mütəxəssislərin əməkdaşlığı ilə mümkündür. Onlar isə İslam fiqhi baxımından kafir və napakdırlar. Qeyd etmək lazımdır ki, həmin texnikaların işə salınması üçün yağ və başqa maddələrdən istifadə edilir və bu maddələr əl ilə tökülür. Buna görə də, bu texnikaların pak olması mümkün deyildir. Digər tərəfdən, iş zamanı işçilərin paltarı və bədəni bu texnikalarla təmasda olur və namaz vaxtı paltarı və bədəni tam şəkildə paklamaq fürsəti olmur. Bu işçilərin namaz barəsində vəzifəsi nədir?
Cavab: Əgər sənaye qurğularını və aparatlarını işə salan kafirin kitab-əhli olduğu – belə ki, kitab-əhli pak hökmündədirlər – və ya iş zamanı əlinə əlcək geyindiyi ehtimal verilərsə, sırf bu texnikaların kafir tərəfindən işə salınması onların napak olduğuna yəqinlik yaratmır. Əgər bu texnikanların napak olduğuna və iş zamanı işçinin bədən və paltarının “keçici rütubət” vasitəsilə onunla təmasda olduğuna yəqinlik yaranarsa, namaz üçün bədəni paklamaq vacibdir. Paltarı da ya dəyişməli, ya da paklamalıdır.
Sual 435: Əgər namazda insanın üstündə və ya cibində qana bulaşaraq napak olmuş dəsmal və ya bu kimi bir şey olarsa, onun namazı düzgün deyildir?
Cavab: Əgər dəsmal kiçik olarsa və onunla övrəti (ayıb yeri) örtmək mümkün olmazsa, onun namazda insanın üstündə olmasının maneəsi yoxdur.
Sual 436: Tərkibində spirt olan indiki ətirlərlə ətirlənmiş paltarda namaz qılmaq düzgündürmü?
Cavab: Əgər insan bu ətirlərin napak olduğunu bilməsə, həmin paltarla namaz qılmağın maneəsi yoxdur.
Sual 437: Qadın namazda bədənin hansı hissələrini örtməlidir? Qısaqol paltar geyinməyin və ya corab geyinməməyin maneəsi varmı?
Cavab: Qadın namazda bədəni tam şəkildə örtən bir geyimlə bütün bədənini və saçlarını örtməlidir. Amma üzün dəstəmazda yuyulan hissəsi, həmçinin biləyə qədər əllər və oynağa qədər ayaqlar istisna təşkil edir və örtülməyə bilər. Naməhrəm kişi qadını gördüyü təqdirdə isə, ayaqlarını da örtməlidir.
Sual 438: Namazda ayağın üstünü örtmək qadına vacibdirmi?
Cavab: Naməhrəm görmədiyi təqdirdə ayaqları oynağa qədər örtmək vacib deyildir.
Sual 439: Hicablanarkən və namaz qılarkən çənəni tam örtmək vacibdirmi? Yoxsa təkcə çənənin altı örtülməlidir? Çənənin örtülməsinin vacibliyi üzü örtməyin müqəddiməsidirmi, belə ki, bu müqəddimə şəri baxımdan vacibdir?
Cavab: Çənənin özünü deyil, altını örtmək vacibdir, çünki çənə üzün bir hissəsidir.
Sual 440: Əgər övrəti örtmək üçün kifayət etməyən napak bir şey namazda insanın üstündə olarsa, namaz qılan şəxs şəri hökmü, yaxud mövzunu (yəni həmin şeyin onun üstündə olmasını) unutduğu və ya bilmədiyi təqdirdə onun namazının düzgün olduğuna hökm verilirmi? Yoxsa bu məsələ, “hökmiyyə şübhəsi”[2] və “mövzuiyyə şübhəsi”nə[3] də şamil olur?
Cavab: Yalnız unutmaq və ya bilməmək hallarına aid deyildir. Hətta insan övrəti örtmək üçün kifayət etməyən napak bir şeyin onun üstündə olduğunu bilsə belə, namazı düzgündür.
Sual 441: Namazda insanın paltarında pişik tükü və ya pişiyin ağzının suyunun olması namazın düzgün olmamasına səbəb olurmu?
Cavab: Bəli, namazın düzgün olmamasına səbəb olur.
- Qızıl və gümüşdən istifadə etmək
Qızıl və gümüşdən istifadə etmək
Sual 442: Kişilərin qızıl üzük taxmasının - xüsusilə də, namazda – hökmü nədir?
Cavab: Kişilərin qızıl üzük taxmasına heç bir halda icazə verilmir və qızıl üzüklə qılınan namaz, ehtiyat-vacibə görə, düzgün deyildir.
Sual 443: Kişilərin ağ qızıldan olan üzük taxmasının hökmü nədir?
Cavab: Əgər ağ qızıl adlanan şey, elə sarı qızıl olub ona müəyyən maddənin qatılması ilə rəngi ağarıbsa, ondan istifadə etmək kişilərə haramdır. Amma əgər onun tərkibində qızıl çox az olsa və ürfdə ona qızıl deyilməsə, kişilərin ondan istifadə etmələrinin maneəsi yoxdur. Platindən də istifadə etmələrinin maneəsi yoxdur.
Sual 444: Zinət məqsədi olmadan – belə ki, başqaları görmədən - qızıldan istifadə etməyin şəri baxımdan maneəsi varmı?
Cavab: Qızıldan istifadə etmək – istər üzük halqası olsun, istər qeyri bir şey – kişilər üçün birmənalı olaraq haramdır, baxmayaraq ki, zinət məqsədi yoxdur və başqaları da görmür.
Sual 445: Kişilərin az bir müddət üçün qızıldan istifadə etmələrinin hökmü nədir? Çoxları belə deyir ki, kişilərin az bir müddət üçün, məsələn, nikah vaxtı qızıldan istifadə etmələrinin maneəsi yoxdur.
Cavab: Kişilərin qızıldan istifadə etmələri haramdır və az, yaxud çox müddət arasında fərq yoxdur.
Sual 446:
1) “Qızıl ilə bəzənmək” dedikdə, kişilərin ümumiyyətlə qızıldan istifadə etmələri, hətta sümüyün cərrahiyyə əməliyyatında və dişlərin düzəldilməsində belə istifadə etmələri nəzərdə tutulur?
2) Bizim şəhərimizdə təzə evlənən gənclərin sarı qızıldan üzük taxmaları bir adətdir. Bu əməl camaatın nəzərində kişi üçün zinət hesab olunmur, əksinə, ailə həyatının başlanması əlaməti hesab olunur. Bu barədə sizin nəzəriniz nədir?Cavab:
1) Sualda qeyd edilən hallarda (yəni sümüyün cərrahiyyə əməliyyatında və dişlərin düzəldilməsində) kişilərin qızıldan istifadə etmələri “zinət və bəzənmək” adlanmadığı üçün bunun maneəsi yoxdur.
2) Kişilərin qızıldan üzük taxmaları hər bir halda haramdır.Sual 447: Kişilərə aid olan və qadınların istifadə etmədikləri qızıl bəzək əşyalarının düzəldilməsi və satılmasının hökmü nədir?
Cavab: Kişilərin istifadə etmələri məqsədilə qızıl bəzək əşyalarınının düzəldilməsi haramdır və onların bu məqsədlə alğı-satqısına icazə verilmir.
Sual 448: Bəzi qonaqlıqlarda şirniyyatın gümüş qablara qoyulduğunu görürük. Bu iş gümüş qabda təam yemək hesab olunurmu? Bunun hökmü nədir?
Cavab: Əgər yemək məqsədilə gümüş qabdan təam götürmək, gümüş qabda yemək-içmək hesab olunursa, haramdır.
Sual 449: Dişin üstünə qızıl qapaq qoymağın maneəsi varmı? Platin qapaq qoymaq necə?
Cavab: Dişin üstünə qızıl və ya platin qapaq qoymağın maneəsi yoxdur.
- Azan və iqamə
Azan və iqamə
Sual 450: Bizim kəndimizin müəzzini mübarək ramazan ayında sübh azanını öz vaxtından bir neçə dəqiqə qabaq deyir ki, camaat azanın ortasına və ya axırına qədər yeyib-içməyi davam etdirə bilsinlər. Bu iş düzgündürmü?
Cavab: Əgər azanın deyilməsi camaatı çaşqınlığa salmazsa və fəcrin doğmasının elanı ünvanında olmaza, maneəsi yoxdur.
Sual 451: Bəzi şəxslər namaz vaxtının daxil olduğunu elan etmək üçün camaatın get-gəl etdiyi yollarda cəm şəklində azan deyirlər. Həmd olsun Allaha ki, bu işin məntəqədə aşkar fəsadın qarşısının alınmasında böyük təsiri olmuş və camaatın, xüsusilə gənclərin vaxtın əvvəlində namaz qılmalarına səbəb olmuşdur. Amma bir nəfər deyir ki, bu iş İslam dinində gəlməmişdir və bidətdir. Onun sözü bu xüsusda şübhə yaranmasına səbəb olmuşdur. Sizin bu barədə nəzəriniz nədir?
Cavab: Gündəlik vacib namazların vaxtının daxil olmasını elan etmək üçün azan deyilməsi və eşidənlərin onu təkrar etmələri şəriətdə təkid olunan müstəhəb əməllərdəndir. Camaatın get-gəl etdiyi yollarda cəm şəklində azan demək, əgər yolun bağlanmasına və ya ətrafdakıların əziyyətinə səbəb olmazsa, maneəsi yoxdur.
Sual 452: Uca səslə azan deməyin böyük savabı olan ibadi-siyasi bir əməl olduğunu nəzərə alaraq, bir qrup mömin şəxs qərara alıb ki, öz evlərinin damında, xüsusilə də, sübh namazı üçün səsucaldansız azan desinlər. Sualım budur ki, bəzi qonşular buna etiraz bildirdikləri təqdirdə bu işin hökmü nədir?
Cavab: Evin damında adi qaydada azan deməyin maneəsi yoxdur.
Sual 453: Mübarək ramazan ayının səhər dualarını hamının eşitməsi üçün məscidin səsucaladını ilə yayımlamağın hökmü nədir?
Cavab: Mübarək ramazan ayının gecələrində Quran və dua oxumaq, dini mərasimlərdə iştirak etmək üçün camaatın əksəriyyətinin oyaq qaldığı məntəqələrdə bu işi etməyin maneəsi yoxdur. Amma əgər məscidin qonşuluğunda olanların əziyyətinə səbəb olarsa, icazə verilmir.
Sual 454: Məscidin və ya bu kimi məkanların səsucaldanı vasitəsilə sübh azanından qabaq Quran tilavətinin və azandan sonra duaların yayımlanmasına icazə verilirmi? Qeyd edək ki, səs çox yüksək olduğuna görə bir neçə kilometrdən eşidilir, həmçinin bu proqram bəzən yarım saatdan çox çəkir.
Cavab: Sübh namazının vaxtının daxil olduğunu elan etmək üçün səsucaldan vasitəsilə adi qaydada azan yayımlamağın maneəsi yoxdur. Amma əgər məscidin səsucaldanından Quran tilavətinin və duaların yayımlanması qonşuların əziyyət çəkmələrinə səbəb olarsa, buna icazə verilmir.
Sual 455: Kişi namazda qadının azanı ilə kifayətlənə bilərmi?
Cavab: Kişinin qadının azanı ilə kifayətlənməsi məhəlli-işkaldır.
Sual 456: Əmirəl-möminin Əli ibn Əbu Talibin (ə) imamlığına dəlalət edən azanın üçüncü şəhadətini vacib namazın azan və iqaməsində demək barəsində sizin nəzəriniz nədir?
Cavab: “Əşhədu ənnə Əliyyən vəliyyullah” cümləsini şiənin şüarı ünvanında demək, yaxşı və mühüm əməldir və “mütləq qəsdi-qürbət” ilə deyilməlidir. Amma azan və iqamənin bir hissəsi deyildir.
Sual 457: Bir müddətdir ki, bel ağrısından əziyyət çəkirəm. Amma bəzi vaxtlar ağrı artır və mən namazlarımı ayaq üstə qıla bilmirəm. Bunu nəzərə alaraq, bəzən əgər namazı vaxtın əvvəlində qılmaq istəsəm, oturan halda qılmalıyam, amma əgər gözləsəm, bəlkə də namaz vaxtının axırında ayaq üstə namaz qıla bilərəm. Bu vəziyyətdə mənim vəzifəm nədir?
Cavab: Əgər namaz vaxtının axırında namazı ayaq üstə qıla biləcəyinizi ehtimal etsəniz, ehtiyata görə, o vaxtadək gözləməlisiniz. Əgər namaz vaxtının əvvəlində müəyyən bir üzrə görə namazı oturan halda qılsanız və namaz vaxtının axırınadək də sizin üzrünüz aradan qalxmasa, qıldığınız namaz düzgündür və yenidən qılmaq lazım deyildir. Əgər namaz vaxtının əvvəlində ayaq üstə namaz qıla bilməsəniz və namaz vaxtının axırınadək bu vəziyyətin davam edəcəyinə yəqininiz olsa, buna görə də namazı oturan halda qılsanız, amma namaz vaxtı başa çatmamış sizin üzrünüz aradan qalxsa və ayaq üstə namaz qıla bilsəniz, namazı ayaq üstə yenidən qılmalısınız.
- Qiraət və onun hökmləri
Qiraət və onun hökmləri
Sual 458: “Qiraət”i[1] ucadan oxunmayan namazın hökmü nədir?
Cavab: Sübh, məğrib və işa namazlarında Həmd və Surəni ucadan oxumaq kişiyə vacibdir. Əgər o, hökmü unutduğuna və ya hökmü bilmədiyinə görə ahəstə oxusa, namaz düzgündür. Amma əgər hökmü bilsə və bilərəkdən ahəstə oxusa, namaz düzgün deyildir.
Sual 459: Əgər sübh namazının qəzasını qılmaq istəsək, onu ucadan oxumalıyıq, yoxsa ahəstə?
Cavab: Sübh, məğrib və işa namazlarında – istər əda olsun, istərsə də qəza – Həmd və Surəni ucadan oxumaq kişiyə v
-